"Öz əsərini
danışdır"
Elxan Yurdoğlu - ”Eynəli
bəy Sultanov”
-Elxan bəy, ilk dəfədir ləyihəmizdə
bir monoqrafiya və monoqrafiyanın təqdim etdiyi şəxs
haqqında danışılacaq. Buna səbəbimiz var, məsələn,
ölməz Mirzə Cəlilin 1925-ci ilin 13 iyul tarixində Eynəli
bəy Sultanova yazdığı məktubundan bu sətirlər:
"... O qədər məni özünə qulaq
asdırdın ki, axırda məni doğrudan da maarif aləminə
daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən
də qeyri - sadəcə kənd müəllimlərinin
içində yaddan çıxmışdım"...
Oxucu üçün
körpü salaq - kimdir Eynəli bəy Sultanov?
-Yazıçı,
şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq,
teatr xadimi, teatr tənqidçisi, ictimai xadim.1866-cı ildə
Naxçıvan şəhərində anadan olub, ilk təhsilini
Naxçıvan qəza məktəbində alıb, sonra isə "İrəvan
kişi gimnaziyası"nda oxuyub. Avropa ədəbiyyatını
və Qərb maarifçiliyini dərindən öyrənib.Gimnaziyada
oxuyarkən Naxçıvanda qabaqcıl ziyalıları
öz ətrafında toplayaraq 1882-1883-cü illərdə
"Ziyalı məclisi", "Müsəlman dram incəsənəti
cəmiyyəti" kimi ədəbi-mədəni mərkəzlər
yaradıb. "Ziyalı məclisi"
üzvlərinin köməyi ilə Naxçıvanda ilk mətbəə
və kitabxananı açıb. Ədəbi-bədii
fəaliyyətinin Tiflis dövründə Azərbaycan teatr tənqidinin
əsasını qoyanlardan biri kimi müxtəlif tamaşalara
resenziyalar yazıb, ayrı-ayrı aktyorlar haqqında məqalələr
çap etdirib. Publisist kimi XIX əsrin 80-ci illərindən
başlayaraq qəzet,
jurnal və məcmuələrdə onlarla publisistik məqaləsi
çap olunub. "Kaspi" qəzetinin İrəvan
və Naxçıvan üzrə xüsusi müxbiri olub.
Hekayə, dram, şeirlər
yazmışdır. Eynəli bəy
Sultanov müxtəlif xalqların qabaqcıl ədəbi
nümunələrini Azərbaycan dilinə, Azərbaycan dilindən
isə rus dilinə çevirib.
Qarsda, İrəvanda və Tiflisdə müxtəlif vəzifələrdə,
İrəvanda məhkəmə və prokurorluq orqanlarında
işləyib, Dövlət Dumasına deputat seçilib. O cümlədən
"Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti"ndə
və Zaqafqaziya Maliyyə Komissarlığında, 1924-cü
ildə Yeni Əlifba Komitəsi Tiflis şöbəsinin katibi
kimi çalışıb. 1935-ci ildə Tiflisdə
vəfat edib.
-Eynəli bəy kimi adam uzun illər diqqətdən kənarda
qalıb. Lakin sizin axtarışlarınızın nəticəsi
onu təkrar göz önünə gətirdi və
budur, biz artıq bu haqda danışırıq.
-Tam diqqətdən
kanarda qaldığını düşünməzdim. Tədqiq olunmuşdu, öyrənilmişdi. Mənim
bəxtim (buna həm də Eynəli bəy Sultanovun da demək
olar) orda gətirdi
ki, müasir dövr məlumatların
yayılması baxımından daha əlverişlidir.
-Bu necə başladı? Yolunuzu Eynəli bəyin yoluyla kəsişdirən
hansı səbəbdi?
-Bu ordan
başladı ki, 2007-ci ilin dekabrında "Eynəli bəy
Sultanovun folklorşünaslıq irsi" dissertasiya mövzusu
mənə verildi. O zaman Eynəli bəy Sultanov mənə
sadəcə XIX əsrin sonu, XX əsrin əvvəllərində
yaşayan naxçıvanlı ziyalı kimi tanış idi.
-Bu sizi cəlb etməliydi, işlənməmiş,
xam mövzu...
