Əzizim Sərvaz...
Təəssürat-esse
Sənə
adı dəftərlərdə, kitablarda qalan Gəncə
qaymağı kimi şirin olan salamlarımı göndərirəm!
Yaş
artdıqca (82-nin içindəyəm) yerişimin sürəti
azalır, səhhətimdəki zəifliyi, boşluqları
(indi bu sözü çox işlədirlər, xüsusilə
hüquq sahəsində) hiss edən ağrılar da bir tərəfdən
baş qaldırır. Ən çox oxuduğum dərgi mənə doğma adamların işlədiyi
"Ədəbiyyat qəzeti"dir. Hər həftənin
şənbə günü onu əldə etməyə tələsirəm.
Ancaq fərqli vəziyyətdə
görüşürük. Ağrıları
üstələyəndə mən vaxtından əvvəl mətbuat
yayımı idarəsinə varid olur, sevimli qəzetimin gəlişini
gözləyirəm. Ağrılar üstələyəndə
günaha batıram, qəzet məni gözləməli olur.
Qəzetinizin
9 dekabr 2017-ci il sayına nəşrindən bir gün sonra əlim
çatdı. Həmişəki kimi, bu sayda da
oxunaqlı yazılar çox idi. O imza sahiblərindən
biri də mənim keçmiş tələbəm, rəhbərlik
etdiyim "İlham" Ədəbi Birliyinin məzunu sən
idin - Sərvaz Hüseynoğlu. Sənin
şeirlərinə səxavətlə bir səhifəlik yer
ayrılmışdı. Əvvəlcə
şeirlərini acgözlüklə oxudum. Sonra qədərini bilmək üçün
saydım - 13. Cəmlənib bu nəhs rəqəmi
yaradan şeirlərdən ürəkdolusu bəhs etmək qərarına
gəldim. Ancaq fikrimi birbaşa şeirlərindən
başlamayacağam. Səbəb var. Sən
mənim yetirməm olubsan. Şeirlərin
qədər özünə, özün qədər şeirlərinə
bələdəm. Hər iki cəhətinə ustad
işığı salmaq üçün 35 il
geriyə boylanmağa ehtiyac duyuram.
Sən 80-ci illərin əvvəlində rəhbərlik
elədiyim "İlham" Ədəbi Birliyinə gələndə
indiki Gəncə Dövlət Universitetinin tələbəsi
idin. O vaxt ədəbi
birlik həm üzvlərinin sayına, həm də müzakirələrinin
coşqunluğuna görə qaynar bir ocağa bənzəyirdi.
Sən də aralarında olmaqla daha istedadlılar - Qəşəm
Nəcəfzadə, Nizami Aydın, Xosrov Natil, Musa Urud,
Elçin İsgəndərzadə, Xəzangül, Valeh
Bahaduroğlu, Fərruxə Pərişan, Aydın Murovdağlı…
- önə çıxdılar. Rəsul Rza və
Məmməd Araz poeziyası ilə
qidalandırdığım bu gənclər çox keçmədən
ədəbi aləmə ayaq açıb uğur sahibləri
oldular. Sən demə, Azərbaycan ədəbiyyatını
zənginləşdirən bu uğurların kökündə
ilk söz ocağının qayğısı və istiqaməti
mühüm rol oynayıbmış. Bu dövr xatirəyə
çevriləndə "İlham" Ədəbi Birliyinin
faydasını sənin qədər düzgün vurğulayan
olmamışdı:
...Orda biz
Allahın xoşbəxti idik,
Cilovsuz köhləndi ilhamımız da.
Tamam
"satılmışdıq" poeziyaya biz,
Orda poeziyaydı inamımız da.
Kişilik
öyrətdi o birlik bizə,
Sözü üzə demək elmi öyrətdi.
Öyrətdi
- şeirin yolu yoxuşdu,
Bu yolla yerimək elmi öyrətdi.
