Daşlara həkk olunan xoşbəxtlik...

 

hekayə

 

- Bura haradır, baba?!

- Şəhidlər xiyabanıdır, oğul!..

- Bəs, bu şəkildəkilər kimlərdir?

- Vətən uğrunda şəhid olan igid oğullarımızdır.

- Uğrunda nədir, baba?

- Yəni, Vətənə görə, sənə, mənə görə canlarından keçənlərdirlər.

- Niyə bizə görə?

- Ona görə ki, biz rahat yaşayaq, sən rahat böyüyəsən, məktəbə gedib yaxşı dərs oxuyasan, xoşbəxt olasan?

- Mən xoşbəxtəm, baba?

- Əlbəttə, bala, sən çox xoşbəxtsən.

- Bəs, xoşbəxtlik nədir?

- Bax, Cavid bala, anan səhərlər səni yuxudan oyadır, atanla salamlaşırsan, nənən üzündən öpür, öz isti ocağımızda oturub səhər yeməyimizi yeyirik, - deyə baba, nəvəsini başa salmağa çalışdı.

- Xoşbəxtlik beləmi olur, baba?

- Əlbəttə, yaxınlar, doğmalar bir yerdə olanda, uşaqlar sağlam böyüyəndə, ölüm-itim olmayanda xoşbəxtlik olur.

- Bəs, buradakıların balaları yoxdur?!.. – deyə nəvə başının işarəsiylə mərmər daşlara həkk olunmuş şəkildəkiləri göstərdi.

- Baba bir qədər köks ötürüb:

- Əlbəttə, çoxlarının sənin boyda övladları, hətta, nəvələri olanlar da var.

- Onda, bəs, onların balaları, nəvələri xoşbəxt deyillər?!

- Niyə ki, onlar da xoşbəxtdirlər, dövlət onlara qayğı göstərir, himayə edir.

- Axı, onların övladları səhərlər yerindən duranda ata-analarıyla salamlaşmırlar, babalarıyla gəzməyə getmirlər?

- Onlar şəhid balalarıdırlar, onları hamı salamlayır. Səni evdə, təkcə atan-anan, nənən- baban salamlayır, onları isə küçədə, bağcada, məktəbdə hər yerdə hamı salamlayır. Görürsən, onlar necə xoşbəxtdirlər?

Nəvə başını aşağı salıb susdu. Baba hiss etdi ki, cavabı nəvəsini razı salmayıbdır. Odur ki:

- oldu sənə, ağıllı balam, niyə susdun?!

- Baba, kaş, sənin şəklin onların arasında olaydı... Mən onların balaları kimi xoşbəxt olaydım...

 

Meyxoş Abdullah

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 dekabr.- S.5.