Milli dirçəliş, I türkoloji
qurultay
və ədəbiyyat məsələləri
XX əsrin
ilk üç on ili tariximizə milli dirçəliş
dövrü kimi daxil oldu. Bu dirçəliş iqtisadi, siyasi,
mədəni-mənəvi sahələri, demək olar ki,
tamamilə əhatə edirdi. İqtisadi sahədə yüksəliş
Azərbaycanda, xüsusilə Bakıda kapitalizmin sürətli
inkişafı, iri kapitalist sənayesinin yaranması ilə əlaqədar
idi ki, nəticədə Azərbaycanın öz milli
burjuaziyası, iri milli sənaye obyektləri, birlikləri
yaranırdı. Yerli və milli varlılar
zümrəsi yetişirdi. Bu zümrənin nümayəndələrinin
bir-biri ilə rəqabəti və yarışı təkcə
bir sərmayə yaratmaq, var toplamaqla hüdudlanmırdı,
bunlar həm də bir-biri ilə bəhsə girərək
millət üçün, cəmiyyət üçün
xeyriyyəçilik edir, məktəblər yaradır, azərbaycanlı
balalarını orta və ali məktəblərdə
oxumağa cəlb etmək üçün himayədarlıq
edir, teatr binaları tikdirib, onlarda tamaşaların təşkil
edilməsinə yardımçı olurdular. Hacı
Zeynalabdin Tağıyevin mesenantçılıq- xeyriyyəçilik
fəaliyyəti genişləndikcə, digər Azərbaycan
milyonçuları da işə qoşulur, yeni-yeni təşəbbüslər
edirdilər. Bunların çoxu ölkədə
vətənini, millətini sevən qabaqcıl adamların
yaradıb başçılıq etdikləri xeyriyyə cəmiyyətlərində
müxtəlif formalarda iştirak edirdilər. Misal
üçün, Xosrov bəy Sultanovun sədrliyi və
Əhməd Cavadın məsul katibliyi, həmçinin
Əli Səbrinin əməkdaşlıq və iştirak
etdiyi "Müsəlman xeyriyyə cəmiyyəti"nin fəaliyyətini göstərmək olar. Bu
xeyriyyə cəmiyyəti təkcə ölkədə iş
görməklə kifayətlənmirdi. Birinci Dünya
müharibəsi zamanı Türkiyə ərazisində,
xüsusilə Qara dəniz sahili boyu rus və ermənilərin
təşkil etdikləri qətliam nəticəsində
valideynlərini - ata və analarını qeyb etmiş,
baxımsız və ev-eşiksiz qalmış körpə,
yaşı az uşaqları toplayıb Batum şəhərindən
Bakıya göndərilməsini və onların Bakı sakinlərinin,
xüsusilə milyonçuların, yəni imkanlı milli
burjuaziyanın himayəsinə verilməsini müsəlman
xeyriyyə cəmiyyətinin əməkdaşları təşkil
etmişdilər.
Rusiya imperiyası və
xarici ölkə ali məktəblərində Azərbaycan gənclərinin
bir çoxunun oxuma xərclərini də Bakı
varlıları ödəyirdilər. Nəriman Nərimanovu,
Hacı Zeynalabdin Tağıyevin onun oxumasında, ali təhsil almasında böyük rolunu yada
salaraq bu barədə təsəvvürü tamamlamağa
imkan verər, zənnindəyik.
Bakı və ölkənin digər orta məktəblərində
də imkansız uşaqların təhsil və
yaşayış xərcləri yenə də milli sərvətdarların
üzərinə düşürdü. Bir misal da buna
dair göstərmək istərdik.