19-20 yaşının şeiridi bu. Sonra sən doğma
yurduna - İmişliyə institutun və
"İlham"ın məzunu kimi qayıtdın. Boş
vaxtını sovurmadan Şərq, Qərb və milli
yazarlarımızın əsərlərini sonsuz bir həvəlsə,
ağılla, dərrakə ilə mütaliə etdin. Saxlancını lazımi qeydlərlə, gərəkli
sitatlarla doldurdun. Sonralar bunlar ağ vərəqlər
üzərində şırım açan qələminə
daha parlaq cila gətirdi. İnamlı qələm,
inamlı qədəm kimidir. Qələbə
onlardan uzaq olmur.
Bu söz yükü tutumunun hesabına inzibati və sənət
paytaxtımız Bakıya dönəndə çətinlik
çəkmədən, təcrübəli qələm sahibi
kimi işə başladın, redaktorlarının
tapşırıqlarını layiqincə yerinə yetirdin. Mənim isə
qabarlı əllərim oldun.
Sərvaz, sən ədəbi aləmin
qapısını şair kimi döydün və bu
sınaqlı qapıdan uğurla keçdin. Elə indinin
özündə də öncə şairlik missiyanla
seçilirsən. Bununla belə, sən
yaxşı qəzetçi, yaxşı publisist və
yaxşı tədqiqatçısan. Uğurlu
şeir kitablarının yanına bu sahədən bəhs edən
kitablarını da (xüsusilə, xalq
yazıçıları Anara, Elçinə və xalq
şairi Sabir Rüstəmxanlıya həsr etdiyin əsərlər)
ürəklə düzdün. İllərdən
bəri görkəmli sənətçilərlə
apardığın çox maraqlı müsahibələrini
də kitab şəklində görmək istərdim.
Neylim, səni
yaxşı tanıdığımdan sözüm uzanır...
Ancaq qayıdaq əsas məsələyə - sənin
şeirlərinin yaratdığı
düşündürücü təəssürata. Onu deyim ki, sən elə ilk addımlardan qiymətli
vaxtını səmərəsiz ədəbi eksperimentlərə
sərf etmədin. Qələmini əsrlərin
sınağından çıxan heca vəznimizin mərhəm,
isti ağuşuna tapşırdın. Nə
etdiyini, hansı yolu seçdiyini yaxşı bilirdin. Qəlib köhnə - klassik olsa da, deyim tərzin,
özünəməxsusluğun yeni idi. Sənin heca vəznin
elə vəzndir ki, sərbəstin də, əruzun da, lap elə
modern şeirin də
əlamətləri, nişanələri onda
görünür. Məhəbbət mövzusunda
yazdığın şeirlərdə qarşı tərəf
üçün çəkdiyi əzabdan həzz alan, onu mükafat kimi qəbul edən Füzuli
ecazından yaradıcı şəkildə qidalanma var.
Əsl eşqin daşıyıcısı məşuq əlçatmazdadır.
Aşiq maddələr arayıb onu hansısa vəfasızlıqda
qınamır. Əksinə, o yoxluğun var olmasına
inanır və bu inamı belə dəyərləndirir:
Bilim ki,
ürəyin mənlə döyünür,
Bilim zülmün altda amandayam mən.
Nə
yerim yerdədir, nə göyüm göydə,
Yenə də şən adlı zamandayam mən.
"Sən adlı zamandayam mən".
Mən peşəkar təhlilçi deyiləm. Doğru-yanlış
fikirlərimi söyləməkdən də çəkinmirəm.
Ümumiyyətlə, poeziyada məni üç məsələ
maraqlandırır: obrazlılıq, mərhələnin
gerçəkliyi və forma-məzmun dilemması. Bu üç məsələni sənin şeirlərinin
köməkliyi ilə aşkarlamağa
çalışacağam.
Obrazlı təfəkkür şübhəsiz ki, qələm
sahibinə üstünlük verir. Bu keyfiyyət şairi
adiliyin, bəsitliyin üstündən adladıb yuxarı qata
ötürür. Sərvaz,
yaradıcılığın imkan verir ki, deyim sən də bu
keyfiyyətin daşıyıcısı olan xoşbəxtlərin
sırasındasan. Əyanilik naminə
"Qaçqın" şeirinə müraciət edirəm:
Xatirə
boylanır cığırdan-izdən,
Dolub xatirəyə ev-eşik tamam.
