Rolan Bart - Müəllifi öldürən adam
XX əsrin görkəmli mütəfəkkirlərindən olan Rolan Bart
"Müəllifin ölümü"
essesi ilə oxucu, yazar, tənqidçi
barəsində qəbul
olunmuş fikirləri
darmadağın etməyi
bacarmışdı. Bu dağıntılar
üzərində isə bədii mətnə yeni bir baxış istiqaməti formalaşdı. Bu essedəki məqsəd isə yazını, bədii mətni müəllifin özünün
təzyiqindən də
qorumaq, azad etməkdir. Təsadüfi
deyil ki, onun essesinin ardınca Mişel Fuko "Müəllif nədir" mühazirəsində
"əsər nədir",
"müəllifin adı"
kimi sualları ilə müraciət edir və yazarın yoxa çıxmasının
ədəbi təkamülünü
mərhələ-mərhələ təhlil edir. Mişel Fukoya görə ölümə
qalib gəlmək cəhdi ilə yunan eposlarında qəhrəmanın ölümsüzləşməsi,
ərəb nağıllarında
1001 gecədən səhərədək
nağıl danışmaq
kimi ənənələr
tənəzzülə uğramışdır.
Təhkiyənin, əbəbi
yaradıcılığın ölümə üstün
gəlmək üsulu kimi təqdim edilməsi fikri dəyişilmişdir. Rolan
Bart, Mişel Fukonun bu fikirlərinin müzakirəsi bizləri
Jan Bodriyarın əsərlərinə
müraciət etmək
zərurəti qarşısında
qoyar. Bartın fikirlərindən gəldiyimiz nəticəyə
görə isə ədəbi mətn oxucuya aiddir. Yazının gələcəyini
təmin etmək üçün onun barəsindəki mifi alt-üst etmək lazımdır
- oxucunun doğuşu
Müəllifin ölümü
bahasınadır.
"Yazının sıfır
dərəcəsi" kitabındakı
fikirləri ilə
yola çıxaraq XX
əsrin görkəmli mütəfəkkirlərindən
birinə çevrilən
Rolan Bartın "Rolan Bart Rolan Bart haqqında " kitabı avtobioqrafik olması baxımından xüsusilə
maraqlıdır. Müəllif kitabda özünə öz gözü ilə baxır. Əslində, bu kitab adət etdiyimiz bioqrafik əsərlərdən
çox fərqlənir.
Kitab yazı şəklinə görə filosofun gündəliyinə, əsərlərini
yazarkən qeydlərini apardığı
qaralama dəftərinə
bənzəyir. Kitab müəllifin
qısa fikirlərindən
ibarət çox sayda başlıqlardan formalaşmışdır. Sanki Rolan Bart həyatından,
əsərlərindən, dünyaya
baxışından, terminlərdən
parçalar toplayaraq kitab formatında qarmaqarışıq mozaika
yaratmışdır.
"Sümük" başlığı
ilə yazdığı
qeyddə Bart 1945-ci ildə
keçirdiyi cərrahi
əməliyyatda qabırğasından
götürülən hissənin
sonradan ona təqdim edilməsini xatırlayır. Bu addımla həkimlər
insan bədənin yalnız onun özünə aid olması
fikrini təsdiqləmək
istəyirlər. Bartın özünə
aid olan bu sümük parçasını
atmağa əli gəlmir. Özünün bir parçasını
atarsa, öz şəxsiyyətinə qəsd
etmiş olacağından
qorxaraq onu xatirəsi onun üçün dəyərli
olan başqa əşyalarla birlikdə
saxlayır. Bu əşyaların arasında
köhnə açarlar,
məktəb gündəliyi,
qeyd dəftəri, nənəsindən yadigar
qalan futlyar vardır. Rolan Bart bu mənəvi
dəyəri olan əşyaların saxlanılmasında
əsl məqsədin
onların ölümünü
xəfiflətmək, buna
alışmaq olması
fikrinə gəldikdən
sonra sümüyü
yeşikdən çıxarıb
atmağa qərar verir. Buna baxmayaraq o, yenə də öz bədən hissəsini zibil yeşiyinə ata bilmir. Bir zamanlar
bədəninin bir hissəsi olan, indi isə cansızlaşan
sümüyünü hər
hansı bir köpəyin qoxlayıb tapacağını düşünərək
eyvandan küçəyə
atır. Bu əhvalatın
diqqətimi çəkməyinə
səbəb bu yazı ilə "Müəllifin ölümü"
essesi arasında oxucuya çatdırmaq istədiyi məna baxımdan
bənzərlik olmasıdır.
Bəlkə də Rolan
Bart bu hadisənin təzahürü nəticəsində
bədii mətni müəllifinin bir hissəsi olmaqdan azad etmək istəmişdir. Kitabda müəllifin
öz obrazı ilə mübarizəsi, özü haqqında subyektiv deyil, obyektiv düşüncələrini
yazmaq cəhdi aydın görünür.
Eyni zamanda bu kitab
onun bütün əsərlərini anlamaqda
oxucuya sorğu kitabçası rolunu oynayır.
Birləşdirmə başlıqlı qeydində
isə Rolan piano çalarkən öz ifasını maqnitofona yazmağından bəhs edir. Əvvəlcə özünü dinləmək
maraqlı gəlsə
də, qısa müddətdən sonra o,
bu səs lentində özünü
deyil, Baxı, Şumanı eşidir.
