Əlimərdan bəy Topçubaşovun
kədərli bir məktubu
Azərbaycan
Cümhuriyyətinin 100 illiyi münasibətilə milli istiqlal
məfkurəsinin öncül siması Əlimərdan bəy
Topçubaşov irsindən seçmələrdən ibarət
kitab hazırlayıram. Kitaba onun məqalələri, nitqləri,
diplomatik yazışmaları, habelə əqidə və əməl
dostlarına məktubları daxildir. Həmin məktublardan
birini rus dilindən tərcümədə "Ədəbiyyat
qəzeti"nin oxucularına təqdim edirəm.
Əvvəlcə
hadisələrin mahiyyətindən xəbərdar olmayanlara məktubun
kimə ünvanlandığı, yazılma səbəbi və toxunulan məsələlər barədə
kiçik bir məlumat vermək istərdim. İlk öncə,
üz tutulan şəxs barədə.
Xəlil
bəy Xasməmmədov (1875-1947) Azərbaycan milli istiqlal hərəkatının
və ilk Cümhuriyyətimizin tanınmış xadimlərindən
idi. Gəncədə anadan olmuş, Moskva Universitetinin
hüquq fakültəsini bitirdikdən sonra ədliyyə
sistemində çalışmışdı. 1907-ci ildə
Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət
Dumasına seçilmişdi. Milli hərəkatda fəal
iştirakı onu Azərbaycan Cümhuriyyətinin
qurucuları sırasına gətirib
çıxarmışdı. 1918-1920-ci illərdə
Milli hökumətdə iki dəfə
daxili işlər, iki dəfə ədliyyə naziri vəzifəsini
tutmuşdu. 1920-ci ilin aprelində Azərbaycanın Osmanlı
dövləti yanında diplomatik nümayəndəsi təyin
edilsə də, yaranmış vəziyyət üzündən
İstanbula getməsi mümkün olmamışdı. Həmin
ilin iyun ayında daşnak partiyasının üzvləri Aram
Erkanyan və Misak Kirakosyanın Cümhuriyyət hökumətinin
keçmiş baş naziri Fətəli xan Xoyskiyə
qarşı terror aktı zamanı onunla birlikdə olan Xəlil
bəy də yaralanmışdı. Həyatının
sonrakı dövrü müalicədən sonra getdiyi
İstanbulla bağlı olmuş, burada Azərbaycan siyasi
mühacirətinin fəal xadimlərindən biri kimi
tanınmışdı.
1931-ci il
martın əvvəllərində Xəlil bəyin oğlu
Rauf 12 yaşında ölmüşdü. Tək və gec
tapılmış övlad olduğundan valideynləri, eləcə
də ailənin yaxınları ona Rauf Yekta (misilsiz, tayı-bərabəri
olmayan) deyirdilər. Vəfat edəndə məşhur
Qalatasaray liseyinin ən yaxşı şagirdlərindən
biri sayılırdı. Onun ölümü münasibətilə
İstanbulda çıxan "Bildiriş" qəzetinin mart
saylarında iki kiçik xəbər verilmişdi. Birinci xəbərdə
deyilirdi: "İstanbulda mukim Azerbaycan sabik Milli hükumeti
Adliye Vekili Halil Hasmehmed beyefendinin 12 yaşındakı
oğlu - Qalatasaray lisesi talebesinden Rauf bey mübtəla
olduğu hastalıkdan kurtulamıyarak dün vefat etmişdir.
Kederdide ailesine taziyetlerimizi beyan eyleriz". Eyni qəzet bir
neçə gün sonra Xəlil bəyin ailəsinin
ağır günündə ona mənəvi dəstək verənlərə
qısa minnətdarlıq məktubunu da cap etmişdi:
"Sevgili oğlum Raufun gerek cenaze merasiminde ve gerekse
beyani-taziyetde bulunan bilcümle ehibbaye (bütün dostlara -
V.Q.) muhterem qazeteniz vasitasile teşekkürlerimin
iblağını rica eylerim, efendim".
Parisdə
bu xəbəri alan Əlimərdan bəy özü və həyat
yoldaşı Pəri xanımın adından Xəlil bəylə
xanımına
başsağlığı teleqramı göndərmişdi.
