Cemal Süreyanın həyat yoldaşı

Zühal Tekkanata məktubları

 

 Zühal Tekkanat Cemal Süreyanın ikinci arvadı, həm Memo Emrahın anasıdır. Süreya "Parabüzən səsli sevgilim" - deyə düşünürmüş Zühal haqqında. Cemal da Zühalın ikinci həyat yoldaşıdır. Birinci evliliyindən İçsel adlı qızı vardı Zühalın. Zühal xanım özü şeirlər yazaraq Elif Sorqun təxəllüsü ilə dərc elətdirirdi.  Onların evlilikləri haqqında bir əfsanə vardır: ustad şair bir dostuna düyməsini tikdirmək üçün evlənmək istədiyini deyir. Bundan bir neçə gün sonra Zühalla tanış olan Süreya onu görən kimi gözəlliyinin təsirinə düşür   yaxasındakı düyməni qoparıb qıza uzadaraq evlənmə təklifi edir.

Cemal Süreya Zühalı çox sevmiş, Zühal da həyatının ən xoşbəxt bədbəxt günlərini onunla birgə yaşamışdır. Lakin bu qədər müəmmalı xarakterə malik adamla bir yerdə olmağın asan olmadığı da yəqindir.

Memo kiçik olarkən Zühal ağır bir əməliyyat keçirməli olur. Həmin günlərdə Cemal Süreya da İstanbula gələrək Mühürdarda yerləşən evində Memo Emrahla qalır. Zühal xanım bəlkə ifliclə bitəcək əməliyyatdan uğurla çıxır, sağalır. Onun xəstəxanada keçirdiyi on üç gün ərzində Cemal ona hər yerdə, əyləşə bildiyi hər nöqtədə məktub yazır. Ziyarət saatlarında onu görməyə getdikdə məktubları da verir. Bu səbəbdən həmin məktublar "On üç gün məktubları" adı almışdır.

Bu da Süreyanın Zühala yazdığı məktublardan ikisi. Hər cümləsi sevgi, həsrət qoxuyur.

*  *  *

Zühalım! Həyatım! Həyatımsan mənim!

Bunu bilməyini istədim. İlk əvvəl bunu bilməyini.

Bilməyini istədiyim daha bir şey var - məndən səbəbsiz yerə şübhələnirsən. Sənə qarşı heç zaman xəyanət etmədim. Edə bilmərəm.

Neçə ildir evliyik, birlikdəyik. Yanında hələ başım fırlanır, sevirəm səni. Hər ötən gün daha çox sevirəm.

olar, başa düş məni.  Sevgimi özündən uzaqlaşdırma. Öz sevginə yaraşdır onu.

Bu sətirləri birinci evimizin altında yerləşən qəhvəxanada yazıram. Və səni o günlərdəkindən daha çox sevirəm.

Biz iki fərqli çay kimi ayrı istiqamətlərdən gəldik, bir nöqtədə qovuşduq, bir tərəfimizdən kiçik qol ayıraraq böyük bir çay yaratdıq. İndi birlikdə axırıq. Görvaxtdan bəri belədir. Hər zaman da bu cür olacaq.

Dənizə tökülənədək, ölənədək.

Bizim üçün yeganə şərt xoşbəxtlik ola bilər. Bir yerdə olmağımıza heç mane ola bilməz. Sən elə düşünürsən, eləmi?

qəribədir, axır bir-iki ayda sənin haqqında "məndən bir az uzaqlaşdın, aramıza məsafələr, narahatlıqlar salırsan" - deyə düşünərkən, sən mənim haqqımda eyni şeyləri düşünürsənmiş. Bunlar sevgi əlamətləridir, sevginin ara-sıra adamın qarşısına çıxardığı əzablar, iztirablardır yəqin. Bu cür mənalandırmaq lazımdır.

Sevirəm səni. Söykəndiyim tək dirəyimsən. Memo ilə birgə, amma ondan da əvvəldəsən. Bunu belə bilməlisən. Bilmək lazımdır.

Qəhvəxananın qarşısından avtomobillər keçir. Bir ədəd at arabası. Səni düşündükcə o atı da sevirəm.

Çay içirəm. Artıq ihlamur içəcəyəm. Necə yumşaq, mərhəmət aşılayırmış ihlamur.  Evimizin qarşısında ihlamur ağacının olmasını istərdim. Dibçəkdə becərə bilərsən ihlamuru.