Halbuki Rixter və Qoroviç kimi görkəmli pianistlərin
ifasını dinləyərkən
Rolan Baxı, Şumanı deyil, onların özlərini eşidir. Öz ifasında Baxı, Şumanı eşitməsini
Rolan dinləyərkən
keçmişdəki ifası
ilə indiki zamandakı dinləməsinin
birləşməsi nəticəsində
bütün şərhlərin
yox olmağı, yalnız musiqinin qalmağı kimi izah edir. Bundan sonra
Rolan Bart əvvəllər
yazdıqları barəsində
yenidən yazmağını
da bu cürə
müqayisə edir.
Və gəldiyi nəticəyə
görə o, abidələrdə
olduğu kimi, keçmişdəki özünü
bərpa etməyə
səy göstərmir.
O, bununla özünü
təsvir etdiyini də demir. "Mən mətn yazıb onu R.B. adlandırıram"-deyir.
O, özünün simvolu
olur və heç nə ilə müqayisə olunmadığını qeyd
edir.
Rolan Bart bir vaxtlar Sorbon Universitetindəki professor Raymon
Pikarın onu fırıldaqçı hesab
etməsini xatılrlayır. T.D. isə onu Sorbonun
professoru kimi qəbul edir. Ona görə təəccüblü
olan fikirlərin çoxluğu deyil, bu qədər zidd olmasıdır.
Utopiyanın yazıçıya daha yaxın olması fikrini irəli sürür. Çünki yazıçının işi
məna bəxş
etməkdir. Dünya yazıçıya görə ikitərəfli
medala və ya qəpiyə bənzəyir. Əks tərəfdə
yazıçının reallığı,
üz hissədə isə utopiyadır. Utopiya fərqliliklərin dünyasıdır.
Amma bir-birindən fərqli olmaq birinin kənarlaşması,
istisna olunması mənasını vermir.
Rolanın fikrincə, yazıçı
olmaq kimi fantazmı olan bir yeniyetmə də qalmamışdır.
Fantazm yazıçının gündəliyində
göründüyü kimi
obrazını bizə
təlqin edir.
Digər yazısında o, Fure ilə Floberin tarixi baxımdan hansının daha dəyərli olmasını
müqayisə edir. Furenin yaradıcılığında müasiri
olduğu coşqun tarixin birbaşa izləri görünmür.
Flober isə 1848-ci il hadisələrinə
roman həsr etmiş olur. Amma Fure eyni zamanda həm tarixi, həm də müasir olmaqla və bilavasitə tarix arzusunu ifadə etməklə daha önməli olur.
Başqa
bir qeydində ketç döyüş növündə məqsədin
qələbə deyil,
idrak etmək, anlamaq olduğunu deyir. Məqsəd qarşındakını anlamaq olarsa, nəticə qələbə
olar. Qanqster filmlərinin əslində
emosionallıqdan kənar
intellektual təbiətinin
olduğunu yazır.
Onun fikrincə astrologiya gələcəkdən xəbər
vermir, təsvir etmək xarakteri daşıyır. Bundan başqa
kitabda Prust, Flober, Sartr, Zolyanın əsərlərindən
nümunələr gətirmişdir.
Sıfır dərəcədə
çatdırmaq istədiyi
fikri filosof bu
kitabda daha aydın qısa şəkildə oxucusuna izah edir. Mənadan azad
olmuş dünyanın
xəyalından, stereotiplərin
onun üçün yorucu olmasının səbəblərini bildirir.
Rolan Bart "Rolan
Bart Rolan Bart haqqında"
kitabında fraqment anlayışının onun
üçün nəyi
ifadə etməsini açıqlayır. İnsanın fraqment yazaraq
günü-gündən gündəlik
yazmağa keçidini
nümunə gətirir.
Özünə aid yazdığı fraqmentlərdə də belə gündəlik tutmağın gizli motivlərini görür.
Kitabın bəzi başlıqlarında o, oxucu ilə öz günlük qrafikini və ya doğmaları haqqından səmimi fikirlərini bölüşür.
Başqa
bir hissədə isə o, özü barəsində yazarkən
özünə kənar
bir şəxsin gözü, düşüncəsi
ilə yanaşır.
Buna qədər yazılarını Marks, Sartr,
Brext, Semiotikanın himayəsi ilə yazdığını qeyd
edir və indi isə sanki
bütün himayədarlardan
kənar yazdığını
düşünür. Kitabda "Dendi"
başlığı ilə
yazdığı qeydə
isə "zaman- mənim həyatımın
zamanıdır" ifadəsi
çox düşündürücü
fikirdir. Onun fikrincə
tənqidi oçerklərdə
mətnin subyektinin təkamülünü aydın
görünür. Bu təkamül haqqında yazdığı yazıçıların
dəyişməsi ilə
tədricən baş
verir.
O, Brextin hər dəfə növbəti məşqin vaxtını
təyin edərkən
aktyorlara acqarına gəlməyi deməsini xatırlayır. Brext acqarına deyərkən
hissləri nəzərdə
tutur. Aktyorların nədənsə təsirlənləmələrini istəmir. Bunu yadına salaraq Rolan hazırda yazdığını bu cür acqarına qəbul edə bilərmi sualı ilə
özünə müraciət
edir.
Rolan
Bart bu kitabda yazdıqlarının özü
barəsində etiraf olmadığını vurğulayır.
Bunun etiraf olmaması heç də qeyri səmimi olması demək deyildir. Rolan Bartın fikrincə özü barəsində
yazdıqlarının heç
də onun haqqında deyilən sonuncu sözlər olmadığına aydınlıq
gətirir. Dünəndən bu günə məna dəyişir.
Rolan Bartın
"Rolan Bart Rolan Bart
haqqında" əsəri
fəqli bir yazı təcrübəsi
omaqla, onun buna qədər yazdığı məqalələri
daha aydın anlamaq üçün çox əhəmiyyətlidir.
Günel İmran
Ədəbiyyat qəzeti.- 2017.-
16 dekabr.- S.30.