Parisdə bir qərib...
Təbrizdə başlayıb Parisdə
bitən faciəli bir ömür
Avropa onu
bizdən qabaq kəşf edib. 1971-ci ildə 32-ci Venesiya
festivalında çaxnaşma salan və 1992-ci ildə Kannda
"Ən yaxşı rejissor işinə görə"
mükafat alaraq, ilk neorealist film kimi İran kinosunu dünya
miqyasına çıxaran "Bəyəl əzadarları"
adlı əsərin bir hissəsi əsasında çəkilmiş
və özünün də ssenari müəllifi olduğu
"İnək" filmiylə...
Bundan öncə isə İran böyük istedada malik,
yenilikçi bir yazarın yetişdiyinin fərqində idi.
Onun əsərləri
ölkənin ədəbi-mədəni mühitini alt-üst
edir, kino sənətinin üslubunu dəyişir, insanları
ayağa qaldırırdı. Söhbət əsərləri
dünyanın bir çox dillərinə çevrilmiş, təbrizli
nasir Qulamhüseyn Saedidən gedir.
Qulamhüseyn
Saedi 1936-cı ildə Təbrizdə, Çuxur Meydanında
doğulub. Uşaqlıqdan mütaliəni sevən Saedi
yeddinci sinifdən etibarən hekayələr yazmağa
başlayır. Yazdığı hekayələri sinif
yoldaşlarına, ədəbiyyat müəlliminə oxuyur.
Bir gün müəllimi əlində "Süxən" dərgisi
sinfə daxil olur, qəzəblə dərgini masaya
çırpıb:"Heç xəcalət çəkirsən?!
Özüm yazmışam dediyin hekayə burada çap olunub,
sən demə. Demək ki, sən hekayələri bu dərgidən
oğurlayırsan. Guya özün yazmısan", - deyir.
Halbuki Saedi yazdığı hekayələri "Süxən"
(Söz) dərgisində başqa imza ilə çap etdirir,
qarşılığında həftəyə bir tümən
alırdı. Müəlliminin nəzərdə tutduğu
hekayə "Günəş və Ay
işığı" idi.
Saedi orta
məktəbdə oxuyarkən İkinci Dünya müharibəsi
başlayır və İran 1941-ci ildə Sovet və
İngiltərə ordusu tərəfindən faktiki olaraq
işğal olunur. O, ailəsilə birgə kəndə pənah
aparıb orada gizlənməyə məcbur olur. Qulamhüseyn
Saedi gənc yaşlarından Azərbaycan Demokratik Firqəsinin
fəal üzvünə çevrilir və qısa müddət
ərzində mövcud olmuş Azərbaycan Milli hökumətinin
fəaliyyətini yüksək qiymətləndirir. O öz
xatirələrində bir il ərzində (1945-1946)
görülən işlərdən, abadlıq-quruculuq fəaliyyətindən,
sosial-mədəni intibahdan söz açır. O, bir il öz
ana dilində təhsil alır.
"Mən
bir il adam kimi yaşamışam".
(Qulamhüseyn
Saedi)
50-ci illərdə
İranda demokratik hərəkatın başlanması ilə
Saedi siyasi fəaliyyətə qoşulur. Müsəddiq
hökumətinin İran neftini milliləşdirməsindən
sonra İngiltərə dövləti İranda siyasi vəziyyəti
qarışdırır, ölkədə vəziyyət idarəolunmaz
hala gəlir. Xalq hərəkatının gücləndiyi bir
vaxtda Saedi iki ay müddətində gizlənsə də,
1953-cü ildə 18 yaşındaykən tutulur və bir
neçə ay həbsdə yatır. Həbsdə olduğu
müddətdə "Hər aşa noxud olan" adlı
povestini yazır. Azadlığa çıxdıqdan sonra yenidən
siyasət meydanına qayıdan Saedi keçirilən
bütün nümayişlərdə, tələbə hərəkatlarında
fəal çıxış edir, bəzilərinə isə
rəhbərlik edir. Sayını unudacaq qədər tez-tez həbs
edilən yazarın həbsdə olduğu vaxtlara aid bir xeyli
xatirəsi var. Həbsdə yalnız birnəfərlik
kameralarda saxlanılan yazıçı on beş gündən
bir gözətçilərin xüsusi nəzarətilə
bir neçə dəqiqəlik hava almaq üçün həbsxananın
həyətinə çıxarılırdı. Belə
günlərin birində nəzarətçilərdən biri
yerdən bir daş götürüb tikanlı məftilin
üzərinə qonan quşa atır. Daşın dəyməsilə
ölən quş düz Saedinin qarşısına
düşür. Quşa bir müddət
gözüyaşlı baxan Saedi, "Heç olmasa dərdin
bitdi, canın qurtardı. Bəs mənim dərdim? Mənimki
nə vaxt bitəcək?", - deyir.
