Yeddi adam, bir bədən: Xəyalə Muradın
"Adsız"ı
"Bir gün bir kitab
oxudum..."
Hamımızın içimizdəki dalanlarda
azıb qalan Teseyi, onu izləyən
Minotavrı, ip eşən Ariadnisi var. Alt
mənliyimiz, şüuraltımız,
xarakterimizin müxtəlif
tərəflərini yansıdan
eqomuz... Eləcə də bu eqomuzun parçaları olan davranışımız.
Situasiyadan asılı olaraq
fərqli şəxsiyyətlər
kimi davrana bilirik. Bu müəyyən
norma daxilində
əslində qəbulediləndi.
Amma bəzi adamlarda baryer aşılır, yaxud alınan travmanın böyüklüyündən,
eləcə də yaranan emosiyanın miqdarından asılı olaraq eqo parçacıqları
dominantlıq qazanır
və beləcə şəxsiyyət bölünməsi
gerçəkləşir. Tibbdə çox rast gəlinən bu psixi rahatsızlığın
müxtəlif səbəbləri
ola bilər.
Uşaqkən yaşanan ağır
travmalar;
Fiziki və emosional şiddət;
Eləcə də müxtəlif kənar psixi təsirlər.
Bu məsələ istər
elm adamlarının, araşdırmaçıların,
istərsə də adi adamların həmişə maraq dairəsində olub. Təəccüblü deyil ki, ədəbiyyatçılar
və kinematoqraflar da şəxsin alt şüuruna həmişə
maraq göstəriblər.
Xüsusən, psixoloji travmaların
alt şüurdakı inikası
nəticəsində şəxsiyyət
bölünməsi, alterlərin
yaranması ciddi maraq obyektidir. Örnək kimi, yazıçı Daniel Kizin
"Billi Milliqanın
24 zəkası", "Beşinci
Salli" əsərlərini,
amerikalı psixoterapevt
Korneliya Vilburun eyniadlı əsərinin motivləri əsasında
çəkilmiş "Sibil"
filmini, eləcə də bir neçə
ay əvvəl Nayt Şemalanın ağ pərdəyə yansıtdığı
"Split" filmini göstərmək
olar. Azərbaycan ədəbiyyatında və
kinematoqrafiyasında da
bu baxımdan müsbət nələrsə
var - sözügedən
mövzuda Azərbaycan
ədəbiyyatında cığır
açan Xəyalə
Muradın "Adsız"
romanı... Buna qədər
Xəyalə xanımın
3 - "Görünməyən həqiqət", "Bir
yarpağın arzusu"
və "Hər şey qızım" üçün kitabları
işıq üzü
görüb. Son kitabı adsız olsa da, düşünürəm
ki, roman Xəyalə Muradın yaradıcılığına
ad verəcək gücdədir.
Eyni zamanda, digər kitablarından istər mövzu, istər mətn baxımından köklü dərəcədə
fərqlənir. "Adsız"la hələ
çapa imzalanmamışdan,
əlyazmada oxumuşdum.
Mətndə kifayət qədər
açıqlar, boşluqlar
var, amma Xəyalə xanımın
iri addımlarla irəliləməsini də
gözardı etmək
qərəzli olardı.
Düşünürəm ki, mənfi tərəfləri əvvəlcədən
deməyim daha düzgün olar. Elə
ilk səhifələrdən hiss olunur ki, əsər
çox sürətlə
yazılıb. Xəyalə xanım səhv etmirəmsə, iki həftəyə yazdığını
demişdi. Üstəlik, dil bir qədər
kasad və qurudur. Təkrarlar yorucu təsir
bağışlayır. Bunu, əlbəttə, tam olaraq
yazıçının üstünə
də atmaq olmaz. Ciddi redaktə sözügedən
nahamarlığı kifayət
qədər rəndələyə
bilərdi. Amma məsələ
ondadır ki, redaktə də gözoxşayan səviyyədə
deyil. Ümumilikdə
isə ikinci basqı gerçəkləşsə,
bu mənfiləri digər mənfilərə
vurub riyazi olaraq müsbətə çevirmək çətin
olmaz...