-İndi
yadıma düşəndə... Qətiyyən cəlb etməmişdi,
hətta mövzu mənə veriləndə etiraz da edə
bilmirdim, hər şeyi gözə almışdım, amma həm
də çox çətin olacağını
düşünürdüm... Mənə qədər
ilk olaraq İzzət Maqsudov 1960-cı illərin əvvəllərindən
bu işə başlamışdı. Bu
işdə onun misilsiz əməyi var. İzzət Maqsudovun
anası Eynəli bəy Sultanovun həyat yoldaşı Tubu
xanımın bacısıydı. O zaman Eynəli bəy
Sultanovu görən adamlar hələ sağdı, fəaliyyətindən
şəxsən
xəbərdarıydılar. Elə biri Əziz Şərif,
uşaqlığı Eynəli bəylə Mirzə Cəlilin
yanında keçmişdi... 1991-ci ildə isə İradə
xanım Əsədova rus dilində "Eynəli bəy
Sultanovun yaradıclıq yolu" adlı dissertasiya müdafiə
etmişdi. Lakin hər iki dissertasiya
ayrı-ayrı institutların dissertasiyalar zalında
kataloqlarda qalmışdı.
-Və üçüncü adam siz oldunuz...
-Oldum, nə
oldum... Dediyim kimi, mövzu məni
başlarda nəinki tutmamışdı, hətta belə
deyim, az qala elmə gəlməyimə
peşman olmuşdum, yenidən mətbuata, qəzetçiliyə
qayıtmaq istəyirdim...
-Amma qayıtmadınız. Yəni
tamam qayıtmadınız...
-Deyim ki,
ilk - 2008-ci ili tamamilə boşa verdim. Mövzuya yaxın getmədim. AMEA
Naxçıvan bölməsinin folklorşünaslıq
şöbəsində "Naxçıvan
bayatıları" kitabı üzərində iş
apardım. 2008-ci ilin sonu ya 2009-cu ilin əvvəllərində
Naxçıvan Dövlət Universitetinin həyətində
müəllimlərin istifadəsində olan bir neçə
bina söküldü ki, yerində yeni müasir korpus tikilsin.
O vaxt elmi rəhbərim, akademik İsa Həbibbəyli həmin
binalardan birində yaşayırdı. Köçməmişdən
əvvəl evindəki kitabları, qəzetləri,
broşüraları,
bir sözlə? hər bir vərəqi
tək-tək yoxlamışdı, özünə lazım
olanlarını götürmüşdü və Eynəli bəylə
bağlı qarşısına çıxan hər bir məqalənin,
arxiv sənədinin üzərinə "Elxan
Yurdoğluya" yazıb mənə
göndərmişdi. Həmin materialların
içində bir məqalə mənim üçün təhrikedici
oldu, ipin ucunu ordan tutdum və başladım getməyə.
Belə-belə burdan onu, ordan bir başqasını tapa-tapa
bir də baxdım ki, arxivlərdəyəm, Axundov Kitabxanasında o dövrün
qəzetlərinin hər birini bir-bir vərəqləmişəm.
Amma mənim işim "Eynəli bəy Sultanovun
folklorşünaslıq irsi" mövzusuydu, mövzumla bağlı kifayət
edəcək dərəcə material toplaya bilməmişdim,
buna görə də 2010-cu ildə mövzudan yenidən
uzaqlaşdım.
-Bəlkə ona görə ki, Eynəli
bəyin arxivi demək olar yoxa çıxıb. İzzət müəllimdə
arxivi varmış, yanılmıram ki?
-Yanılmırsınız,
Eynəli bəy Sultanovun arxivi İzzət Maqsudovda olub,
bütün materiallar, gərəkli sənədlər... İzzət müəllim
vəfat edəndən, yəni 1991-ci ildən sonra təəssüf
ki, atasının itkisinə dözməyən qızı o sənədlərin
çoxunu yandırıb. Bunu mənə
xanım özü deyib. Maraqlıdır ki, Eynəli bəyin
oğlu atasının
ölümündən sonra bütün yazılarını
hazırlayıb Azərnəşrə təqdim edib çap
olunması üçün, bunu da Müzəffər Nəsirli
yazıb bir məqaləsində, 480 səhifədən
çox olub kitab, amma o da çap olunmayıb və sonralar
it-bata düşüb.