Həbsdən
sonra Saedi bir yandan əsərlər yazıb, digər tərəfdən
də insanlarla daha çox təmas qura biləcəyi bir
ixtisas axtarır. Nəticədə yazarlığına
töhfə biləcək bir ixtisası - tibbi seçir. O,
1955-ci ildə Təbriz Universitetinin tibb fakültəsinə
daxil olur və ixtisas seçimi üçün Tehrana gəlir.
Saedi psixiatriya sahəsinə üstünlük verir. Bir
müddət poliklinikada çalışır. Arada-bir dərs
otağına depressiyaya düçar olan 10-20 nəfər xəstə
gətirir. Məqsədi sorğu-sual əsasında
depressiyanın əsas və əlavə simptomlarını
müəyyən etmək üçün psixoloji testlər
aparmaq olsa da, universitetə insanları toplayıb siyasi təbliğat
aparmaq iddiası ilə ali məktəbdən qovulur. Beləliklə də o, universitetə
yenidən bərpa olunana qədər İranın müxtəlif
yerlərində yaşayan Azərbaycan türklərinin psixi
xarakteristikasını öyrənmək, həm də yeni
yazacağı əsərləri üçün material
toplamaq üçün səyahətə çıxmaq qərarına
gəlir. Uzun və keşməkeşli mübarizədən
sonra nəhayət, 1961-ci ildə "Azərbaycanda sosial
psixonevrotik xəstəliklər" mövzusundakı elmi
işini müdafiə edərək diplom almağa müvəffəq
olur. 1962-ci ildə Tehranda qadın xəstəlikləri və
doğum şöbəsinə təyin olunur. Ancaq bir müddət
sonra bu sahənin ona uyğun olmadığını
düşünərək hərbi xidmətə
yollanmağı tərcih edir. Saedi Tehranda Səltənət
Qarnizonunda həkim kimi xidmətə başlayır və orada
da siyasi düşüncələrinə görə təzyiqlərə
məruz qalır. O, əsgərlik həyatı haqqında
"Qanın səsi" və "Boz rəngli qarnizon"
qısa hekayələrini qələmə alır. Bu hekayələr
onun ölümündən sonra "Kelk" jurnalında
çap olunub.
Onun hekayələrində
tibbi təhsilinin, xüsusilə ixtisaslaşdığı
psixologiya sahəsinin təsiri olduqca böyükdür. O
mütəmadi olaraq cəmiyyətin psixi problemlərindən
yazır, onların qorxu, xurafat, batil inanclarını hekayə
mövzusuna çevirir. Xüsusən də "Bəyəl əzadarları",
"Qorxu və titrəmə" əsərlərində, o
cümlədən "Zöhhak" və "Piqmalyon"
pyeslərində əsas obrazların timsalında bu əlamət
qabarıq şəkildə müşahidə olunur. Onun əxlaqi
ünsürlərin az rast gəlindiyi əsərlərində
dini mövzular yer almır, hadisələr yoxsulluq, xurafat, dəlilik
və ölüm qorxusu ilə əhatələnmiş kədərli bir atmosferdə cərəyan edir.