Tezliklə ondan qısa, amma çox səmimi məktub
almışdı. Məhz məktubun
səmimiyyət tonu təbiət etibarı ilə qürurlu
adam olan Əlimərdan bəyi son illərdəki həyatının
daimi yol yoldaşı olan ələm, qüssə,
sıxıntı və ehtiyac, dostların vəfasızlığı,
vəziyyətinin çıxılmazlığı
haqqında köhnə mübarizə yoldaşı ilə
açıq söhbətə vadar etmişdi.
Yeniyetmə
Raufun ölümü ona eyni zamanda qürbət məmləkətdə
özünün və ailəsinin üzləşdiyi
başqa bir faciəni - oğlu Rəşid
Topçubaşovun (1901-1926) vaxtsız vəfatını
xatırlatmışdı. Rəşid istedadlı gənc
idi, Sorbonna Universitetində təhsil alırdı. Bir neçə
xarici dil bilirdi. Yeniyetmə yaşlarından ölkəsinin
müstəqillik davasına qatılmış, Azərbaycan
Cümhuriyyətinin Paris sülh konfransına yollanan nümayəndə
heyətində sədrin - atasının şəxsi katibi
olmuşdu. Ailəsinin üzləşdiyi maddi və mənəvi
sıxıntıların nəticəsi kimi meydana
çıxan vərəm onu gənc yaşında məzara
aparmışdı. İki ildən sonra həkimlər
qızı Sevərdə də eyni xəstəliyin
simptomlarından şübhələnəndə Əlimərdan
bəy dəli olmaq dərəcəsinə gəlmiş, yeni
faciənin təkrarlanmamasından ötrü Sevəri
Fransanın cənubuna müalicəyə göndərmək
üçün bütün mümkün və
namümkün yollara baş vurmuşdu. Əcəlin çəngindən
xilas edə bilmədiyi Rəşidin ölümü isə həyatının
sonuna qədər onu qorxunc vahimə kimi izləmişdi...
Parisdə
keçirdiyi 15 il Əlimərdan bəy üçün təntənə
və məhrumiyyət dövrü olmuşdu. Amma
narahatlıq qarışıq təntənə cəmisi bir
neçə ay, məhrumiyyət və sıxıntılar isə illər boyu sürmüşdü.
Azərbaycanın dövlət müstəqilliyinin Paris
sülh konfransı tərəfindən de fakto
tanınmasının sevinc və qürurunu yaşamağa
imkan tapmamış bolşevik işğalı kərpic-kərpic
qurulan hər şeyi bir an içində məhv etmişdi. On
minlərlə soydaşımız kimi Azərbaycan Məclisi-Məbusan
(Parlament) sədri, Paris sülh konfransında Azərbaycan
Cümhuriyyəti nümayəndə heyətinin
başçısı Əlimərdan bəy
Topçubaşov da yad, qürbət məmləkətdə
fərəhsiz mühacir həyatı yaşamağa məhkum
olmuşdu. Amma nə maddi-mənəvi sıxıntılar, nə
ehtiyac, nə dostların etibarsızlığı və
üzüdönüklüyü onu - özünün dediyi
kimi, "42 illik millətə xidmət stajına malik qoca
türkçünü" bir dəfə tutduğu yoldan -
bütün canı, qanı və varlığı ilə
doğma Azərbaycana xidmət yolundan çəkindirə
bilməmişdi.
Millətimizin
XX yüzillikdə yetirdiyi ən görkəmli şəxsiyyətlərdən
birinin - Ə.Topçubaşovun Azərbaycan davası
üçün getdiyi Parisdəki həyatının acı
mənzərələrini göz önündə
canlandıran məktubunu təqdim edirəm.
Vilayət
Quliyev
Əlimərdan bəy
Topçubaşovun kədərli bir məktubu
Xəlil
bəy Xasməmmədova
2 aprel
1931-ci il
Sent Cloud
Əzizim
Xəlil bəy!
Sizdən
aldığım son dərəcə həssas və səmimi
cavab məktubunu bilərəkdən bizim cavanlara verdim ki,
oxusunlar: qoy görsünlər ki, uzun illərin
sınağından çıxmış həqiqi dostlar
şəraitin dəyişkənliyinə və məsafənin
uzaqlığına qətiyyən əhəmiyyət vermədən
kədərli günlərdə biri-birlərinin köməyinə
necə tələsirlər, ürəklərinin bir parçası saydıqları
övladlarının ölümünə birlikdə necə
ağlayırlar, ümumi kədər onları necə birləşdirir,
çətin anlarda bir-birlərinə necə təskinlik
verir, səbir və dözüm arzulayırlar...