Yusif Vəzir
Çəmənzəminli (o vaxtlar Mir Yusif Mir Baba oğlu Vəzirov)
Şuşa ədadiyyə məktəbindən
1905-ci il hadisələri ilə əlaqədar xaric ediləndən
sonra Bakı orta məktəblərində oxuyan həmyerliləri
ilə məktublaşır, oxumaq arzusunu, lakin maddi cəhətdən
imkansızlığını bildirir. Həmyerli və tanış məktəblilər onun vəziyyətini
Bakı milyonçularına çatdırıb, Mir Yusif
üçün milyonçu Hacı Hacıağanın
karvansarasında yer ala bilirlər. Mir Yusif
Bakıya dəvət edilir. Onu digər bir
milyonçu - İsrafilbəy İsrafilbəyov bir müddət
təqaüdlə təmin edir. İsrafil
bəyin təqaüdü kəsiləndən sonra başqa
bir milyonçu Rəşid bəy Aşurbəyov gənc məktəblinin
təhsili davam etdirmək üçün maddi
yardımçısı olur. Belə halların sayı
az deyildi.
Düzdür,
yaradılmış xeyriyyə cəmiyyətləri az deyildi. Lakin bunların
sırasında zəifləri, xüsusi niyyətlərlə
yaradılanları da var idi. Dövrün ədəbi-bədii
prosesi, ədəbiyyat isə bunların hər birini
görür, ayrı-ayrı ədəbi-bədii və ya
publisist nümunələrdə qeydə alır, münasibətini
bildirirdi. Xeyriyyə cəmiyyətlərindən, onlarda əməkdaşlıq
edənlərdən elələri də var idi ki, misal
üçün, müharibədə yurdu-yuvası
dağılmışlara - türkiyəli evsiz-eşiksizlərə
yardım üçün toplaşıb bir "Qardaş
köməyi" adlı məcmuə (toplu) çap
etdirmişdilər ki, ondan götürülən gəlirlə
müəyyən qədər köməyə
çatmışlar. Bu məcmuəyə elə bədii ədəbiyyat
nümunələri toplanmışdı ki, bunların mənəvi-psixoloji
dəyəri kömək üçün edilən maddi dəyərlərdən
heç də az deyildi.
Hüseyn
Cavidin topluda çap olunmuş "Hərb və fəlakət"
poeması buna misal ola bilər. Yüksək milli-mənəvi və bədii estetik
gücə malik olan bu əsər şairin bütün sovetlər
dövründə çap olunmuş kitablarına
böyük ixtisarla salınmışdır, yəni
üç hissədən ibarət olan bu poemanın milli ruha
təsir baxımından xüsusi bir düşüncə və
böyük istedadla yazılmış tam bir hissəsi ixtisar
edilmişdi. Bu o hissə idi ki, ünvan
daha dəqiq, ruhu, ideyası isə olduqca məxsusi idi. Burada şairin türkçülüyü aydın
göründüyü kimi, güclü də təsir edirdi.
Bir cəhəti xüsusi qeyd etmək lazım gəlir. Xeyriyyə cəmiyyətlərinin
milli-mənəvi dirçəlişdə rolunu qeyd edərkən,
nəzərə almağı lazım bilirik ki, bunların
heç də hamısı eyni dərəcədə səmərəli
fəaliyyət göstərmirdi. Xeyriyyə
cəmiyyətlərinin sayı çoxaldıqca, onların
içərisində narazılıq doğuranlar da olurdu ki,
bunlar da dövrün ədəbiyyatında qeyd
olunmamış, nəzərə
çatdırılmamış deyildi. 1909-cu
ildə - ədadiyyə məktəbinin son - yeddinci sinfini
bitirən Mir Yusif Vəzirovun dövri mətbuatda
çıxışı güclənir. Həmin
vaxt müəllif "Səda" qəzetində "Hətərən-
pətərən" ümumi başlıqlı "Sərsəm"
imzalı bir sıra felyetonlar çap etdirir. Bu felyetonlardan biri "Dörd söhbət"
adlandırılmışdı. "Söhbət"lərdən
birinin məzmunu belə idi: günlərin bir günündə
müəllif küçədə çoxdan görmədiyi
- görüşmədiyi bir arkadaşına rast gəlir. Onu görən kimi sevinir ki, yaxşı oldu. Çoxdan görmədiyi arkadaşı ilə
görüşüb-salamlaşıb, yaxşıca bir
söhbət edəcək. Lakin
görüşüb salamlaşan kimi "arkadaşı"
xudahafizləşib ayrılmaq istəyir. Lakin felyeton
müəllifi deyir: - Dayan bir görək. Hara tələsirsən.
Çoxdandır ki, səni görmürəm.
