“İçimizdəki nəciblik yox olmağa
deyil, böyüməyə hesablanıb”
Dialoqun davamı
II silsilə. 10-cu, sonuncu məktub
Nə qədər çətin olsa da, hər tənəzzüldən,
hər çətinlikdən bir çıxış yolu var.
Almanlar Birinci Dünya müharibəsindən sonra
çox ağır mənəvi- psixoloji vəziyyətə
düşmüşdülər. Lakin özlərində
güc tapıb on-onbeş ildə dirçələrək
Avropanın liderinə çevrilə bildilər.
Bizim də yüksəliş patensialımız
böyükdür, sadəcə hərəkətverici
qüvvələr tapılmalı və işə
salınmalıdır.
Azərbaycanın dirçəlişi bir çox xarici
və daxili amillərdən asılıdır. İlk
növbədə dünyanın mürəkkəb münasibətlər
sistemində öz yerimizi dəqiq müəyyənləşdirməliyik.
“Yeni dünya düzənində” Azərbaycanın
yeri harda olacaq? İran-ABŞ
münaqişəsi Quzey və Güney arasındakı
ayrılığın aradan qaldırılmasına təsir
göstərə bilərmi? Biz bu
coğrafiyanın taleyini dəyişmək istəyənlərin
diqqətini necə cəlb etməliyik, belə bir dəyişiklik
bizə sərf edirmi və həmin proqramların alt niyyəti
nədir? Beynəlxalq sərmayə Azərbaycana
münasibətdə nə qədər insaflıdır və
aparılan sərvətimizin yerində nə qoyub gedəcək?
Roma
Katolik Kilsəsinin, masonluğun, beynəlxalq sionist təşkilatların,
evangelistlərin göstərdiyi islam
düşmənçiliyi nə vaxta qədər davam edəcək
və nəylə sonuclanacaq?
Türkiyə və türk dövlətləriylə əlaqələri
iqtisadi siyasi birliyə çevirmək yolunda hara qədər
irəliləyə bilərik? Ermənistanın
işğalına hansı yollarla son qoya,
torpaqlarımızı necə azad edə bilərik? İran və Güney Azərbaycanla münasibətlərimizi
necə quracağıq?
Nəhayət, düşdüyümüz vəziyyətdə
dünyadakı Azərbaycan türklərini hansı
gücün, qüvvənin ətrafında toparlamaq, bu pərakəndəlik
içində ulusal birliyi necə qorumaq olar?
Türk xalqlarında assimilyasiyaya meyilin güclü
olduğunu nəzərə alsaq – Azərbaycanda və Mərkəzi
Asiyada türklərə qarşı yeni
işğalçılıq siyasətinin başında beynəlxalq
sərmayənin dayana biləcəyindən
ehtiyatlanmalıyıq. Bununla belə, bu sərmayənin milli
burjuaziyanı və nəticədə, milli dirənişi
gücləndirməsi də qaçılmazdır və yeni
imkanlar açır.
Millətin mənliyi onun dövləti ilə qorunur. Yeni yaranan
türk dövlətləri öz birliklərini gücləndirməklə
həm də dövlətlərini gücləndirəcəklər.
Bu işdə milli psixologiya nəzərə
alınmalıdır. Dünya tarixində
ayrıca bir türk formasiyası da olub. Öz
böyüklüyümüzü bilməyincə, tariximizi, mədəniyyətimizi
öyrənməyincə, özümüzə sənin kimi
aşağılayıcı bir gözlə baxdıqca fəlakətlər
bizi izləyəcək. Bu gün türk
dövlətlərinin zirvə toplantılarının qərarlarında
bizim vaxtılə yazdığımız və Uluslararası
Türk Dünyası Konfranslarında - Türkiyədə,
ABŞ-da dediyimiz bir sıra ideya və təkliflər öz əksini
tapıb.