Məktubunuz
məndə, Pəri xanımda, eləcə də ailə
üzvlərimizin hər birində böyük təəssürat
doğurdu. Hamını əvəzsiz itkilərimizi yada salmaq
üçün bir daha unudulmaz xatirələrə baş
vurmağa məcbur etdi. Kədər içərisində yenə
gənc Rauf Yektanın ölümü ilə sizin və Suad
xanımın məruz qaldığı ağır itki haqda
danışdıq. Həmin dəqiqələrdə
yanınızda olmağı, ürəklərimizi həyəcanla
dolduran hissləri təsəlli sözlərinə
çevirib sizə çatdırmağı nə qədər
istərdik!
Mən
artıq sizə yazmışdım: ən yaxşı təsəllini
verdiyimiz qurbanlarla bağlı xatirələrdə tapmaq olar.
Artıq 4 ildən çoxdur ki, özüm də sakitliyi və
aramı məndən ötrü həmişəyaşar
fikirlərdə, hərəkətlərdə, jestlərdə,
xarakterlərdə - bir sözlə, əziz Rəşidimi
xatırladan, surətini gözümdə canlandıran hər
şeydə tapıram. Siz də,
Suad xanım da onu tanıyırdınız... Hər cümə
axşamı xanımımla, Əli Əkbərlə birlikdə
qəbrinin üstünə gedirəm, dua oxuyuram, məzarını
çiçəklərlə bəzəyirəm. Tez-tez
yazılarını, kitablarını, qeydlərinı
gözdən keçirirəm. Ötən ildən yazı
masama yenidən oğlumun portretini qoymuşam. Ağlımla
onun artıq dünyada olmaması fikri ilə
barışıram, ürəyimsə övladımla birlikdədir...
Yaşadığım
hisslər digər yaxınlarımın qeydinə qalmaq,
xüsusən də üzərimə düşən vəzifələrin
öhdəsindən gəlmək üçün mənə
güc verir. Hər dəfə
qayğılar içərisində çapalayarkən,
işlərimi daha yaxşı şəkildə necə
görməklə bağlı
düşünəndə Rəşidin
işıqlı surəti gözüm önündə
canlanır. Onun vəziyyətimlə
maraqlandığını, hərəkətlərimi bəyəndiyini
düşünürəm. Bu hisslər məni daha da
ruhlandırır. Taleyin bütün zərbələrinə,
bütün məhrumiyyət və əzablara sınmadan, əyilmədən
tab gətirmək üçün
qüvvə verir, ruhumu
möhkəmləndirir. Əziz oğlumla bağlı
xatirələr məndən ötrü çox dəyərlidir. Bu xatirələr burada, Yer üzərindəki
həyatımı o biri dünya ilə bağlı fikirlərimlə
birləşdirir... Son mənzilə yola düşməyə
nə qədər hazır olsam da, ölüm haqda çox az
fikirləşirəm.
Çünki canlı insanam. Hələ yaşamaq,
işləmək, yaxınlarıma bacardığım qədər
kömək göstərmək, 42 ildən bəri həqiqət
və inam meyarı ilə xidmətində
dayandığım doğma xalqım naminə fəaliyyətimi davam etdirmək istəyirəm..
İnanıram
ki, həyatı erkən puç olmuş əziz Rauf Yekta
haqqında bu cür xatirələrə dalmaqla siz də həqiqi
təsəlli tapacaqsınız, insanlara
yardımınızı, yolunda uzun illər canla-başla
çalışdığınız xalqa eyni həqiqət
və inam meyarlarına əsaslanan xidmətinizi davam etdirəcəksiniz.
Məhz belə hərəkət edəcəyinizə qətiyyən
şübhəm yoxdur. Bunu bizdən üzərimizə
götürdüyümüz borc, verdiyimiz qurbanlar tələb
edir. Üstəlik ictimai işlərimizin hələ də hər
şeyi sarmış hərəkətsizlikdən, hətta deyərdim
ki, iflicdən heç vəchlə özünə gələ
bilmədiyini də gərək əsla yaddan
çıxarmayaq. Bu mənada hamımızın üzərinə
ciddi məsuliyyət düşür. Hətta icazənizlə,
sizin və özümün məsuliyyət
payımızın daha böyük olduğunu deyə bilərəm.