Saedinin
tibbi bilikləri xəstələrini sağaldır,
yazdıqları isə bütöv bir cəmiyyətə
şəfa verirdi. Fəqirliyin nə olduğunu yaxşı
bilən həkim kimi Tehranın cənubunda yoxsullar məhəlləsində
həkim olan qardaşı Əkbərlə birlikdə
"Dilguşa" adlı tibb məntəqəsi açaraq,
iyirmi dörd saat cüzi məvaciblə xalqa xidmət edir.
Orada xəstələrə demək olar ki, tibbin bütün
sahələri üzrə ilkin yardım göstərilir. Saedinin
ilk dəfə xoşbəxtlik hissini yaşaması da onun bu fəlaiyyəti
ilə bağlıdır. O xatirələrində qeyd edir ki,
bir gün onu xəstə bir qadına yardım etməsi
üçün evə aparırlar. Yazar evə daxil olanda
otaqda qadınların ağlaşaraq mərsiyə
oxuduqlarını görür. O, qadınları çölə
çıxarır. Xəstə olduğu deyilən
qadının isə doğuş ərəfəsində
olduğunu görür. Doğuma yardım göstərsə
də, dünyaya gələn körpə nəfəs
almır. Dərhal boynuna dolanan göbək bağını kəsən
Saedi, körpənin nəfəsalma refleksini oyandıraraq, onu
ölümdən xilas edir. Körpə ağlamağa
başlayır. Yazar məhz həmin o anda ilk dəfə olaraq
xoşbəxtlik hissini daddığını yazır. İllər
sonra iki qadın ziyarət zamanı qəbiristanlıqda Saediyə
yaxınlaşaraq yazıçının xilas etdiyi həmin
körpəni göstərir. Saedinin xilas etdiyi Mustafa artıq
boy-buxunlu, saqqallı bir oğlan idi.
Saedi
yaşının gənc yaşlarından İranın məşhur
ədəbi, fəlsəfi, siyasi fikir adamları olan Calal
Al-Əhməd, Əhməd Şamlu, Pərviz Natel Xanləri,
Camal Mirsadiqi, Səməd Behrəngi kimi ədəbi şəxsiyyətlərlə
dostluq edirdi. Onun Səməd Behrəngi ilə olan münasibətləri
isə xüsusi məna kəsb edirdi. Onlar 1958-ci ildə Təbrizdə
yerləşən "Mərifət" adlı kitab
dükanında tanış olmuşdular. Səməd Behrəngi
kitabçıdan Çernışevskinin kitabını
soruşur. O, isə həmin kitabın
satılmadığını deyir. Saedi bu gəncin həmin
kitabı istəməsindən təəccüblənərək
onu səsləyib həmin kitabdan onda olduğunu deyir. Saedi
Şah devrilməmişdən öncə həyətdə
gizlətdiyi kitabı tapıb ona verir. Beləliklə, iki
böyük ədib dost olur. Səməd məhz Saedinin məsləhətilə
yazarlığa başlayır və beləcə, müddət
sonra Behrənginin məşhur "Balaca qara balıq" əsəri
"Araş" dərgisində işıq üzü
görür. Öz həmyerlisi və yaxın dostunun
vaxtsız ölümü isə Saedini dərindən
sarsıdır.
Yazıçılığa
başladığı illərindən mahir hekayə
ustası kimi tanınan Saedinin
yaradıcılığının ən bəhrəli
dövrü 1965-75-ci illərə təsadüf edir. Bu on il ərzində
80-dən çox əsər, onlarla pyes, hekayə, pantomim,
roman yazıb, müxtəlif tərcümələr edir.
1965-ci ildə ilk magik realizm üslubunda yazılmış
"Bəyəl əzadarları" adlı səkkiz hekayədən
ibarət əsərini çap edir. Qısa zamanda məşhurluq
qazanan, əldən-ələ gəzən bu əsərə
görə İran təhlükəsizlik orqanı SAVAK tərəfindən
həbs edilərək dözülməz işgəncələrə
məruz qalır.
