Əfqan Əsgərov:
“Mən o tarixi
yaşamışdım
və yazmalıydım”
- Əfqan müəllim, çox
maraqlı və dinamik bir həyat yolunuz var. Müharibə illərinin
ağırlığına görə orta məktəb təhsili
ala bilməmisiniz. Amma bu, sizin
özünüzü şəxsiyyət kimi yetişdirməyinizə
mane ola bilməyib...
- Allah
heç kimə elə dəhşətli müharibəni bir də göstərməsin.
Atam aqronom idi və müharibədən əvvəl
bizi Bakıya köçürmüşdü. Özü də nazirlikdə işləyirdi. Lakin müharibə başlayandan sonra atamı da əsgər
apardılar. Buna görə də biz
Ağsuya- bibimin yanına getdik. Çünki
atam başsız qalmağımızı istəmirdi. Müharibənin başladığı ilk günlər
Bakıda olduğumuz vaxt binaların üstünə
çıxıb təyyarələrin uçmasına
tamaşa edir, heyrətlənirdik. Lakin mən
müharibənin dəhşətini Ağsuda
yaşadığımız vaxt anladım. Bu dəhşətin bir hissəsi də təhsillə
bağlı idi. Birinci sinfi Bakıda
tamamlamışdım, ikinci sinfi isə Ağsuda bitirdim.
Lakin biz üçüncü sinifdə oxuyanda
müəlliməmizi qaçırtdılar, yəni ailə
qurdu. Məktəbdə bizə dərs verəcək
başqa müəllim yox idi. Buna görə
mən də daxil olmaqla digər məktəblilərin təhsili
yarımçıq qaldı. Beləliklə,
mən iki ilimi özüm kitab oxumaqla keçirdim. Kitaba məhəbbət, bağlılıq da o
zamandan yarandı. Həmçinin,
uşaqlarla öz aramızda tamaşalar da qururduq. Həmin vaxt Səməd
Vurğunun "Vaqif" dramı məşhur idi. O zaman
biz "Vaqif" tamaşasına hazırlaşırdıq, mənə
də Vidadi rolunu tapşırmışdılar... Sonra yeyilməyə çörək
tapılmırdı deyə bütün aqronomları əsgərlikdən
buraxdılar. Atam da qayıtdı. Taxıl yetişdirmək lazım idi. Ona görə də atamı Yevlaxa baş aqronom
göndərdilər. Biz də atamla getdik.
Onda mən beşinci sinifdə oxumalı idim.
Evdə asudə vaxtım çox idi deyə
şeir yazmağa başlamışdım. Yevlaxdakı sovxozda Azərbaycan məktəbi yox idi.
Həmin vaxtlar ərəblər Mir Cəfər
Bağırova iki at bağışlamışdılar.
O atlar atamın sovxozunda idi. Atama yalvarırdım ki, atlara minməyimə
icazə versin. Beləliklə, atlara həm
qulluq edir, həm də arada minib çapırdım. Yəni, məktəbə getməsəm də,
vaxtımı maraqlı keçirməyə
çalışırdım. Bir-iki il
keçəndən sonra müharibə bitdi. Müharibənin
ağırlığı yenidən üzərimizə
töküldü. Əmim Oğuz rayonunda
dərs deyirdi. Bir dəfə Bakıdan
Oğuza gedəndə bizə də gəldi. Gördü ki, heç kefim yoxdur. Soruşdu ki, nə baş verib.
Ağlaya-ağlaya dedim ki, daha nə olsun, mən yeddinci sinifdə
oxumalıyam, amma
məktəb yoxdur deyə dərsə gedə
binmirəm. Attestat ala bilməyəcəm.
Əmim dedi ki, ürəyini sıxma. Sən demə, əmim öz məktəbləri
üçüb Bakıdan attestatları gətirməyə
getmişmiş. Qonşu otağa keçib,
boş attestatlardan birinə adımı, soyadımı qeyd elədi,
sonra da bütün fənlərdən əla qiymət
yazdı. Bircə qeyri-qanuni işimiz o olub
(gülür). Sonra Bakıya
köçdük. Attestatım olduğuna
görə rahat-rahat evimizin yanındakı 1 saylı məktəbə
getdim ki, məni 7-ci sinfə qəbul eləsinlər. Direktor əla qiymətlərə baxıb bir ərizə
yazmağımı istədi. Yazdım.
Çoxlu səhv var idi. Dedi ki, səni ancaq
5-ci sinfə götürə bilərəm. Çox
kefsiz vəziyyətdə evə qayıdırdım. Təsadüfən tramvayda bir qohumumla
rastlaşdım. Gördü ki, kefim
yoxdur. Səbəbini danışdım.