-Firidun bəyə göndərilmiş,
sonradan yoxa çıxan məktublardakı bir xeyli folklor
materiallarının taleyi naməlumdur. Mümkündür ki,
Eynəli Sultanovun topladığı nümunələrlə
birgə hələ çap olunmamış yazıları, məqalələri,
əsərləri də it-bata düşmüş ola bilərdi...
-Eynəli
bəy 1887-1991-ci illərdə minlərlə atalar
sözü və məsəllər,
sayaçı sözlər, laylalar, holovarlar,
aşıq yaradıcılıq nümunələri
toplamışdı və Firidun bəy Köçərli
"Balalara hədiyyə" kitabının girişnində
yazır ki, 3000 atalar
sözünü Eynəli bəy
mənə yazdığı 20 məktub vasitəsiylə
göndərib. Amma Firidun bəyin də məlum taleyi - əsərlərinin, məktublarının
o dövrün NKVD-si tərəfindən götürülməsi,
sonradan geri qaytarılarkən yüzlərlə məktubun
yoxa çıxması... Eynəli bəyin məktubları
da qayıtmayan məktublar sırasında olub.
Çünki Firidun bəyin arxivinin
araşdırıcısı hörmətli alim Məmməd
Adilovla söhbətdə o özü mənə dedi ki, o məktubların
heç biri yoxdur. Məni yazıları qədər də
şəkillərinin getməsi təəssüfləndirir.
İzzət müəllimin qızı
danışırdı ki, bizdə Eynəli bəyin qiymətli
şəkilləri vardı, məsələn, Tiflisdəki Azərbaycan
ədəbiyyat dərnəyi üzvləri arasındakı
şəkli, ailəvi şəkli..
-Beləliklə, bütöv bir xəzinə
gedib. İzzət müəllim görəsən
arxivi niyə evində saxlayırmış? Qohumluq əlaqələrinə
görə, ya öz evinin daha etibarlı olacağını
düşünüb...
-Yəqin
ki, qohumluq əlaqələrinə görə. Bir məqamı
da deyim ki, bir nəfər mənə dedi ki, bir alimdə, adını çəkmirəm,
İzzət müəllimin Eynəli bəy Sultanova aid
bütün arxivi var. Görünür, İzzət müəllim
arxivin bir surətini o alimə veribmiş və mən həmin
adamın üstünə getdim. Elə bir məbləğ
istədi ki, yenidən bədbinliyə qapıldım və
işdən soyudum.
-Yəni, arxiv var, yeri də bəllidir,
sadəcə adam işə maddi
çıxar tərəfdən yanaşır... Təəssüf...
Bir yandan da yaxşı ki, məqalələrinin xeyli hissəsi
müxtəlif qəzetlərdə çap olunub, bəs sizin
araşdırmalarınız zamanı Eynəli bəyin indiyə
kimi məlum olmayan əsərləri, məqalələri
tapıldımı?
-Məndən
əvvəl bu işi professor Abbas Zamanov
görmüşdü və o da xeyli material
toplamışdı, sırf əlyazması olaraq yox, amma
çap olunmayan onlarla məqaləsi, hekayəsi vardı
ki, onların hamısı Abbas
Zamanovun Dövlət Ədəbiyyat və İncəsənət
Arxivindəki fondunda xəzinə kimi qalmışdı,
onları üzə çıxarmaq mənim qismətimdə
imiş. "Zəmanə ədiblərindən
nələr tələb etmək lazımdır" məqaləsi
diqqətimi daha çox çəkmişdi. 2012-ci ildə mən onu "Şərq
qapısı" qəzetində və "Ulduz"
jurnalında dərc etdirmişdim. Eynəli
bəyin indiyə kimi bir pyesi bilinirdi - "Tatarka".
Sonralar ötən əsrin əvvəllərindəki
jurnallardan əlavə ikisini də tapdım, "Səhhət
verirsən, vermirsən?", bir də
"Əmələ mayısı" (Fəhlənin
mayı). Amma Müzəffər Nəsirli onun məişət mövzusunda
yazılmış "Atalıq" adlı daha irihəcmli
pyesi haqqında da məlumatlıydı...
-Adı var, özü yox...
-Hətta
süjeti belə var, amma özü yoxdu, obrazlar belə var,
özü yoxdur. Pyesindən də
danışır və təəssüf, ortalıqda yoxdur.
