Üç il ayrılıq...

 

Şöhrət adamı deyiləm,

Şöhrət səs-küyündən bezar qalmışam,

Zorla heç bir mükafat-filan da almamışam.

Mən belə, bu cürə adammışam.

İstəmirəm qışqırıq, səda,

İstəmirəm bircə qırıq şöhrət payım olsa da.

İstəmirəm! Qalansın

                        şan-şövkət qalaqlarına.

Təkcə şeirlərim oxunarsa,

                        bu mənim səsimdir,

Pisə pis, yaxşıya yaxşı toxunarsa,

Daha heç istəmirəm, vallah bəsimdir.

Bu təvazökar fikirlərin müəllifi olan Nurəngiz Gün ilə uşaqlıqdan dost olmuşuq. Aramızdakı qırılmaz dostluq tellərini babalarımızın atalarımızın eyni taleləri  möhkəmlədib.

Soyadının sürgünü olan, kapitalist damğası altında əzilən, amma sarsılmayan  Nağıyevlərə XXI əsrdə yeni nəfəs verdiyimi hər zaman dəstəkləyən birincilərdən olub Nurəngiz Gün.

1960-cı illərdə Azərbaycan televiziyasının ilk qaranquş diktorlarından sayılan Nurəngiz xanım "Salam, hörmətli tamaşaçılar, verilişlərimizə başlayırıq" - deyən ecazkar səsilə, səlis diksiyası qənirsiz gözəlliyi ilə sevildi. Onun həzin səsinin həyəcanından sözləri lazımınca qavraya bilməyən, yaxud da səsinə qulaq verərkən, o zaman gözəlliyini izləyə bilməyən bir çox tamaşaçı çaş qalırdı.

Jaləsinin dünyaya gəldiyi gündən - ana olan diktor - Nurəngiz Quliyeva ikiyə bölünürdü. Övlad böyüdüb, tərbiyə etmək, ailənin xidmətində durmaqla yanaşı, onu ilham pərisi heç vaxt rahat  buraxmırdı. Elə onun bu hissləri, illərlə içində saxladığı istedadın, ədəbi bədii düşüncələrin gerçəkləşməsinə səbəb oldu.

Yazdıqlarıyla tez bir zamanda qəlblərə yol tapan şairə, müasir Azərbaycan  poeziyasının dəyərli nümayəndəsinə çevrildi.

Sevimlimiz oldu. Elimizin, obamızın, hər birimizin məhəbbətini qazandı Nurəngiz Gün. Bəli, o, nur saçan bir Gün oldu mədəniyyətimizdə, ədəbiyyatımızda.

Nurəngiz Gün getdiyi ömür qatarında enişli-yoxuşlu, kollu-koslu  yollarda daima təmizlik, düzlük, saflıq insan sevgisi axtarışında oldu. Onun yaradıcılığı ilə tanışlıq elə ilk misralarından bunu dərk etməyə imkan yaradır.

Nurəngiz xanımın içində bitib-tükənməyən bir istedad var idi. O, qeyri-adi ifadə tərzinə, təfəkkür biçiminə görə fərqlənərək bir işıq daşıyıcısı oldu.

Müəllifi olduğum "Xalq üçün ömrünü əridən" kitabımda "Nağıyevlərin gülümsünən çırpıntıları..." başlığı altında Nurəngiz Günün essesi yer alıb:

-"Ağa Musa ağanın ildönümünə sahmanladığım səhifələri savab bildim.

Şöhrətli mesenat Ağa Musa Nağıyevin nəvəsi, uşaqlıqdan tanıdığım yaşıdım, ümdəsi, ömür çırpıntılarına bələd olduğum nəcib bir xanım, babası haqqında kitab yazacağını bildirdi məndən məqalə istədi.

Dilarəm! - dedim. - Səsin titrəməsin. Mütləq yaddaşımı qazaram.

Yazıya əyilirəm...

Ağa Musa! Ağayana Ağa Musa ...

Vay, səxavətli burjuylar! Vay sizi, istiqanlı millətbazlar! Nədən bu? Hanı bizim ağayana tərpənişimiz?

... Dilarəm! Vuruşlarına, titrəyişlərinə bələd olduğum çiçək! Babasının yorğun yavrusu! Sən isə gülümsünən çırpıntılarınla salamat qal. başını  yastığa atanda, daha yuxunda "bobovun" jandarmalarını, onun könlünü sındırmış olan o bəni-həmzatları deyil , elə birbaşa ağa kişini - Ağa Musa ağanın özünü gör! Gör ki...

Tikdiyi binaların üzəriylə gəzən o Müztərib kölgə dünyasında... necə bəxtiyar gülümsəyir... Eynən Fərəc təbəssümü kimi, sənin kimi, qalib və ixtiyarsız..."

Bu duyğulu cümlələrin arxasında gizlənən mətləblər siyasi rejimlərin amansız burulğanından keçən, taleyinə acınacaqlı repressiya payı düşən hər kəsi, hər bir ailəni dərindən təsirləndirmək qüvvəsinə malikdir...