Dünya
onu daha çox "Bəyəl əzadarları" adlı
hekayə-romanının bir hissəsi əsasında çəkilmiş
və özünün də ssenari müəllifi olduğu
"İnək" filmi ilə tanıyır. Neorealizm ruhunda
çəkilən və Azərbaycanın sadə
insanlarının mühitini bədii boyalarla sərt şəkildə
təsvir edən film qısa bir zamanda məşhurluq
qazanır. Bir çox nüfüzlu film festivallarında
nümayiş olunur və mükafatlara layiq görülür.
Film Şah üsul-idarəsi tərəfindən qəbul edilməsə
də, 1971-ci ildə 32-ci Venesiya festivalına çaxnaşma
salmaqla, onun ölümündən sonra 1992-ci ildə Kannda
"Ən yaxşı rejissor işinə görə" də
mükafat alır və ilk neorealist film İran kinosunun
dünya miqyasına çıxmasında müstəsna rol
oynayır. Saedinin cəmiyyətin sosial-siyasi və mənəvi-əxlaqi
problemlərini əks etdirən "Biz eşitmirik" və
"Zibil qutusu" filmləri də ilk uğuru təkrarlayır
və sevilir. Saedi cəmi 49 il ömür sürsə də,
17 roman və hekayə, 6 etnoqrafik monoqrafiya, elmi-siyasi məqalələr
toplusu, 4 tərcümə əsəri, 3 ssenari və
çoxlu sayda pantomim əsərlər yadigar qoyub. O elə
bil öncədən az yaşayacağını bilirdi, ona
görə də həmişə tələsir, əsərlərinin
hər biri ədəbiyyat aləmində bir hadisəyə
çevrilsə də, o, yazdıqlarından heç vaxt
razı qalmırdı.
"Qırx
yaşına çatmışam, hiss edirəm kimi qalaq-qalaq
yazdıqlarımın hamısı boş, mənasız, cəfəng
şeylərdir, tələsik yazılıb, tələsik də
çap olunub. Hər dəfə mən bu haqda
danışanda zənn edirlər ki, mən təvazökarlıq
edirəm. Yox, mən həyalı, təkəbbürsüz
bir insanam, özümü təvazökar göstərmirəm.
Əgər ömür vəfa etsə, ki, əminəm, uzun
olmayacaq- əslində bundan sonra yazacağam".
"...Hər
işi başlayarkən istəmişəm ki, onu tez bitirim,
ondan tez xilas olum. Bir hamilə
qadın kimi doğmağa tələsmişəm. Elə bu səbəbdən
də həmişə ölü uşaq doğmuşam"
(Q.Saedi)
"O qədər
başıma döydülər ki, məcbur oldum farsça
yazım", deyən Saedinin öz doğma dilində-Azərbaycan
türkçəsində yazdığı "Qurdlar"
adlı yeganə pyesi aylıq dərgilərin birində
çap olunsa da, senzura orqanları tərəfindən son
nüsxəsinə kimi köşklərdən, kitab
dükanlarından yığılıb. Lakin Məşrutə
dövründə Təbrizdə cərəyan edən bir vaqiədən
söz açan pyes rejissor Cəfər Vali tərəfindən
ekranlaşdırılıb.
Onun əsərlərinin
Qabriel Qarsia Markes, Frans Kafka, Qi de Mopassan, Samoel Bekt, Günter
Grassın əsərlərilə çox
oxşarlıqları var. Saedi yaradıcılığında
özünü taleyin hökmünə təslim etmiş
zavallıların fanatizm, cəhalət, qorxu, fəlakət,
mistika burulğanında çarəsizliyi əks etdirir.
Saedinin yazdığı əsərlərin əksəriyyəti
sehrli realizm üslübundadır. Təsadüfi deyil ki, bu
üslubun ilkin nümunəsinin məhz Saedi tərəfindən
yazıldığı irəli sürülür.
"Saedi
Markesdən öncə sehrli realizmə müraciət edib. O,
"Bəyəl yaslıları" nı bizim yazarlar hələ
"markesləşməmiş" yazmışdı".