Adlaya
bilmirəm,
Xatirələrlə
Yaman
minalanıb yollarım, yaman…
Geriyə dönməyin əzabını,
özünümühakiməni bundan gözəl necə ifadə
etmək olar?!
Çıxış yolu geriyə dönməkdə
deyil. "Puç olub gedən əməyin"
üsyankarlığı buna icazə vermir. İrəlimi getmək? Bu da
mümkün sayılmır. Əlac
uzaqlaşmaqda, qaçmaqdadır. Bəs
bu qaçış lirik "Mən"i hara aparır?
Oxuyaq:
Qaçıram,
Axırı
nə ola, ola…
Mən öz qıfılıma düşməz
açaram.
Heç
kəsə qıymıram, mən keçən yollar
O yerə
çıxır ki, ordan qaçağam.
Tələbkar oxucu təkcə reallıqla
barışmır. Bu reallığı, yaşantını
həm də obrazlı demək vacibdir. Bax
uğur burada tamamlanır. Sərvaz, sənin
şaxəli istedadının gücü oxucunun bu tələbini
yerinə yetirməyə imkan verir.
Sərvaz, sənin lirikanın əzabkeş qəhrəmanları
Olimp Dağının allahlarına bənzəyirlər. Hər Allah
öz mövqeyində özünü haqlı sanır.
Bu mübahisələrdə əlüstü qərarlar
yer almır. Təmkin Femidanın ədalət tərəzisinə
qapı açır: görək kim
günahkar, kim haqlıdır? Çözümü çətin
olan bu məsələ "Mənim istəyimcə"də
araşdırılır:
Ömür
hər məqamda bir cür şirindi,
Nəzər qılmamışıq vaxtın dərsinə.
Mən
İsa peyğəmbər kimiyəm indi,
O bir dar
ağacı... Ya da tərsinə!..
İlk sevginin döyüşü qurban olmaq
yarışıdır. Vaxtilə bu hal poeziya badəsindən bir içimlik
dadan qələmimə belə gəlmişdi: "Mən
qurban kəsildim, sən fəda oldun; Bizim aramızda qal əskilmədi".
Yeni mərhələyə keçidlər dəliqanlı
sevginin havasını alır, formasını dəyişir.
Subaylıq sevgisi ailəyə çevriləndə
özünəuyğun don geyinir. Ailədə
tərəflər bir-birinə "sevirəm" deməyi
sanki gündəmdən çıxarırlar. Mahiyyət yerində qalmaqla "sevgi"
sözü "istək"lə əvəzlənir.
Ömrün bu mərhələsinin yaşam tərzini Əli
Kərim necə də gözəl demişdir: "Ey mənim
istəyim, nə gəlməz oldun?!". Bu, gerçəkdir.
Sərvaz, sən də ömrün elə mərhələsindəsən
ki, bu gerçəkdən yan durmağı mümkün
saymırsan. Daha doğrusu, qələminin dilini yalana öyrətmək
istəmirsən. Bu dövrün istəyi
baxışların ziddiyyətləri ilə yoğrulmuş
olur. İnciklik doğuran ziddiyyəti də
ədəbi məhsula çevirmək lazımdır,
incikliyin fövqündə dayanan istəyi də. İkisi də gerçəklikdir.
Şeirinin
birində (adsız şeirində) birinci hala işıq
salırsan:
Biz iki
davakar uşaq kimiyik,
Heç nə könlümüzcə deyil dünyada.
Hər qədəmbaşında
bizə dar gəlir
Dünya dediyimiz bu qərib ada.
İkinci hal "Güzgü" şeirində
zühur edir.
Bütöv sifətli qadın həmişə
bütöv güzgüdə özünə baxardı.
Birdən güzgü əlindən
düşüb parçalanır. Qadın
təəssüflənir. Ancaq
sığalından qalmır. İndi o əksedici
qırıq bütövü necə göstərəcəkdir?
Sən demə, bunu da qarşı tərəfin hansı
bucaqdan baxışı həll edirmiş:
...Mələyə
döndərdi, yenə mələyə
Gözümdə o sığal, o düzgü səni.
