Yeraltı külək
Uzun hekayə
-Bibin
öldü, gəl!
Bu acı xəbər onu kefinin kök vədəsində,
toyun yenicə qızışan vaxtında yaxaladı. Köhnə
dostlarından birinin toyunda idi. Əslində indi dost
deyildilər, avara-sərgərdan vaxtlarının
dostlarıyla əlaqələrini çoxdan
üzmüşdü; bu dostlarla onu bircə tel
bağlayırdı - yeyib-içib kef çəkmək. O da
çoxdan idi bu cür səfil həyat tərzinə əlvida
deyib yaşayışına çəki-düzən
vermişdi. İndi onun əhatə dairəsi sanballı,
say-seçmə adamlardan ibarət idi. Səhər
işə, axşam evə tələsən xoşbəxtlərdən
idi. İtkin taleyinin dalınca
süründüyü zamanlar çox-çox arxada
qalmışdı və o, heç vəchlə o boz,
havasız, çarəsiz, ümidsiz günlərə
qayıtmaq, o günlərlə bağlı hansısa hadisəni
xatırlamaq istəmirdi. Keçmiş
kiminləsə, nəyləsə özünü ona
xatırladanda əhvalı pozulurdu, rəncidə olurdu. Həmin o avara dostlarıyla əyyaşlığa
qurşandığı vaxtlarda ona elə gəlirdi ki, onun
ömrü də fələyin əlində badə kimidir, fələk
də hər gün onun ömrünü badə-badə
içib axırına çıxacaq. Dostlar
ona aman vermirdilər ki, ayılsın, olmayan
papağını qabağına qoyub
düşünüb-daşınsın. Hər
gün onlardan qaçmağa minbir bəhanə axtarsa da,
dostların onu axtarmağına ehtiyac qalmırdı,
ayaqları onu həmişə görüşdükləri məkana
- kəndin kənarındakı balaca, xudmani kafeyə gətirib
çıxarırdı və o kafedən çıxanda isə
bu ayaqlar əvvəlki yerişini itirirdi, heç cür
çıxıb getmək istəmirdi. Yolu-rizi
itirirdi bu ayaqlar, sahibinə yiyəlik edə bilmirdi.
Heç bu ayaqların yiyəsi də əvvəlki adam olmurdu, tamam başqa bir adam olurdu...
İmran
ailə qurandan sonra bu dəfə araq yox, xanımı onu dəyişib
başqa bir adam eləmişdi. İndi
növbəti dost subaylığın daşını
atırdı, avaraçılığın daşını
atıb-atmayacağını zaman göstərəcəkdi.
Dostlar olan məclisdə, özü də dostun
(keçmiş dost olsa da, hər halda nə vaxtsa dost
olmuşdular) toyunda onun sağlığına heç olmasa,
bir yüz qram içməsən deyəcəklər zalım
bizimlə içməyi özünə
sığışdırmır, elə bil dünənəcən
içib kafelərdə yatan bu deyildi. İçmək
istəmirdi, aradan çıxmağa fürsət
axtarırdı. Fikirləşirdi ki,
camaatın başı oynamağa qarışanda pulunu
yazdırıb çıxsın. Bəy
özü dostların masasına yaxınlaşıb onlarla
içmək istəyəndə anladı ki, bu dəfə
içməsə olmaz. Heç
yaxşı düşməz. Keçmiş
əyyamlara əlli qramlıq məcburi səyahət
içini-içalatını göynətdi. Bəy deyəsən bu "səyahətə" hələ
toy başlamamışdan çıxmışdı, bu
gedişlə toydan sonra evinə öz ayaqları üstə
gedib çıxa biləcəyi də sual altında idi.
Dostunun kürəyinə əliylə şappıldadanda da
yüngülvari səndirlədi:
"Brat,
yaxşılaşmısan aaa. Arvad yaxşı qulluğ eliyir deyəsən. Day bizi vecüvə almırsan. Açığı,
inanmırdım gələrsən."
Dostu İmranın toyuna sərxoş vəziyyətdə
olsa da gəlmişdi. Nəmərsiz gəlmişdi, axır gəlmişdi.
Qoluna girib onu kənara çəkmişdi və
dili dolaşa-dolaşa "brat, üstümdə pul yoxduyaaa,
üreyim istədi, qərdeşimin toyuna gəldim, başqa
vaxt xəcaletündən çıxıceyəm" -
demişdi. İmran da nə deyəsiydi?
"Yaxşı eləmisən, narahat olma.
Ye, iç, kef elə". İmran onu o biri
dostlarından daha çox istəyirdi, çünki
onların birgə xatirələri daha çox idi və bu
xatirələr nisgil, kədər qoxuyurdu. O, həm də
bu xatirələrə sadiq qaldığı üçün
onun toyuna gəlmişdi və ondan fərqli olaraq
çıxanda toya yaxşı da pul
yazdırmışdı. Sərxan
anasını çox erkən itirmişdi. Sərxoş gecələrin birində qəfildən
dolmuş gözlərini İmrana zilləyib
"anamçün darıxıram" - demişdi. Bu iki kəlmə söz İmranın içini
köz kimi yandırmışdı. Gecənin
bilinməyən vədəsində pay-piyada səndirləyə-səndirləyə
qəbiristanlığa yollanmışdılar, qaranlıqda
vahiməli görünən başdaşılarının
arasıyla xeyli gedib Sərxanın anasının sadə,
kasıbyana qəbrini tapmışdılar və qəbrin
dibində yerə çökmüşdülər, qol-boyun vəziyyətdə
baş-başa verib hönkür-hönkür
ağlamışdılar. Ölülərin
"rahatlığını pozan" bu hönkürtüyə
gorgah öz sükutu ilə cavab vermişdi. İnsan burda yoxluğun, ölümün bir
addımlığında həyatı daha dərindən hiss
edir. Ölüm olmasa, həyatın qiyməti
bilinməz.
...Bibin
öldü, gəl!
Bu xəbər
elə bir az öncə candərdi
içdiyi araq kimi içini yandırdı, ürəyi
ağrıdan gizildədi. Arvadının səsində
heç bir təşviş, həyəcan yox idi, elə bil
"evə gələndə çörək al" deyirdi.
Toydan sağollaşmadan çıxdı.
