Ziyalı mənəviyyatı - alim zəkası
80-ci illərdə
biz ədəbiyyatçıların çox sevdiyi
"Literaturnaya qazeta"da belə bir rubrika var idi:
"Müasirlər yazmasa...". Bu rubrika altında görkəmli
sovet ədibləri, tənqidçilər öz müasirləri
olan istedadlı yazıçı, şair və tənqidçilər,
həqiqi elm xadimləri barəsində portret-oçerklər
yazırdılar. Bu rubrika altında dərc olunan yazılar bir
neçə nəcib məqsədə xidmət edirdi: 1.
Dövrün istedadlı sənətkarlarını 15
respublikadan ibarət sovet xalqına tanıdırdı; 2.
Yaşadıqları zəmanənin ədəbi-tarixi prosesi və
ədəbi şəxsiyyətləri haqqında obyektiv fikir
formalaşdırırdı; 3. Hər ədəbi-elmi nəsil
öz tarixi missiyasını yerinə yetirmiş olur, nəsillər
arasında əlaqə itmirdi. Nəsillər arasında əlaqə
itəndə, hər nəsil öz vəzifəsini yerinə
yetirməyəndə tarixin yükü
ağırlaşır; 4. Nəhayət, dövrün
konyunkturadan uzaq, həqiqi ziyalıları bir-birini
yaxşı tanıyır, bununla da cəmiyyətdə "mənim,
sənin" söhbətləri aradan qalxır, cəmiyyətin
mənəvi-əxlaqi tarazlığı təmin olunurdu.
Bu gün
müstəqil Azərbaycanın əsas ədəbi
orqanlarından olan möhtərəm "Ədəbiyyat qəzeti"ndə
belə bir rubrikanın açılmasına əşədü-ehtiyac
vardır. Bu təriqlə də mən müasir ədəbi-elmi
mühitdə özünəməxsus mövqeyi olan,
özümdən on yaş kiçik, fəqət,
böyük nüfuza malik əməkdar elm xadimi, filologiya elmləri
doktoru, professor Hüseyn Həşimli barəsində bu
yazını qələmə aldım. Lap gənc ikən diqqəti
cəlb etmiş bu nəcib insan müasir dövrün ləyaqətli
ziyalılarından biri, fərqli zəkaya malik istedadlı və
zəhmətkeş alimdir.
Naxçıvan
Dövlət Universitetində çalışan, bu regionun ədəbi-filoloji
mühitində səmərəli fəaliyyət göstərən,
fəqət, regionçuluqdan uzaq milli-bəşəri
ideallarla yaşayan Hüseyn 1965-ci il avqust ayının 25-də
Culfa rayonunun Teyvaz kəndində anadan olub. Orta məktəbi
bitirdikdən sonra Naxçıvan Dövlət Universitetində
təhsil alıb (1982-1986). Burada dekan müavini (1998-2003), tədris
işləri üzrə prorektor (2003-2011) vəzifələrində
çalışıb. İlk məqaləsi tələbə
ikən - 1985-ci ildə çap olunub, 1998-ci ildə "Azərbaycan
ədəbiyyatında sentimentalizm" adlı namizədlik,
2011-ci ildə "Azərbaycan ədəbiyyatında Avropa mənşəli
lirik janrlar" mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. 30 kitabın, 300-dən artıq məqalənin müəllifi,
Azərbaycan Respublikasının əməkdar elm xadimidir
(2007). H.Həşimli əsərləri bir çox ölkələrdə,
rus, ingilis, türk, ərəb dillərində nəşr
olunmuş, məruzə və çıxışları ilə
Türkiyə, Rusiya, İran, Misir, Gürcüstan,
Bolqarıstan, Ukrayna, Qazaxıstanda tanınan, beynəlxalq səviyyədə
düşünən tərcüməçi və mətnşünas
alimdir. O, təkcə ədəbi-elmi mühitdə deyil, həm
də Muxtar Respublikanın ictimai-siyasi həyatında fəal
və səmərəli iştirak edir: 2005, 2010 və 2015-ci
illərdə Naxçıvan Ali Məclisinə deputat
seçilib.
