"Qarabağ oyunu" poemasının ictimai
ovqatı
Ələmdar
Quluzadə adı otuz ilə yaxındır ki, səsləndiyində
assosiativ olaraq Qarabağı müdhiş dərdləri ilə
canlandırır. Görkəmli ədəbiyyatşünas
alim Yaşar Qarayevin dediyi kimi, son iki əsr yarımda "hər
nəslin taleyinə bir dağılmış, yanmış
Şuşa düşüb, bir viran olmuş Qarabağ daxil
olub". Ələmdar Quluzadə
Qarabağın ən yaxın ağrılı
keçmişinin nəslindəndir.
Böyüklüyünü, kamilliyini mənəvi ruhunu,
milli-poetik təfəkkürünü Allahın səxavətlə
bəxş etdiyi zəngin təbiətdən, mühitdən
almış bir xalqın oğludur Ələmdar Quluzadə. O
füsunkar torpağın, elin "olum-ölüm" faciəsini
o da yaşayıb. Xocalıda, Xankəndində baş verən
bütün hadisələr onun gözləri
qarşısında olub. O hadisələrlə bağlı
yana-yana yazılmış poetik nümunələr içində
Ələmdar Quluzadənin yazdıqları çox
seçilir.
"İçimdəkiləri
poetik dillə ifadə etməyimdə məqsəd şairlik
istəyimdən daha çox vətəndaşlıq borcumu
yerinə yetirmək olub" deyə qeyd edir Ələmdar Quluzadə.
Vətənin dərdini can yanğısı ilə ümumiləşdirə
bildiyi" Qarabağ oyunu" Qarabağ olaylarının
başlanğıcında Azərbaycan xalqının ictimai
ovqatının cəsarətli ifadəsidir.
Ələmdar
Quluzadə "Qarabağ oyunu" adlandırdığı
poemasında yaşadığı məqamın, zamanın ovqatı
ilə özünə, xalqa, dosta, düşmənə -
dünyaya dedi deyəcəyini:
Tarixin
təkrarı vecimə deyil,
Səhvlərin
təkrarı üşüdür məni.
Türklərin
dədə-baba yurdlarından son köçünü
ağrı ilə qələmə alan şair bir daha ən
böyük faciənin türk oğlu üçün nə
demək olduğunu yaşayır və yaşadır.
Göyçə
başdan-başa çənə büründü,
Zəngəzur
elləri yandı odlara.
Yurdumuz
beləcə tapdağa döndü,
Aran
mənə qaldı, yaylaq dağlara.
Təpədən-dırnağa
boyandıq qana,
Dərd
min yol qaynadı, qeyrət bir buğum,
Yazıldı
tatixin kitablarına
Mənim
düşmənimlə mənim dostluğum.
Poemada
şairin yaşadığı psixoloji
ağırlığı son faciələrin
başladığı ilk "tale köçlərində"
bütün gərginliyi ilə hiss etmək olur:
Üzündə
şram yeri,
Yanağın
qara kömür,
Hardan hara daşıyar
Dərdimizi bu ömür?
və ya
Balanı
neyləmisən,
Gözləri yaşlı bacım?
Başına mən dolanım,
Ay başı daşlı bacım!
Bunlar sözgəlişi
poetik ifadələr deyil, bunlar həyat
və zaman həqiqətləridir, tarixin
qara səhifələrinə
yazılmış cəlladlıqdır. Qışın çovğununda körpəsini
bağrına basıb
soyuqdan buz heykələ dönən
anaların, dağların
qarlı dolanbaclarında,
aşırımlarında, xilasın, azadlığın
işıq ucuna doğru sürünən
vətən övladlarının
dəhşətli faciələri
sonralar Qarabağda - Xocalıda, Şuşada təkrar olundu. Üzlərinə bıçaqla,
odlu məftillə şırım çəkilmiş,
bədənlərinə, qollarına,
üzlərinə dağ
basılmış körpələr,
qadınlar, qocalar min bir əzabla qarlı keçidlərdən
keçərək xilas
ola bilmişlər.
