Payız notları

 

1. Biz nağılları göydən düşəcək üç almaya görə sevdik.

2. Suyundan bir damla da götürsənazalar dərya.

3. Quşlar göy üzünə uçmaq öyrədir, -

Bir azdan göylər qanadlanacaq

4. Mən sevgi qaçqınıyam, -

Qayıt, sığınım sənə

5. Payıza tapşırdım: - gələndə səni gətirsin

6. Xoşbəxtlik - göy üzüdü,

Uzaqdan baxmaq üçündü

7. Ölüm-iynə, ömür-sapdı, -

Keçirik ölüm gözündən

8. Hərdən saçlarının yerini soruşur məndən əllərimin içi

9. Ay aman, suyu yaman çoxalıb, -

Boğulacaq dəniz

10. Ölümdən qorxduğu üçün

hamı öz həyatında gizlənib.

11. Sevinc toz kimidi, asan yuyulur,

kədər zor yuyulur qan ləkəsitək

12. Sevgisiz can-cərəyana qoşulmamış nağıldı

13. Qəbir daşlarına

çox vaxt cavanlıq şəkillərini vururlar,

öləndən sonra da cavan qalmaq istəyir!..

14. Həyat - müvəqqəti çətinlikdi, -

keçib gedəcək

15. Bu dünya sənsizlikdən əziyyət çəkir

16. Bu gün bir dağ çayı da

"intihar" etdi, -

özünü dağdan atdı.

17. Şeir qız, dodaqların

bir-biriylə gözəl qafiyələnib?!.

18. Qapını bərk bağladıq,

Sevinc aça bilmir

19. Yağış bilsin ki, mənim

Çətirim yoxdu?!.

20. O qədər acgözdü ki,

öz cənnəti ola-ola

mənim cəhənnəmimə əl uzadır

21. Ağlayan saçları ovutmaq çətin

22. Mən dənizin içindəki sahiləm, -

dalğalar mənə dəyib qayıdır

23. Bəlkə o göy üzü

haçansa nəhəng bir dəniz imiş, -

Tanrı çağırıb yanına?..

24. Çiçək-çiçək sevgilərdən şirə çəkən

arı kimidi xatirələr, -

hərdən elə şirin sancır adamı

25. Ayrılıq - sevginin qürbətidir

26. Uduzmamaq üçün, - udmaq lazımmış sən demə.

27. Bir az çox yaşamaq

kəsib "yediyin həyatın

qırıntılarıyla" dolanmaq kimidi.

28. Günəş sən tərəfdən doğduğu üçün

Adını qoyuram: "Gündoğar qadın"

29. Mən sənin adına "hesab" açmışam, -

Sənin adınadır yazıramsa

30. Payıza qar yağır tənzif kimi,

Xəzəllərin yarasını sarıyır

31. Səni bağıma yox, Bağrıma dəvət edirəm

32. Yanına gələcəm, - darıxmaq üçün

33. Əlimi uzadıb

Şəkildəki o uşağın

göz yaşlarını silmək istədim

34. Qumru quşu elə oxuyurdu ki,

elə bil ağlayırdı,

Qumru nənəm elə ağlayırdı ki,

elə bil oxuyurdu

35. Bu kədər - kol dibidi, -

Ürəyim - bənövşədi

36. Adını gülə qoydular, -

Gülü bəxtəvər etdilər

37. Unutdum etdiyin pisliyi, -

Belə qisas aldım səndən!

38. Hər eşq - bir şairdi, qadın, -

Hər eşqdən qalan

bir xatirə dəftəri var

39. Hamı günəş olmasa da,

hamının bir qürubu var

40. Xoşbəxtliyə şeir qoşmaq, -

görmədiyin adamın rəsmini çəkmək kimidi

41. Ağac da adam kimidi, -

Tək qalanda darıxır

42. Mən səni bu axan çaydan

Bir damla su tək götürdüm

43. Dor ağacı, dar ağacı

Yarı kölgənə çağırdım, -

Sən oldun Yar Ağacı!..

44. İnsandan qalan ən yaxşı miras, -

Xatirələrdi...

45. Gedəndə heç nədə gözün qalmasın ki, -

Məcbur qalıb bu dünyaya yenidən qayıtmayasan...

46. Bu dünya sənin olsa, -

Səni mənə versələr,

Kim daha zəngin olar?!.

47. Səndən sonra doğulub o gül...

Sənin adını verib o gülə,

Gülü xoşbəxt ediblər...

48. Dodaqlarının izi qalmışdı

İçdiyin suda,

Öpdüm suyu, -

Yığdım dodaqlarının suda qalan izini...

49. Burda ağıllı adamları sevmirlər, -

Biz dəli deyilik ki, ağıllı olaq?!.

50. Sən təkliyimə

Çarə tapmadın, -

İki nəfərlik tək oldum...

51. Bu dünya kimi ev,

Kiminə sığınacaqdı...

52. Kitab var

çırpırsan tozu

tökülür,

kitab var, çırpırsan

sözü tökülür...

53. Ölüm hamının yoluxacağı

tək xəstəlikdir...

54. Qızmar günəşin altında

tez "əridi" bu yay...

55. Sən mənim çoxdan oxuduğum kitabsan,

 amma əzbərdən yadımdasan...

56. Dəlixananın giriş qapısında yazı:

Ağlı olan bura düşməsin...

57. Tanrı qadını yaratmışdısa,

insan niyə şərabı yaradırdı ki?!.

58. Hər eşq - bir işıqlı,

qədər aşiq var, işıq olacaq.

59. olsun ki, karam? -

Milyon səsin içindən

Sənin səsini tanıyıram...

60. Kədər, gündüz gəl bizə

Axşam yolu azıb başqa qapıya gedərsən...

61. Hər il elə bil bir ata evidi,

 İçində on iki qardaş oturub.

62. Mən öləndə,

Sevdiyim çiçəklərə deməyin, -

Ürəyi yuxadı o çiçəklərin.

63. On beşindən sonra

Bütün qızlar oddu,

On beşindən sonra bütün oğlanlar

oda həssas.

64. Sən göy üzü kimisən -

Səni uzaqdan qucmaq olur...

65. Əlini qoynuna qoyub, elə bil, -

Şəkil çəkdirəcək bu şair - ağac...

66. Bu qoca dünyanın min üzü varmış, -

Ancaq üz qoymağa üzü yox imiş...

 

Əlizadə Nuri

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 dekabr.- S.25.