Nəzərdə tutulan layihələrin həyata
keçirilməsi üçün real mexanizmlər
qurulmalıdır. Avrasiya deyilən ideyanın mərkəzində
türk dünyası dayanmalıdır. Bu bölgədə
rus, çin, fars iddialarını susdurmaq,
tarixi ədaləti bərpa etmək və dəngələri
qorumaq üçün Ayropa Birliyinə bənzər Türk
Birliyinin qurulmasının vaxtı çatmışdır. Türk aləminin zəngin sərvəti,
böyük insan ehtiyatları, yaşamaq üçün
gözəl şəraiti imperialist güclərə dinclik
vermir. Sovetlərin neçə yerə
böldüyü Türküstan 25-30 ildə birləşmək,
yaxınlaşmaq istiqamətində uzun məsafə qət edə
bilməmişdir. Burada qurulan dörd
türk dövləti arasında süni surətdə
yaradılmış konfliktlər onların inteqrasiyasına əngəl
törədir və köhnə SSRİ xiffətini gücləndirir;
İran cənubdan, Çin şərqdən öz
nüfuzunu bu bölgədə yaymağa can atır. Bütün bu cəhdlərin, əzələ
nümayişlərinin tək cavabi Türk Birliyinin
qurulmasıdır.
Belə bir birliyin işlək mexanizmlərinin
yaradılması ləngiyir.
Türk məmləkətlərinin kültür siyasəti
hazırlanmalıdır. Hansı ölkə hansı mədəniyyət
sahəsini daha yaxşı qoruyursa, o sahənin mərkəzinə
çevrilməlidir. Türk
respublikalarında bu sahələrdə görülən
işlər ümumiləşdirilməli və əlaqələndirilməlidir.
Mən Türkviziyanın (Türkvizion) iki mahnı
yarışında qonaq olmuşam. Tam məsuliyyətlə deyirəm:
Avropa mahnı yarışından qat-qat zəngin, parlaq və
təsirli idi.
Ayrıca türk mədəniyyət biblioqrafiyası
yaradılsa, yaxşı olar.
Ümumtürk ədəbi dili, ortaq əlifba zəruridir. Bu iş gözləməklə
görülməz, dəfələrlə dediyim kimi, özək
olaraq Türkiyə türkcəsi götürülməli və
bütün türk dövlətlərində ibtidai məktəblərdə
öyrədilməlidir; sonra bu dil yerli ləhcələr
hesabına daha da zənginləşəcək və hər
şey qaydasına düşəcək...
Ortaq dil mərkəzi yaradıla bilər.
Əlifba siyasət işidir. Bu işi dövlət
başçıları həll etməlidir. Alimlərin ümidinə buraxılsa, ləhcə fərqlərini
tam əks etdirən onlarla əlifba variantı yaranacaqdır.
Bu elmi, milli və siyasi cəhətdən
ziyanlı bir yoldur. Belə əlifbanın
kirildən heç bir fərqi olmaz.
Bölmələri bütün türk dövlətlərində
olan Vahid Türk Dünyası Mərkəzi
qurulmalıdır.
Böyük türk ensiklopediyasına ehtiyac var.
Ümumtürk informasiya sistemi, müştərək qəzet,
dərgi və televiziya sadaladığımız məsələlərin
həlli üçün zəruridir.
Güney
Azərbaycan üzərinə siyasətdən uzaq, yalnız
türk dili və mədəniyyətini öyrədən bir
uşaq və gənclər televiziyasının
açılması tarixi bir iş olar. Çin, rus, hind, fars, ərəb aləmində, Avropa ölkələrində
türk mədəniyətinin izləri öyrənilməlidir.
Xarici ölkələrdəki çoxsaylı türk
kültür dərnəklərinin əlaqələndirilməsi
zəruridir.
Dünya
muzeylərində İran adına sərgilənən
türk eksponatların ümumi kataloqu nəşr etdirilib, həmin
muzeylərə göndərilməli və
yayılmalıdır. Bu əsərlərin geri
qaytarılması yolları araşdırılmalıdır.
Türk dövlətlərinin məktəbləri
üçün vahid tarix, ədəbiyyat, mədəniyyət,
coğrafiya dərslikləri, müqayisəli lüğətlər
hazırlanıb nəşr etdirilməlidir.
Vahid elmi-mədəni terminalogiya sistemi qurulmalı və
dillərimizin bundan sonrakı termin
yaradıcılığı əlaqələndirilməlidir.