Yazışmalarınızda yaranmış belə uzun fasilə
də içərisində çapaladığımız mənəvi
vəziyyətin göstəricisidir.
Heç
bir əlavə təfərrüata varmadan verdiyimiz əvəzsiz
itkilər naminə mən həmin vəziyyət üzərində
dayanmaq, illərin sınaqdan çıxmış etibarlı
dostun, üstəlik də
başlarına eyni dəhşətli müsibət gəlmiş
iki insanın anlayacağı bir aşkarlıqla, heç nəyi
gizlətmədən öz "hekayətimi" sizə
nağıl etmək istərdim.
Tuş
olduğum böyük bəla üstəlik bir sıra maddi və
mənəvi zərbələrin vurulması ilə daha da dərinləşdi.
Həmin zərbələr məni nəticə etibarı ilə
mənəvi cəhətdən məhvin astanasına, maddi
baxımdan isə dilənçi vəziyyətinə gətirib
çıxardı. Əlbəttə, bu kədərli
tarixçənin bir çox səhifələri sizə
yaxşı bəllidir. Ona
görə də "hekayətimin" ümumazərbaycan
işinə, şəxsən özümə və
"müxalifətə" şərəf gətirməyən
məqamları, epizodları üzərində
dayanmayacağam. Bunlar barədə növbəti məktubumda,
dostanə söhbət tərzində sizə ayrıca
yazacağam. İndi isə cərəyan edən xoşagəlməz
hadisə nəticəsində düşdüyüm vəziyyətlə
bağlı söz açmaq istəyirəm. Əlavə bəzək-düzəyə
yol vermədən, "kim", "niyə", "necə"
tipli zəhlətökən suallara toxunmadan yalnız faktlarla
danışacağam.
1929-cu
ilin iyun ayında heç bir xəbərdarlıq edilmədən,
özümün də gözləmədiyim halda o zamana qədər
aldığım yardımdan (Polşa hökumətinin Azərbaycan
siyasi mühacirlərinə ayırdığı aylıq
80-100 ABŞ dolları həcminə qrant nəzərdə
tutulur. 1929-cu ilin yayından etibarən həmin məbləğ
artıq konkret şəxslərə deyil, İstanbulda Azərbaycan
Milli Mərkəzinə ödənilirdi -V.Q.) məhrum oldum.
Müəyyən müddətdən sonra Dammanla (alman
biznesmeni, bankir. Əlimərdan bəyin onun Qafqazla
bağlı hansısa layihəsində iştirakını
ehtimal etmək mümkündür - V.Q.)
gördüyümüz işdən gələn cüzi
ayırmalar da kəsildi. Beləliklə, yaşamaq
üçün zəruri olan bütün vasitələri
itirdim. 1929-cu ilin sonuna doğru mənzil kirayəsinə və
nisyə götürdüyümüz ərzağa görə
xeyli borc yığıldı. 1930-cu ilin ilk aylarında həmin
borcun miqdarı daha da artdı. Ailə üzvlərim dayanmadan
işləyirdilər (tikiş, toxuma, trikotaj və s.). Lakin əldə
olunan qazanc 13 nəfərdən ibarət külfətin xərclərinin
yalnız bir hissəsinə çatırdı. Miqdarı o qədər
də böyük sayılmayacaq xüsusi istiqraz təhlükəni
bir qədər uzaqlaşdırdı. 1930-cu ilin ikinci
yarısı ödəmələri müəyyən vaxtadək
təxirə salmaqla bağlı məhkəmələrdə
keçdi. Varşavadan bildirirdilər ki, aldığım
yardım əvvəlki kimi yenə də ödənilir, lakin
pul bu dəfə əlbəəl deyil, ümumazərbaycan kassasına
verilir. Bizim müxalifət nümayəndələri ilə
nadir görüşlərimdə vəziyyəti başa
salır, kömək göstərməyi xahiş edirdim. Belə
müraciətləri mənim yerimə Ceyhun bəy (Ceyhun bəy
Hacıbəyli - V.Q.) də edirdi. Lakin bir faydası dəymirdi.