Gəl bir söhbət edək. "Arkadaşı" deyir ki, indi vaxtım yoxdur, tələsirəm,
vacib işim var. Başqa bir vaxtda görüşərik,
söhbətləşərik. Felyeton
müəllifi soruşur ki, nə işlə məşğulsan
ki, indi söhbətləşməyə vaxtın yoxdur?
"Arkadaş" cavab verir ki, təzə
xeyriyyə məclisi qurmaqla məşğuldur. Vaxtının hamısını hələlik buna sərf
edir. Felyeton müəllifi deyir ki, bizdə
xeyriyyə cəmiyyətləri çoxdur; niyə
bunların birinə qoşulmursan ki, vaxtın da qalsın -
dost-tanışla görüşə - söhbətləşməyə
vaxtın da çatsın. Cavab belə olur: - Mən yeni
xeyriyyə cəmiyyəti yaratmaq istəyirəm ki, sədri də
özüm olam. Yaxud, başqa bir hal
böyük demokrat Cəlil Məmmədquluzadənin məşhur
"Anamın kitabı" pyesində əks olunub. Burada göstərilir ki, xeyriyyə cəmiyyətinin
üzvləri onlara müraciət edən yoxsulların,
acların problemləri ilə məşğul olmaqdansa,
öz xüsusi, şəxsi məsələlərini həll
etmək üçün yığışırlar,
danışırlar və dağılışırlar.
XX əsrin əvvəllərində siyasi dirçəliş,
siyasi cəhətdən milli-mənəvi hərəkatın
güclənməsi də diqqəti cəlb edirdi. Azərbaycanda
siyasi təşkilatlanma məhz XX əsrin əvvəllərindən
başlayır. Azərbaycan cəmiyyətində
bu dövrdə elə bir nəsil yetişir ki, xalqın, millətin,
vətənin gələcəyi, sabahı haqqında
düşünüb, fəaliyyətini də buna həsr
edir. Bu nəsil XIX əsr Azərbaycan maarifçi ədəbiyyatından
dərs alıb, bu ədəbiyyatı yaradanların -
A.Bakıxanovun, M.Ş.Vazehin, İ.Qutqaşınlının,
nəhayət, M.F.Axundovun yaratdıqları məktəbdən,
eyni zamanda ölkədə fəaliyyət göstərən
gizli dərnəklərdən keçib
ayılmışdılar və "Müsavat" kimi milli
amalı, qayəsi olan bir partiya yaratmışdılar.
Bütün bunlarda XIX əsrin sonlarından başlayaraq
sayı getdikcə artan yeni üsullu məktəblərin də
rolu az olmamışdır. Məhəmməd
Əmin Rəsulzadələri yetirən bu məktəblər
haqqında XX əsrin əvvəllərində söz-söhbət
mətbuat səhifələrinə çıxmağa
başlamışdı. Misal
üçün, dövri mətbuatda 1911-ci ildə
"Müəllim Cəfər" imzası ilə "Məktəbdə"
başlıqlı kiçik bir yazının məzmununu
xatırlatmağı lazım bilirik. Müəllim Cəfər
yazır ki, kiçikyaşlı uşaqlara dərs deyən
müəllim sinfə daxil olur, şagirdlərin diqqətini cəlb
etmək, həmçinin, nəzərdə tutduğu didaktik
niyyəti həyata keçirmək üçün dərsi
uşaqlara belə bir sual verməklə başlayır:
- Kim deyər,
bu dünyada nə yaxşıdır.
Uşaqlardan
biri əlini qaldırıb icazə alır və deyir:
- Müəllim,
bu dünyada Vətən yaxşıdır.
Müəllim soruşanda ki, Vətən nə
üçün yaxşıdır. Uşaq özünə,
səviyyəsinə uyğun cavab verib müəllimini
razı salır.
Müəllim
üzünü yenə uşaqlara tutub təkrar soruşur:
-
Uşaqlar, daha nə yaxşıdır?
Yenə uşaqlardan biri icazə alıb cavab verir ki, məktəb
yaxşıdır.
Müəllim
ondan da soruşur:
- Məktəb
nə üçün yaxşıdır?
