Görkəmli ədəbiyyatşünas

və fədakar mətnşünas

 

Azərbaycan ədəbiyyatşünaslıq elminin XX əsrin əvvəllərindən başlanan sistemli inkişafı toplama, tərtibçi-mətnşünaslıq, tədqiqatçılıq, problem-nəzəri şərh və s. kimi mərhələlərdən keçmişdir. Milli Elmlər Akademiyasının müxbir üzvü Əliyar Səfərli görkəmli ədəbiyyatşünas alim, fədakar tərtibçi-mətnşünas və bacarıqlı elm təşkilatçısı kimi Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına özünün qiymətli töhfələrini vermişdir. Onun sanballı elmi əsərləri milli ədəbiyyatşünaslıq elmini zənginləşdirmiş əhəmiyyətli tədqiqatlardır. O, ədəbiyyatşünaslıq elminin tarixində qalan, mənbəyə çevrilən sanballı elmi əsərlərin müəllifi idi.

Görkəmli ədəbiyyatşünas alim kimi Əliyar Qurbanəli oğlu Səfərlinin (1937-2017) məxsusi özünəməxsusluğu onun həyatını bütünlüklə ədəbiyyatşünaslıq elmində ən çətin və məsuliyyətli dövrlər hesab edilən Azərbaycan ədəbiyyatının qədim dövr və Orta əsrlər mərhələlərinə həsr etməsi ilə əlaqədardır. Əliyar Səfərli ədəbiyyat tarixinin digər sahələri ilə yanaşı, xüsusi çətinlikləri olan Azərbaycan klassik ədəbiyyatının fədakar və ardıcıl tədqiqatçılarından biridir. Azərbaycan klassik ədəbiyyatının akademik Həmid Araslı, müxbir üzv Azadə Rüstəmova və professor Mirzəağa Quluzadə kimi mötəbər tədqiqatçılarından sonrakı dövrünün ən məhsuldar tədqiqatçısı olan Əliyar Səfərli sələflərinin ən yaxşı ənənələrini davam etdirərək bu məsuliyyətli dövrlərin araşdırılmasına sanballı elmi əsərlər həsr etmişdir.

Ərəb-fars dillərini mükəmməl bilən Əliyar Səfərlinin Azərbaycan ədəbiyyatı klassiklərinin zəngin ədəbi irsini, bədii mətnlərin dərin qatlarını, daxili dünyasını diqqətlə araşdırıb öyrənməsi və elmi-nəzəri cəhətdən obyektiv şəkildə qiymətləndirilməsi əsasında dəyərləndirməsi onun ədəbiyyatşünaslıq elmindəki özünəməxsus yerinimövqeyini müəyyənləşdirir. Bu mənada təkcə mətnşünaslıq nümunəsi olan tədqiqatlarında və ilk dəfə orijinal mətnlərini üzə çıxarıb nəşr etdirdiyi kitablarda deyil, elmi-tədqiqatçılıq fəaliyyətinin bütün istiqamətlərində Əliyar Səfərli mətnşünas dəqiqliyinə üstünlük vermişdir. Sözün geniş mənasında Əliyar Səfərli mətnşünas ağırlıqlı ədəbiyyatşünas alimdir. Daha dəqiq desək, Əliyar Səfərli ədəbiyyatşünaslıqla mətnşünaslığın üzvi əlaqəsinə, vəhdətinə nail olmağı bacarmış görkəmli tədqiqatçıdır. Məsələ bundadır ki, Əlyar Səfərli Azərbaycan klassik ədəbiyyatı nümunələrindən, bədii əsərlərdən və ümumiyyətlə, yaradıcılıq proseslərindən bəhs edərkən də, konkret ədəbi mətni araşdırarkən də eyni səviyyədə professionallıq göstərmişdir. Elmi cəhətdən qiymətləndirmələrində konkret bədii mətndən, əsərin obyektiv daxili məntiqindən çıxış etdiyi üçün Əliyar Səfərlinin nəzəri qənaətləri real və inandırıcıdır. Eyni zamanda, bədii mətnin faktları və hadisələrinə də təsvirçilik nöqteyi-nəzərindən deyil, elmi-nəzəri  baxımdan dəyərləndirmə mövqeyindən yanaşdığına görə onun mətnşünaslıq irsi  ciddi ədəbiyyatşünaslıq faktına çevrilir. Bütün bunlar AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin ümumiyyətlə ədəbiyyatşünaslıq elmindəki , o cümlədən də klassik ədəbiyyatın tədqiqatçıları arasındakı fərqli simasını müəyyən edir, xidmətlərinə işıq salır.