Bəyin və dostlarının ala buludda olan
kefinə xələl gətirmək istəmədi. Hava sakit idi. Ay işığı yorğun su
kimi damcılayırdı.
***
-Cəhənnəmdə
od nə gəzir? Kim pis əməlin
sahibidirsə, odunu özüylə aparır, orda onu öz odu
yandırır.
Bibixanım nənənin saysız-hesabsız
"aforizm"lərindən ən hikmətlisi də bu
cümlə idi. Hər söhbətin üstünə limon
sıxıb turşməzə dada gətirən bu yupyumru
arvad kəndin bu başından o başına yumalana-yumalana
söz xəzinəsini xırıd eləyirdi. Bu
cümlə isə ox kimi vıyıldaya-vıyıldaya kəndin
içiylə süzürdü və kimin ki, içi kirli
idi, onun kürəyindən keçib içini qana
boyayırdı. Bibixanım nənənin
bütün insanlardan fərqli olaraq iki gözü yox,
üç gözü vardı, o üçüncü
gözü bir kimsə görə bilmirdi. Onun üçüncü gözü kimlərin
bağlı qapılar arxasında nə işlər
çevirdiyini, hansı günahlara batdığını
görürdü. Nə sirri-xuda idisə,
bir kimsə bu müşküldən baş aça bilmirdi.
Bibixanım nənə kəndin yeganə
qadını idi ki, "Avrora"sını tüstülədə-tüstülədə
kəndin ətəyindəki çayxanaya girib şəstlə
istədiyi masanın arxasında oturur, ədayla
çayçıya çay sifariş edə bilirdi.
Uzun ətəyinin ucundan görünən ayaqqabıları
da kişi ayaqqabısına
oxşayırdı. Başı nərdə, dominoya
qarışan kişiləri arada öz atmacalarıyla sancsa da
heç kim xətrinə dəymirdi. Bibixanım nənənin qarğışına
keçməkdən qorxurdular. Onun bu kəndə
nə vaxt gəldiyi də heç kəsə bəlli deyildi,
əsli-kökü haqqında da bir kimsənin məlumatı
yox idi. Sanki bu kənd yaranandan Bibixanım
nənə də onun ayrılmaz bir parçasına
çevrilmişdi; gövdəsi düyünlü tut
ağacı kimi, divarları oyulmaqda olan qədim türbə
kimi onun da yaşını bilən yox idi.
Yox, bu sahibsiz qadının
kimliyini bilən bir nəfər olmalıydı axı... Lal Əhməd! Lal Əhməd kəndin dəniz səmtində,
asfalt yolun qurtaracağındakı türbəyə oxşar
bir tikilidə qalırdı. Bu tikilini
qardan-yağışdan, dəlisov küləklərdən
qoruyan qucağagəlməz əncir ağacının da qəddi
əyilmişdi, qocalıq onun da gövdəsini
çat-çat eləmişdi. Əncir
ağacının arxası qida tullantılarıyla dolu idi,
çürüntünün kəskin üfunətindən
baş çatlayırdı. Zibil
qalaqları təpə kimi ucalırdı. Gecə də, gündüz də süləngi itlər
bu yerdən əskik olmurdu. İmran
düşündü ki, Lal Əhməd bu kəsif, ürəkbulandırıcı
qoxuların içində həyatın dadını çoxdan
unudub.
Lal Əhməd Bibixanım nənənin hələ nənə
olmayan vaxtlarının şahidi idi. Amma bu şahid uzun illər
idi ki, inadla susurdu. Deyilənə görə, Əhmədin
gözəl səsi varmış, bu itkin düşmüş
səsin şahidləri də əncir ağacı kimi
çoxdan qocalmışdı...
İmran sərxoş gecələrin birində pay-piyada
səndirləyə-səndirləyə evə qayıdanda bir
də gözünü açdı ki, Lal Əhmədin
sığındığı tikilidə mitili
çıxmış yorğan-döşəyin
üstündə onunla üzbəüz oturub. Qaranlıqda
qoca həyuləyə bənzəyirdi, əynindəki nəydisə
ona paltar demək olmazdı, qolları üçün
açılmış iki dəlikdən ibarət çuval
Allah bilir, nə vaxtdan onun əynində idi. Qocanın dərinliyində
sirli mənalar
sayrışan gözləri onu üşütdü,
içkinin xumarlığı bir anda uçub başından
çıxdı. Ömründə belə
baxış görməmişdi; Lal Əhmədin səsi
sanki gözlərinə yığılmışdı və
ordan vulkan kimi püskürəcəkdi. Batan
səs gözlərin arxasında
çırpınırdı, çıxmağa bir yer
axtarırdı. Sözlər sanki lal
Əhmədin içində havasızlıqdan boğulurdu.
İmran gözlərini səsin qəbri olan bu
müdhiş baxışlardan yayındırıb otağı
nəzərdən keçirdi. Burda hər
şey köhnə idi, bütün əşyalar - kamod, taxta
çarpayı, stul, qab-qacaq, hisdən qaralmış
çaydan - istifadə müddətini çoxdan
bitirmişdi. Daxmanın küncündəki
sobanın dizləri bükülmüşdü, sobanın
böyrünə qalaqlanmış taxtalar nə vaxtsa qapı,
pəncərə olmuşdu, indi isə yanmaq növbəsini
gözləyirdi. İki əşya, dəmir
ütü və həvəngdəstə İmranın təəccübünə
səbəb oldu; bunlar qocanın nəyinə lazım idi?
Onu heç vaxt ütülü paltarda görməmişdi.
Əynindəki sırıqlının kürəyini
nə vaxtsa alov qarsmışdı. Qaralan
divarlar da buranın nə vaxtsa yanğından xilas
olmasından xəbər verirdi. Divarlara
mismarla kiril əlifbasıyla müxtəlif sözlər
yazılmışdı. Sözlərin
çoxu kirdən qaralıb oxunmaz hala
düşmüşdü, bəzi hərflər isə hələ
də diriliyini qoruyub saxlayır, tərkibindəki sözü
inadla pozulmaq təhlükəsindən qorumağa
çalışırdı. İmran
düşündü ki, kaş imkanım olaydı, bu sözləri
bir yerə yığıb bir kitab bağlayaydım.