Bu uşaq da öz növbəsində məktəbin
yaxşılığı barədə fikrini bildirir və
müəllimini razı salır. Müəllimin
sualları daha nə yaxşıdır deyə yenə davam
edir; cavablar da həmçinin; elm, müəllim və s.
yaxşıdır, - deyə verilir.
Nəhayət, müəllim öz düşüncəsinə
görə verdiyi suala sonuncu cavabı alır. Onun "daha nə
yaxşıdır" - sorğusuna uşaqlardan biri cavab
verir: - Müəllim, həyat yaxşıdır. Həyat nə üçün yaxşıdır?
- deyə soruşan müəllimə
uşaq öz səviyyəsinə uyğun cavab verir və
müəllim tam razı qalır, sual-cavabı dayandırıb
dərsin mövzusu ilə əlaqədar işə
başlamaq istəyir. Lakin onun: - Uşaqlar, qurtardıq, -
sözlərinə qarşı körpə uşaqlardan biri əlini
qaldırıb, icazə aldıqdan sonra deyir: - Müəllim,
yenə qaldı. Müəllim heyrətlə soruşur: -
Bala, nə qaldı? Uşaq cavab verir: - Müəllim, namus
qaldı, şərəf qaldı, vicdan qaldı, namussuz,
şərəfsiz, vicdansız həyatı istəmirəm.
Beləliklə, "Məktəbdə"
yazısı bitmiş olur. Olsun ki, hər
hansı bir Azərbaycan məktəbində 1911-ci ildə bu
yazıdakı hadisə baş verməyib və bu yazı
pedaqoji-didaktik bir fəndir, bir növ yaradıcılıq məhsuludur;
müəllim Cəfərin yaxşı bir niyyətlə
öz uydurmasıdır. Lakin bunun
özü belə Azərbaycan cəmiyyətində müəllim
cəfərlərin yetişdiyini, mövcudluğunu göstərən
bir fakt kimi qiymətləndirilməlidir. Belə məktəblərin
və bu cür məktəblərdə müəllim Cəfər
kimilərinin işləmələrinin nəticəsi idi ki,
Azərbaycan cəmiyyətində Vətən, millət və
xalq naminə XX əsrin əvvəllərində milli
dirçəliş əlaməti olaraq siyasi təşkilatlanma
prosesində getdikcə artan bir sürət aydın
görünməyə başlamışdı. Milli dirçəlişin güclənməsi naminə
ayrı-ayrı siyasi təşkilatlar yeni bir mərhələyə
qədəm qoyur və daha böyük işlər görmək
üçün güc toplayırdı. Misal
üçün, 1917-ci ilin fevralında "Müsavat",
"Türk ədəmi mərkəziyyət" firqələri
qurultay çağıraraq birləşib, "Türk ədəmi
mərkəziyyət" firqəsi "Müsavat" adı
altında fəaliyyəti gücləndirdi. Bu
birləşmədə "Müsavat" lideri M.Ə.Rəsulzadə
və "Türk ədəmi mərkəziyyət" firqəsi
lideri Nəsib bəy Yusifbəyovun razılaşma və fəaliyyətlərinin
xüsusi rolu oldu. Beləliklə, bir ildən bircə az keçmiş müstəqil Azərbaycan
Xalq Cümhuriyyəti yarandı.
Bütün bu proseslər baş verdiyi, davam etdiyi bir
dövrdə milli dirçəlişi, onun getdikcə gücləndiyini
göstərən və həm də şərtləndirən
milli-mədəni və mənəvi hərəkat da vüsət
almışdı. Ədəbiyyatda bədii inikasın,
varlığa estetik münasibətlərin iki forması Azərbaycan
cəmiyyətinin dirçəlişinə mane olan çoxtərəfli,
çoxrəngli irticaya qarşı eyni zamanda istifadə
olunurdu. İki ədəbi məktəb - birinin
başında Əli bəy Hüseynzadə olmaqla "Füyuzat"
ədəbi məktəbi, digərinin başında Cəlil
Məmmədquluzadə olmaqla "Molla Nəsrəddin" ədəbi
məktəbi Azərbaycan varlığının dirçəlişi,
Azərbaycan cəmiyyətinin yüksəlişi
üçün bütün gücü ilə fəaliyyət
göstərirdi. Biri yenini qura-qura, digəri
köhnəni uçura-uçura əsl futuhat göstərirdilər.