Soyuqdan, əzabdan yolda ölənləri isə yerində qoyub getməyə məcbur olmuşlardan birinə müraciətlə "Balanı
neyləmisən, gözləri
yaşlı bacım?"
- sualı bu insan faciəsi
qarşısında səsli
iniltisidir şairin.
Bu müsibətlər içində
ağrıdan qovrulan vətən oğlu didərgin soydaşlarımızı
ovutmağa, çıxış
yolu axtarmağa çalışır:
Körpə gülüm, ağlama,
Bu yerlər də
vətəndir.
Torpağında toxum ək,
Nə istəsən
bitəndi.
Ağlasaq, gözümüzdə
Qürbət göyərəcəkdi,
Döyüşsək, sinəmizdə
Qeyrət göyərəcəkdi.
Görünməmiş müsibətləri ifadə
etmək üçün
bəlkə də insan sözü gücsüzdür. Lakin yanğılı misralarda şairin çəkdiyi acılar duyulur. Bununla belə o, var
olmağın yolunu gözüyaşlı türk
balasının sinəsində
göyərəcək qeyrətdə
görür. Sonralar bu
ağrılar daha dərin yaralarla qövr edəcəkdi.
Yalnız yurd itirmək,
od-ocaq söndürmək
deyil, xalq üçün hansı dəhşətlərlə (Xocalı
faciəsi kimi) üzləşmək böyük
faciələr yaşamaq
demək olacaqdı.
Ələmdar Quluzadə ilk didərginlərin,
yer üzünə gələn "təzə
yetim"lərin faciəsini
Qarabağ oyununun bir gedişi kimi də səciyyələndirir.
Müharibənin özülünü, bütün sonrakı faciələrin başlanğıcı
olan, ən ağrılı, mənəvi
və əxlaqi gerçəkliyi əks etdirən didərginliyi bu poemada xalqın
faciəsi səviyyəsində
ümumiləşdirən şair
həm də bu müsibətləri yana-yana yaşamış,
dilləndirə bildiyi
sızıltılarla ifadə
etmişdir.
Qədim
tarixi məskənlərimizin,
ulu babalarımızın
- oğuz ellərinin yaşadığı torpaqların,
Dədə Qorqudun ayaq basdığı müqəddəs yerlərin
türklərdən təmizlənməsini
türkün böyük
faciəsi kimi səciyyələndirən şair
Qarabağın üzərində
dolanan tufanın həyəcanını yaşayır:
Qarabağ mahalı öz
yuxusundan
Ayılıb qalxıbdır aranlı, dağlı.
Qəzəblər sıyrılıb çıxaraq
qından
Ədalət axtarır əliçıraqlı.
Azərbaycanda milli-mənəvi istiqlalın,
müstəqil respublika
qurmaq, o taylı, bu taylı yurddaşlarımızın
qovuşması ideyalarının
coşduğu bir zaman yenidən özlərini "əzilən"
yazıq millət kimi qələmə verib yeni bir
cinayət "oyununa"
başlayan ermənilər
bu dəfə Qarabağı qoparmaq üçün hər cür alçaqlığa
əl atdılar. Azərbaycanın beynəlxalq
nüfuzuna zərbə
vurmaq üçün
"Sumqayıt faciəsini"
törədərək özlərinə
havadarlar toplayan cəlladların öz əməllərini gizli kameralarla çəkib xarici radio-televiziya dalğalarında vermələrini
Ələmdar Quluzadə
poemada düzgün, qətiyyətli bir şərhlə tarixiləşdirir
və cəlladları
sevilən "bu arxalı köpəklərin"
"arxalarına" çox
cəsarətlə nəyin
nə olduğunu qandırır:
Bağırır siyasət fahişələri,
"Zavallı millətin" istedadı var,
Onlar sızlamaqda
ustalaşıblar.