Şifrələnmiş sözləri aça biləcək adam da lal idi. Hərəkətlərindən
görünürdü ki, ağlı da yerində deyil. Hər halda belə görünürdü. İmran hələ də onun baxışları
altında əzilməkdə idi. Lal Əhməd
divarları ovulmaqda olan, hələ də zamana dirəniş
göstərən çat vermiş qədim binaya bənzəyirdi.
Yaxın vaxtlarda plana düşüb
söküləcəyini anlayan bina kimi susurdu.
İmran cibindən siqaret çıxarıb
damağına qoydu, alışdırmazdan əvvəl qutunu
lal Əhmədə uzatdı. Lal Əhməd titrək
əllərini siqaret qutusuna uzatdı, İmran onun siqaretini
alışdıranda qırışmış
üzünü örtən pırtlaşıq,
saralmış saqqalına nəzər saldı. Sükutu bədənində sağalmaz yara kimi
daşıyan bu adamla danışa bilmək üçün
sükut dilini öyrənməliydi. Qocanın
dilində batan mənalar gözündə üzə
çıxırdı. Onunla ancaq sükut
dilində danışa bilərdi. Qoca
başqa dil bilmirdi. İmrana elə gəldi
ki, uzun qış gecələrində qoca bu kirli,
sınıq-salxaq çarpayıda tək-tənha yatmayıb,
sükutla qol-boyun olub, sükut onun vəfalı
ömür-gün yoldaşı olub, yeməyini-içməyini
hazırlayıb, onu darıxmağa qoymayıb. Qocanın demək istədiyi, amma deyə bilmədiyi
sözlərin hənirini İmran yan-yörəsində hiss eləyirdi.
Daxmanın altında sanki yorğun bir külək
uğuldayırdı və Lal Əhmədlə İmranın
arasındakı sükuta kobudcasına müdaxilə edirdi.
Lal Əhməd fəhmlə İmranın ürəyindən
keçənləri oxudu, əllərini açıb vəziyyətinin
bu cür olduğuna işarə elədi və çay tədarükünə
başladı.
İmran yüngülcə başını tərpətdi.
Düşündü ki, belə yerdə sükut dilini adama
ancaq külək öyrədə bilər; uğultusu bu
daxmadan heç vaxt əskik olmayan külək...
***
Bibisigil beşmərtə binanın ikinci mərtəbəsində
yaşayırdı. Avtobusdan düşüb bir siqaret yandırdı
və başını qaldırıb yuxarı baxdı, o biri
otaqda yanan hüznlü işıq mətbəxə
sızırdı. İkinci mərtəbənin
işığı elə bil boğulub qaralmışdı,
evin canlı işığı əbədi
sönmüşdü.
Anası dünyasını dəyişəndən sonra
bibisi ona analıq eləmişdi, onu tək qalmağa qoymamışdı,
ona həyan olmuşdu. Bacıları ərə gedəndən
onlarla heç bir əlaqəsi yox idi, nə qədər
çətin olsa da, özü onların üstündən xətt
çəkmişdi. Çünki ikisi də
evin xeyir-duası olmadan qoşulub qaçmışdı.
Anasının yalvarışları
İmranın daş qəlbini yumşaltmadı. "Mənim bacılarım yoxdur!" - deyib bir də onların adını dilinə gətirmədi.
Atalarını hələ uşaq ikən
itirmişdilər, axşam işdən evə qayıdarkən
yolu keçəndə maşın onu vurmuşdu, arxadan gələn
başqa bir maşın da üstündən keçib meyitini
tanınmaz hala salmışdı. Sabir kişi
çörək dükanında işləyirdi, evdən səhər
çıxıb axşam qayıdırdı. Həmin
axşam evə sağ-salamat gəlib çıxa bilmədi.
İmranın uşaq yaddaşında həmin
gün ən qorxulu, vahiməli günlərdən biri kimi
qalıb. Birinci dəfə
qapılarının önündən kiminsə cənazəsini
aparanda üstünə qara örtük çəkilmiş
mafəni görəndə möhkəm qorxmuşdu,
qaçıb evdəki paltar dolabının arxasında gizlənmişdi,
gözlərini yumub qulaqlarını da balaca əlləriylə
qapamışdı ki, mollanın avazını eşitməsin.
Qəza atalarını aparanda İmranın on
bir, əkiz bacıların isə yeddi yaşı vardı.
Onun və bacılarının
uşaqlığı atasızlıq uçurumuna
yuvarlanıb məhv olmuşdu. Anaları
onları min-bir əziyyətlə
böyütmüşdü. Həyətdə
toyuq-cücə saxlayırdılar, qıtlıq illərində
qonum-qonşu, yaxın məhəllələrin camaatı
yumurtanı gəlib onun anasından - Güllüdən
alırdılar. Yumurtadan cücəylə
bərabər həm də evin dolanışığı
çıxırdı.
İmran
anası dünyasını dəyişəndə də
bacıları ilə barışmadı, bacılar bu itkini
onunla bölüşməyə nə qədər cəhd eləsələr
də o, heç birinə yaxınlıq vermədi, kişilərin
arasında gəzib-dolaşdı ki, qızlar ona yaxın
düşə bilməsinlər. Anasının
ölümü ona dəhşətli bir yuxu kimi
görünürdü, asudəlik içində
mürgüləyən ruhu bu itkidən silkələnmişdi.
Arvadın üçü veriləndən sonra
bibisiylə xəbər göndərdi ki, daha
çıxıb getsinlər, mən tək qalmaq istəyirəm.
Bibisi böyür-başına keçib onu yumşaltmağa
çalışdı:
-Oğlum,
sən heç düz hərəkət eləmirsən. Onlar sənin doğma bacılarındır, onlar uzaq
olsun, pis yola getməyiblər, gül kimi ailələri var.
Daha nə atan var, nə anan, siz bir olmalısınız.
Bax, ikisi də neçə gündü
"qardaş" deyib sızlayırlar. Eləmə
belə, bala. Özünü hamıdan təcrid
eləməklə nə qazanacaqsan? Sənin
soyuqluğun da onlara bir dərd olacaq. Axı
niyə? Nəyə görə?
İmran
bibisini dinləyib heç bir söz demədi, evdən
çıxanda isə "bibi, nömrəmi bilirsən,
haçan çıxıb getsələr, xəbər edərsən"
- dedi və pencəyini götürüb cavab gözləmədən
eyvanın qapısını arxasınca çırpdı. İmranın son sözünü bacıları
qonşu otaqdan eşitmişdilər. Elə
həmin gecə yığışıb getdilər.
