Pablonun "Avinyon
qızları"
İncəsənətdə
modernizm 100 yaşındadır, çünki Pablo Pikassonun
"Avinyon qızları" adlı rəsm əsərinin
artıq 100 yaşı var. 1907-ci ildə Titanik hələ
batmamışdı, kino Bur müharibəsinin titrəyən
kinoxronikasından ibarət idi, "Antarktikalı" Skott hələ
həyatda idi və Rayt qardaşları aktiv uçuş
ixtiralarını təbliğ etmək üçün
Avropaya səfər etmişdilər. San-Fransisko hələ də
öncəki ilin zəlzələsinin sarsıntısı
altında idi. Ancaq anarxiya və
kabarenin yarandığı yerdə - Parisin Monmartr təpəsindəki
rəssam və yazıçıların basırıq,
uçuq-sökük evlərdən ibarət studiyalarında,
25 yaşlı ispan mühaciri müasir incəsənətin
ilk və ən böyük şedevrini yaradırdı.
Pikasso,
sonradan "Avinyon qızları" olacaq ilk eskizlərini
1906-1907-ci illərin qışında çəkmişdi. Nəhayət
ki, yayın əvvəlində 8 futluq kvadratşəkilli kətanını
yaratmazdan əvvəl o, öz ideyalarını intensiv şəkildə,
Leonardo və ya Jerikonun böyük akademik layihələrinə
bənzəyən, düşünülmüş və
planlaşdırılmış bir proqramda inkişaf etdirirdi.
Bu rəsm reallığın təbiətini Pikassonun müasiri,
Albert Eynşteynin fizikası qədər dərindən dəyişdirdi.
Bu, üzərində
düşünülməyə dəyər bir yüzillikdir.
Bu, yalnız bir rəsm əsərinin tarixində 100 il deyil, həm
də modernizmin 100 ilidir. "Avinyon qızları"
keçmişi və gələcəyi ayıran
çatdır, qırılma nöqtəsidir. Kultural
baxımdan, XX əsr 1907-ci ildə başlamışdır.
Ali modernizmin digər əsərlərinin tarixini nəzərdən
keçirək. Musiqidə, Şönberqin
"İntizar"ı 1909-cu ildə bəstələnmişdir
və Stravinski "Bahar mərasimi"nə 1910-cu ildə
başlamışdır. Ceyms Coys 1914-cü ilə qədər
"Uliss" üzərində işləməyə
başlamamışdı və o zamana qədər Pikasso
artıq kubizmin son mərhələlərində idi.
Müasir
incəsənətin ilk nümunələri kimi bir çox
başqa əsərlərə haqq qazandıra bilərsiniz. Bəziləri
deyərdilər ki, o, Manenin 1863-cü ildəki qalmaqallı
çılpaq "Olimpiya"sı ilə
başlamışdır. "Olimpiya"dan sonra, XIX əsrin
sonu və 1900-cü illərin əvvəlləri, məhz Pikassoda olan eyni seksual sfera ilə
bağlı təhrikedici sənət əsərləri ilə
boldur: Munkun "Madonna"sı, Klimtin "Afina
Pallada"sı, Zolyanın romanları... Bu kontekstdə, iddia
edə bilərsiniz ki, "Avinyon qızları", əslində,
geridəqalmış, qeyri-orijinal sənət əsəridir,
XIX əsrin ən böyük klişelərinin təkrar
emalıdır - ekzotik interyerlərdə
atılıb-düşən "sərbəst
qadınlar". Beləliklə, bu şəkildə yeni olan,
bu qədər radikal olan nədir?