***
... Mən
bu təklifləri, bir az da geniş şəkildə
(bəzi istəklərim öz həllini tapıb), 1993- cü
ilin dekabr ayında İstanbulda keçirilən Türk
Dünyası Konfransında səsləndirmişdim. İrəli
sürdüyüm bu təkliflərin və türk ellərindən
gəlmiş başqa dostlarımın arzularının həyata
keçirilməsi sahəsində müəyyən işlər
görülmüşdür, Türk Parlament
Assambleyasının, Türk Akademiyasının, Türk
Konseyinin yaradılması böyük uğurdur, lakin bu iş
ciddi siyasi iradəylə sona
çatdırılmalıdır.
Bütün hallarda geriyə yol yoxdur. Bütün
hallarda, itkilər hesabına olsa belə, türk
dünyasının yeni intibahı başlanacaqdır.
Yeri gəlmişkən, bu günlərdə
assimilyasiyaya haqq qazandıran bir yazın sataşdı
gözümə. Yenə fərqli
düşünürük. Miqrasiyalar,
köçlər, kimyadakı kimi diffuziya, bir-birinə qaynayıb
qarışma təbii prosesdir. Lakin “nə
qədər tez əriyib itsək, o qədər
yaxşıdır” prinsipi doğru deyil və sənin indiyə
qədər yazdıqlarına ziddir,
özün-özünü inkar edirsən. Allahın nizamı və təbiətin məntiqi hər
bir yaranmışın qorunmasını tələb edir,
sürətlə başqalaşıb hibritə çevrilməsini
yox. Bizimkilər (o cümlədən sən) getdikləri
yerlərdə nə qədər diri qalsalar, güclü
olsalar, Vətənin tanınması və mənafelərimizin
qorunması sahəsində o qədər çox iş
görə bilərlər. Bütün bülbüllər sərçələşə,
bütün çinarlar bənövşələşə
bilməzlər...
Dünyanın bizə münasibətini və
dünyanı, milli psixologiyamızı, yaşam tərzimizi
birdən-birə, bir neçə yazı və bir neçə
kitabla dəyişdirmək olmaz; irəlidə ağıl,
iradə, fədakarlıq istəyən, uzun və məşəqqətli
bir yol var. İndiki status-kvo fəlakət yoludur. Güney ildən-ilə
farslaşdırılır. Quzeyin
torpaqları Rusiyadan təmənnasız axan erməni
silahının, ruhumuz isə ulusal düşüncəni məhv
edən pul hərisliyinin, yabançı olan hər şeyin,
iyrənc dəblərin və “brend”lərin işğalı
altındadır.
Böyük güclər və onların əlində
olan sərmayə Azərbaycanın fikrini və ruhunu da öz
təsiri altına almağa çalışır. Mətbuatın,
qeyri-hökumət təşkilatlarının, siyasi
qurumların bir hissəsi bu sərmayənin təhlükəsi
ilə üz-üzədir.
Buna baxmayaraq, özümüzü uduzmağa yox, uyğarlığın
yeni aşamasında yüksəlişə
hazırlamalıyıq.
Ölümdən
asan iş yoxdur. Var olmaq, qalmaq, yaşamaq,
yüksəlmək, özünü təsdiq etmək çətindir.
Ləyaqəti və milli heysiyyəti olan heç kim işlərin belə getməsi ilə,
özünü itirib başqalaşmaq, başqasının
yemi və köləsi olmaq, yəni diri-diri ölməklə
barışa bilməz... Öz
kökümüz üstündə
varlığımızı qoruyaraq yaşamaq istəyiriksə,
çalışmalı, mübarizə aparmalı, zehni və
fiziki potensialımızı bütünlüklə ortaya
qoymalıyıq. Böyük Atatürkün altun hərflərlə
yazılmalı olan sözləri həmişə
qulağımızda səslənməlidir: “Milli mənliyini
bulmayan millətlər başqa millətlərin şikarı
olur”.
Hər şey evdən, anadan, ailədən, tərbiyədən
başlanır. Nə qədər primitiv görünsə də, bu həqiqətdən
qaçmaq olmaz! Təəssüf ki, bizim ailələrdə
uşaqların vətənpərvvərlik tərbiyəsi,
ana dilinə sevgi, torpağına bağlılıq, fədakarlıq,
maddiyyata uymamaq duyğusunun egitimi bərbad durumdadır. Çünki valideynlərin özləri bu fənni
zəif bilirlər, likbez başa çatmayıb. Bu
iş üçün ciddi bir proqram hazırlanmalı və
bu milli ruh savadsızlığına son qoyulmalıdır. Azərbaycan
təhsil sistemi yenidən qurulmalı və əsil vətəndaşlıq
məktəbi olmalıdır... Bizim indiki dərsliklərlə
və təhsil sistemiylə milləti bütün səviyyələrdə
təmsil edə bilən əsil vətəndaş yetidirmək
çətindir.