Dedi ki, gəl sənin də sənədlərini mən
oxuduğum məktəbə - tibb texnikumuna verək. Dedim tibb
nədir, mən şair olmaq istəyirəm. Amma
çarəsiz razılaşdım. Sənədlərimi
təqdim etdim və qəbul olundum. Texnikumu
bitirəndən sonra Mil sovxozuna təyinatımı
vermişdilər. Lakin mənim ədəbiyyata
həvəsim var idi və filologiya fakültəsində oxumaq
istəyirdim. Universitetə ərizə
yazıb, imtahanlarda iştirak etdim. İki dörd, bir beş alıb qiyabi şöbəyə qəbul
olundum. Qiyabi oxuya-oxuya həm də işləməyə
gedəcəkdim. Fərəc adında bir
dostum var idi. Onunla danışanda dedim ki, işləməyə
getmək istəmirəm, mənim həvəsim ədəbiyyatadır.Bundan
sonra Fərəcin atası mənə kömək elədi.
O, universitetin rektoru ilə həm dost, həm də qohum idi. Rektor məni qəbul elədi. Lakin dedi ki, əyanilərin
imtahanı bitib, mən səni ancaq qiyabiyə qəbul edə
bilərəm. Təkcə yeni
açılmış jurnalistika bölməsində yer var.
İstəsən orada əyani təhsil ala bilərsən.
Beləliklə, mən universitetin jurnalistika
fakültəsinə qəbul oldum və təhsilimi orada davam
etdirdim.
- Universitetdə hər hansı
çətinliklə qarşılaşmadınız ki?
- Xeyr,
universitetdə orta məktəbi bitirmiş uşaqlardan
heç də geri qalmırdım. Tələbəlik
illərində hətta şeirlər də yazırdım.
Cəfər Xəndanın apardığı dərnəkdə
elə şairlər var idi ki, mən onları şair hesab
etmirdim. Baxmayaraq ki, kitabları da
çıxmışdı. Bir dəfə Nəsimi ilə
bağlı dərsdə müəllimimiz Əlyar
Qarabağlı Nəsimidən bir qəzəl misal çəkdi,
dedi ki, burada rədif o qədər güclüdür ki,
"al" sözü iki misrada dəfələrlə
ustalıqla işlədilir. Özümü saxlaya bilmədim,
yerimdən dedim ki, müəllim, mən Nəsiminin rekordunu
qırmışam. Bir sözdən ibarət
şeir yazmışam. Sonra şeiri oxudum:
Gül,
gülüm,
Gül, gülə gül.
Gül,
gülü güldür,
Gülşəndə
gül,
Gülməli,
güldürməli,
Güldür,
Gül,
gülər güllərə gül,
Gül
gülə gülsə
Gül gülər.
Gülşən
gülər,
Gülləri
gülsə...
- Maraqlıdır, bəs niyə
poeziya sahəsində fəaliyyətinizi davam etdirmədiniz və
nəsrə keçdiniz?
- Ən çox savadsız insanların şeir
yazması məni bu sahədən uzaqlaşdırdı. Gənclik illərimdə
çoxlu şeirlər yazmışdım. Hətta "Gənclər" qəzetində
işləyəndə şeir lazım olanda özüm
yazıb verirdim. Bu "Gül,
gülüm" şeirini də sonradan bir hekayəmin
içərisinə daxil etdim. Lakin nəsr,
eləcə də pyes yazmaq mənə daha maraqlı gəldi.
Həm də düşündüm ki, ən məşhur
nəsr əsərlərini, pyesləri rus həkimləri
yazıblar. Mən də tibbi bitirmişdim... Ona görə də pyes
yaradıcılığına davam etdim. Həm
də o zamanın aparıcı janrı roman idi. Və mənə görə şeir də Səməd
Vurğunun yaradıcılığı ilə bitmişdi.
Lakin indi yenə də şeirin həvəskarı
çoxalıb.
- Maraqlıdır, teatrla əlaqəniz,
səhnə yaradıcılığınız necə
başladı?
- Bir
gün qəzetdə elan gördüm. Mədəniyyət
bölməsində pyes müsabiqəsi keçirilirdi. Həmin vaxtlar da mən yaradıcılıqla
maraqlanırdım. Pyeslər
yazırdım. "Mən onun
oğluyam" adında bir pyes yazıb müsabiqəyə təqdim
etdim. Heç kimin pyesi mükafat
almadı, lakin mənim pyesimə üçüncü yeri
verdilər. Sonra məni nazirliyə
çağırdılar. Orada mən pul
mükafatı aldım. Pyesimi də Gənclər
Teatrına göndərdilər. Mənim
teatrla bağlılığım "O mənim
oğlumdur" pyesilə başladı. Birinci
pyesim Gənclər Teatrında səhnəyə qoyuldu. İkinci pyesim isə Gəncə Dövlət
Teatrında səhnələşdirildi. Həmçinin,
"Poçtalyon" adlı bir kinossenari də
yazmışdım. Bu ssenariyə görə məni Moskvaya
Ssenari kurslarında təhsil almağa göndərdilər. Yazdığım kinossenariyə də film çəkiləcəkdi.