Gecə yatarkən Memo ilə ancaq səndən danışdıq. Susduqda səni düşünüb susduq. Yatdıqda səni gördük yuxuda.

Axşamlar mən evə qayıdım, qapını sən : Gözlərin

Memo məktəbdən qayıtsın. Neçənci sinifdə oxusun?

Həssas adamam mən. Bir film izləmişdim çoxdan, fransız filmi. Adı "Je suis un Sentimental". O filmdəki qəhrəman kimiyəm deyəsən.

Əsəbiləşməyim tez hiss olunur, həyəcanım da həmçinin, sevincim, kədərim isə ruhuma çökür, orada artır.

Ancaq səninlə birgə olduqda güclü oluram. Sən olmasan mənasızlaşaram. Sev məni. Yaşayacağıq.

Hər şeyi sənə borcluyam. Səninlə rastlaşdığım vaxtlar darmadağın haldaydım.

Sən dayaq oldun mənə. Əlimdən tutub ayağa qaldırdın. Mən də çörək kimi öpüb alnıma qoydum səni, müqəddəs bildim.

Eşq böyüdü, eşqimiz!

Sən xəstəxanada olarkən hər gün yazacağam sənə. Səni necə çox sevdiyim haqqında bəhs edəcəyəm.

Üzüyündən öpürəm.

12 iyul 1972

 *  *  *

Bundan sonra hər şey daha gözəl, daha yaxşı olacaq, inan mənə. Həmişəkindən güclü olacağıq. Kübar, dürüst yaşayacağıq bu dünyada, bu günə qədərki kimi. Kimin malında gözümüz olub ki, kimin arvadına, qızına baxmışıq? Kimə xırdaca da olsa pisliyimiz dəyib?

Xatirələr... Fəsillər dəyişdi, dostlar azaldı, təkcə biz ikimiz dayana bildik. Eyni saplaqdan asılan iki çiçək kimiyik, tumurcuğumuz da var.

"Gəzirəm Paris küçələrində

Orada öləcək qədər cəsur deyiləm".

(Apolinaire)

Qulaq as, dumduru bulaq oxuyur:

            Neçə ildir axıram bilmirəm.

O bulaq kimiyəm mən ,

            Sən o bulaq kimisən...

Sevirəm səni.

Göyərçinlər sahildə dolaşır.

Zühalım, Elifim, qolum, qanadım.

Bu günə qədər getmədiyimiz qəhvəxanalara gedərik. Ayran içərik. Evə qayıdıb azca rakı içərik, pendirlə. Evin ev olduğunu evin birgünlük sənsizliyində başa düşdüm. Memo da başa düşdü. Başa düşdük ki, dünyada ən böyük əzab sənsizlikdi. olar, bizi sənsiz qoyma.

Sözlər dəyişir. Onları dəyişən xatirələr deyil amma.

Gələcək xatirələrdən gözəl olacaq. Gələcək günlər daha yaxşı olacaq. Təcrübələrdən dərs çıxarılacaq. Çiçəklər böyüyəcək.

Mənə bu cür sözlər demə. Bu cür sözlər demə, nolar - "Ankaraya gedək, sonra səni narahat etmərik…", "Əməliyyatda bir tərəfim əskik olarsa, səndən ayrılaram…" Nə olar, belə danışma. Mən söz qarşısında hiss elətdirmirəm, amma ürəyimə salıram. Nə olar, mənə zülm vermə. Biz təkcə birləşmiş yox, həm də qaynayıb-qarışmış, üçləşmişik. "Sən və mən" deyilik, "sən-mən"ik. Bunu bil. Əslində, bunu bilirsən. Nə olar. Yaxşımı?

Sənin heç kimə bənzəməməyin, yeganəliyin haqqında nə desəm, azdır. Adabazarındakı qızla - adı nə idi? - çəkdirdiyin fotoda sənin bütün həyati davranışın görünür. Sadəlikdən qorxmayan qadınsan sən. O körpünün altında satılan balıq-çörəkdən alıb yemək istəməyin məni sevindirmişdi. Sənə ondan almaq istəməyimin tək səbəbi mədə sağlamlığını düşünməyimdür.