-Maraqlıdır. Eynəli
bəyi Naxçıvan folklorunu toplamağa və tədqiqə-təbliğə
aparıb çıxaran səbəb nəydi? Niyə folklor?
-Eynəli
bəy Tiflisə köçəndən sonra rusdilli mətbuatda
çalışır və Tiflis o dövr Qafqazın mədəni
mərkəziydi.
Görürdü ki, digər xalqlar öz
folklorlarını toplayır, çap edir, Eynəli bəy də
bu mənada bu işə könül verir. Məqalələrinin
birində yazır: "Folkloru toplamaq bizim vəzifəmiz
olmalıdır, amma topladığımız folklor nümunələrində
dəyişiklik etməməliyik, bu gələcək alimlərin
vəzifəsidir". Bir məqamı da deyim,
Azərbaycan atalar sözlərini ilk dəfə Eynəli bəy
Sultanov mövzular üzrə təsnifləşdirib. Bunların hamısı bu gün üçün bəlkə
adi görünə bilər, o dövr üçün isə
başlanğıc idi. Folklorun
toplanması məsələsi də o dövr
üçün yeni bir sahə idi və bu işin özü
belə elmi yenilik sayılırdı. Hətta
folkloru necə toplamalı, materiala necə yanaşmalı,
informatorlarla necə danışmalı kimi məsələlər
var Eynəli bəyin yazdıqları içərisində.
Bunların hamısı mövzunun dəyərini
artırır və Eynəli bəy Sultanovun
folklorşünaslıq irsindən söz açmağa əsas
verirdi.
-Eynəli bəyin işinin dəyərli
tərəflərindən biri də oydu ki, bu nümunələri
təkcə toplamır, həm də yazılarında
istifadə edirdi...
-Bunu da
bayaq adını çəkdiyim "Zəmanə ədiblərindən
nələr tələb etmək lazımdır" məqaləsində
yazır. Deyir ki, biz çalışıb
öz əsərlərimizdə mümkün qədər xalq
ədəbiyyatı nümunələrindən istifadə etməliyik
ki, bunlar itib-batmasın. Bu mənada qırxdan çox
hekayəsinin hər birini oxusanız, onlarda xeyli atalar sözləri,
məsəllər, aşıq yaradıcılığı
nümunələri, sayaçı sözlər, nəğmələr, laylalar var. Bəzi hekayəsi var
ki, orda az qala otuzdan çox
atalar sözü işlədilib. Bunları o, məqsədli
şəkildə edirdi.
-Ömər Faiq Nemanzadənin
bir yazısını xatırladım - "Dərdimiz və
dərmanımız". Bu,
həm də onu göstərir ki, keçən əsrin əvvəllərində
Azərbaycanda bir intellektual kəsim formalaşsa da, daxili
problemlər də yox deyildi. Bəziləri buna sırf dəb
kimi, Avropalaşmaq kimi yanaşır və əslində, mənsub
olduğu xalqın dərdiylə nə maraqlanır, nə də
bunun üçün nəsə etmək istəyirdilər.
Bu isə Eynəli bəy, Ömər bəy kimi insanları
narahat etməyə bilməzdi...
-Eynəli
bəy də Avropa meyilli təhsil görmüşdü.
İrəvan kişi gimnaziyasında oxumuşdu, rus dilini,
latın dilini,
fransız dilini, həmçinin ərəb-fars,
türk dilini blirdi. Amma xalq dilinə daha
çox üstünlük verirdi. Silsilə məqalələri
var, "Ziyalı dostuma", "Bir nəfər axunda" ,
"O qəbildən olan bir nəfər hacıya",
"Publisist dostuma",
"Oğruya"... Bunların hamısında sadə xalqın tərəfində
dayanırdı. Eynəli bəy
düşüncə olaraq mollanəsrəddinçilərdən
biri idi, baxmayaraq ki, "Molla Nəsrəddin" jurnalında
bir məqaləsi belə çıxmayıb. Amma Mirzə
Cəlillə həmişə dost olub, yazışmalar, məktublaşmalar
da bunu göstərir.Əziz Şərifin xatirələrində
də bununla bağlı maraqlı məqamlar var, hətta bir
dəfə "Molla Nəsrəddin" jurnalı məhkəməyə
veriləndə vəkil kimi jurnalın maraqlarını
müdafiə edib.