Lakin sonradan bəzi problemlərə görə
alınmadı. Daha sonra 1961-ci ildə ilk romanım
"Gülyanaq" çıxdı. Roman
çıxan kimi mənə ilk zəng vuran Rəsul Rza oldu.
Həmin vaxt xəstəxanada
yatırmış. Elə orda
kitabımı oxuyub xoşuna gəlmişdi. Bu münasibətlə məni təbrik etdi. Mənim haqqımda bir kitab yazılıb. Orada Rəsul Rzanın qeydi var ki, bu kitab sanki bir
trilogiyanın başlanğıcıdır. Bu fikir xoşuma gəldi. Ondan
sonra mən bu romanın ikinci və üçüncü hissəsini
də yazdım. Bu triologiya çox məşhur
oldu. Mənim özümü də nəsrə
daha da həvəsləndirdi ki, roman janrıyla xalqın
sosial, siyasi vəziyyətini, problemlərini daha geniş və
ətraflı şəkildə ifadə edə bilərəm.
Cəmiyyətə xeyir verəcək
bütün mesajları nəsrin geniş əhatəliliyi
vasitəsilə çatdırmaq olar deyə
düşündüm. Daha sonra tarixi
mövzuda da trilogiya yazdım.
- Əfqan müəllim,
bir ziyalı kimi sizi son dövrlər ən çox narahat edən
məsələlər nədir?
-
Hal-hazırda məni ən çox düşündürən
məsələ teatrlarımızın taleyidir. Açığı
teatrlarımızın son vəziyyəti məni heç qane
etmir. Əvvəllər tez-tez teatr
tamaşalarına gedirdim. Amma son dövrlər
getmirəm.Bilirsiz, teatr çox vacib məsələdir.
Buna xüsusi diqqət yetirmək
lazımdır. "Vətən, vətən"
qışqırmaqdansa bir-iki cümlə yazmaq daha
üstün və əhəmiyyətlidir. Eləcə də
səhnəyə qoyulan tamaşalar haqqında yazı
çıxmır. Ədəbi tənqid sanki
ölüb. Ədəbiyyatşünaslığın
kökü kəsilib. Teatr çox
ağır vəziyyətdədir. Buna
baxmayaraq, mən Azərbaycan Akademik Milli Dram Teatrı
üçün "Lənət şeytana" pyesini
yazıb vermişəm. Teatrın
tamaşaçısı yoxdursa, demək ki, teatr da yoxdur.
Biz Moskvada televiziyaya baxanda deyirdik ki, kaş ki,
Bakıda da belə verilişlər olaydı. İndi
Bakının özündə 10-15 Tv
kanalı var, amma hamısında ya yemək bişirməkdən
danışırlar, ya da başqa mənasız mövzulardan.
Maarrifləndirici verilişlər azdır.
- Siz uzun illər "Kommunist" qəzetində
ədəbiyyat bölməsinin, eləcə də "Həyat"
qəzetinin baş redaktoru işləmisiniz. Yəni,
ədəbiyyatla daim sıx əlaqələriniz olub. Teatrlarımızın son vəziyyətindən
gileyləndiniz. Maraqlıdır ki, bəs ədəbiyyatımızın
son durumu sizə görə ürəkaçandırmı?
-
Hal-hazırda ədəbiyyatımızda böyük soyuqluq
var. Sanki hansısa bir tufan baş verib. Yazıçılarımız
hələ ki, həyatın nə demək olduğunu dərk
edə bilmirlər. Bizim tarixə
münasibətimiz, tarixə nəzərən
özümüzü qiymətləndirməyimiz məni
çox düşündürür. Ədəbiyyata
yaxşı münasibət olmalıdır. Mən yaxşılığı pulla
ölçmürəm, heç vaxt ölçməmişəm.
Yenə, televiziya məsələsinə
toxunacam. Ona görə ki, bütün kanallarda ədəbiyyat
üçün heç bir əhəmiyyət kəsb etməyən,
ədəbiyyat adına yaraşmayan
verilişlər, seriallar gedir. Bəzi istisnalar
olmaq şərtilə, ədəbiyyata aid ciddi proqramlar yoxdur.
