Hüseyn Cavid dilinin bədii
xüsusiyyətləri haqqında
XX əsr Azərbaycan ədəbiyyatının
böyük klassiki, bənzərsiz söz ustadı, mütəfəkkir
şair və dramaturq Hüseyn Cavid yaradıcılığa
şeirlə başlamışdır. Məlum olduğu kimi,
şeir üçün qoyulan ən başlıca tələb
və şərtlərdən biri və birincisi isə
yüksək obrazlılıq və bədiilik, bəlağət
və fəsahət, poetizm və sənətkarlıq və
s. kimi məsələlərdir. Bu isə o deməkdir
ki, H.Cavidin dilindən danışdıqda ilk növbədə
böyük şairin əsərlərinin bədiiliyi və
obrazlıq keyfiyyətlərindən, poetik xüsusiyyətləri
və sənətkarlıq özəlliklərindən
ayrıca və xüsusi olaraq danışmaq lazım gəlir.
Böyük
söz ustadı Hüseyn Cavidin çoxşaxəli və rəngarəng
yaradıcılığı araşdırılarkən, təbii
ki, sənətkarın dil və üslub xüsusiyyətlərinə
də qismən
toxunulmuş və bu məsələ də tədqiqatdan kənarda
qalmamışdır. Bu baxımdan şair-dramaturqun dili barədə
Türkiyə araşdırıcısı Mustafa Haqqı Türkəqulun fikirləri
xüsusilə maraqlıdır. Onun qənaətinə
görə, H.Cavid bədii
yaradıcılığının ilk dövründə,
xüsusilə də lirik şeirlərində İstanbul
şivəsinə üstünlük versə də, sonradan bu
şivəni Azərbaycan türkcəsinə
yaxınlaşdırmağa çalışmış və
buna nail olmuşdur. Bu məsələyə
xüsusi diqqət yetirən M.H.Türkəqul yazır ki, H.Cavid
İstanbul türkcəsi ilə Azərbaycan ədəbi
türkcəsi arasında "bir körpü yaratmış və
bu iki şivə arasındakı məsafəni
qısaltmışdır" (Hüseyn Cavid. Əsərləri. 5 cilddə.
I cild, Bakı: 2007, səh.8). Türkiyə
araşdırıcısının bu fikri ilə
razılaşmamaq çətindir, çünki onun da qeyd
etdiyi kimi, H.Cavidin dili, həqiqətən də, istər
Türkiyə, istərsə də Azərbaycan ziyalısı
və oxucusu üçün eyni dərəcədə
doğma və anlaşıqlıdır.
Böyük ehtimalla demək olar ki, H.Cavid
yaradıcılığa qəzəl janrında
yazdığı şeirləri ilə başlamışdır. Məlum
olduğu kimi, şair ilk şeirlərini Gülçin, Salik,
Arif təxəllüsləri ilə yazmışdır.
Böyük sənətkarın qəzəllərində
məhz həmin təxəllüslərdən istifadə etməsi
bu fikri təsdiqləyir. Deməli,
şairin qəzəlləri onun ilk qələm təcrübələrindən
sayıla bilər.
H.Cavidin
çox az sayda olan qəzəlləri həm
doğma ana dilində, həm də farscadır və ənənəvi
məhəbbət mövzusuna həsr olunmuşdur. Sevən aşiqin qəlbinin dərinliklərində
baş qaldıran yanıqlı və təsirli, pak və səmimi
sevgi duyğularını, məhəbbətin
ağrılı-acılı iztirablı anlarını
obrazlı şəkildə ifadə edən bu qəzəllər
həm də yüksək bədii sənətkarlıq
xüsusiyyətləri ilə seçilir. Bu baxımdan şairin Gülçin təxəllüsü
ilə yazdığı "Verdim o gün ki zülfi-pərişanə
gönlümü" misrası ilə başlayan qəzəli
xüsusilə diqqətçəkicidir. Qəzəldə
aşiqin sevgi iztirabları obrazlı və təsirli bir dillə
qələmə alınmışdır. H.Cavid burada
klassik ədəbiyyatda geniş yayılmış Yusif və
Züleyxa əhvalatına müraciət etməklə təlmih
sənətindən bacarıqla istifadə etmişdir:
Gülzari-hüsnə
Yusifi-dil çıxdı seyr edə,
Saldı o yar çahi-zənəxdanə
gönlümü.
