O gözlər yaddaşdan baxır

 

Firuzə Məmmədlinin "Söz macalı" kitabı üzərinə

 

"Salam sənə, çəmən ətri, salam sənə nənə ətri, bacı həniri, bulud qatarı" doğmalığı, ruhdaşlığı ilə açılır Firuzə Məmmədlinin "Söz macalı" kitabı. Ürəyin uçunan, könlün atlanan yerinə götürür oxucunu. Hər sətir, hər mətləb anlatmağından qalmır ki, bu çəmən, bu nənə, nanə ətrinin, bulud qatarının doğmalığında vəfalı, duyğusal bir oxucu ünvanı, oxucu münasibəti, nəzərləri əzizlənir. Firuzə Məmmədlinin nostalji duyğularla əzizlədiyi çəmən, nənə, nanə ətrinin, bacı-qardaş, sünbül xətrinin yeddi köynək yaxınlarından biri, bircəsi elə bu oxucu nəzəri, oxucu münasibətidi. Bir aradadılar. Eyni doğmalığı bölüşürlər. Eyni düşüncədən gəlirlər bu sətirlər elə həmin doğmalığın əsintiləridi:

 

İllərimi, aylarımı

Gün-gün əzizləməyə,

Gün-gün təmizləməyə

Gətirmişəm

Səsinizə,

Ününüzə.

Salam sizə!..

 

Bütün bu qutlamaların qarşılığı, yəni "əleyküm-salam"ı da yenə Firuzə xanımın "Söz macalı"ndan gəlir. bütün bu yaşantıların pünhan aləmində F.Məmmədlinin xatirələrə etinalı, kövrək, səmimi münasibəti, qadın-sənətkar ləyaqəti, həssaslığı cavabdehliyi hər kəlməbaşı uçum-uçum uçunur, özünü hər bir halıyla nişan verir:

 

Çəkib bağladım qapısın

bilim, kimindi bu ev?

Pəncərə gözü baxmaz,

Hansı miskinindi bu ev?

 

Maşa burda, kömür burda,

Niyə ocaq sönüb burda?

Kimin sonu kömüb burda?

Kimin ilkinidi bu ev?

 

Qapısını açanı yox,

Qəfil döyüb qaçanı yox.

"Hardası" yox, "haçanı" yox,

"Yox"un, itkinindi bu ev.

 

Sadə səmimi şeirdi. Bitkindi. Tam bir ölçü-biçi hissiylə yazılıb. Duyğusaldı. Elə ilk misradanca oxucunu "tutur". Göz önünə bütöv bir mənzərəni gətirir. Bu şeirin xəzan xışıltısı, sazaq əsintisi, rüzgar peşimançılığı upuzun günlər boyunca oxucu yaddaşını qanadıb keçir. Necə ki, Firuzə xanımın güzgüdəki "mən"inə xitabən yazdığı "Baxır" şeiri bu təəssüratla, bu ovqatla oxunur, yadda qalır. F.Məmmədli bu şeirində də səmimi və həssasdır. Bu şeiri də bitkinliklə, duyğusallıqla məntiqi bir araya uğurla gətirib:

 

Oy, bu gözlər mənimdimi?!

Mənə yaddaşlardan baxır.

Sevinci yox, kədəri yox, -

Ürəyi daşlardan baxır.

 

Qanadlanıb, milyon kərə

Uçuşu çırpılıb yerə.

Bəlkə, bəlkə buna görə

Həsrəti quşlardan baxır.

 

Nitqi bağlı dildir daha,

Ağlaya da bilmir daha.

Axıb gildir-gildir daha

Quruyan yaşlardan baxır.

 

Bu cür duyğulu bitkin şeirlərin sayı "Söz macalı"nda yetərincədi. Lap ən fərqli gül-çiçək çələngi kimi. Baxmayaraq ki, müəllif hər misrasında, beytində çox ehtiyatkardı. Baxmayaraq ki, qos-qoca poeziya mülkünün sınaqlar aləmi önündə məsuliyyətini an-an hiss edir

 

Gül açmayır mindən birim,

Nahaq Dədə Füzulinin

Şahlıq mülkünə girmişəm -

 

qədirbilənliyi, səksəkəsi ilə yazıb-yaradır. Firuzə xanım "Dəryanı göylərdən endir, damlanı yerdən istəmə", "Köhnə yaram göz tutdu bu təzə dərdə kimi",

 

çarmıxa çəkilmiş

ağrılar

İsadan sonra.

Doğuldu -

səlib yürüşlərində -

 

  s. kimi bitkin deyimlərində yaddaqalan, yeni təravətlidi. Eləcə bu kövrək, inadkar istəyi, müşahidələri ilə:

 

Qaçıb dırmaşacağım

təpə, düz qalıb.

Təkcə ölən ümidlər,

Ölən canlar sağ qalıb.

 

ömür- bir gün, ya beş gün,

Ya pis gün, ya da xoş gün

Təki olmasın boş gün,

Son səhifəm qalıb.

 

Bu səhifələrdə Firuzə Məmmədlinin yazılası çox şeir payı, şeir ərmağanı öz vaxtını-zamanını, sırasını gözləyir. "Söz macalı"nda bir araya gələn şeirlərin axarı, səmimiyyəti belə anladır.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 23 dekabr.- S.13