Gülşad qardaşı oğluna zəng vurub: - Sakit ol,
getdilər, qayıt gəl, mən də çıxıb
gedim xarabama! - dedi.
O gündən
İmran özünü təkliyə məhkum elədi. Evin, həyət-bacanın səliqə-sahmanı
itdi. İmran günortaya qədər yatırdı,
günorta qalxıb əl-üzünü yuyurdu, çay
qoymağa da ərinirdi, eləcə qrafindən soyuq suyu stəkana
süzüb başına çəkirdi və evdən
çıxırdı. Bir də gecəyarıdan
xeyli ötəndə sərxoş vəziyyətdə
qayıdırdı, çox vaxt da pallı-paltarlı
çarpayıya sərilib qalırdı. Həmişə
yeyib-içdiyi kafedə bir qabyuyan qadına bənd
olmuşdu, həftədə iki-üç dəfə onu evə
gətirirdi. Bu qadın araq içməkdə
İmrandan geri qalmırdı. Bu xoşagəlməz
xəbərlər bibisinə çatırdı, ona
demişdilər ki, qardaşın oğlu avara bir qadınla
oturub-durur, qadın olan bəndə bir dəfə bu
kişinin üst-başına baxmır. Onu
da demişdilər ki, İmranın bənd olduğu qadın
evlidir. Rəhmətlik anasının
sağlığında bəy balası kimi geyinib gəzirdi,
indi pencəyi, şalvarı kirdən parıldayır,
yazıq uşaq bomja oxşayır. Ay qız, bəs
bunun bacıları hara baxır? Gülşad
yanıb-yaxılmışdı.
-Tərs
oğlu tərsdir, bacılarını yaxına buraxır ki?
Neçə
dəfə İmranı yanına çağırıb
danlamışdı:
- Axı
bu avara həyat tərzi nə vaxta qədər davam edəcək?
Güzgüdə bir özüvə bax, gör
nə günə düşmüsən? Axı
niyə özüvə qəsd edirsən? Dərdin nədir, de, biz də bilək də, ay
bala?
Həmişə olduğu kimi, bu dəfə də
bibisinin boynunu qucaqlayıb üzündən
öpmüşdü. Aralarında belə bir söhbət olmuşdu:
-Ay bibi,
darıxma. Evlənəcəm, hər şey
qaydasına düşəcək. Hələ
ki, cavanlıqdı da eləyirik.
-Cavanlığını
elə e, day belə yox də. Özü də
eşitmişəm evli qadınla oturub-durursan. Ayıb deyil? Camaat nə deyər?
Bu işin axırı yaxşı qurtarmayacaq.
Söz-söhbət əvvəl-axır gedib ərinin
qulağına çatacaq. Onda nə cavab
verəcəksən? Bütün kənd
camaatı üzünə tüpürəcək. Harda avara, alkaş var, gedib qoşulursan onlara. Belə getsə, sən özün də alkaş
olacaqsan. Atanın, ananın da ruhunu incidirsən.
Bacıların sənə neyləyib, hə?
O yazıqlar bütün günü sənin dərdini çəkirlər.
Səninsə dünya-aləm vecinə deyil,
öz kefindəsən. Amma bilmirsən ki,
bu yol səni uçuruma aparır. Belə yaşamaq
olmaz, bala!
İndi daha bibisi də yox idi. İkinci mərtəbəyə
qalxınca keçmişin xatırlamaq istəmədiyi bu
qaranlıq parçası gözlərinin önündən
keçdi. Qəhərləndi, dərin
peşmançılıq hissi keçirdi. Gərək bacılarıyla barışaydı.
Etdikləri indi ona uşaqlıq hərəkəti
kimi göründü.
Hər yerdən əli üzüləndə üz
tutacağı yeganə qapı indi açıq idi,
qadınlar girib-çıxırdı. Astanada dizləri
əsdi, üçüncü dəfə yetim
qaldığını bütün varlığı ilə
hiss elədi və bayaqdan bəri boğazına tıxanan qəhər
partlayıb hönkürtüyə çevrildi. Anasını itirəndə varlığına hakim
kəsilən ruhi təlaş növbəti həmləsini
etmişdi və bu anlarda bacılarına nə qədər
ehtiyacı olduğunu aydınlığı ilə dərk
etdi.
Meyiti yuyub kəfənləmək üçün məscidə
aparmışdılar. Kişilərdən bir kimsə yox idi,
qonşu qadınlar evdə yır-yığış edirdilər.
İmran astanada yerə çöküb əlləriylə
üzünü tutmuşdu, çiyinləri atıla-atıla
ağlayırdı. Yumşaq, isti bir əl
çiyinlərini qucaqladı. Başını
qaldırmadan bu əlin təmasından onu tanıdı;
bacısı Fərəhin doğma nəfəsi ona
anasını xatırlatdı. Bacı-qardaş
qapının ağzında qucaqlaşıb doyunca
ağladılar. Bacısı içini çəkə-çəkə
"o, sənin ikinci anan idi, İmran..." dedi. İmran ağlar səslə "indi tamam yetim
qaldıq" - deyə inildədi. Bacıların
əkiz tayı Fidan gözə görünmürdü.
Fərəh bacısına indicə xəbər verildiyini
dedi: "Yoldaşıyla gəlir, çıxıblar kənddən".
Fərəh şəhərdə
yaşadığından bibisigilə özünü tez
çatdırmışdı.
Qan təzyiqi, şəkər arvadı üzüb əldən
salmışdı, hər gün ovuc-ovuc dərman
atırdı, əvvəlki təravəti
qalmamışdı. Bir dəfə İmran ona baş çəkib
kef-əhvalını soruşanda Gülşad
günahkarcasına gülümsəmişdi, elə bil xəstəliyindən
utanmışdı. - Ay bala, bu xəstəlik də
kasıbçılıq kimidi, adamı çarəsiz qoyur,
- demişdi. İmran onun
parlaqlığını itirməkdə olan gözlərində
ruhumuzda gizlənən ölümün nişanəsini görmüşdü.