Azərbaycan bütün dövrlərdə qadın şairələri ilə fəxr edib. Nurəngiz Gün müasir Azərbaycan poeziyasında qadın fəlsəfi fikrinin və sürrealizminin yaradıcılarından biridir desək, yanılmarıq. Qələmə aldığı hər bir əsərində cəsarətlə sözünü deyə bilən bir mələkdən, Allah-Taala fitri istedadı əsirgəmədi. Onun dərin düşüncələri hər bir oxucunun gündəlik yaşantılarıdır, sevincidir, kədəridir.  Böyük ədəbiyyata gəldiyi "Tanrı bəşər övladıdır" povestinin proloqunda Nurəngiz xanım  oxucularına belə bir mesaj göndərir:

"Bu kitabı sizə həsr edirəm, mənim Fatimələrim, Kozettalarım, Zoluşkalarım! Ruhunuza aramsız bir nəğmə oxuyuram bu gün sizin. Bu nəğmənin öz ahəngi, öz vüsəti var, mənim susqun, naçar balalarım! Bu nəğmə uşaqlıqdan məhrum dünyanızın, səadətə həsrət ürəklərinizin, titrək dodaqlarınızın, yorğun ayaqlarınızın şərəfinə oxunur, mənim qanadsız göyərçinlərim".

Yazıları ilə sanki  bəstəkara çevrilən, kövrək qəlbli, ruhu nəğmələrlə dolu olan Nurəngiz Gün! Lap elə bu yaxınlarda televiziyada ad gününü qeyd etdik. Gözüm səni axtarırdı. Sanki yanımda idin, amma görünməyirdin. Təvazökarlıqdan idi, yoxsa bu röya idi. Sənin yoxluğunla barışmaq mənim üçün də çox çətindir.

Bəs hələ həyata keçməyən arzuların, bəs yazıya çevirə bilmədiklərin?  Bunları yarımçıq qoymağa ixtiyarın var idimi?

Düşüncələr məni məzarın üstə gətirdib çıxardı. Məzarının üzərində və ətrafda əkilən güllər günəşdən yanmışdı. Amma düz sinənin üstündə tər bənövşələr uzaqdan diqqət çəkirdi. Sanki çiçəklərin arxasından boylanaraq, bu mənəm, mən sizləri görürəm, eşidirəm, deyirdin.

Bağban bizi görüb yaxınlaşdı: - Vallah, bu əkdiyiniz güllərə, çiçəklərə hər gün su verirdim, nə edək ki, günəşin istisi hamısını məhv edir. Təkcə bu gördüyünüz bənövşələr solmurlar, əksinə, gündən-günə böyüyürlər. Həm də, siz buraya bu çiçəkdən heç əkməmisiniz. Düzü, çox təəccüblü işdir- deyib çiyinlərini çəkdi.

Jalən mən isə ikiqat təəccüb içərisində idik. Az qala şok keçirirdik.  Çünki hələ 1983-cü ildə "Bir gün günəş doğarkən" şeirində yazmışdın ki:

 

Gözlərimin

pərdəsindən

bir-bir itəcək,

bu gördüyüm dağlar,

bu vadilər,

bu çaylar.

Gözlərimin

pərdəsində

şəfəq dolu tellərini

birdən-birə bitirəcək,

hər gün Günəşdən su içən

bu qızılı qayalar.

Bir gün

qara torpaq

gözlərimi, məni

ömrümü, sənələrimi

birdən-birə çəkəcək,

sinəmdə şehli-şehli

bənövşələr bitəcək.

Bir gün

hündür körpülü

torpağım üstdən

bır igid yüksələcək,

qara söyüd hönkürəcək,

bu fəryad mənə yetəcək.

Bir gün...

Günəş doğarkən

əzalarımın ən gec öləni -

uzun-uzun tellərim

torpaq altdan

yavaş-yavaş

ürpəşəcək...

Səni bizdən əbədilik ayıran o kədərli gecədən tam 30 il əvvəl sanki bu günü görmüşdün özün öz sağlığında öz əbədi laylanı çalmışdın... "Bizdən uca nəsə var", - deyən imanlı bacım. Əlbəttə ki, var! o gözəgörünməz sənin son arzunu gerçək edib. Bu bənövşələr əlbəttə ki, bizdən ucada olanın qüdrətiylə bitib sənin sinən üstündə.

Nurəngiz, əzizim, dərdlərinlə çox uzun, sevinclərinlə çox qısa bir  yol getdin. Ürəyinin pıçıltısıyla özünə həmdəm oldun, qəlbinin nuruyla işığın, yaxşılığın, mərdliyin  carçısına çevrildin...

yaxşı ki, sən var idin! yaxşı ki, biz dost olduq.

İstəsəm , istəməsəm , deyirəm, Allah sənə rəhmət etsin! Tanrımız o dünyanı da, bu dünyan kimi saf etsin! Amin!

 

Dilarə Ağamusa

milyonçu Ağa Musanın nəvəsi

yazıçı, publisist

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 dekabr.- S.23.