Bizim böyük güclərlə savaşmağa,
onların kapitalının, texnologiyalarının,
silahının qarşısına çıxarılmalı
adekvat gücümüz yoxdur. Texniki gücə
qarşı mənəvi güclə dayana bilərik.
1988-ci ildə Bakıya yeridilən Rus-Sovet
tanklarının lülələrinə qərənfil
taxmağımız, Qərblə Şərqin,
zorakılıqla xoşgörünün, vəhşiliklə
rəhmdilliyin, heyvanlıqla insanlığın, Azəbaycan
düşmənlərilə Azərbaycanın böyük
ruhunun təkrarsız və heç vaxt unudulmayacaq bir təzadı
idi. 1988-də qərənfil qalib gəldi; 1990-da barrikada
quranda isə biz uduzduq.
Meşələr
sultanı aslan gücü və
yırtıcılığı ilə şöhrətlənib:
qazandığı qorxudur. Arılar və qarışqalar zəhmətkeşliyi
ilə şöhrətləniblər: qazandıqları rəhm
və sevgidir.
Biz nə arıyıq, nə qarışqa. Ancaq onlar kimi
səbirlə və zəhmətlə öz ruhumuzun və
yurdumuzun bütün guşələrini balla doldura bilərik.
Bu yolla özümüzü özümüzə
və dünyaya sevdirərik.
Bu işin yalnız mənəvi tərəfidir.
Xarici ölkələrlə münasibətdə Azərbaycan
ardıcıl barış siyasəti aparmalıdır. Şübhəsiz,
ilk növbədə türk dövlətləri və qonşularla
ilişgilər möhkəmləndirilməlidir.
Azərbaycan-türk ideyasının təkcə bizim
daxili işimiz yox, bölgənin və dünyanın problemi
olduğu dərk edilməlidir. Azərbaycançılığa
qapılıb qalsaq, Azərbaycandan kənara çıxa bilmərik,
bu dövlətin sərhədlərindən kənarda qalan
soydaşlarımızla yollarımız ayrılar; nəinki
Güney Azərbaycandan, həm də bütölükdə
türk dünyasından uzaq düşər, təklənər
və gələcəyimizi itirərik.
Buna görə də Azərbaycanın milli
ideyasının və dövlətçilik
ideologiyasının mərkəzində
türkçülük dayanmalıdır.
Xalqların tarix meydanına çıxışı,
yaşam tərzləri, mövcüd olmaq uğrunda mübarizələri
bəlli bir toplum bilinci, mənəviyyat, din, əxlaq dəyərlərinin,
inamın, iradənin mürəkkəb şəbəkəsini
yaradır. Bu da dolayı yolla həmin xalqların sifətini,
xarakterini müəyyənləşdirir.
Azərbaycan
dünyada öz mərdanəliyi və kişi
sifəti, mənəvi kamilliyi və dönməzliyi ilə
tanınmalıdır. Moskva bazarlarında
çoxluğumuzdan utanmaq lazım deyil. Bu vəziyyətin
cavabı var: bizi o bazarlara Moskva özü qovub - Ermənistandan,
Dağlıq Qarabağdan, Bakıda
dağıtdığı və
dağıtdırdığı zavodlardan,
rayonlarımızda ləğv elətdirdiyi üzüm
bağlarından. Lakin bizi bazar əhli təmsil
eləmir. Bizim ruhumuz Üzeyir Hacıbəylinin, Qara
Qarayevin, Fikrət Əmirovun müsiqisindədir... Bizim sifətimiz
Böyük Vətən müharibəsini udan Bakı
neftçiləridir, müharibədə böyük qəhrəmanlıqlar
göstərən Həzi Aslanovlar, Ziya Bünyadovlar, Cəmil
Əhmədlilər, İsrafil Məmmədovlar, Qarabağ
Müharibəsinin qəhrəmanı Mübariz
İbrahimoblardır. Bizi Bülbülün, Rəşid
Behbudovun, Müslüm Maqomayevin, Polad Bülbüloğlunun səsiylə,
Səttar Bəhlulzadənin, Tahir Salahovon, Mikayıl
Abdullayevin, Mircavadın fırcasıyla, Ömər Eldarovun
tişəsi, Rüstəm İbrahimbəyovun filmləri,
Lütfi Zadənin elmi ilə tanıya bilərlər...