Faktları
sadalayıb mətləbi xırdalamaq istəmirik, məqsədimiz
Hüseynin ziyalı mənəviyyatı, alim zəkasının
dəyərli bəhrəsi olan elmi əsərlərdən bəhs
etmək, onun bu sahədə özünəməxsus
uğurlarından və bu uğurların müstəqil Azərbaycanın
milli filoloji fikri üçün elmi-nəzəri əhəmiyyətindən
danışmaqdır.
1998-ci ildə
müdafiə etdiyi "Azərbaycan ədəbiyyatında
sentimentalizm" əsəri ilə H.Həşimli o vaxta qədər
bizim ədəbi-nəzəri fikirdə barəsində
söhbət getməyən sentimentalizm ədəbi cərəyanının
ədəbi-tarixi hüdudlarını və estetik prinsiplərini
müəyyənləşdirdi. Ədəbiyyatşünaslarımız
(o cümlədən bu sətirlərin müəllifi!) belə
hesab edirdilər ki, Azərbaycan ədəbiyyatında
"izm" - cərəyan səviyyəsində sentimentalizm
olmayıb, C.Cabbarlının "Mənsur və Sitarə"
hekayəsində, "Solğun çiçəklər",
"Vəfalı Səriyyə" əsərlərində,
A.Divanbəyoğlunun "Can yanğısı" povestində
yalnız sentimentalizmin əlamətləri var.
Hüseyn
XX əsr ədəbiyyatımızı diqqətlə
araşdırdı, unudulmuşları, totalitar sovet
ideologiyasının yasaq etdiyi imzaları, əsərləri
üzə çıxartdı və təsdiq etməyə
(bir qədər mübahisəli olsa da!) nail oldu ki, Azərbaycan
ədəbiyyatında sentimentalizm ədəbi cərəyanı
da mövcud olub.
Sentimentalizm
sevgisi Hüseyn Həşimlinin tədqiqatçı meylini
Avropaya yönəltdi: "XX əsr Azərbaycan ədəbiyyatında
yeni lirik janrlar" (2002), "Azərbaycan poeziyasında sonet
və terset" (2003), "Avropa lirik janrları və Azərbaycan
ədəbiyyatı" (2009), "Hüseyn Cavidin lirikası
və Avropa poetik ənənələri" (2012) kimi orijinal
tədqiqatın elmi-nəzəri məhsulu olan sanballı
monoqrafiyalar yazıldı. Az bir zaman kəsimində yaranan bu
kitablar Azərbaycan-Avropa ədəbi təmaslarının
yeni elmi şərhidir. Bu əsərləri həm də
qloballaşma hərəkatında mədəniyyətlərin
inteqrasiyası prosesinin nəzəri izahı kimi qiymətləndirmək
olar.
Avropa mənşəli
janrların Azərbaycan poeziyasına daxil olması, bizim qədim
şeir mədəniyyətində müəyyən poetik
mövqe tutması XIX əsrin ortalarından başlasa da, əsasən,
XX əsrin, xüsusilə Azərbaycan milli romantizminin hadisəsidir.
Bu mülahizə həm də belə qənaətə gəlməyə
imkan verir ki, H.Həşimli XX əsr ədəbiyyatının
tədqiqatçısıdır. O da mənim kimi
unudulmuşların aşiqi, qadağan olunmuş, uzun illər
itib-batmış şəxsiyyətlərin, əsərlərin
cəsarətli pasibanıdır. Buna əyani surətdə yəqinlik
hasil etmək üçün Hüseynin istedadının və
tədqiqatçı zəhmətinin bəhrəsi olan
"Əli Səbri" (2007), "Əli Məhzun və
"Ədəbiyyata dair" əsəri" (2009), "Fərhad
Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə
ədəbi-elmi fikir" (2012), "Səid Səlmasi"
(2013), "Məmmədəli Sidqi və "Şeypur"
jurnalı" (2014) kimi əsərlərlə tanış
olmaq kifayətdir. Bu müəllifləri ədəbi
mühitdə nəinki sadə oxucular, heç ədəbiyyatşünasların
da hamısı tanımır. Halbuki Hüseyn onlar barəsində
monoqrafiyalar yazıb, bununla da ədəbiyyat tariximizdə bu
sahədəki boşluğu doldurmağa, ədəbi-nəzəri
qırıqlığı bərpa etməyə nail olub.