Qədim dövrOrta əsrlər ədəbiyyatına müraciət edərkən Əliyar Səfərli Azərbaycan klassik ədəbiyyatının az öyrənilmiş, bir çox hallarda isə naməlum qalmış qatlarının üzə çıxarılıb öyrənilməsinə, tədqiq edilib dəyərləndirilməsinə həmişə xüsusi diqqət yetirmişdir. Alimin "Məsihi və onun "Vərqa və Gülşa" poeması mövzusunda 1966-cı ildə böyük uğurla müdafiə etdiyi namizədlik dissertasiyası adı çəkilən şairə həsr olunmuş ilk tədqiqat əsəri kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycan elmi ictimaiyyəti bu unudulmuş böyük sənətkarı birinci dəfə Əliyar Səfərlinin monoqrafiyası və məqalələri sayəsində yaxından tanımaq imkanı qazanmışdır. "Məsihi" monoqrafiyası Azərbaycan ədəbiyyatının tanınmış klassiklərinə həsr olunmuş ilk ümumiləşmiş elmi əsər kimi mühüm əhəmiyyət kəsb edir. Ciddi elmi araşdırmalardan yoğrulmuş bu sanballı elmi əsəri ilə o, Məsim Şirvaninin obyektiv elmi portretini yaratmaqla bərabər böyük sənətkarın ədəbiyyat tarixindəki yerinimövqeyini müəyyən etmişdir. Tərəddüd etmədən demək olar ki, Əlyar Səfərlinin "Məsihi" monoqrafiyası uzun illər adı və yaradıcılıq fəaliyyəti arxa planda qalmış bu şairin elmi pasportuna çevrilmişdir.

Görkəmli ədəbiyyatşünas alim Əlyar Səfərlinin "XVII-XVIII əsrlər Azərbaycan epik şeiri" probleminin həllinə həsr olunmuş doktorluq dissertasiyası (1983) və eyniadlı monoqrafiyası (1982) Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən biridir. Əlyar Səfərli bu genişhəcmli sanballı əsərində həmin dövrdə yaşayıb-yaratmış yalnız adları bəlli olan və əsərləri ancaq əlyazmaları şəklində qalan onlarla şairin həyatı və yaradıcılığına dair tərcümeyi-hal göstəricilərini və onların naməlum bədii əsərlərini tapıb üzə çıxarmış və sistemli tədqiqatın təhlilindən keçirmişdir. Bu əsərdə göstərilən dövrün poeziyası ilə yanaşı, nəsr əsərləri də ilk 2 dəfə olaraq üzə çıxarılmış, təhlil edilib ümumiləşdirilmişdir.

XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatını təmsil edən bir çox şairlər məhz Əliyar Səfərlinin fədakarlıq nümunəsi olan tədqiqatları sayəsində ədəbiyyat tarixinə gətirilmiş və obyektiv elmi mövqedən qiymətləndirilmişdir. Eyni zamanda, klassik epik şeirin poetikası, sənətkarlıq xüsusiyyətləri də Əliyar Səfərli tərəfindən yüksək nəzəri səviyyədə şərh edilmişdir. Həmid Araslının "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı" dərsliyindən sonra Əliyar Səfərlinin "XVII-XVIII əsrlər Azərbaycan epik şeiri" monoqrafiyası ədəbiyyat tariximizin bu dövrünün müstəqil bir inkişaf mərhələsi olduğunu müəyyən etməyə əsas verir. O, XVII-XVIII əsrlərdən Azərbaycan ədəbiyyatı tarixinin xüsusi bir dövrü kimi bəhs etmək vəzifəsini qarşısına məqsəd qoymasa da, dövrləşdirmə baxımından bu ədəbi-tarixi mərhələyə dair araşdırmaları ilə məntiqi mənada həmin fikri təsdiq etməyə imkan yaradan əsaslı tədqiqatları diqqət mərkəzinə çəkmişdir.