Milli tərəqqi haqqında çox yazılıb.
Lakin, nədənsə,
bu barədə əzilənlərdən çox əzənlər
yazıblar: qazandıqlarını qorumaq, zulm və
işğallarına zərurət donu biçmək, cəlladlıqlarına
mələk paltarı geyindirmək üçün son
yüz ildə avropalıların, rusların xeyli əsərləri
var. Demək olar ki, bütün böyük filosofları,
alimləri, yazarları milli taleləri haqqında
düşünüblər.
Etnik-ulusal-milli ideyalarla dövlət maraqlarını
önə çəkmək istəyən, xalqın qurtuluşu
şuarları ilə hakimiyyətin ömrünü uzatmaq istəyənlərdən
başlayaraq, ənənəyə sadiqlik ideyası adı
altında dini qabardıb, cəmiyyətin yeganə xilası
kimi təqdim edənlər də olmuşdur. Belələri
üçün əsas müqayisə yeri Avropanın
insanları yalqızlaşdırması, adamların ürəyində
Allah sevgisinin öldürülməsi ilə başlanan
anarxiya və əxlaqsızlıq, mənəvi dəyərlərin
ard-arda yoxa çıxmasıdır. Belələri
xilas yolunu dinə, tanrıya dönüşdə
görürlər.
Bizdə
də düşünənlər olub: onların bir qismi
çıxış yolunu Avropaya qaynayıb qarışmaqda,
bir hissəsi islam birliyində
görüb. Aydınlarımızın
böyük əksəriyəti müstəqil dövlətin
bütün sorunları həll edəcəyinə ürəkdən
inanırdılar. Lakin iki illik Xalq
Cümhuriyyətində də, indiki respublikada da problemlərin
böyük bir hissəsi həll edilməmiş qalır.
Deməli, müstəqil dövlət qurmaq hələ
işin bir tərəfidir, əsas o dövlətə sahib
çıxan, onu idarə edə bilən, onun
üçün savaşan, onun yolunda qurban getməyi bacaran,
öz mənafeyinə yox, millətin xoşbəxtliyinə
xidmət edən insanların olmasıdır. Əsas olan tək-tək adamların yüksək təhsil
alması və varlanması deyil, millətin ümumi savad və
yaşayış səviyyəsinin yüksəldilməsidir.
Müstəqil dövlət onu bütün
gözlənilməz vəziyyətlərdən
çıxara bilən bacarıqlı kadrlar yetirməli,
onları sevməli, qorumalı və onların yüksəlişinə
hər cür şərait yaratmalıdır.
Hakimiyyətlər dəyişilir, solçu,
sağçı, demokrat, liberal, güclü, gücsüz,
yumuşaq, sərt adamlar gəlib-gedir, problemlərsə dərinləşməktə
davam edir. İqtisadiyyat yüksəlir, büdcə
şişir, iqtidar xoşbəxtlik mürgüsündə
uyuyur, mətbuat nala-mıxa vurur, ziyalı ənam peşində
oyalanır, lakin problemlər də göz
qabağındadır. Yalnız
ağılsız adamlar bu vəziyyətlə
barışıb sakitləşə bilərlər.
Vicdan və məsuliyyət düşünməyi və
yollar axtarmağı tələb edir.
Milli ideya
ətrafında ən ardıcıl düşünənlərdən,
bu yolda ən çox çalışanlardan biri Məhəmməd
Əmin Rəsulzadə olmuşdur: Onun gəldiyi sonuc milli təsanüd,
yəni milli həmrəylik və azərbaycançılıq
idi. Biz milli təsanüdü Vətəndaş
Həmrəyliyi müstəvisinə keçirib etnik fərq
qoymadan bütün vətəndaşlarımızın
birliyinə çalışdıq.