Bir də bu bulanıq gözlərdə
özünün əksini görmüşdü,
aynadakından tamamilə fərqli idi. Bilirdi
ki, özüdür, amma bəs niyə üz cizgiləri ona bənzəmir?
İmran bu gözlərdə özünü həm
tanıyırdı, həm də tanımırdı. Bu
müəmmanı heç cür çözüb bir yana çıxara bilmirdi. Gülşad
bibinin gözlərindəki İmran uzaqlardan gəlmiş qərib
kimiydi, yadlıqdan bezmiş yorğun halı vardı. Valideynlərinin ölümündən sonra bu
gözlərdəki doğmalığa
sığınmışdı. Bu
doğmalığın dərinliyində mərhəmətə
oxşayan bir hiss yuva qurmuşdu.
Mətbəxə keçib pəncərəni
açdı, payız mehi su kimi üzünə
çırpıldı. Siqaret yandırdı. Rəhmətliklə
çox vaxt elə bu pəncərənin böyründə
oturub dərdləşərdilər. Özü
həmişə kətildə otururdu, qardaşı oğlunu
isə kiçik divanda otuzdururdu ki, yeri rahat olsun. Mürəbbəli çay da öz yerində.
Pilətənin üstündə Allah verəndən
nə olurdusa, İmrana da bir boşqab çəkirdi. İmranın yeməklə arası yox idi. -Ay
bibi, özünə niyə əziyyət verirsən?
Özünə də, mənə də çay süz, bir az oturub dərdləşək,
çıxıb gedirəm, - deyirdi. Bibisi onu
eşitmək istəmirdi, tez qazın gözünü
yandırırdı, yemək qızdırırdı. İmran həmişə ayaqüstü bibisinə
baş çəkib gedirdi. Gülşad bibi hər dəfə
sellofan torbaya onunçün bir banka
mürəbbə, qazanda yemək, dovğa qoyurdu. "Avaralara
qoşulma, evə get!" - deyirdi və
onu qapıdan ötürəndə də yarı canı
yanında qalırdı. İmran binanın
blokundan çıxanda çevrilib arxaya baxırdı,
görürdü ki, bibisi pəncərədən gözlərini
arxasınca zilləyib. İndi bibisinin yeri
boş idi, daha heç vaxt bu pəncərədən onun
arxasınca boylanan olmayacaqdı.
İmran pəncərədən aşağı baxanda
siqaret dumanının arxasında bir kənd mənzərəsi
gördü, sarsıntı keçirdiyindən onu qara
basdığını zənn elədi, əliylə
tüstünü qovdu, mənzərə dəyişmədi;
bura şəhər deyildi, kənd idi. Uşaqlıqda
gördüyü məhəllələri heç dəyişməmişdi,
kişilərin üstündə çöməltmə
oturduqları dəyirmi daş da yerindəydi. Məhəllə kişilərinin əksəriyyəti
bu daşın üstündə qocalıb
ölmüşdülər. Bu daş
insanlara zamanın keçdiyini xatırladırdı, onun
altında da yorğun bir külək uğuldayırdı,
saatın batareyası kimi onu yatmağa qoymurdu. Kişilər yenə dəyirmi daşın ətrafına
yığışmışdılar. Sabir kişi qucağındakı ağ
bükülünü onlara göstərib: - Bunu əncir
ağacının altında gördüm, - dedi, - elə
çığırırdı ki, ürəyim dözmədi.
Qayıdıb götürdüm.
Ağızdan
pərtöv olan Ququş uşağın doğub-əkənini
sıraya düzəndə Sabir kişi nədənsə
elə bil pərt oldu, söyüş sanki qəfil
tüpürcək kimi üzünə düşdü. Kəndin
poçtalyonu olan Ququşun söyüşündə bir ritm
vardı, elə bil qəzəl deyirdi, bu ləngərli
söyüşlər Sabir kişidən fərqli olaraq
uşağın heç eyninə də deyildi, kirimişcə
onu qucağında tutan adamın saqqallı sifətinə
baxırdı. Uşağın yerinə Sabir kişi bu söyüşlərin
cavabını vermək istədisə də, dilinə gələn
sözləri geri qaytardı, eləcə Ququşa altdan
yuxarı baxmaqla kifayətləndi.
Güllü ərinin qucağında körpə görəndə
rəngi avazıdı, ürəyinə qara-qura fikirlər gəldi. "Hardandı
bu uşaq? Kimindi? Necə
tapdın? Niyə evə gətirdin?"
Sualları dolu kimi kişinin başına
yağdırdı. Cavab gözləmədən
əyilib uzun-uzadı uşağın üz cizgilərinə
diqqətlə baxdı, baxdı, baxdı... şübhələri,
gümanları havada qaldı. Əncir
ağacının altından tapılan uşaq ərlə-arvad
arasında müəmmaya çevrildi.
***
Sabir dükanı bağlayıb evə getmək istəyirdi
ki, uzaqdakı qaraltını görüb dayandı,
qıfılı qaytarıb mıxçadan asdı. Siluetindən
gələnin Bibixanım olduğunu bilirdi. Bu yerişi başqa gözəlçə yeriyə
bilməzdi.
-Bu nə
vaxtın gəlişidi, ay qız? Xalxın
arvadları bu vaxt soyunub ərinin qucağına girir, - Sabir hər
fürsət düşdükcə Bibixanıma söz
atır, qılığına girib onu yola gətirməyə
çalışırdı, bu dəfə də adətindən
qalmadı.
Bibixanım ürəyinin dərinliyində Sabirin bu
atmacalarından xoşlansa da, üzdə bunu büruzə
vermirdi. Amma qadının gözlərinin dərinliyindəki
şeytani parıltı onu ələ verirdi. Bu parıltı o gözlərdəki boşluqda
girinc-giriftar olmuşdu, boşluqdakı parıltı qara
tuşla haşiyələnmişdi. Sabir hiss edirdi ki,
qadın bütün varlığı, saçının hər
bir teli ilə ona təslim olmağa hazırdır. Ancaq ağıl hələ ki, bu istəyə
müqavimət göstərir.
-İmkan ver, bir Allahın salamını verək də,
- Bibixanımın damarı yumşaldan səsi Sabirin
içindəki şeytanı qıdıqlayıb yuxudan
oyatdı.
-Sənin
gəlişin elə salamdı də, - Sabir də
qadını sözlə tumarladı. Bibixanım
özünü o yerə qoymadı.