R.Z.(Məhəmməd Əmin Rəsulzadə nəzərdə
tutulur - V.Q.) burada olanda mənimlə
görüşmədi. Acınacaqlı durumdan çıxmaq
üçün göstərdiyim bütün cəhdlər səmərəsiz
qaldı. Vəziyyət isə get-gedə mürəkkəbləşir,
daha da ağırlaşırdı. Borclar heyrətamiz sürətlə
artırdı. Yenə də məhkəmə, qərarın
icrası üçün gələn məhkəmə
pristavı, polis komissarı, mənzili boşaltmaq tələbi,
özümüz çıxmasaq, məcburi qaydada
köçürəcəkləri ilə bağlı hədə-qorxu...
Müəyyən vaxta qədər möhlət
almağıma zamin duran xeyirxah bir fransız tapıldı.
Bizimkilərə yeni müraciət də bir nəticə vermədi...
Burada və başqa yerlərdə müxtəlif şəxslərdən
50 min franka qədər alacağım var, amma heç kim borcu
qaytarmaq barədə fikirləşmir. İndi İstanbulda
yaşayan və mənə 2 min frank borcu olan Pşemaxo Kotsev
(1919-cu ildə Şimali Qafqaz Dağlı Respublikasının
baş naziri, siyasi mühacir - V.Q.) də onların
sırasındadır. Nə isə... 1931-ci ili də çox
acınacaqlı vəziyyətdə qarşıladıq.
Borclar daha da artmışdı, verilən bütün möhlətlərin
vaxtı çoxdan ötmüşdü. Hər gün ailəmlə
birlikdə küçəyə atılacağımı
gözləyirəm. Amma hər şeydən də aydın
göründüyü kimi, bunun heç kəsə
isti-soyuğu yoxdur. Fəqət, başıma gələnlər
barədə sizə yazıram... Səhv və
günahlarım nə qədər böyük olsa da, məni
belə ağır, böhranlı vəziyyətdə tək
qoymaq olmazdı, maddi baxımdan bu cür dilənçi
kökünə düşməyimə imkan vermək insafdan
deyildi. Əvvəl gərək mənə yardım göstərəydilər,
sonra mühakimə edəydilər...
Əminəm
ki, siz heç zaman mənə belə amansızcasına
yanaşa bilməzdiniz, yanaşmazdınız. Və indi
ehtiyacın girdabında boğulduğumu biləndən sonra
fikrimcə, köməyimə gələn də siz
olacaqsınız. Sizdən heç nə gizlətmədim,
indiki vəziyyətimlə bağlı hər şeyi
olduğu kimi yazdım. Əlbəttə, şəxsən
imkanınız çatdığını bilsəydim,
borclarımı ödəmək üçün sizdən
filan qədər pul göndərməyi, yaxud ərkiniz
çatan bir nəfərdən mənim üçün
heç olmazsa, min lirə borc almağı xahiş etməkdən
utanmazdım. Amma bu mümkün olan işdirmi? Təəssüf
ki, heyhat! Deməli, yeganə
çıxış yolu kimi mənim də payımın
olduğu ümumi kassa deyilən son istinadgah qalır. Ona
görə də bir dost kimi həmin
kassadan mənə çatacaq məbləği almaq
üçün bütün imkanlarınızı işə
salmağı, bacardığınız qədər təsir
göstərməyi sizdən xahiş edirəm. Əgər
orada mənimlə bağlı hansısa şübhələr
varsa, qoy o zaman ən
ağır və təcili borclardan qurtarmaq üçün
istisna kimi sonra geri qaytarmaq şərti ilə bir qədər
pul versinlər. Ümumi şəkildə yazıram,
çünki kassanın vəziyyətindən və
statusundan xəbərim yoxdur. Ən azı ümumi kassadan borc
götürmək kimi bir çıxış yolunu isə
ona görə şəxsimə rəva bilirəm ki, diqqəti
ehtiyac, həm də son dərəcə dəhşətli
ehtiyac içində yaşadığıma çəkə
bilim, özümü və ailəmi başımızın
üstündə dolaşan fəlakətdən qurtara bilim.
Çünki kimsənin mənim belə dəhşətli fəlakətə,
müsibətə düşməyimdə maraqlı
olacağını təsəvvürümə gətirə
bilmirəm...