Əslində bütün fəaliyyətləri
dövründə öz yolları, öz üsulları ilə
cəmiyyətə xidmət edən bu məktəblər
bir-biri ilə bəzən mübahisələr aparsalar da,
heç zaman bir-birinə qarşı durub döyüşməmişlər,
vuruşmamışlar. Bir-birinin itkisinə
acımışlar - ağrımışlar. "Füyuzat"ın bağlanması münasibətilə
"Molla Nəsrəddin"də çap olunmuş
"Battaq" felyetonunu xatırlamalı, heç olmasa,
adını çəkib yada salmalı oluruq.
Əli bəy
Hüseynzadənin "Hali-Vətən" şeirində
ifadə etdiyi:
Ucundadır
dilimin
Həqiqətin böyüyü.
Nə
qoydular deyəyim,
Nə kəsdilər dilimi.
Ədu
döyür qapıyı,
Biz evdə bixəbəriz.
Nə
başqa-başqa deriz,
Nə
ittihad edəriz...
...Ayıltmadı
qələmim
Bu türk ilə əcəmi.
Nə
qoydular yazayım,
Nə qırdılar qələmi. -
ağrılar "Molla Nəsrəddin"ə yad deyildi, onun da
ağrılarını əks etdirirdi. "Molla
Nəsrəddin"in çap etdiyi "Niyə məni
döyürsünüz" kimi felyetonu da
"Füyuzat"çıların halına uyğun idi,
füyuzatçıların vəziyyətini əks etdirirdi.
Beləliklə, hər iki orqan, onların ətrafına
toplananlar, bütövlükdə hər iki məktəb
öz yolu ilə ümumi bir iş görür, Azərbaycan cəmiyyətinin
dirçəlişinə xidmət edirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan siyasətçiləri
də bu yolda məhz həmin hər iki məktəblə eyni
mövqedən çıxış edib, eyni işi görməkdə
idilər.
M.Ə.Rəsulzadə "Əli bəy Hüseynzadənin
"Hali-Vətən" şeiri ilə eyni vaxtda yazıb
çap etdirdiyi şerini "Qaranlıqdır bana
dünya" misrası ilə başlayıb, hər bəndi
guya hər kəsin ona dediyi "çəkil, bir yana, sakitləş"
sözləri ilə bitirirdi və nəhayətdə
yazırdı:
Çəkilməm,
ey hərifan, bən
Bu
meydani-şücaətdən,
Bütün
aləm mənə derkən,
Çəkil
bir yana, sakitləş...
Bu şeirdə ifadə olunan mövqe Azərbaycan ədəbiyyatının,
Azərbaycan mədəniyyətinin və Azərbaycan siyasətinin
birgə mövqeyi idi. Burada heç bir təfriqə, aynlıq,
çəkişmə axtarmaq düzgün deyil. Düzdür, müəyyən zamanlarda və müəyyən
hallarda belə axtarışlara rəvac verilib. Bolşevizm, sovet dövləti bütün
varlıqları, fəaliyyətləri dövründə bu
birliyi pozmaq siyasəti yeritmişlər. Nəhayət,
özünəqayıdış dövrünün sonunda -
müstəqillik illərində yenidən birlik
üçün şərait yaradılıb, şans əldə
edilib. Birlik dirçəlişin, yüksəlişin
rəhnidir. Bunların hər ikisi -
dirçəliş və yüksəliş milli dövlətçiliyimizin
şərtidir, əsasıdır, çünki qüvvət,
yenilməzlik, qüdrət, möhkəmlik yaradır. Hər
şeyin müasir tələblər səviyyəsində
inkişafı milli dövlətçiliyimizin möhkəmlənməsi,
modernləşməsi üçün lazımdır:
yaxın, uzaq keçmişimizin öyrənilməsi də,
ondan ibrətləndirici dərs alınması da bunun
üçündür.
Milli dirçəliş milli dövlətçiliyimizin
yaranmasından, AXC-nin bərqərar edilməsindən sonra
daha böyük bir vüsət aldı. Dövlətçilikdə
demokratik dəyərlərə üstünlük verildi.