Elçibəy milli ideya düşüncəsinin mərkəzinə
Bütöv Azərbaycan birliyi xəttini gətirməyə
çalışdı. Heydər Əliyev isə azərbaycançılığı
dövlət ideologiyası kimi təqdim etdi. Azərbaycançılıq, yəni dövlətə
və millətə sevgi.
Lakin burada dayanıb durmaq olmaz. Çünkü
öz-özlüyündə nə milli təsanüd, nə
vətəndaş həmrəyliyi, nə Bütöv Azərbaycan
birliyi, nə azərbaycançılıq deməklə
iş bitməz. Bunların hər biri
çağdaş imkan və ulusal hədəf nəzərə
alınmaqla, bütün ayrıntıları və nəzəri-praktiki
bölmələri ilə işlənib mükəmməl
doktrinalara çevrilməmişdir. Nisbətən
ətraflı araşdırılan və haqqında kitablar
yazılan azərbaycançılıqdır, lakin onun mahiyyətini
düzgün anlamayanlar azərbaycançılıqla
türkçülüyü qarşı-qarşıya qoyur və
yenə Stalin dönəminin mövqeyini təkrarlayırlar.
“Azərbaycanlı” anlayışı
bütün alt kimlikləri inkar etmədiyi kimi, türk etnik
kimliyini də qorumalıdır; onu silib ata bilməz.
Azərbaycançılıqla türkçülük
arasında ziddiyət yoxdur. Azərbaycan-türk
milliyətçiliyi ölkəmizdəki bütün
azsaylı qardaş xalqlara qucaq açan, hamını bir
gözdə görən, inanc, dil, etnik fərq qoymadan
bütün vətəndaşlarımızın bərabərliyini
qoruyan bir ideyadır.
Son əsrlərdə ölkələrin əsas hədəfi
iqtisadi yüksəliş, maddi rifah, pul və kapitaldır. Lakin bunlar
milli inkişaf və dirçəliş üçün zəruri
şərtlər olsa da, əsas deyil.
Ruhunu və mənəviyyatını itirmiş bir
toplumu sərvət xilas edə bilməz. Kökündə
həqiqət, xeyirxahlıq, gözəllik və sevgi
dayanmayan təbliğat üsulları xeyir vermir.
Biz milli ideologiyamızın bayrağımızda əksini
tapan formatını sayğı ilə qorumalı və onu
inkişaf etdirməliyik.
Türkçülük
və türk dünyasının inteqrasiyası barədə
fikrimi dedim.
Çağdaşlıq və Avropaya yaxınlaşmaq
Avropanın əsirinə çevrilmək deyil. Avropa Birliyində
qurulan sistem doğrudan da gözəldir. Lakin
azadlıqdan sui-istifadə, yüz illər boyu
formalaşmış əxlaqi dəyərlərin, ənənələrin
itirilməsi, şəxsiyyət azadlığı adı
altında ailənin dağılması, Allahın və təbiətin
iradəsinə zidd bir şəkildə, kişinin kişi ilə,
qadının qadınla evlənməsinə yaşıl
işıq yandırılması, Şərqə və
özəlliklə türk-islam dünyasına ikili
standartlarla yanaşılması, insanlıqdan
danışa-danışa insan faciələrinə yol
açan konfliktlərin və terrorizmin dəstəklənməsi,
Avropanın dünyanın mərkəzi sayılmaq xəstəliyi...
bu qitəyə olan ümüdləri sarsıldır.
Düzdür, hələ də miqrasiya axınlarının
üzü Avropayadır, lakin bunun bir səbəbi Avropada rahat
həyat şərtlərinə qovuşmaqdırsa, digər və
ən başlıca səbəbi miqrantların gəldikləri
ölkələrdəki siyasi və iqtisadi durumun
ağırlığı, postsovet xaousunun davam etməsi,
Şərq ölkələrindəki diktatura və dini rejimlər,
eyni zamanda, Avropanın özünün körüklədiyi
savaşlardır.
