Daha adicə sözdü, daha adi xəbərdi

"O darıxır, hardasan?"

Bircə mən deyiləm ki, gör indi qədərdi

özünü səndən asan.

Gör qədər ümidlər, qədər ip asılır

yenə daş ürəyindən.

Gör qədər yatanı azan səsi oyatmır,

Gör qədər çarəsiz ümid yığıb qayıtmır

Allahın ətəyindən.

Hərə bircə ev tikir xatirə kərpicindən,

bir gün ölü çıxır, o daxmanın içindən.

Lap istəsən and içim, bir az sənin canınçün,

bir az mənim canımçün.

"Darıxıram, əzizim" bunu ki, gizlətmirəm.

Bir deyim biləsən, mən sənin olmadığın

yuxuya da getmirəm.

Səni istəyirəm, sən yaşayan evi ,

O balaca qızı da, içimdəki divi .

Gəzdiyin dəhlizi sevirəm addım-addım

Bağışla çox danışdım, bağışla çox uzatdım

Ağrılarım səngiyib

bircə darıxmağım var.

 

İtirdim

 

Yavaş-yavaş itiririk

bir ucdan.

Bir gün ayaq çıxıb gedir,

qayıtmır,

Bir gün əllər tərk eliyir qolları...

Nigaranam ayağımdan, görəsən

Tapacaqmı getmədiyim yolları?

Yavaş-yavaş itiririk bir ucdan

Necə yığım calaq-calaq illəri?

Əlim məndən öndə gedir İlahi

Qaytar mənə...

Yapışmağa ümid gəzən əlləri

Ayağımdan itirməyə başladım

Ürəymi itirməyə hazıram.

Min ömürlük məsafədə qoyduğun

Bir nəfəslik o həqiqi sevgini..

İcazə ver

Götürməyə hazıram...

 

Niyə

 

Niyə

gözlərin danışığı

səssiz olur,

susur həmişə?

Niyə?

niyə xoşbəxtlik özünü

baş hərifindən

asır həmişə?

Niyə?

Niyə gözlərin çəkdiyi yollar

üzdə qırışa dönür?

Qırışlar gedənlərə xəritədimi?

Gedəcək neçə nəfər hələ üzdədi

Niyə günəş,

üzündəki qırışları

gizlədir

Niyə?

Niyə "Ay" inanır ki, günəşi görəcək?

Gecələr hələ gözləyir

bir gün bu qaranlığa

işıq enəcək.

Sən qaranlıqdan

boylan sadəcə

görməsən boylan.

Bir görəcəksən,

gözündə ümid görüb kimsə

qaça-qaça gələcək

Sənə ,

mənə ,

bu qaranlıq evə

işıq düşəcək.

 

Elvin Paşa

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 dekabr.- S.10.