Şərqdə ilk demokratik dövlət
quruculuğu həyata keçirilməyə başlandı.
Milli-mədəni quruculuq işləri görüldü:
universitet, teatr yaradıldı. Xarici ölkələrdə
səfirliklər açıldı. Lakin
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət
göstərdi. Bu 23 ayda ölkənin
xarici siyasəti müəyyənləşdirilib bəyan
edildi. Yazıçı Yusif Vəzir
xarici işlər sahəsində görülməli və
görüləcək işlər barədə ölkə mətbuatında
silsilə məqalələrlə (ədibin "Xarici siyasətimiz"
adlı 1919-cu ildə "Azərbaycan" qəzetində
çap olunmuş məqalələri nəzərdə
tutulur) çıxış etdi. Hökumət mətbəəsi
yaradıldı ki, bu mətbəədə sayca ikinci çap
olunan kitabın adı belə idi: "Biz kimik və istədiyimiz
nədir?" Bu kitabın müəllifi də
yazıçı Y.V.Çəmənzəminli idi. Hələ
Cümhuriyyətin yaradılması haqqında bəyanatdan bir
il əvvəl Azərbaycanda belə bir
kitab çap olunmuşdu: "Azərbaycan muxtariyyəti".
Bu kitabın da müəllifi yenə də Yusif
Vəzir Çəmənzəminli idi. O, kitabında gənc
hüquqşünas kimi Azərbaycanın müstəqillik və
ya muxtariyyət qazanacağı halda görüləcək
işlərdən bəhs açırdı. Y.V.Çəmənzəminli
AXC dövründə xarici siyasətlə yanaşı, daxildə
milli-mənəvi dirçəlişi gücləndirmək
üçün mədəniyyət sahəsində
görülməli məsələlərə dair parlament qəzeti
"Azərbaycan"da "Milli və mədəni işlərimiz"
adlı silsilə məqalələrlə
çıxış etdi.
Ölkənin daxili həyatında milli-mədəni
dirçəlişi gücləndirmək sahəsində
xeyirli mübahisələr də aparılırdı, yollar
axtarılırdı. Əhməd bəy Ağayev hələ əsrin
əvvəllərində Tiflisdə çap etdirdiyi
"Jenhinı po islamu i v islame" (1903) adlı kitabında
Azərbaycan cəmiyyətində əsl milli dirçəlişə
nail olmaq üçün iki yoldan və üsuldan bəhs
açırdı. Bu yollardan biri, Əhməd
bəy Ağayevə görə, Azərbaycan
qadınının istismardan, mənəvi və fiziki təzyiqlərdən
azad etmək, ancaq bundan əvvəl maarifləndirmək,
savadlandırmaq, sonra azad etmək fikri idi. XX
əsrin ilk üç onilliyində bu məsələdən
bəhs etməyən nə bir romantik və realist sənətkar,
bədii düha sahibi və ya ümumiyyətlə ziyalı,
nə də bir siyasətçi var idi. Hüseyn
Cavidin yazdığı kimi, belə bir qəti inam
formalaşırdı ki, "Sürüklənən bəşəriyyət
qadınla yüksələcək". Lakin qeyd etmək
lazımdır ki, qadın azadlığı məsələsindən
bəhs açmaq az qala bir dəbə
çevrilmişdi. Bu bəhsdə iştirak edənlərin
heç də hamısı qadın azadlığı məsələsini
axıra qədər ardıcıllıqla həll etmək
üçün bütün gücü ilə
çalışmırdı. Hətta elələri
var idi ki, məsələni qaldıranlara qoşulur, lakin əsl
fəaliyyətdə onun yarımçıq həllini
üstün tuturdular və ya qadın azadlığı məsələsinin
həllini öz həyatından kənarda, ailəsinin xaricində
görürdülər. Azərbaycan ədəbiyyatında
daim mütərəqqi mövqedən çıxış edən
istər romantik, istərsə də realist ədəbiyyatımızda
bu hala qarşı güclü etirazlar edilirdi. C.Cabbarlının
yaradıcılığının birinci dövründə
yazdığı əsərlərini, o cümlədən
"Hürriyyəti - nisvan" şeirini yada salmaq olar.