Aydınlıq üçün qeyd edək ki, beytin
ikinci misrasındakı farsmənşəli "çahi-zənəxdan"
tərkibinin mənası çənənin ortasındakı
batıq və ya çökək yerdir. Fars izahlı
lüğətlərində bu ifadənin qədimdə
işlənməsi qeyd olunmaqla yanaşı, onun əski
zamanlarda gözəlliyin bir əlaməti olması da diqqətə
çatdırılır. İfadədəki
"çah" sözünün həqiqi mənası isə
quyu deməkdir. Beytin ilk misrasında
gözəllikdə ad çıxarmış Yusifin yada
salınması, eləcə də onun ümumi məzmunu isə
belə bir qənaətə gəlməyə əsas verir ki,
şair burada Yusifin qardaşları tərəfindən quyuya
salınmasına (və ya Züleyxanın fitnəsi
üzündən zindana atılmasına) işarə
etmişdir. Qeyd edək ki, qəzəlin ilk beytində məşuqənin
aşiqin könlünü zindana salması da diqqətə
çatdırılır:
Verdim o
gün ki zülfi-pərişanə gönlümü,
Saldı nigar o zülfdə zindanə gönlümü.
Maraqlıdır ki, qəzəldə aşiqin kafər
balasına vurulmasından danışılır ki, bu da istər-istəməz
görkəmli şairimiz Seyid Əzim Şirvaninin tərsa
balasına həsr etdiyi məşhur qəzəlini
xatırladır.
H.Cavidin Arif təxəllüsü ilə
yazdığı "Məndən fələk ayırdı
vəfapişə yarimi" mətləli qəzəli də
dilinin yüksək obrazlılığı və poetikliyi ilə
diqqəti çəkir. Qəzəldə zəngin məcazlar
sistemindən, xüsusilə də epitet və təsbehdən
məharətlə istifadə olunmuşdur. Belə ki,
şeirdə "ahu baxışlı nigarından"
ayrı düşən aşiqin sevgilisiz keçən
günlərinin yarın zülfü kimi "tar" (qara)
olması diqqətə çatdırılır:
Məndən
fələk ayırdı vəfapişə yarimi,
Tar etdi
zülfi-yar kimi ruzigarimi.
Maraqlıdır ki, klassik ədəbiyyatda
"yar"ın daha çox "cəfapişə"
olması vurğulandığı halda, H.Cavid onu "vəfapişə"
kimi təqdim edir.
Qəzəldə
şair məcazın digər növlərindən də
uğurla istifadə etmişdir:
Ya Rəb,
əsib səmumi-cəfa bir dəqiqədə
Qıldı əvəz xəzanə mənim növbaharimi.
Beytdə
"cəfa küləyinin əsməsi" ilə aşiqin
baharının xəzanə dönməsi təsvir olunur ki,
bu da həm istiarəyə, həm də bədii təzada
nümunə ola bilər.
Məlum
olduğu kimi, H.Cavidin ilk qələm təcrübələri
olan şeirləri 1913-cü ildə Tiflisdə işıq
üzü görmüş "Keçmiş günlər"
adlı kitabında toplanmışdır: "Hütbuti-Adəm",
"Bakıda", "Yadi-mazi", "Otuz
yaşında", "Gecəydi", "Elmi-bəşər",
"Qız məktəbində" və s. Kitabdakı
şeirlər içərisində bədiilik
baxımından "Yadi-mazi" ("Keçmişin
anılması") şeirinin özəl yeri vardır. Belə
ki, şeir çoxsaylı ərəb və fars
sözləri və izafət tərkibləri ilə yüklənsə
də, fikrin yüksək bədii şəkildə ifadəsi
ilə seçilir. Bu baxımdan ilk növbədə
şeirin axıcılığı, yüksək ahəngi,
musiqiliyi, səslərin harmoniyası: alliterasiya və assonans
bolluğu diqqəti çəkir:
Hər dəm
nəzərim maziyi-pürnəşvəyə nazir,
Cuşiş veriyor gönlümə hala o mənazir.
Hala o mənazir
o üfüqlər, o səmalar!..
Ruhumda
oyandırmada bin sübhi-rəbii.
Təqib
edərək bir-birini leyli-səfalar,
Əyyami-ələm əqlimə gəlməzdi təbii.
Bir ləhzə
düşünmək nədir anmazdım o dəmlər,
Yakmakda bu gün ruhumu suzişli ələmlər.
Dördlük və ona əlavə olunan ikilik şəklində
qurulmuş 6 bənddən ibarət olan bu romantik şeirdə
H.Cacid qayğısız keçmiş günlərini acı
təbəssümlə yada salır və hazırda onların
əvəzində, qəlbini "qara xülyalar"
bürüdüyünü dilə gətirir. Şeir məcazlardan,
xüsusilə də istiarələrdən istifadə
baxımından da diqqətçəkicidir. Belə ki,
şair bəndlərin birində güllərin gülümsəməsindən,
digərində isə Şərqin işıq saçan
günəşinin axşamlar Qərbə müsafir getməsindən
söz açmaqla gözəl istiarələr
yaratmışdır:
Gülqönçələr
eylərdi səhər vəqti təbəssüm,
Bülbüllər
isə həpsi yekavaz tərənnüm...