Professor Xəlil Yusifli ilə  birlikdə yazıb nəşr etdirdikləri "Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı" dərsliyi klassik ədəbiyyatın bu mahir tədqiqatçılarının çoxillik elmi axtarışları nəticəsində meydana çıxmış sanballı kitabdır. Dərslik formatında hazırlanmış bu kitab əslində onun müəlliflərinin uzun illər ərzində apardıqları araşdırmaları əks etdirən qiymətli elmi-tədqiqat əsəridir. Bu, Azərbaycan ədəbiyyatşünaslıq elmində dərslik-tədqiqat formasında hazırlanmış dəyərli və orijinal əsərlərdən biridir. Yazıldığı və nəşr olunduğu (1982) vaxtdan uzun bir dövr keçməsinə baxmayaraq, indi də həmin dərslikdən həm ali məktəblərdə, həm də akademik qurumlarda mötəbər elmi mənbə kimi istifadə olunur. Buna görədir ki, Əliyar Səfərli və Xəlil Yusiflinin "Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı" dərsliyi ideoloji cəhətdən köhnəlməmiş, elmi əhəmiyyətini əsasən qoruyub saxlamışdır. Onun həmmüəllif olduğu orta ümumtəhsil məktəblərinin IX sinifləri üçün "Ədəbiyyat" dərsliyi də elmi yenilikləri və obyektiv yanaşmaları olan tədris vəsaiti kimi rəğbətlə qarşılanmışdır.

Mətnşünas kimi Əliyar Səfərli təkbaşına böyük bir kollektivin işini görmüşdür. O, "Dastani-Əhməd Hərami", "Şəhriyar" dastanı ilə bərabər, Məsihi, Əmani, Qazi Bürhanəddin və başqa şairlərin əsərlərinin orijinal mətnlərini üzə çıxarıb, transliterasiyalarını hazırlayıb, hər biri ciddi elmi-tədqiqat nümunəsi olan müqəddimələrlə nəşr etdirmişdir. Mətnlər və müqəddimələr bir yerdə konkret sənətkar haqqında ümumiləşmiş elmi  təsəvvürlərin canlandırılmasına xidmət göstərmişdir.

Ömrünün müdrik çağında nəşr etdirdiyi "Divan sözlüyü" kitabı obrazlı mənada Əliyar Səfərlinin çoxillik elmi-tədqiqatların ümumiləşmiş yekununu əks etdirən elm yönlü divanıdır. Bu əsər  onun müəllifi olan görkəmli elm xadiminin geniş elmi dünyagörüşünü, zəngin təcrübəsini, yüksək tədqiqatçılıq təcrübəsini nümayiş etdirir. Bu əsərlə Əliyar Səfərli klassik şeirə aid olan divan anlayışını ciddi çəkildə elmə gətirmişdir.

Böyük ədəbiyyatşünas alim Əliyar Səfərlinin Bakı Dövlət Universitetindəki səmərəli pedaqoji fəaliyyəti tələbələrinin gözündə onun yaxşı müəllim kimi də obrazını formalaşdırmışdır. O, BDU-nun filologiya fakültəsində "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasına rəhbərlik etdiyi illərdə (1986-1994) elmi-tədqiqatçılıq işini pedaqoji fəaliyyətlə əlaqələndirməklə yeni nəsil ədəbiyyat müəllimlərinin və tədqiqatçı filoloqların formalaşmasına bacardığı qədər xidmət göstərmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əliyar Səfərli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışarkən klassik ədəbiyyat haqqında fundamental elmi tədqiqatların meydana çıxmasına uğurla rəhbərlik etmişdir. Yeni elmi nəslin hazırlanıb inkişaf etdirilməsində də Əliyar Səfərli səmərəli fəaliyyət göstərmişdir. Elmi rəhbər, rəsmi opponent, rəyçi və redaktor kimi Əlyar Səfərlinin elm tariximizdə unudulmaz xidmətləri vardır. 

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi də Əliyar Səfərli ölkələrarası əlaqələrin inkişaf etdirilməsində əməyini əsirgəməmişdir.

Görkəmli ədəbiyyatşünas alim və fədakar mətnşünas, tanınmış elm təşkilatçısı, elm tariximizdə dərin izləri qalan Əliyar Səfərlinin xatirəsi unudulmazdır. Onun sanballı elmi əsərləri yeni nəsil tədqiqatçılar üçün mötəbər mənbələrdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əliyar Səfərlinin yetirmələri elmipedaqoji sahədə onun böyük işini uğurla davam etdirirlər. Bu yolla həm də onun adı və elmi ideyaları yaşadılır.

 

3 dekabr 2017-ci il

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 dekabr.- S.7.