Ən
çətin sahə üçüncü istiqamət – yəni
islam faktorudur. Bugünkü durumu ilə islam, təəssüf ki, cəhalətin,
geriliyin, terrorun ekvivalenti kimi təqdim edilir. Şərqin
böyük mütəfəkirlərinin islamda islahat təklifləri
və cəhdləri mühafizəkar din xadimləri tərəfindən
həmişə süngü ilə
qarşılanmışdır. Lakin bu
şəkildə dinimizin nüfuz və hörmətini qorumaq
çox çətindir. Din həyatımızın əsas
cəhətlərindən biri olaraq qalır. Mahiyyəti
etibari ilə islam sevgi, xeyirxahlıq, haqq və ədalət,
zülmə dözməmək dinidir, lakin əksər islam
ölkələrində o bir ayrımçı gücə,
münaqişə mövzusuna və cahil din xadimlərinin eybəcər
təbliğat vasitəsinə çevrilirsə, burda dinin
özündən çox onun təşkilatlanması, təhsil
sistemi, ehtiyac olmadan həyatımızın hər sahəsinə
müdaxiləsi günahkardır.
İnancsız cəmiyyət və insan olmaz. Allahsız
insan və cəmiyyət şeytanın yeminə çevrilər.
İnsanın ürəyindəki Allah sevgisi
qorunmalıdır və bu duyğu uşaqlıqdan tərbiyə
edilməlidir. Lakin inanc təkcə ibadət
deyil, insanların ruhunu kosmik genişliyə bağlamaq,
Allahı kənarda yox, insanın özündə
axtarmaqdır və hər kəsin “ənəlhəqq” deməsinə
şərait yaratmaqdır. İnanc yeri,
göyü, insanı, təbiəti, Vətəni sevdirmək
məktəbi, inam, etiqad, ümid mənbəyi olmalı,
insanları ucaltmalı və bir-birinə qardaş eləməlidir.
Bu yoxdursa, inancın heç bir mənası
qalmaz. İnancın vicdan işindən
çıxıb siyasətə çevrilməsinə,
dövlət işlərinə qarışmasına yol vermək,
dindarların olduqları məclislərin yəhudi, ərəb,
fars mifologiyasının eybəcər bir
şəkildə təkrarlanmasına şərait yaratmaq
olmaz. Buna görə də dini ayinlər sadələşdirilməli,
dini ədəbiyyat ana dilimizə çevrilməli və
mükəmməl təhsil görməmüş din
istismarçıları bu sahədən
uzaqlaşdırılmalıdır.
İslamın düşmənləri onun sonunu gətirməyin
və gözdən salmağın yolunu tapıblar. İran və
Səudiyyə Ərəbistanı kimi ölkələrin din
sistemi, kimlərin layihəsi olur olsun, islamın sonu deməkdir.
Çünki bu ölkələrdə din
çoxdan mahiyyətini itirib rejimlərin alətinə
çevrilmişdir. Onların islama
vurduğu ziyanı heç bir Səlib müharibəsi və
ya xristian ölkəsi vura bilməzdi. Allah
yollarını açıq eləsin! Bəlkə
onların sayəsində biz də bu cəhalətdən
qurtara bildik.
Bundan
sonrakı dönəmdə əsas diqqət ölkə
daxilində vətəndaş həmrəyliyinin
qorunmasına, dünya azərbaycanlılarının Vətən
sevgisi ətrafında sıx birləşməsinə, millətimizin
mənəvi dünyasının və milli xarakterinin
qorunmasına, barış siyasətini genişləndirməklə
yanaşı, torpaqlarımızı azad etmək
üçün savaş hazırlıqlarının gücləndirilməsinə
və türk dövlətlərinin Avropa Birliyinə bənzər
bir birliyinin yaranmasına yönəldilməlidir.
Millətə savaşı unutdurmaq yox, Vətəni
qorumaq üçün savaşın qaçılmaz
olduğu təbliğ edilməlidir.
Çox deyilib, lakin həqiqətin təkrarından
qorxmaq lazım deyil. Vətəndaş dövləti
qoruduğu kimi, dövlət də vətəndaşı
qorumalıdır. Müharibə və
iqtisadi böhran bəhanəsiylə insanları öz
yurdundan küsdürmək olmaz. Bu gün Azərbaycandan
xaricə bir axın var; bəzən yüksək təhsilli,
böyük intellekt potensialı olan gənclər gedir,
qaçırlar işsizlikdən, haqsızlıqdan...
Gələcəyimizi kimə etibar edəcəyik?
İnkişaf istəkdən başlanır. İnkişaf etmək istəyən
ağıllı başları qoruyur və dəvət edir,
bizsə qovuruq...