Əflaka
baqarkən bəni məftun ediyordu
Parlaq günəşin mənzəreyi-şə'şəədarı.
Aqşam
duramaz, qərbə misafir gediyordu
Şərqin o gözəl bakireyi-ləmənisarı.
Şeirin əsas ideyasını, məğzini ifadə
edən sonuncu bənddə isə H.Cavid güclü bir təzad
yaratmışdır. Keçmişdəki gözəl günlərini
yada salan şairin qəlbinə indi qara xülyalar hakim kəsilibdir.
Müəllif sonda dərin təəssüf hissi ilə
yazır ki, keçmiş arxada qalıb, gələcək isə
qaranlıqdır:
Lərzan
ediyor ruhumu bin dürlü məzalim,
Əfsus...
ki mazi ədəm, ati isə müzlim...
Göründüyü kimi, bu misralarda da m samitinin təkrarı
güclü bir alliterasiya yaratmışdır.
"Keçmiş
günlər" kitabına daxil olan "Gecəydi"
şeirinin ilk misralarında da H.Cavid istiarədən
bacarıqla istifadə etmişdir:
Gecəydi...
Hər yeri sarmışdı bir sükuti-həzin,
Donuq ziyalı fənərlər baqardı həp qəmgin.
H.Cavidin kiçik bir məktəbliyə həsr etdiyi
"İlk bahar" şeirinin ilk misraları da məcazlarla
zəngindir.
Burada şairin istifadə etdiyi istiarələr xüsusilə
diqqət çəkicidir:
Bahar,
bahar gəlmiş, yenə ilk bahar;
Güllər, çiçəklər gülər,
quşlar oynar.
Göyün
altın saçlı qızı nur saçar,
İnsanlarm tutqun gönlünü açar.
Dağlar,
çəmənlər geyinir al, yaşıl;
Yerlər, göylər parıldar
ışıl-ışıl.
H.Cavidin "Azər" poemasının dili də
yüksək bədii sənətkarlıq xüsusiyyətləri
ilə seçilir. Məlum olduğu kimi, bu dastan - poemanın böyük
bir hissəsi H.Cavid üçün daha doğma və munis
olan əruz vəznində, az bir qismi isə
heca vəznində yazılmışdır. Şairin
hər iki vəzndə qələmə aldığı bu
şeir parçaları yüksək poetik özəllikləri
ilə yadda qalır. Bunun sübutu olaraq poemadan bir
neçə kiçik nümunəyə nəzər salaq:
Dalğacıqlar
öpüşüb titrərkən
Baqışırlardı
göyün gözləri şən...
Ona dan
yıldızı bakir bir qız
Kibi heyrətlə
gülümsər yalınız...
Əruz vəznində yazılmış bu iki nümunədə
şairin istiarə və təşbehdən məharətlə
istifadə etməsi göz qabağındadır. Eyni sözləri
poemadakı heca vəznində yazılmış şeirlərə
də aid etmək olar. Məsələn:
Bən
yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzləyərkən
sevgi yolu
Acı duydum hər kölgədən.
Qeyd edək ki, bu şeir parçasının ilk iki
misrasında işlənmiş "atəşlə suyun
öpüşməsi" ifadəsi "mümkünsüz
bir işin baş tutması" anlamındadır. Həmin ifadəyə bir qədər
başqa şəkildə XV əsr Azərbaycan şairi -
mütərcimi Vəli Şirazinin "Gülşəni-raz"
tərcüməsinin dilində də rast gəlirik:
Yenə
gündüz ilə gecə qarışdı,
Bu yerdə
kim, od ilə su barışdı.
H.Cavidin
"Azər" poemasından seçdiyimiz
aşağıdakı nümunələr də fikrin
poetikliyi, obrazlılığı və bədiiliyi, bir
sözlə, yüksək sənətkarlıq xüsusiyyətləri
ilə seçilir:
Səhər
dan yıldızı gülərkən ona,
Ruhunda
qopdu bir acı fırtına...
Hər
gülşənə vardım, çiçəklər
güldü,
Sevdalı bülbüllər səlama gəldi.
Hər bəzmə
uğradım, meylər töküldü,
Qədəhlər öpüşüb xürama gəldi.
Elmaslar
incilər qarşımda söndü,
Gözəllər yanımda xəyala döndü.
Büllur
qəhqəhələr susmuş göründü,
Susmuş kamançalar ilhama gəldi.
Düşünürük ki, yuxarıdakı örnəklərdə
işlənmiş məcaz növlərindən istiarə, təzad
və epitetin şərhə ehtiyacı yoxdur.