-Yaxşı
ki, tez çatdım. Çörəyin
qalıb?
-Gecənin
bu vaxtı sən niyə gəlirdin? Kələni
göndərəydin də, - Sabir Bibixanımı sancdı.
Bibixanım
qarşısındakı adamı tərs-tərs süzüb
"onun haqqında artıq-əskik danışma,
çörəyin yoxdusa çıxım gedim",- dedi.
Sabir
bığaltı qımışdı:
-Day xətrivə
nöş dəyir? Kişini çox istəyirsən
deyəsən? Yaxşı baxır sənə?
-Başına
dəysin elə baxmağı. Fikri-zikri elə
yatağa yıxıb işini görməkdir. Ondan
başqa əlindən başqa iş gəlmir
külbaşın. - Bibixanım lap arsızlığına
saldı.
-Əsas elə odu da, - Sabir şit-şit
hırıldadı.
Bibixanım gülmədi. "Sən nöş
mənim yaramı təzələyirsən? İstəmədim sənin çörəyini.
Gecən xeyrə qalsın!" deyərək
üzünü döndərib getmək istədi. Sabir
onun şümşad qolundan tutdu, bu an sanki
damarları gizildədi, nəbzi sürətlə
döyünməyə başladı. Bibixanım
qolunu çəkmədi.
-Bir dayan
daaa, ay qız. Sənə də söz demək
olmur ki? Bəxtindən iki dənə çörək
qalıb, - Sabir çörəkləri sellofan torbaya qoyub
qadına verdi. Pul
götürmək istəmədi, Bibixanım qəpikləri
onun ovcuna basdı və çevrilib getdi.
Sabir gecənin qaranlığında bu yırğa
yerişi gözdən itincə süzdü, ah çəkib cibindən
siqaret çıxardı. Mağazanın
böyründəki daşın üstündə oturdu və
kibriti çəkdi. Fikirləşdi ki,
Əhmədin adamlığı yoxdu, ayı kimi şeydi, bu
qadın naz istəyir, nəvaziş istəyir, o isə belə
şeyləri qanmır. Ondakı
ehtirasdı, sevgi-zad deyil. Arvadı
gözünün qabağına gəldi, ona xəyanət
etdiyi üçün vicdanı sızladı. Çiyinlərini qısıb gödəkçəsinin
yaxalığını qaldırdı, sanki işlətdiyi
günahdan gizlənmək istədi. Kənddə
arvadına xəyanət edən kişilərin neçəsiylə
dostluq edirdi, bu adamların başqa bir qadının yanından
çıxıb arxayınlıqla, heç nə
olmayıbmış kimi öz evlərinə yollanmasına
çox vaxt təəccüb edirdi. O kişilərə
elə gəlirdi ki, belə etməsələr, el içində
onların kişiliyinə şübhə yaranar. Fikirləşərlər ki, deməli bunda nəsə
qaydasında deyil. "Kişi gərək
hər hoqqadan çıxsın". Bu
cümlə bütün səfeh əməllərinin bəraət
kağızı idi. Araq içəndə
də, anaşa çəkəndə də, başqa
qadının yanına gedəndə də bu cümlə dillərinin
ucunda idi. Məsələni tək bircə
cümlə ilə həll edirdilər. Sabir
arağın da, anaşanın da dadına baxmışdı,
amma xəyanətin dadını bilmirdi, arada şeytan belə
şeyləri onun yadına salırdı, o da hər dəfə
şeytanın sözünü qulaqardına vururdu. Şeytan da höcəşmirdi, səbr edirdi, bilirdi
ki, onun ürəyinə atdığı toxum gec-tez cücərəcək.
İndi vaxt-vədə yetişmişdi, əkdiyi
toxum tumurcuqlayırdı. Şeytan özü isə
başqa adamlarla məşğul idi, iş-gücü
başından aşırdı, heç Sabir kişi
yadına da düşmürdü.
Sabir siqaretin kötüyünü yerə atıb
ayaqqabısının dabanı ilə əzdi, günah hissini
toz kimi üstündən çırpırmış kimi əllərini
gödəkçəsinin üstünə çəkdi və
oturduğu daşın üstündən qalxdı. Başını
qaldırıb göy üzündə bic-bic
qımışan Aya baxdı və tez də gözlərini
çəkdi. Günorta evdən çıxanda
Güllüyə yarpaq dolması sifariş vermişdi...
***
Növbəti hönkürtü dalğası qalxanda
bildi ki, cənazəni evə qaldırırlar. Gözlərini
pəncərədən çəkdi. Ayağının
altında özünü didib-tökən küləyin
yaratdığı burulğan sanki indicə bu beşmərtəbə
binanı yerin dibinə çəkəcəkdi. Tabutu dəhlizdən keçirib qonaq otağına
qoydular. Mərhumə öz evində bir
gecəlik qonaq qalacaqdı, sonuncu gecəni də keçirib
içində uzun bir ömür yaşadığı evdən
əbədilik köçüb gedəcəkdi.
Hönkürtüdən indi sızıltı, initli,
iççəkmələr qalmışdı,
güzgülərin üstünə ağ
örtük çəkilmişdi. Bibisi
qızı Gülnaz əli qoynunda qonaq otağının
qapısına söykənib anasının tabutuna
baxırdı, göz yaşları səssizcə
yanağı boyu axırdı. İmran
yaxınlaşıb çiyinlərini qucaqladı, Gülnaz
buna bənd imiş kimi başını onun sinəsinə
söykədi və çiyinləri atıla-atıla
ağlamağa başladı. İmran
gözlədi ki, bibisi qızı ağlayıb ürəyini
boşaltsın. Belə məqamda heç
bir təsəlli insanı kiridə bilmir. Gülnaz azcana
toxtayan kimi ilk sözü bu oldu:
-Neçə
gündü elə hey səni görmək istədiyini
deyirdi. Bilirəm iş-güc adamısan, narahat
eləmək istəmədim. Kaş
çağıraydım səni, kaş...
-Belə
məqamda nə iş-güc, ay qız? Bəs
niyə zəng vurub demədin? Harda olsam gələrdim.