Ədəbiyyat bir ağacdır. Ağac torpaqdan cücərir, boy atır. Torpaq
yaxşı olmayanda, ağaca münasibət yaxşı
olmayanda bar da yaxşı olmur, ağac da tezliklə məhv
olur... Buna görə tarix məsələsinə
toxundum. İnsan öz tarixinə diqqətlə
yanaşmalıdır. Yadımdadır,
"Kommunist" partiyasını ləğv etmək barədə
iclas keçirilirdi. O iclasda çıxış edən
3-4 nəfərdən biri də akademik Ziya Bünyadov idi. Ziya müəllim
çıxışında dedi ki, "tarixə heç vaxt
tüpürməzlər. Tarixi qorumaq
lazımdır. Tarixin hansısa pis cəhəti
xoşumuza gəlməyə bilər. Lakin o xoşa gəlməyən cəhəti biz
düzəltməliyik. Buna görə tarixdən
üz döndərməməliyik. Hansı
cəmiyyətdə olursa-olsun, sənin tarixi lənətləməyə
ixtiyarın yoxdur. Çünki sən tarixi pisləyəndə
özünü pisləmiş olursan...
- Tarixi romanlar yazmağa
başlamanızın səbəbi də bu idi?
- Bəli,
çünki mən o tarixi yaşamışdım. Çətinlikləri görmüşdüm və
yazmalı idim. Ədəbiyyatı sevməyin
birinci yolu tarixdən keçir. Çünki
bu sənin, atanın, ananın və digər
doğmalarının da həyatıdır. Eləcə də vətəninin keçmişidir.
Ziya Bünyadovun həmin sözlərindən
sonra mənim tarixə olan həvəsim və sevgim daha da
artdı. Və tarixi romanlarımı
yazmağa başladım. Sonuncu trilogiyam da
Şah Abbas haqqındadır. Artıq
birinci hissəni yazıb bitirmişəm. Bu
romanı yazmaqda əsas qaynağım da İskəndər bəy
Münşinin "Tarixe aləmaraye Abbasi" (Dünyanın
bəzəyi olan Abbasın tarixi) əsəridir. Stalin Şah Abbası
sevməyib. Çünki Şah Abbas 200
mindən çox gürcüyə müsəlmanlığı
qəbul etdirib, orduya götürmüşdü. Stalin
sevməyib deyə, Şah Abbas haqqında Azərbaycanda az yazılıb. Hətta tarix
ensiklopediyalarında da bir iki cümləylə kifayətləniblər.
Ona görə də mən istədim ki, onun barəsində
əsər yazım. Trilogiya
olmasını planlaşdırmışam.
- Hal-hazırda üzərində
işlədiyiniz əsər varmı?
- Ən son tamamladığım əsər Şah Abbas barədə olandır. Bir dəfə çox sevdiyim aktyor Nurəddin Mehdixanlı dedi ki, elə bir əsər yaz ki, orada tariximiz, vətənimiz hərtərəfli əks olunsun. İndi elə bir vəziyyət yaranıb ki, insanlar yaxşı ilə yaman arasında çaşıb qalıblar. Bir zamanlar təriflədiyini indi pisləyirlər. Bəzi insanlar insanlıq etməməkləri azmış kimi, vəhşiliyə can atırlar. İnsan insan ovuna gedir. Bu faciəvidir. Bəzi Şərq ölkələrində müsəlmanlar arasında xilaf salıb, onları bir-birlərinə qırdırırlar. Bütün dünyada din düşmənçiliyi yaranıb. Allah dini insanları birləşdirmək üçün yaradıb, ayırmaq üçün yox. Və qəlbində insan sevgisi, vətən, ailə sevgisi olan da birliyi arzulayır, vəhşilikdən qaçır. Bu məsələlərlə bağlı bir əsər yazmaq istəyirəm. Hələki bu məsələlər barədə müxtəlif qeydlər aparıram.
- "Bəy İnal" romanında deyirsiniz ki, ağsaqqal sözü Tanrı sözü kimidir. Halal insan o sözü iki etməz. Sizin əməkdar jurnalist, eləcə də jurnalistikanın ağsaqqallarından biri kimi gənc jurnalistlərə, ədəbiyyatçılara məsləhətləriniz nədir?
- 80 illik yubileyim qeyd olunanda gənclərə dedim ki, mənim 80 illik jurnalistlik fəaliyyətimdən çıxardığım nəticə budur ki, insan nə olursa-olsun, düzünü, haqqı danışmalıdır. Çünki Allahın adı da Haqdır. Yalan yolla getməyin, haqqı deməkdən çəkinməyin. İndi bəzi adamlar bir-birlərini boş-boş tərifləməkdən həzz alırlar. Hətta özləri özlərini də tərifləyirlər. Belə şeylərdən qaçmaq lazımdır. Qazancı təkcə qızılla, pulla ölçmək olmaz, qazanc həm də sənin insanlığın Allahabənzərliyini yüksəltmək eşqindir. Amma Allahın yüksəkliyini alçatmağa çalışmaq sənin özünü də alçaldır. Allaha inanmaya bilərsən, amma yenə də haqqı itirməməlisən...
Söhbətləşdi:
Cahanxanım Seyidzadə
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.14-15.