Beş
çəhrayı bədənli qadın
gümüşü və mavi pərdələrə
dolaşmışlar. Onlardan ikisi sinələrini
qabartmış halda, iri qara gözləri ilə sizə
baxaraq qollarını yuxarı qaldıraraq
dayanmışdır. Digər üçü
maskalıdır: biri şəklin solunda profildə dayanan
qalın qəhvəyi taxta, üz simulyakrında; sağda
ikisi Afrika maskalarında, onlardan biri
diş-diş edilmiş pərdə arxasından
boylanır, digəri isə zərli parçalar arasında
çömbəlib. Boşqabda, açıq-aydın simvolik
mənalı meyvələr toplusu var: testikulyar üzümlə
bir dilim qovun, bir alma və armud. Bu nü rəsmidir, burada əyri
cizgi görmək demək olar ki, mümkün deyildir - dirsəklər
bıçaq kimi itidir, bel və budlar həndəsi siluetlərdir,
sinələr üçbucaqdır.
Rəsm
ilk baxışdan kvadratdır (əslində, onun
hündürlüyü enindən
bir neçə santimetr daha çoxdur), bu xüsusiyyət,
sizə məkan və simmetriyanı izləməyə imkan
verir. Daha doğrusu, düzbucaqlılıq, sizi heç vaxt
öz canlılığını itirməyən bu əbədi
hərəkət maşınına baxmağa səy göstərməyə
vadar edir.
Pikasso
daha əvvəl heç bir rəsm üzərində işləmədiyi
halda, "Avinyon qızları" üzərində
çalışmışdı. Bir sənətşünas
hətta iddia edirdi ki, onun altı aylıq yetişmə
dövründə yaradılan yüzlərlə rəsmlər
və təsvirlər "yalnız Pikasso
yaradıcılığında deyil, bütün incəsənət
tarixində tək bir şəkil üçün
görülən hazırlıq işlərinin misilsiz
sayına görə yeganəlik" təşkil edir. Əlbəttə
ki, bu sözlər rəssamların ənənəvi olaraq
dahiyanə rəsm əsərləri və freskalara sərf
etdiyi əməyi düzgün ifadə edir. Pikasso bilirdi ki, nə
isə vacib, hətta inqilabi bir şey edir- ancaq nə?
O, bordel səhnəsi
ideyası ilə başlamışdı. Rəsmdə bir
kişi müştərinin, bir dənizçi və ya rəssamın
özünün olması nəzərdə tutulmuşdu. Bu,
müasir Paris həyatının Tuluz-Lotrekdən və ya
bütün digər utanmazcasına gerçəkçi
"müasir həyat rəssamları"ndan çox da uzaq olmayan, şokedici bir
parçası olardı. Ancaq siz Nyu-Yorkun Müasir incəsənət
muzeyində "Avinyon qızları" qarşısında
dayananda bunlardan heç biri barədə
düşünmürsünüz və ya bu əlaqələrdən
heç birini qurmursunuz.
Bu, hətta
əsərin reproduktivində də keçərlidir. Bir təcrübə
keçirin. Düz "Avinyon qızları"na baxın və
onun mənasını təxmin etməyə
çalışın. Bacarmazsınız. Siz heç vaxt
güman edə bilməzsiniz ki, bu, beş qadının rəsmidir,
hələ onların fahişə olduqlarına qərar vermək
bir yana qalsın və ya o kişi qorxularını əks
etdirir, yaxud da adətən, obrazları sözlərə
çevirdiyimiz hər hansı düzgün yola vara bilməzsiniz.
Onu şərh etmək üçün, siz
baxışınızı çəkməlisiniz, ya da diqqətinizi
dağıtmalısınız. Əslində, rəsmə
baxmaq daim bir aspektdən digərinə keçmək deməkdir;
o, heç vaxt sizə qəti bir fikir üzərində
dayanmağa imkan vermir.
İlk
növbədə, bu, baxış haqqında bir şəkildir.
Pikasso, mərkəzi fiqurun avtoportret səlahiyyətində
olan böyük asimmetrik gözləri ilə cəsarətlə
sizi süzür. Maraqlıdır ki, biz Leonardonun və ya
Marsel Düşanın yaradıcılığında
transvestit avtoportretlərini görməyə öyrəşmişik,
lakin biz Pikassonun karikaturaları vasitəsilə aldanaraq bu əsəri
nadir hallarda eyni cür qavrayırıq. Onun 1907-ci ildə
çəkdiyi rəsm sizi qəzəbli nifrətlə
süzən sənət əsəridir.