"Adsız" bir
bədəni bölüşən
yeddi fərqli şəxsdən danışır. Onlardan altısı
qadın, biri kişidir. Günün müxtəlif vaxtlarını
öz aralarında bölüşən alterlərin
hərəsinin özünə
aid dünyası, ətrafı
var. Bir-birlərindən xəbərdar
olsalar da, digər alterlərə
problem yaratmamağa çalışırlar.
Günay
kimi tanıdığımız
qəhrəman uşaqlıqda
aldığı psixoloji
travmalar nəticəsində
şəxsiyyət bölünməsinə
məruz qalıb və bu proses
hazırda da davam edir. Özününsə qətiyyən heç nədən xəbəri yoxdur. Sadəcə, bir məsələdən
əndişəlidir: günləri
yoxa çıxır.
Vaxt çox sürətlə
axır. Bundan narahat
olsa da, hər hansı cavab tapa bilmir.
Həyat
yoldaşından kömək
istəməyə çəkinir.
Hətta
gecənin bir aləmində gözünü
polis şöbəsində açanda da nə baş verdiyini anlaya bilmir. O məşum gecənin sirrinə vaqif olmaqdan daha çox unutmağa çalışır.
Müəllif bu əsəri yazmaq üçün kifayət qədər araşdırma aparıb, müxtəlif elmi-psixoloji
kitablar, sənədli
romanlar oxuyub, filmlərə tamaşa edib. Kitabın sonundakı ciddi
ədəbiyyat siyahısı
da buna sübutdur.
Xəyalə xanım qadın psixologiyasına yaxşı
bələddir. Situasiyadan asılı olaraq
qadınların hansı
qərar verəcəyini,
hansı addımı
atacağını yaxşı
bilir, bunu mətndə elə incə manevrlərlə idarə edir ki, əsər mətndən daha çox yaşantı halına gəlir.
Alterlərdən məndə ciddi qıcıq doğuran Emil
oldu. Özündənrazı, qaba, başqalarının
maraqlarını asanlıqla
öz mənafeyinə
qurban verməkdən çəkinməyən bu
alter əslində əsərin
düyün nöqtələrindəndir.
Alterlər arasında
yeganə kişi
olan Emil qadın bədənində yaşayır.
Özünü kişi kimi görür, kişi hesab edir, kişilər
kimi davranır, geyinir. Amma bütün bunlar
qadın bədənində
baş verir. Emil həm də
müdafiə səddidir.
Hər hansı potensial təhlükə Emili aktiv hala gətirə
bilər. Yaxud təhlükə
zamanı Emil yada düşür. Özünü
vasitəçi alter kimi
qələmə verən,
istənilən addan ciddi-cəhdlə imtina edən Adsız, sözsüz, romanda ən ziddiyyətli, ən maraqlı, eləcə də ən savadlı personajdır. Aktiv olduğu üç
saatın böyük
hissəsini mütaliəyə
həsr edən Adsız digər şəxsiyyətlərdən kəskin fərqlənir.
Onu daha çox ümumi mənafe maraqlandırır. Öz maraqlarını
o qədər də önəmsəmir. Buna görə heç xoşlanmadığı Emillə
də danışıqlara
gedir. Hətta oxucuda qayğıkeş
ana obrazı formalaşdırır.
Əsəri oxuduqca əslində görünənin baş
verəndən çox
fərqli olduğunu anlayacaqsız, çoxlu suallarınız yaranacaq. Bəs cavablar
hardadır? Niyə
alterlərdən ən
az aktivlik
vaxtına sahib Adsız
öz adını romana verib? Günay vaxtının
niyə itdiyini anlayacaqmı? Çözümlərindən qorxduğu suallar
necə, yenə açıq qalacaq? Cavabları öyrənmək üçün
geriyə, 2013-cü ilin
sentyabrına qayıtmaq
lazımdır.
Cavid QƏDİR
Ədəbiyyat qəzeti.- 2017.- 16
dekabr.- S.30-31.