-Son nəfəsində
də səni görmək istədiyini dedi. Elə
istəyirdim sənə zəng vurum, gördüm ki,
boğulur. Başımı itirdim,
qonşunu hayladım, Natavanı. Tanıyırsan
da onu. O da bizdən təcili yardıma zəng vurdu. Həkim gəlincə keçindi.
-Nə
cür adamsan sən? Bilirdin vəziyyəti
yaxşı deyil, mənə niyə xəbər eləmirdin
axı? Görəsən nə sözü varmış
mənə?..
-Daha bunu
heç vaxt bilə bilməyəcəyik... Özümü
günahkar sayıram. Neçə
gündü heç danışmırdı, gözləriylə
imdad diləyirdi. Soruşurdum ki, mama,
yaxşısan? Başını astaca tərpədirdi,
bilmirdin yaxşıyam deyir, ya pisəm deyir.
İmran bibisinin gözlərindəki iynə ucu boyda
sezilən müəmmanı xatırladı. İndi
artıq onun göz qapaqları bu müəmmanın
üstünü əbədilik örtmüşdü. İmran onun son nəfəsinə çatmadı, bəlkə
də bibisi ölüm ayağında hansısa mühüm
bir sirrin üstünü açacaqdı. Ax, Gülnaz!
Gülnaz İmranın əsəbi
baxışlarından yayınıb qadınlar olan otağa
keçdi. "Bəlkə yeganə qızını mənə
tapşıracaqdı?" deyə İmran
düşündü. Başını
qaldırıb Gülnazın atasının divardan
asılmış şəklinə baxdı. Sanki divardan
şəkil asılmamışdı, xalçanın
qarşısında dipdiri adam
dayanmışdı, indicə əllərini üzünə
tutub hönkürəcəkdi. Şəkildəki
adamın üzündəki ifadə İmranı dəhşətə
gətirdi.
-Şakir
dayı, möhkəm ol! - biixtiyar
pıçıldadı. Yan-yörəsinə boylandı ki,
görəsən dediyini eşidən olmadı... Hamama keçib üz-gözünə soyuq su vurdu, həyətə
düşdü. Ayın üzü ləkəli
idi, ürəyi sıxıldı, siqaret çəkməkdən
ağzı zəhər dadırdı. Bu nə
gün idi, İlahi? Səhər Təranənin
zəngi ovqatını təlx etmişdi, fikirləşirdi
ki, toyda deyib-gülər, şənlənər, bir müddət
hər şeyi unudar. Bəd xəbər
dabanqırma özünü yetirib yediyini-içdiyini zəhərə
döndərdi.
Bibisi demişdi axı. Demişdi o qadından
uzaq gəz. Demişdi subay vaxtı məni
eşitmədin, indi daha evlisən, günaha batma. Aldatmışdı
bibisini, demişdi onunla çoxdan
üzülüşmüşəm. Amma
Gülşadı aldatmaq o qədər də asan iş deyildi,
qardaşı oğlunun yalan danışdığını
anlamışdı, amma üzə vurmamışdı. Bibisi susanda İmran da hesabını
götürmüşdü.
Üşüdüyündən yenidən yuxarı
qalxdı. O
biri bacısıgil hələ gəlib
çıxmamışdılar. Gülnaz onu kənara çəkib
dedi:
-Gecə
bizdə qalarsan. Meyiti otaqda tək qoymaq olmaz,
yanında kimsə olmalıdır.
İmranı
gic gülmək tutdu, istədi desin ki, durub qaçmayacaq ki,
qarovul çəkmək nəyə lazımdır, amma
sözləri dilinin ucundan qaytardı. Zarafatın
yeri deyildi.
Bircə
kəlmə: - Qalaram, - dedi.
Bibisi yerində qurcuxdu və ona sarı çevrilib asudəliklə
gülümsədi. "Həə, bundan sonra dincəlməyə
gen-bol vaxtım olacaq. Dünyanın azar-bezarından,
dərd-sərindən biryolluq canım qurtardı. Şakir ölmüş hələ ki, gözümə
dəymir. Yəqin burda da başı
gözəlçələrə qarışıb, yenə mənə
xəyanət edir. Axı deyirdilər o
dünyada xəyanət-zad olmur, adamlar eləcə uzanıb
diriləcəkləri günü gözləyirlər. Mən hələ təzə gəlib
çıxmışam, buralara nabələdəm. Bəlkə də mən fikirləşən kimi
deyil, yazıq kişinin burda da günahını yuyuram.
Bir də deyirlər burda adamları iki yerə
böləcəklər, günahsızlar bir tərəfə,
günahı olanlar o biri tərəfə düşəcək.
Axı yer üzündə günah işlətməyən
bircə adam da yoxdur".
-Bibi! - İmran döşəkçənin üstündən
dik atıldı. Bibisi ona hay vermədi.
Qaranlıq otaq sanki evdən qopub harasa
sürüşürdü. Havasızlıqdan
boğuldu, qalxıb pəncərəni açdı,
şüşəni cırmaqlayan külək içəri
soxuldu, tabutun üstünə çəkilmiş
yaşıl ipək örtüyü kənara atdı, sanki dərin
yuxuya dalmış qadını oyatmaq istəyirdi. "Qalx, bəsdi yatdın!" Bibisinin
ruhunun qapıları həmişə onun üzünə
qapalı olmuşdu, indi ölüm bu qapıların kilidini
qırmışdı.
"Bu dünyada ən böyük günah ananı baladan
ayırmaqdır. Sənin atan, mənim qardaşım günah iş
gördü. Bibixanım əski-üskünü
büküb-bürmələyib qucağında gəzdirəndə
hamı ona dəli kimi baxırdı, dedilər Əhmədin
nəşəsinin tüstüsü bu bədbəxt
qadının da beynini dumanlandırıb. Bir dəfə
qarşımı kəsib ağlar səslə dedi ki, sənin
qardaşın balamı oğurlayıb məndən gizlədir.
Buna görə onu heç vaxt
bağışlamayacağam".
Gülşadın səsi onun ruhundan hissə-hissə
qopurdu. Bu sözlər illər boyu ruhun bədəndən
ayrılmasını gözləmişdi ki, gün
işığına çıxsın. İmran
fikirləşdi ki, bibisi son nəfəsində yəqin onu bu
sirlərdən agah edəcəkmiş. Hansısa
mübhəm bir qüvvə Gülnazın İmranı
çağırmasına mane olub. İndi
bu sözləri ona Gülşadın özü yox, ruhu
pıçıldayırdı. İlahinin
məsləhəti belə olmuşdu. Gülşadın
həqiqəti dilə gətirməkdən ötrü
canında bir misqal da güc qalmamışdı, xəstəlik
canının bütün şirəsini çəkmişdi.