Ağladı kürsülər, ağladı
zallar,
Bizlərə tanışdır bu ərzi-hallar.
Azərbaycanı bürüyən xaosun
içində "Qarabağ
kartı"nı poetik dillə aydınlaşdırmağa çalışanlardan
biri olan Ələmdar Quluzadənin
ifadə etdiyi ictimai ovqatı zamanın durumu haqda çox şey deyir. "Siyasi-ictimai həyatın özündəki mürəkkəblik,
Dağlıq Qarabağda
erməni separatçıları,
Azərbaycan ərazisində
özünün geosiyasi
marağı olan ölkələrin dəstəklədiyi
ayrı-ayrı qrupların
rəyasət və hakimiyyət uğrunda daxili mübarizəsi, bununla bağlı iqtisadi, sosial, ideoloji təxribatlar və onların nəticələri bədii
təsərrüfatın vəziyyətində
də əks olunurdu" (Y.Qarayev).
Bu dövrü səciyyələndirən
tutarlı poeziya nümunələri yaradan
Bəxtiyar Vahabzadə,
Nəbi Xəzri, Zəlimxan Yaqub, Qabil, Musa Yaqub, Xəlil Rza Ulutürk, Nüsrət Kəsəmənli və başqa şairlərimiz kimi Ələmdar Quluzadə də tarixin o anlarını poetikləşdirmişdir:
...Daşdıqca dalğalanır
Azərbaycanın kini,
İmperiya həll edir
İki vuraq ikini.
Zamanın belə bir burulğanında
haqsızlıqdan haqqa
üz tutan insan övladının çarəsizliyi sözlərdə
yazıqlaşır, bu
ağrının çəkilməz
zillətinə oğul
gərəkdi dözə. Ələmdar
Quluzadə bu ağrıdan, bu dərddən keçib gəlib:
Səbrinə qurban olum, göylərdən Allah baxır,
Öz yurdunda,
elində bir millət gözdən düşür.
Siyasət məngənəsinə düşən
Qarabağın "olum-ölüm"
taleyinin bu cinayət oyununa sürükləndiyi o zamanlar
bütün hadisələr
şairin yaşadığı
Xankəndində baş
vermişdi. Onun zamanın ovqatı
ilə qələmə
aldığı "Qarabağ
oyunu"ndan daha sonralar Qarabağda neçə-neçə dəhşətli
hadisələr törədiləcəkdi.
Bu poemada demək
olar ki, Qarabağ müharibəsinə
qədər olan dövrün bütün siyasi oyunları içərisindəki prosesləri
mərhələ-mərhələ izlənmiş, müharibəyə
doğru aparan siyasi səbəbləri dərin vətəndaşlıq
hissi ilə, ürək ağrısı
ilə ümumiləşdirilmişdir.
"Qarabağ oyunu" Azərbaycanın
müstəqilliyinə gedən
yolda keçdiyi faciəli dönəmlərin
ilk mərhələsinin poetik-tarixi
bir xronikası, xalqın didərginlik adlı müsibətinin şeirləşmiş kadrları
və ən nəhayət, bir türk oğlunun Azərbaycan adlı can yanğılarıdır.
P.S. Otuz il doğma Xankəndindən
aralı Qarabağın şəhid
şəhərlərini, şəhid
dağlarını, şəhid
balalarını şeirləşdirən,
"qadan mənə,
Qarabağ" - deyən,
Vətən boyda dağ yüklü, cəsarət sərvətli
qardaşım Ələmdar
Quluzadə, sənə
uzun ömür və Xankəndinin xanı Ataxanın məzarı yanında qalib bir məzar
arzulayıram. Amma indi mən də
sənə deyirəm:
"Ömür-gün qabaqdadır".
Hicran Nəsibova
Ədəbiyyat qəzeti.- 2017.-
23 dekabr.- S.29.