Afrikan
maskalarında Pikassonu valeh edən xüsusiyyət ən sadə
şey idi: onlar sizi maskalayırlar, sizi nə isə başqa
bir şeyə - heyvana, iblisə, Tanrıya çevirirlər.
Modernizm maska taxan incəsənətdir. O, nəzərdə
tutduğu mənanı demir; bu, pəncərə deyil,
divardır. Pikasso bu mövzunu məhz ona görə
seçmişdi ki, o, klişe idi: o göstərmək istəyirdi
ki, incəsənətdə orijinallıq süjet-tematikada və
ya əxlaqda deyil, forma
ixtiraçılığındadır. Bax buna görə də,
"Avinyon qızları"nı
bordellər, fahişələr və ya müstəmləkəçilik
"haqqında" rəsm əsəri kimi görmək
doğru deyildir. XVIII və XIX əsrin incəsənətinin
böyük, acınacaqlı faciəsi onda idi ki, o
Mikelancelonun parlaqlığı ilə müqayisədə
yaradıcılıq aktını nəzərdən
qaçırmışdı. Pikassonun səs-küyə səbəb
olan yeniliyi budur. İncəsənətdə modernizm məhz,
formanın məzmun üzərindəki bu qələbəsini
nəzərdə tuturdu.
Bu, o demək
deyil ki, o, dünya ilə bağlarını
qırmışdır. "Avinyon qızları" daha
dünyəvi, daha kəskin təsirə malik ola bilməzdi -
nəticədə, o, sekslə doludur. Bu, deyək ki, Klimtin əsərlərindəki
seksuallıqla heç bir bənzərliyi olmayan
seksuallıqdır. Eyni dekadent mühitdə ortaya
çıxmasına baxmayaraq, o, əsrin sonundakı rəssamlardan
heç birinin ağlına gəlməyən şeyləri
edir. Pikasso bu əsərində kubist şəkillərində
açıq şəkildə ortaya qoyduğu kəşfləri
qabaqlayır: o, öz bədən siluetlərini heç bir
işə yaramayan məkanda yastılamaqla, demək olar ki, 500
illik Qərbin perspektiv ənənəsini məhv edir. Məhz
bu vizual zorakılıq onu erotizmindən azad edir,
çünki o, istənilən mənanı və ya təhkiyəni
silir. İstəyin bu cür böyük miqyasda
açıqlanması xristian mədəniyyəti bir kənarda
qalsın, incəsənətdə görünməmiş
hadisə idi. Birinci Dünya müharibəsindən sonra Andre
Breton Pikassonun emalatxanasına gəldi, "Avinyon
qızları"nı gördü və onu qeyd-şərtsiz
müasir şedevr olaraq qəbul etdi. Sürrealistlərin
lideri Breton bu əsərdə şüuraltının inqilabi
təhlükəsini gördü və o, haqlı idi.
Hətta
artıq təsviri incəsənətə ibadət edilməyən
indiki dünyada belə, bu rəsmin tayı-bərabəri
yoxdur. O, rəssamlığın sonunu qabaqcadan görür,
Pikassonun geri çəkilməli olduğu kultural
destruksiyaları məmnuniyyətlə seyr edir. Burada Dada,
Marsel Düşan və pankı ehtiva edən nə isə
anarxist və amansız bir şey var.
Beləliklə,
bir yüzillik. Əgər müasir incəsənət sizi
maraqlandırırsa, bu onun yüzüncü
ildönümüdür. İncəsənət əsərləri
gec, ya tez, sonda ağırlaşır, hörmətli olur.
Lakin 100 il keçdikdən sonra Pikasso hələ də o qədər
yeni, o qədər həyəcanvericidir ki, onu şedevr
adlandırmaq həqarət olardı.
Conatan CONS
İngilis dilindən tərcümə
edən: Günay Rzalı
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.9.