***
Bibixanımın canındakı ehtiras yatağından
çıxmış çay kimiydi, bədəninə
sığmırdı. Bu dəli ehtiras dalğası
başındakı ağlı da kənara atmışdı.
Əhməd axşamlar əncir ağacının
altında öz kefinə qulluq edirdi, kişiliyi də burun dəliklərindən
çıxan tüstü-dumana qarışıb havaya
qarışırdı. Damağındakı
"Kazbek"in gətirdiyi ləzzət onun üçün
qadından aldığı həzzi də əvəz edirdi.
Bibixanımın bədəni sağlam, qüvvətli kişi təmasına susamışdı. Bu ipə-sapa yatmayan bədən sanki onun rəqibinə
çevrilmişdi, o, rəqibi qarşısında çox
gücsüz idi. Gecələr çıxıb həyətin
bir az hündür yerindən
qaranlığa baxırdı, qaranlıqdan dənizin
uğultusu eşidilirdi və bu uğultu onun içindəki
həyəcanı körükləyirdi. Sinəsi
qabarırdı, hissləri şimşək kimi beynindən
çaxıb gözlərindəki buludu doğrayırdı,
yanağı boyu səssizcə axıb gedirdi. Əhmədlə Bibixanım fərqli iqlim
qurşağındaydılar. Əhmədin
beyni sanki Ərəbistan səhralığıydı,
tüstü-duman onun içini quraqlığa döndərmişdi,
burda heç bir həyat nişanəsi
görünmürdü, heç bir canlı burda
artıb-çoxalmağa qadir deyildi.
Bibixanım
isə sulu meyvə kimiydi, şəhdi-şirəsi
qabığından süzülürdü. Atalar əbəs
yerə deməyib: "yeməyənin malını yeyərlər".
Sabir də bu məsəldən möhkəm
yapışmışdı və Bibixanım sövq-təbii
qadın hissiylə onun niyyətini çoxdan duymuşdu və
bədəni şirin-şirin gizildəyirdi. Sabir
Bibixanımın bədənindən əvvəl ruhuna hakim kəsilmişdi,
qadın indiyə qədər ona tanış
olmayan qəribə hisslər keçirirdi. Sabirin
isti baxışları altında daşlaşmış
duyğuları yumşalırdı, ürəyinin buzu əriyirdi,
ona illərlə ürəyinin bir küncünə
yığılmış arzularından, istəklərindən
danışmaq istəyirdi. O, başdan-başa bir sirr idi
və Sabir üçün açılmaq istəyirdi.
Əhmədin dili tutulmamışdan əvvəl gözləri
kor olmuşdu, yanındakı qadını görə bilmirdi,
qulaqları kar olmuşdu, bu qadının ürəyinin səsini
eşitmirdi.
Bibixanım Sabirə təslim olan günün gecəsi isə
o bədbəxt hadisə baş verdi.
Sabir həmin gün axşam dükanı həmişəkindən
tez bağladı. Bibixanım onu əncir ağacının
dalda yerində gözləyəcəkdi. Çayxananın
işıqları yanırdı, içəri
tüstü-duman içindəydi, nərd-domino oynayanların
səs-küyündən ağız deyəni qulaq
eşitmirdi. Küncdəki sınıq-salxaq masada oturanların qarşısında kələm
turşusu və iki-üç dilim pendir vardı, bu miskin mənzərəni
bir də ucuz araq şüşəsi tamamlayırdı. Əhmədin xırıltılı səsi
"Segah"ı mişar kimi doğrayırdı, Əhməd
oxumurdu, boğazında sümük qalmış it kimi
xırıldayırdı. Bu səs
çayxananın qapı-pəncərəsinin həncaması
kimi çoxdan pas atmışdı. Sabir siqaretini
işarda-işarda bu xırıltılı səsin
üstündən adlayıb keçdi.
Əncir ağacı susurdu, Ay buludların arxasına
çəkilmişdi. Dənizin yorğun uğultusu qayaları
yuxuya vermişdi. Əncir ağacı
onları qanadları altına aldı.
Əhməd gecənin dibindən
çıxhaçıxda əncir ağacının
altındakı qaraltıdan hövlləndi, nə qədər
çalışdısa, səsi boğazından
çıxmadı, əlləriylə küləyi
cırmaqlaya-cırmaqlaya daxmasına sarı sürünməyə
başladı.
İçəridə heç kim yox idi. Geri çevriləndə Bibixanımı
qapının ağzında gördü, qadın Əhmədin
qəribə hərəkətlərindən qorxuya
düşmüşdü.
Əhmədin
səsi o batan batdı, Aşqabad batan kimi...
***
Qabaqda şütüyən qara cənazə
maşınını beş-altı maşın
müşayiət edirdi, bibisini kənddə,
doğmalarının əhatəsində dəfn edəcəkdilər. İmran yol
boyu gecəki söhbəti xatırlayırdı, bibisi son mənzilinə
köçməzdən öncə sirri ona ötürə
bilmişdi. İmranın fikirləri qarışıq
idi, evlənməsindən beş il ötsə
də, züryəti olmurdu. Həkim, dava-dərman
da onların dərdinə əlac edə bilmirdi. Amma deyəsən İmran lap bu yaxınlarda ata
olacaqdı, arvadı heç nəyi bilmirdi. İmran bilmirdi bu xəbəri ona necə bildirsin.
Arvadı onun xəyanətini
bağışlayacaqdımı? İmran
balanı anadan ayıra biləcəkdimi? Atasının
günahını təkrarlamaq istəmirdi.
Cənazəni qəbrə sallayırdılar. Birdən elə bil
İmranı ildırım vurdu; təzəcə
qazılmış qəbrin baş tərəfindəki qozbel əncir
ağacı eynən Bibixanım nənəyə bənzəyirdi...
Boş qəbrin içində yorğun külək
vurnuxurdu...
01-11 dekabr 2017-ci il
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2017.- 16 dekabr.- S.20-22.