Gənc şair ona etiraz edir ki, müsəlman
işə "Bismillah" sözü ilə
başladığı kimi, bəzi "itilgetlər" daim
hər hansı çıxışında birinci olaraq
"hürriyyəti - nisvan" kəlməsini dilə gətirirlər.
Bu cür ziyalıların səciyyəvi
obrazları "Oqtay Eloğlu" melodramında yaradılmış
və kəskin tənqid edilmişdi. Aslan
bəy surəti və b. misalların, nümunələrin
sayını istənilən qədər artırmaq olar.
Əhməd bəy Ağayevin adi çəkilən
"Jenhinı po islamu i v islame" - "İslamiyyətdə
qadın və islama görə qadın") kitabında
milli-mədəni və mənəvi dirçəliş
üçün göstərilən ikinci yol-əlifbanı dəyişmək
məsələsi ilə əlaqədar idi. Əhməd bəyə
görə, Azərbaycan qadınının
savadlanmasını və Azərbaycan cəmiyyətinin
dirçəlişini sürətləndirmək
üçün əsasında ərəb qrafikası dayanan
Azərbaycan əlifbası dəyişdirilməsi, yeni qrafika əsasında
əlifbaya keçmək lazımdır. Göstərilən
səbəbə görə ərəb qrafikası çətindir.
O, maariflənmənin sürətinə və mədəni səviyyənin
yüksəlməsinə maneçilik törədir. Mütərəqqi
fikirli Azərbaycan ziyalıları: yazıçılar,
jurnalistlər, müəllimlər, siyasətçilər
Əhməd bəyin Azərbaycan qadınının
inkişafı, savadlanması və bundan sonra azadlığa
qovuşmasına nail olmaq üçün göstərdiyi
birinci yolu, demək olar ki, istisnasız qəbul edirdilər. Lakin ərəb əlifbasının çətinliyini
nəzərə alıb, əlifbanı dəyişmək
fikri ilə razılaşmayanlar var idi. Belələrindən
yazıçı Yusif Vəzir Çəmənzəminlini
misal göstərmək olar. Y.V.Çəmənzəminli,
maraqlıdır ki, əsasında ərəb qrafikası,
yazı texnologiyası dayanan Azərbaycan əlifbasının
dilin tələbinə uyğun, münasib olmadığını
qəbul edirdi. "Milli və mədəni
işlərimiz" adlı məqaləsində hətta belə
bir təkliflə çıxış etmişdi ki,
yazını sağdan sola yazmaq özü də çətin
və qeyri-münasibdir. Odur ki, təklif edirdi: əsasında
ərəb qrafikası dayanan Azərbaycan əlifbası
qalsın, lakin yazı tərzi-qaydası dəyişdirilsin, yəni
yazı sağdan sola yox, soldan sağa aparılsın.
M.F.Axundovdan
başlayıb gələn və Əhməd bəy Ağayev
tərəfindən yenidən qadınları Azərbaycan əlifbasını
yeni əlifba (latın qrafikası əsasında) əvəz
etmək, işlənən mövcud əlifbanı
kökündən dəyişmək fikrini Y.V.Çəmənzəminli
qəbul etmirdi; ədib düşünürdü ki,
yazının (ərəb qrafikası əsasında əlifbanın)
çətinliyi maarifçiliyin, maariflənmənin
qarşısını ala bilməz, savadlanmanın sürətlə
həyata keçirilməsinə mane ola bilməz. Y.V.Çəmənzəminliyə
görə, dünyada ən çətin yazılardan biri
olan yapon yazısı yaponların sürətlə maariflənməsinə,
savadlanmasına mane ola bilmədiyi kimi, ərəb
qrafikası əsasında Azərbaycan yazısı da Azərbaycan
cəmiyyətinin savadlanmasına, onun sürətli
inkişafına mane ola bilməz.