Şəxsimə
göstərilən və əsla haqq etmədiyim münasibət,
fikrimcə, indiki vəziyyətim,
mövqeyim haqda məlumatsızlığın, birtərəfli
və qeyri-ciddi yanaşmanın nəticəsidir. Mövcud
maddi çətinliklərim bir qədər yüngülləşən
kimi bütün bu məsələlərə aydınlıq
gətiriləcək.
Dünyada
heç bir şeyin məni artıq bir dəfə iman gətirdiyim,
qəbul etdiyim prinsiplərdən əl çəkməyə
vadar edə bilməyəcəyinə sizi inandırmağa
ehtiyac varmı? Prinsiplərim xalqın maraqlarına sədaqətlə
xidmətdir, hər kəsi ümumi iş ətrafında birləşdirmək
cəhdidir; təşəbbüsümə
qoşulmayanları, mənimlə bir sırada
olmayanları ittiham etmək
fikrindən uzaq durmaqdır.
Nə irəliləyən
yaş, nə xəstəliklər, nə ehtiyac məni
ümumi işə xidmətdən kənarlaşdıra bilməz.
İndiyədək qüvvəmin imkan verdiyi qədər,
yaxamı heç bir məsuliyyətdən kənara çəkmədən,
hər hansı səhvimi pərdələmədən həmin
işin öhdəmə düşən və düşəcək
qismini görmüşəm. Bundan sonra da görməyə hazıram. Yalnız bir qeyd-şərtim
var - onu da hələlik tək sizə bildirirəm: mən də
xatirələrimi dilə gətirmək, əlimin
altındakı mövcud materiallardan yararlanıb "memuarlarımı" yazmaq istərdim.
Orada bütün fəaliyyətim boyu
qarşılaşdığım, müşahidə etdiyim
çoxlu maraqlı məqamlar olacaq. Bu işi görməkdən
ötəri tənha bir guşəyə,
məsələn, həmişə çox xoşuma gələn
Böyük adaya (Çağdaş Türkiyədə Uzun
ada kimi də tanınır, İstanbul
yaxınlığında, Mərmərə dənizində
yerləşir. Tarixən əsas etibarı ilə yüksək
təbəqənin istirahət yeri kimi tanınırdı -
V.Q.) getmək istərdim... Amma heyhat,
keçmiş komissara (1920-1923-cü illərdə
İ.V.Stalinin rəhbərlik
etdiyi Millətlərin işi üzrə PSFSR Xalq
Komissarlığında çalışmış Məhəmməd
Əmin Rəsulzadə nəzərdə tutulur - V.Q.) nəsib
olan belə yerlər məndən - qoca və atəşin
türkçüdən ötrü əlçatmazdır.
Əlbəttə, hələlik ortalıqda olmayan memuarlar da
ümumi işimizə fayda gətirə bilərdi. Onları
yazıb bitirəndən sonra isə mən ümumazərbaycan
davasının sıralarında yerimi alardım.
Beləcə,
özüm, işlərim, vəziyyətim haqda sizə uzun
illərin sınağından çıxmış bir dost açıqlığı və
səmimiyyəti ilə danışdım. Axı mənim nəzərimdə
siz də belə dostsunuz. Hiss edirəm ki, artıq məktub
çərçivəsindən kənara
çıxıram. Lakin peşiman deyiləm. Çünki hətta
indiki kədərli vəziyyətinizdə də daxilimi
didib-parçalayan maddi sıxıntı əzablarına diqqətsiz
qalmayacağınıza və verdiyimiz dəhşətli
qurbanlar naminə köhnə dostunuzun köməyinə
yetişməyə çalışacağınıza
inanıram. Sizdən bu köməyi gözləyirəm. O nə
qədər tez olsa, indiki
çıxılmaz vəziyyətimi də bir o qədər
tez düzəldə bilər.
Özümün,
Pəri xanımın və uşaqlarımın
hamısının adından sizə və Suad xanıma səmimi
salamlarımı göndərirəm. Sizə ürəyiniz
istəyən rifah, qüvvə və gümrahlıq
arzulayıram.
Sizə dərin
hörmət bəsləyən
Əli Mərdan Topçu
Rus dilindən tərcümə edən:
Vilayət Quliyev
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.4-5.