Yüz
yerdən, min yerdən sınsa da, yenə
Bütöv göstərirdi o güzgü səni.
İndi bəzi müəlliflər şeiri fikir bitənə
qədər deyil, qafiyə tükənənə qədər
yazırlar. Belələri maddi cəhətdən qazansalar da, əslində
müqəddəs söz sənətini bəsitləşdirir,
itkiyə məruz qoyurlar. Nə
yaxşı ki, sənin qoşma nümunələrin belə
hallardan uzaqdır. Bu sıradan olan
yazılarında forma-qəlib ənənəvi olsa da, oxucuya ərməğan
etdiyin gəraylı və qoşmalarının ruhu təzədir,
çağdaş tələblərə cavab verir.
Uzağa getməyək, elə sözü gedən səhifədəki
"Mən bilmirəm ki…" qoşması fikrimə dəstək
verər:
Belə
zalımlığın üstə adamı
Kəsərlər, doğrarlar, qəsd eyləyərlər.
Yığıb
hər duyğudan bir tikəsini,
Xonça bağlayarlar, dəst eyləyərlər.
Başından
alarlar, əqli-sərini,
Üstünə tökərlər ölüm şərini.
Sonra da
diz çöküb, qədəmlərini
Öpərlər, öpərlər, məst eyləyərlər.
Sərvaz,
mən təəssüratlarımı sənin səhifəndə
yer alan lirik-psixoloji şeirlərin vasitəsilə
bölüşdüm. Əlbəttə,
ictimai-siyasi ruhlu, torpaq-vətən süslü şeirlər
sənin yaradıcılığında qədərincədir.
Bu cür şeirlərin oxunuşundan doğan təsir Azərbaycan
vətəndaşlığının təkmilləşməsinə xeyli dərəcədə
kömək edir:
Siz bizə
balaca bir ada verin,
Lap elə ufacıq bir oda verin.
Sonra səbrinizi
basıb gözləyin,
Yenidən, yenidən sınayın bizi.
Görün
ki, daş üstə göyərib bitən,
Nə ki
istəyi var, halallıq ötən,
İrfanla,
insafla kamala yetən
Sevimli bir yurddu yenə bu Vətən.
"Ədəbiyyat
qəzeti"nin 26-cı səhifəsində
yer alan şeirlərini mən təriflədim. Sərvaz,
öz şeirlərin haqqında sən özün nə
fikirdəsən? Səndən yaxşı
yazan varmı? Səmimi olub da bunu necə
etiraf edərsən? Varsa, o kimsə kimdir?
Sualımın cavabını "Mənim ürəyimcə"
şeirindən aldım:
Olmayıb
sevgidə vəfasızlığım,
Allahım, Sən mənə dözüm yazarsan.
Mənim
könlümcədi mənim yazdığım,
Məndən yaxşısını Özün yazarsan.
Əzizim Sərvaz, mən yenə öz yazımı kənara
qoyub sənin haqqında yazdım. Müəllim öz
yetirməsinin uğurunu görəndə necə fikir söyləməsin?!
Dünən başqa yetirməm haqqında
söz açmışdım, bu gün qələmimi sənin
uğurların dindirdi. Mənim bu
yaxşı şakərim hələ xeyli əvvəl sənin
diqqətini çəkmişdi. O vaxt yazdığın
indi də qüvvəsində qalır. Gerçəyi belə
demişdin: "Qərib Mehdi bir insan olaraq, bir
yazıçı olaraq, özünü yetirmələrinin
yolunda qurban verən sənətkardır. O, özünə
qismət olası xoşbəxtliyi yetirmələrinə
bağışladı".
Mən bu əmək, vaxt "itkisindən" peşiman
deyiləm. Sən də təəssüflənmə. Ortada - ədəbi camiənin üst qatında Sərvaz
Hüseynoğlu kimi bir imza sahibi varsa, təəssüflənməyə
dəyməz.
Sənin
hər bir uğuruna sevinən ədəbi müəllimin: Qərib
Mehdi.
Gəncə
17.12.2017
Qərib MEHDİ
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.25.