Bütün bunlardan sonra qeyd etməyi lazım bilirik ki, XX əsrin əvvəllərində əlifbanı dəyişmək barədə mübahisələrin qalxdığı və gücləndiyi bir dövrdə əlifbanı dəyişməyi alqışlanmağı biz də sözün tam mənasında müsbət qiymətləndirməyin tərəfdarı ola bilmirik. Çünki o dövrdəki əlifbanı dəyişmək həmin əlifbada mövcud olan zəngin bir milli mədəni və mənəvi irsi oxumaq, öyrənmək işindən gələcək nəsilləri məhrum etmək demək idi. Həmçinin, islam dəyərlərini əhatə və əks etdirən zəngin mənəvi sərvəti mənimsəmək işini gələcək nəsillər üçün müşgülləşdirmək idi; bütün bunlardan başqa, ərəb əsilli qrafikadan istifadə ilə yaradılmış Azərbaycan əlifbasının bütün türk dünyası üçün bir universallığı var idi: bu əlifbada səslilər (sait səslər) əsasən yazılmırdı. Türk xalqlarının dillərinin getdikcə diferensiallaşma nəticəsində bir-birindən fərqlənməsi məhz səssizlər (samitlər) ilə yox, səslilər (saitlər) ilə müəyyənləşirdi. Yəni müxtəlif türk xalqlarının danışıqlarındakı fərqləri, səslilər əks etdirirdi və bunlar yazıda öz əksini tapmadığı üçün bariz görünmürdü. Ona görə də, "Molla Nəsrəddin" jurnalı yayılma və oxunma əhatəsinin genişliyinə, abunəçilərinin çoxluğuna görə geniş bir dairədə fəaliyyət göstərirdi. Bu Azərbaycan jurnalını türkmən Aşqabadda, özbək Daşkənddə, osmanlı İstanbulda və ya hər hansı bir türk qövmündən olan hər kəs Kəlküttədə və s. alıb oxuyur, ondakı vaqiələrdən xəbərdar və mənfəətbərdar olurdu. Yəni "Molla Nəsrəddin", "Füyuzat" jurnalları, eyni ilə də Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri bütün türk dünyasına, bu dünyanın adamlarına mənəvi-mədəni sərvət olaraq, tərcüməsiz çatır və təsir edirdi. Hətta Bakı mətbuat orqanlarında müxtəlif - yaxın və uzaq regionlarda yaşayan türk qövmlərinin yaradıcı ziyalıları əsərlərini çap etdirirdilər. Misal üçün, sonralar - 1918-ci ildə Krımda çap edilən "Millət" qəzetinin baş redaktoru Hasan Səbri Ayvazovun "Nədən bu hala qaldıq" pyesi 1907-ci ildə Bakıda çıxan "Füyuzat" jurnalında yazıldığı dildə, tərcüməsiz - yazıldığı kimi çap olunmuşdu. Y.V. Çəmənzəminlinin məqalələri: "Azərbaycan və azərbaycanlılar", "Haqq söz", "Milli axşamlar" və s. Krımda çıxan "Millət" qəzetində yazıldığı kimi, yəni Azərbaycan dilində, yaxud "Litva tatarlarının tarixi" kitabı Ağməsciddə, "Azərbaycan ədəbiyyatına bir nəzər" və "Tarixi, coğrafi, iqtisadi Azərbaycan" İstanbulda yazıldığı dildə ərəb qrafikası əsasında yaradılıb işlənən Osmanlı əlifbası ilə çap olunmuşdu, bütün türk qövmləri tərəfindən oxunub başa düşülürdü. Y.V.Çəmənzəminlinin yeni qrafika əsasında əlifbaya keçmək məsələsi ilə razılaşa bilməməsi, bu sahədə Əhməd bəy Ağayevə qarşı çıxması bu mülahizələrdən sonra başa düşüləndir, zənnindəyik. Ümumiyyətlə, XX əsrin əvvəllərindən milli ziyalılarımızın dirçəliş naminə əlifba, məktəb, ədəbiyyat məsələlərinə, həmçinin, bunlarla əlaqədar tərbiyə, maariflənmə, savadlanma məsələlərinə xüsusi bir tələblə yanaşmaları təsadüfi deyildi. Bütün bunların hamısı milli dirçəliş üçün, milli dirçəliş naminə idi.
Ardı var
Tofiq
Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.26-27.