H.Cavidin
dram əsərlərinin, xüsusilə romantik dramaturji
yaradıcılığının zirvələri olan
"Şeyx Sənan" və "İblis" mənzum
faciələrinin dili də yüksək
obrazlılığı ilə diqqəti çəkir. Bu
baxımdan dramaturqun "Şeyx Sənan" faciəsindəki
korun dilindən verilən qəzəldə işlənmiş
bədii təzadlar, bədii sual və təkrirlər, daxili
qafiyələr müəllifin bənzərsiz poetik aləminin,
yüksək söz sənətinin zirvələri və nadir
inciləri sırasındadır:
...Nə
dərd olaydı, nə dərman,
nə
sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət
olaydı.
Gönüldə
nuri-məhəbbət,
gözümdə
pərdeyi-zülmət...
Nə nur
olaydı, nə zülmət,
nə
böylə xilqət olaydı.
Nədir
bu xilqəti-bimərhəmət,
şu
pərdəli hikmət?
Bu
zülmə qarşı nolur bir də
bir
ədalət olaydı...
Aydınlıq
üçün qeyd edək ki, nümunənin ilk misrasında işlənmiş
"sur" sözü "şənlik",
"şadlıq" anlamındadır və "matəm"
kəlməsi ilə təzad təşkil edir. İkinci
misradakı "vüslət" (vüsal, qovuşma)
sözləri ilə "firqət" (ayrılıq) kəlməsi
də bu qəbildəndir. Eyni sözləri
"nur" (işıq) və "zülmət"
(qaranlıq), "zülm" və "ədalət"
kimi əks mənalı kəlmələrinin qoşa işlənməsinə
də aid etmək olar.
H.Cavidin
"İblis" mənzum faciəsi də elə əsərin
əvvəlindən, lap başlanğıcından yüksək
şeiriyyəti, bədiiliyi və obrazlılığı ilə
oxucunu heyrətdə qoyur:
Dəryalərə
hökm etmədə tufan,
Səhraları
sarsıtmada vulkan,
Sellər
kibi aqmaqda qızıl qan,
Canlar yaqar, evlər yıqar insan.
Nümunə yüksək şeiriyyəti ilə
yanaşı, şair-dramaturqun burada böyük məharətlə
işlətdiyi istiarə və təşbeh kimi məcaz
növləri, eləcə də şeirin bədii təsir
gücünü artırmağa xidmət edən, ona bənzərsiz
musiqilik və ahəng verən, qulağı oxşayan
alliterasiya və assonanla seçilir.
"İblis" faciəsinin müxtəlif yerlərində
işlənmiş aşağıdakı nümunələr
də fikrin obrazlı və poetik ifadəsi baxımından
diqqətçəkicidir.
Gəliyor
iştə o qönçədəhən...
Yoqmudur səndə,
gülüm, heç insaf...
Ah aman,
halı nasıl hüznavər,
Gözlərindən
saçılır şimşəklər...
Şərqin
əsəbi çöhrəsi bilməz ki, nə yapsın
Bilməz
ki, sağır göylərə, yaxud bana tapsın...
Qeyd edək ki, birinci misrada işlənmiş
"qönçədəhən" (qönçə
ağız) sözü bədii təyin, yəni epitet, ikinci
nümunədəki (misradakı) "gülüm" isə
istiarədir.
Bu misrada eyni zamanda inversiya və bədii sualdan
da istifadə olunmuşdur. Sonrakı beytdəki
"gözdən şimşək saçılması"
ifadəsi isə istiarədir. Sonuncu
nümunədəki "Şərqin əsəbi
çöhrəsi" ifadəsi də istiarə,
"sağır (kar) göy" ifadəsi isə epitetdir.
Faciənin
sonunda yer alan aşağıdakı
misralarda da böyük sənətkar məcazın müxtəlif
növlərindən (istiarə, bədii təkrir, epitet və
bədii təzad) böyük məharətlə istifadə
edərək fikrin bədii təsir gücünü
artırmağa nail olmuşdur:
Həp rəqs
ediyor qanlı günəş, qanlı üfüqlər,
Həp rəqs
ediyor halə qəmər, pənbə şəfəqlər...
Həp rəqs
ediyor hüznü sürur, eşqü fəlakət,
Həp rəqs
ediyor xeyrilə şər, elmü cəhalət...
Son olaraq qeyd etmək lazımdır ki, böyük Azərbaycan
şairi və dramaturqu Hüseyn Cavid dilinin bədii
xüsusiyyətləri, sənətkarlıq özəllikləri
ayrıca və ətraflı bir araşdırma mövzusudur. Bunu nəzərə
alaraq biz burada görkəmli sənətkarın poetik dilinin
yalnız bəzi səciyyəvi xüsusiyyətlərini diqqətə
çatdırmaqla kifayətləndik.
Möhsün Nağısoylu
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.24-25.