Bu yerdə
Hüseyn Həşimlinin mətnşünaslıq fəaliyyətini
qeyd etməsəm, onun elmi-filoloji işləri barədə
bütöv təsəvvür yaranmaz. Hüseyn 20-30-cu illərdə
fədakarlıqla işləmiş, həm ədəbiyyat
tarixçisi və mətnşünas, həm folklor
toplayıcısı, tərtibçi və naşiri, həm
də nəzəriyyəçi olmuş, Salman Mümtaz, Hənəfi
Zeynallı, Bəkir Çobanzadə, Əmin Abid kimi taleləri
repressiyaya ürcah olmuş alimlərin ənənələrini
davam etdirir və yaşadır.
Onun mətnşünas
kimi hazırlayıb "Ön söz"lə çap
etdirdiyi "Bağır Cabbarzadə. Bir yetimin naləsi"
(1997), "Əlabbas Müznib. Ürək yanğısı"
(2004), "Əlipaşa Səbur Hüseynzadə.
Zümzümə. Düşüncə yarpağı"
(2004), "Yeni füyuzat" jurnalı (1910-1911-ci illər)"
(2014), "Şeypur" jurnalı (1918-1919-cu illər)"
(2014) əsərlər təkcə elmimizə xidmət yox, həm
də unudulmuşlara böyük ehtiram nümunəsidir. H.Həşimli
2011-ci ildə doktorluq müdafiə edəndə avtoreferata 9
monoqrafiya, 100 elmi məqalə, özü və əsərləri
barəsində 20 yazı qeyd etmişdi. Bu, 46 yaşlı gənc
bir alim üçün böyük uğur, canlı zəkanın,
mənəvi böyüklüyün əlaməti idi. Burada
Hüseynin Naxçıvan Dövlət Universitetindəki 30
ildən artıq davam etməkdə olan səmərəli
pedaqoji fəaliyyətini də əlavə etmək yerinə
düşər. O, sadəcə dərs deməklə kifayətlənməyib,
eyni zamanda elm və təhsil təşkilatçısı vəzifəsini
yerinə yetirib.
Böyük
fransız maarifçi filosofu J.J.Russo deyib: " O şey ki əxlaqi
cəhətdən məqbul deyil, o heç bir cəhətdən
faydalı sayıla bilməz". Görkəmli Azərbaycan
alimi Hüseyn Həşimlinin həyatı, elmi və pedaqoji
fəaliyyətinin guşə daşında yüksək əxlaq
dayanır. Bir şəxsiyyət kimi onun gücü elmi qədər
də əxlaqında, mənəviyyatındadır. Hüseyn
böyük məharətlə qədim türklərin
kişilik ənənələrini qoruyub saxlayır. Azərbaycan-türk
tarixinin ən əski çağlarından,
xalqımızın milli-mənəvi yaddaşından
süzülüb, durulub gələn müqəddəs ailə
kustu, valideynə ehtiram ənənəsi, milli qürur hissi
onun ziyalı amalı və nəcib idealıdır. Mən
müsahibələrimdən birində demişəm:
"Ziyalılıq kütləvi ola bilməz, istedad kimi
ziyalı doğulmalısan, ziyalılıq milli sərvətdir".
Hüseyn Həşimli yüksək ziyalı mənəviyyatı və dərin alim zəkasının daşıyıcısı olan nəcib bir şəxsiyyətdir. Cəmiyyət belə ziyalıların sayəsində yaşayır, tarix onların əməlləri ilə yaradılır. Məndə belə bir əminlik var ki, Hüseynin yazdıqları arxivdə qalmayacaq, yaddaşlara, oradan da hər şeyi ədalətlə yerbəyer edən tarixə daxil olacaq. Çünki onun əsərləri istedadla, zəhmətlə, halallıqla yazılıb, həqiqi ziyalı mənəviyyatından yaranıb.
Nizaməddin
Şəmsizadə
professor
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.10.