Sən bax beləsən, sevdiyini hər vəziyyətdə müdafiə edirsən, onun qüsurlarını görmürsən. Nə gözəl sevgilisən sən.

Bir nəfər mənə çox kökəldiyimi demişdi, sən o dəqiqə dava salmış, kök olmadığımı iddia etmişdin. Amma əslində o vaxtlar həddən artıq kökəlmişdim.

Amma Aragonun bu misrası da həqiqətdir: "Köksünə sıxarkən sındırar sevdiyini".

Bu da var. Adam bəzən çox sevməyin yaratdığı xətalara da tuş gəlir. Sevdiyini köksünə bərk sıxarkən əzir onu. Bu yerdə eşq dilə gəlir. Görəsən, bu həqiqətənmi sevginin qaçılmaz hissəsidir? Çox zaman belədir yəqin. Amma məncə, o cür olmamalıdır. İnsani cizgidən kənara çıxmamalıdır. Sevgisi insanı həmin cizgidə bütünləşdirməlidir. Məncə, xoşbəxtlik də həmin vaxt bütünləşir. İnam xoşbəxtliyin təməlidir. Etibar etmək sevginin, yəni hər cür sevginin, yəni cəsarətin, yəni dalaşmağın təməlidir.

Necə deyib şair:

"Eşqlər də səliqə-sahman istəyir,

                                 bilmədin hələ də".

Həmin şair bir sətir də əlavə edə bilərdi şeirə:

"eşqlər etibar istəyir,

etibar edə bilmədin hələ də"

"İncə vızıltı"

Memo bu gün dənizə getdi. Papaq qoymuşdu. İçsel, qardaşı Qəmzə Ezel ilə axşamdan gəlmişdilər. Gecəni bizdə qaldılar. Səhər Memo Emrahı da götürüb düşərgəyə getdilər. Memo mənsiz getmək istəmirdi. "Atam gəlməsə, dənizə getmirəm" - dedi. Sonra mən onu yola gətirdim. "Dənizə girməmək" və "başını sabunlamamaq" şərtləri ilə razı oldu getməyə. Axşam gətirəcəklər. Sabah da onu Pərihangilə aparacağam.

Sevirəm səni. Hava günəşlidi. Sən xəstəxanadasan indi. Bilirəm, mənim gəlişimi gözləyirsən. Memo artıq məktəbə getmək istəmir. Sənin yoxluğun ona həddən artıq pis təsir edir. Məktəbə gedişini sənin yoxluğunla eyniləşdirir deyəsən. Mənsə köhnə qəhvəxanada əyləşmişəm, cibimdə iki qutu siqaret. Qarşı tərəfdə Haydarpaşa vağzalı. Boz rəngli... Adamlar keçir gedir, üzsüz, gözsüz, gülüşsüz adamlar.

Sevirəm səni.

Se-vi-rəm.

Sən necə?

İndi gedib sənə bir toyuq alacağam. Xoşluyursan axı.

İsti su gəldi. Hamamlandım. Axşam saat 08:30-da Ercü gəldi. İçselgil evdə olduğu üçün Ercü ilə getdik. Qəhvəxanaya gedib oturduq. Sən necə, yata bildin? Verilən yeməklərdən yedin? Toyuğun bir budunu yanındakı qadına verərsən, qalanın birdəfəyə yesən çox sevinərəm. Werther de Charlotte'nin aramsız verdiyi kərə yağı çəkilmiş çörək parçalarını yeməsə, dayana bilmirdi. Bunu yaddan çıxarma.

Yaz gəldi. Ötən bahar necə idik, bu bahar necəyik. Kim bilir, gələn bahar necə olacağıq.

O sətirləri təzədən yada salaq:

"Həyat qısadır quzucuqlarım,

Amma yenə uzundur, quzucuqlarım".

Şişlidə Okmeydanında, avtobusların dayanacağının yaxınlığında yerləşən köhnə bir qəhvəxanada yazıram bunları.

Sabah yenə yazaram.

Sevirəm səni, bunu bil.

Koka-kola içdim. Siqaret çəkdim. Bir azdan sənin yanına qaçacağam.

Bulağa tərəf qaçan kimi qaçıram sənə doğru, başa düş!

 

Cemal Süreya

15 iyul 1972

 

Türkcədən çevirdi təqdim etdi:

Xatirə NURGÜL

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 dekabr.- S.28.