(Əhməd Şamlu-İran şairi)
"Qulamhüseyn
Saedi Qabriel Qarsia Markesdən əvvəl, mistik realimz
üslubunda yazan bir yazıçıdır". (Hüşəng
Qolşiri-İran yazıçısı)
Qısa
müddət ərzində 30-dan artıq kitab yazan Saedi
Şahlıq dövründə "tənqidi-satirik üsluba
söykənən yazılarla kütləni hərəkətə
gətirdiyinə görə" 19 dəfə həbs edilir.
1979-cu ildə İranda İslam inqilabını Saedi sevinclə
qarşılasa da, bir müddət sonra yenidən
inqilabçılara müxalif mövqedə dayanır və
ona qarşı yenidən təqiblər baş
qaldırır. Təqribən 3 il müxtəlif yerlərdə
gizlənərək məhrumiyyətlər içində
yaşayıb-yaradan Saedi nəhayət, 1982-ci ildə Fransaya
mühacirət etməyə məcbur olur.
"... Mən
evimdən qaçmağa və bir il müddətində dam
altında bir otaqda gizlin həyat yaşamağa məcbur
oldum... Rejimin məmurları qapı-qapı məni
axtarırdılar... Ömrünün çox hissəsini
Şah rejiminə qarşı mübarizəyə görə
zindanlarda keçirmiş yaxın dostlarımdan birini tutdular və
bir müddət sonra edam etdilər və bir gecə də mənim
dam altındakı sığınacağıma
tökülüşdülər, lakin qonşuluqdakı
qadın mənə əvvəlcədən xəbər
vermiş, mən damdakı yolla qaçmışdım.
Bütün gecəni bir film studiyasının dekorları
arxasında gizləndim və sabahkı gün sübh
çağı dostlarımdan bir neçə nəfər gəlib
saçımı qırxdılar, bığımı təraş
etdilər və qiyafəmi, libasımı dəyişməklə
gizlin bir sığınacağa getdim... Lakin daim yer dəyişirdim.
Təqribən 6-7 ay müddətində gizlin bir məkana
sığındım, onlardan biri bir neçə ay
qaldığım tərk edilmiş qadın dərzi
dükanı idi və həmişə mütləq
qaranlıqda yaşayırdım. Çırağı
yandırmırdım. Pərdələr həmişə
bağlı idi... Çox vaxt qaranlıqda yazırdım. Min
səhifədən çox qısa hekayələr yazdım.
Bu arada qardaşımı həbs etdilər. Yerimi tapmaqdan
ötrü daim atamı təhdid edirdilər. Axırda dostlar
mənə qaçmaqda kömək oldular və mən
gözüyaşlı, hiddətdolu min bir kələklə
dağ yoluyla, dərələrlə sərhədi keçdim
və Pakistana çatdım. Birləşmiş Millətlər
Təşkilatının səyləri və bir neçə
fransalı hüquq müdafiəçilərinin köməyilə
Fransaya viza aldım və Parisə gəldim və indi iki ilə
yaxındır ki, burada sərgərdanam, hərçənd
ki, günümü dostlarımdan birinin evində keçirirəm.
Kökümdən qoparıldığımı hiss edirəm...
Daim vətənim haqda düşünürəm... Hər gecə
yuxumda vətənimi görürəm... Qərarsız və
hər an evinə qayıtmağı mümkün olan bir
insanın vəziyyəti... Qürbətdə olmaq işkəncələrin
ən betəridir... Baxmayaraq ki, qürbət həyatının
uzun çəkəcəyini hiss edirəm, ancaq daim vətənə
qayıtmaq arzusundayam..." (Q.Saedi)
Parisdə
olarkən, "Otello qəribə məmləkətdə",
"Nurlu qəlblər", "Doktor Əkbər" və
"Renessans" ssenarilərini yazır. Dünya şöhrətli
rejissor Dariyuş Mehrcuyi ilə birlikdə "Ev təmiz
olmalıdır" hekayəsi əsasında
"Molus-Korpus" ssenarisini ərsəyə gətirir.