Mən dünyanın bütün qitələrində
yaşayan azərbaycanlılarla, özəlliklə gənclərlə
tez-tez görüşürəm. Vətənə
dönmək, burada bacarığını ailəsi, milləti
üçün sərf etmək hamısının ən
böyük arzusudur. Onlara şərait
yaratmalıyıq. Qoy
çalışsınlar, ən qeyri-adi, fantastik layihələrini
ortaya qoysunlar. Lazım olanda silaha
sarılsınlar. Lakin gənclərin bir
hissəsi təhsildən sonra qayıda bilmirlər. Ailələrindən başqa onları gözləyən
yoxdur. Sən də deyirsən, qoy
başqalarının içində əriyib getsinlər.
Mən bütün bunları bu milləti, bu torpağı dəli bir eşqlə sevən, Vətənin boz sərçəsi olan və taleyini əbədilik bu yerlərə bağlayan bir adam kimi yazıram. Sevə-sevə, ürəyi ağrıya-ağrıya yazıram... Sevginin gözü kor olur deyirlər. Ancaq mən hər şeyi görürəm. Lakin bura mənim ocağımdır və nə qədər çatışmazlığı olsa da, mənə əzizdir. Dünyanın ən inkişaf etmiş ölkələrində on-onbeş gündən artıq qala bilmirəm... Çünki Azərbaycan bütün sorunları ilə, savaşı, yenməsi və yenilməsi ilə, geriqalmışığı, dini, imanı, yaxşısı, pisiylə mənimdir... Dədələrimin yadigarıdır. Bu yadigarı sözümlə, işimlə, mübarizəmlə qorumaqdan şərəfli iş bilmirəm...
Azərbaycan varlığı və Azərbaycan ruhu bütün maneələri aşıb yaşamışdır və yaşayacaq.
Dəyərli Güntay! Burda məktublarımı
bitirirəm. Bu, bizim dialoqumuzun sona varması demək deyil. İlişgilərimiz
davam etməlidir. Ancaq statuslarında
rastlaşdığım hər ziddiyyətli fikrə cavab
verməyə vaxtım olmayacaq. Əlimdə
başqa bir yazım var, onu bitirmək istəyirəm.
Təəssüf ki, hər şeyi sorğulamaq, hər şeyə şübhəylə yanaşmaq, orijinal, fərqli görünmək istəyi bəzən zərərli nəticələrə, səhvlərə gətirib çıxarır. Bizim Avropada sənin kimi dilləri bilən, Şərqdən, Qərbdən məlumatlı, çağdaş təfəkkürlü, ən əsası, yaza bilən adamlarımız çox azdır. Buna görə də sən öz biliyindən və imkanlarından, indiki durumumuzu nəzərə almaqla, daha səmərəli istifadə eləməli, gücünü gələcək Azərbaycanın quruculuğuna sərf etməlisən. Millətimizin acı taleyi bizım içimizi qəzəblə doldurub. Hamımız tənqidə köklənmişik. Bu da lazımdır. Yerində və qədərində! Mən şəxsən urəkdəki sevgini nifrətə qapdırmağın tərəfdarı deyiləm. Aydınlar millətin böyüyü, öndərləridir. Atalarımız ailənin bütün yükünü mətanətlə daşıyar, övladlarına hiss etdirməzlərdi. İnsanlar işığa can atır, qaranlığa yox. Bizim olan hər şey qara görməyək. Qanadımız yoxdur, uçub hamıdan irəliyə qona bilmərik, addım-addım gedəcəyik, amma gedəcəyik. Gedəcəyik və bütün hədəflərimizə çatacağıq. Çünki içimizdəki nəciblik yox olmağa deyil, yaşamağa və böyüməyə hesablanıb. İran türklərini aydınlatmaq işi ilə daha ardıcıl məşğul olmalıyıq. Tariximizin elə mühüm dönəmləri var ki, haqqında çox az şey bilirik. Bəlkə də bu yerdə sənin qələminə ehtiyac var. Bu barədə təkliflərimi sonra yazaram (Səlcuqlar və Nadir şah haqqında kitab yazmağına sevindim). Avropada bizə ən yaxın olanlar macarlarla finlərdir, ancaq onlara da qarışma, itmə! Sən türksən və bizə lazımsan!..
Sayğılarla…
Son
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.19.