"Xoşbəxt olmaq
istəsəm"...
Dekabr
ayı qəribə də olsa, mənə dəmiryol
vağzalını xatırladır. Qatarların biri gəlir,
o biri isə yavaş-yavaş çəkilib gözdən
itir. Gözdən itən qatar bizdən sanki nəyi isə
aparır, yerində ayrılıq havası əsməyə
başlayır.
Dekabr
ayı mövsüm dəyişkənliyi ayıdır,-
payız yerini qışa təhvil verir. Bu il qış (21
dekabr) öz mübarək qədəmini (Şamaxı
Astrofizika rəsətxanasının şahidliyinə görə)
saat 20:27 də torpağımıza basdı.
21 dekabr həm də unudulmaz
şair Adil Mirseyidin doğum günüdür. Yox, düz demədim.
Yola saldığımız bu
ilin bu son ayı (dəyərli dostum Azər Turanın
xatırlatması ilə) Adilin 65 yaşı tamam olur. Yaşasaydı, yubleyini
qeyd edəcəkdi, özü də təzə mənzilində...
Adil Mirseyid haqqında düşünəndə
nədənsə həmişə
gözlərimin qarşısına
nə vaxtsa fəsil-fəsil yazılmış
bir romanın arxivdən tapılmış
qeydləri gəlir. Bir gün yada düşür,
yazdıqlarını təzədən
ayrı-ayrı kağız
parçalarından, kirbit
qutusunun üstündəki
çətin oxunan sözlərdən tikə-tikə,
sətir-sətir yığıb
bərpa etmək istəyirsən...
Adili gözlərim
axtarır. Saysız-hesabsız görüşlərimiz olub. Ağdaşda hal-hazırda yaşadığım
ata ocağında gecələr səhərəcən
yatmayıb etdiyimiz söhbətləri xatırlayıram.
Adil o şairlərdəndir
ki, öz həyatını şeirlərində
yaşayıb. Gündəlik yaşam vərdişləri,
psixoloji ab-hava, fərqli əhval, ovqat və hətta
belə demək mümkünsə, nəbzinin
döyüntüsünü də (axı onun fiziki sarsıntıları
o qədər çox
olub ki) şeirlərindən duymaq
olar.
...həyəcanlanmış Ay işığıtək
əlini sinəmə
qoy
gör necə vurur ürək.
və yaxud:
... ay gedir çin
olur yarımçıq
yuxum,
ay gedir oyanır bədəndə ruhum
... ay gedir bir
söz çıxmır
dilimdən.
ay gedir ürəyim düşür əlimdən.
O, bütün sevincini, kədərini misraların
arasında yaşayıb.
Bilmirəm belə deməkdə
(yazmaqda) nə qədər haqlıyam - şeirlərindən aldığı,
şeirlərində yaşadığı
həzzi ömür boyu heç hardan, heç kimdən almayıb.
Bir vaxtlar görkəmli yazıçımız Elçin
yazırdı ("Elitar
poeziya") "bu poeziya - obrazlar poeziyasıdır..." İçimdən
bir sual boylanır...doğrudanmı
şair xoşbəxtliyidir,- görmək istədiyinin, duymaq istədiyinin obrazını
yaradıb oraya, o obraza sığınmaq? Sualı açıq qoymuram, yəni heç kimə ünvanlamıram.
Sadəcə yaşanan həyatın
(həzin və iztirabların) ironikliyinə
acı-acı gülməklə
təsəlli tapıram.
Allah xatirinə özünüz
fikir verin…
... yuxuda səni
gördüm,
Notrdam kilsəsində
elə bildim Parisdəyəm
... bu gün
dünya gözəldi,
bu gün heç kim boğulmayıb
Sena çayında
... üç yol
ayrıcındayam
hardasan dostum Van Qoq...
Adilin sağlığında və
ayrılığında nəşr
olunan kitabların, demək olar ki, hamısı məndə var. Özünün
dəst-xətti ilə yazdığı
avtoqrafların birində
belə bir
"P.S." var - "Xoşbəxt
olmaq istəsən - ol!" Eh, qardaşım,
xoşbəxtlik öz
əlimizdədirmi? İnanıram:
O, xoşbəxtliyin ünvanını
bilirdi. Elə ona da inanıram ki, bizi tərk edib getdiyi yerdə
(bir tək Yaradana məlum) indi o, şad-xürrəm,
xoşbəxtlik içində
ömür sürür.
P.S. Dekabrın 21-i ilin ən qısa günü, ən uzun gecəsidir. Gecənin bu gec saatında
masa arxasında qaraladığım qeydlərə
baxıram. “Baxıram” deyirəm, əslində, "Qurani-Kərim"dən
əzbərlədiyim ayələrdən
pıçıldayıram. Fudzi dağında bulud kimi (Aydın
Talıbzadə) dolaşırsa,
dörd mövsümə
eyni anda at çapa bilirsə, Senanın körpüsündə
oturub 7-8 metr aşağıdan axan çaya ayaqlarını sallaya (!) bilirsə, mənim oxuduğum dualar da ruhuna
əyan olar - bilirəm.
Ad günün mübarək,
qardaşım! Oxuduğum
dualarla birgə bu kiçicik şeiri də adına bağışlayıram:
Qara xəbərləri ilk
sığırçınlarmı qarşılar,
yoxsa elə Şopenin prelüdləritək
teleqraf dirəklərində
çırpına-çırpına qalar?
Qara sevdanın qoxusunu duydum
Ləki
vağzalının qələbəliyində
Adil Mirseyidə oxşadarkən
birini,
boyu, yerişi, eynəyi,
illah da barmaqlarının arasındakı
siqareti eyni,
təkcə gözlərinin
kədəri fərqli...
21 dekabr 2017
Fəxrəddin Əsəd
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.8.