Nazlı
həyat yoldaşım,
Mənim
halım heç yaxşı deyil, artıq zərrə qədər
də olsun hövsələm qalmayıb. Maliyyə vəziyətim
xarab, bir tərəfdən xanimansızlıq, artıq
özümü toplaya bimirəm. Son dərəcə
ümidsizəm. Əgər intihar etmirəmsə, bu fəqət
sənə görədir, vallah, birdəfəlik əl çəkərdim
bu həyatdan, rahatlanardım. Hər şeydən
yorulmuşam. Ən böyük eşqim olan yazmaq belə mənim
üçün məzhəkəyə çevrilib, bilmirəm
başıma haranın külünü töküm. Çox
qaralmışam. Qəmli, bədbəxt, bəxtiqara
olmuşam. Burdakı həmvətənlərim tam xəbisdilər,
zir-zibildilər. Xalis zir-zibil. Mən biçarə nə
günah iş tutmuşdum ki, bu günə düşdüm.
Mən hər şeydən yorulmuşam. Üç gün
öncə intihar niyyətilə çölə
çıxdım, rahatlayacağım bir işi görmək
istədim, təkcə, təkcə sənin qəm-qüssələrinin
fikri idi ki, məni evə qaytardı. Heç kəsin məni
görməyə hövsələsi yoxdur, heç kəs məni
sevmir, çünki həqiqəti deyirəm. Artıq
neçə aydır ki, heç kimdən bir dinar belə
olsun borc götürməmişəm. Şalvarım
yırtıq-yırtıqdı. Düymələrim
qırılıb. Dilimə yemək vurmuram. Bir divarın
dibindəcə ölüb qalmaq istiyirəm. Mənə
çox zülm edilib. Dinimə-imanıma, etiqadıma and olsun
ki, əgər sən olmasaydın, indi əynimə yeddi qat kəfən
geyinmişdim. Mən yorğunam, evsiz-eşiksizəm, dərbədərəm.
Bütün günü ciyərim alışıb yanır.
Fransızca bir kəlmə belə olsun öyrənməyə
həvəs göstəməmişəm. Mən vətənimi
istəyirəm. Mən qadınımı istəyirəm. Həyat
yoldaşım olmadan əmin ol, bir necə aya öləcəcəyəm.
Mən əgər sən olmasan öləcəyəm, bəlkə
ölüm məni seçməmiş, mən onu seçdim.
Dadıma
yetiş, ərin.
49 il əvvəl
Təbrizdə başlayan faciəli bir ömür 1985-ci ilin
noyabr ayının 23-də sona çatır. Saedi 49
yaşında Fransada, xəstəxanada vəfat edir, Parisin
Per-Laşüz qəbiristanlığında dəfn edilir.
"Sonuncu
görüşümüz Parisdə, günortadan sonra oldu. Mənzilinin
qapısını döydüm, qapını açdı; həmin
Tehrandakı Qulamhüseyn idi. Onda xəstəlikdən, vərəmdən
ya da solğunluqdan bir əsər yox idi. Qızım da
yanımda idi. Dedi: -"Doktor Saedi, necə də
cavanlaşmısınız", Saedi güldü. O gecə əl-üz
yuyulan çanaqda qıırmızı ləkəni də
görmüşdüm, amma anlamamışdım. Sabah
sübh tezdən qızım zəng etdi ki, Qulamhüseyn Paris
yaxınlığındakı xəstəxanadadır. Sübh tezdən idi, hava buludlu idi.
Cansıxıcı, ruhsuz, böyük bir xəstəxanada
Qulamhüseyn komadaydı və mən daha sonra Qulamhüseyni
görmədim. Ondan koma halında eşitdiyim yalnız bu
sözlər idi: "Mən yazıçıyam, mənim vəzifəm
indi ölümlə mübarizədir. Bundan sonra mənim
yazarlığım başlıyacaq. Yazmaq
lazımdır...yazmaq...".
(Nasir Pakdamən- yazıçı-tədqiqatçı,
Saedinin yaxın dostu).
Ariz Tarverdiyev
AMEA Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun
dissertantı, telejurnalist
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.12-13.