-Xalqı cəhalətə yuvarladan
insanlara qarşı həmişə mübarizə aparan,
onları işıqlı yola yönləndirmək istəyən,
teatr, kitabxana, mətbəə açan, dərs verən, xalq
üçün canını əsirgəməyən Eynəli
bəyi Naxçıvanda sıxışdırdılar, tamam
köçüb Tiflisə getməli oldu. Mülklərini
satdı, torpaqlarını kəndlilərə
bağışladı. Tiflisdə dövlət idarələrində
çalışdı...
-Bunlar o
dövrün cəhalət yayanlarını qane edə bilməzdi,
hələ onlar söz sahibi idilərsə... Əksinə,
buna görə də təqib olunmağa
başlanmışdı, onu "formazon", "dəli"
adlandırırdılar. Buna görə əvvəl
Qarsa, oradan İrəvana getdi, sonra yenə Naxçıvana gəldi
və bu hal davam etdiyindən bu dəfə birdəfəlik
Tiflisə köçdü, həm də
yoxsullaşmış olsa da, nəticədə bəy idi və
tabeliyində olan kəndlərin torpaqlarını kəndlilərə
paylayıb getdi. 1959-cu ildə naxçıvanlı ziyalı, əməkdar
müəllim Həsən Səfərli öz xatirələrində
yazır: "Maarifçi-demokrat Eynəli Sultanovu mən
birinci dəfə öz küçəmizdə (Zaviyyə məhəlləsində)
görmüşəm. Payız fəsli idi.
Anamla bacımgilə gedirdik. Küçədə
bizdən çox aralı qəribə geyinmiş bir adam göründü. Həmin
saat anam təşvişə düşüb "tez ol, dəli
gəlir" -deyə məni Şirəli bəyin (rəssam
Bəhruz Kəngərlinin atası) həyətinə çəkdi.
Həyətdəki qadınla rastlaşıb:
"Bağışla xanım, yolda yazıq Eynəli bəyi
görüb qorxudan usağı bura çəkdim" - deyə
təsadüfən həyətə girməyinin səbəbini
ona bildirdi... Bu da oxumağın bəlası.
O qədər oxuyub ki, yazığın ağlı
qaçıb. Özü öz əli ilə atadanqalma
malını dağıdır"...
İndi görün Eynəli bəy nəyə görə
dəli adlandırılırdı? "Dəlilərin"
əlində qalıb "DƏLİ" olmuşdu.
-Maraqlı məsələlərdən
biri də Eynəli bəyin Naxçıvanda ilk teatr
tamaşalarını təşkil etməsi olub. Axundovun əsərini
oynayıblar...
-Bəli,
ilk dəfə 1883-cü ildə, naxçıvanlı
ziyalı Hacı Nəcəf Zeynalovun evində.
Düşünün ki, şəhər rəhbərliyinə
müraciət edir məktubla, Azərbaycan dilində tamaşa
oynanmasına icazə ala bilmir. O da Tiflisdəki
dostlarının, böyük ehtimalla Mirzə Cəlilin
köməyilə Axundovun "Müsyo Jordan və Məstəli
Şah" əsərini əldə edib çevirir, rus dilində
oynayırlar. Bununla da Naxçıvanda
teatrın əsası qoyulur.
-O zaman Eynəli bəyin cəmi on
yeddi yaşı vardı. Təzəliklə Naxçıvana
qayıdıb müəllim kimi çalışmağa
başlamışdı...
-Bəli...
Sizə bir məsələni də deyim. Eynəli bəyin ilkləri sırasında Tiflisdə
azərbaycanlı aktrisanı səhnəyə gətirməsi
də var. Məşhur aktyor İbrahim İsfahanlı xatirələrində
yazir ki, tamaşaya qoyduğumuz Azərbaycan həyatını
əks etdirən əsərələrdə azərbaycanlı
qadın rollarını rus və erməni aktrisaları ifa
edirdilər. Tiflis səhnəsini bir
müddət bu çətinlikdən qurtaran Eynəli Sultanov
oldu. O, "Tiflis müsəlman dram cəmiyyəti"nin
yeganə üzvü idi ki, ilk dəfə qadın
rollarında çıxş etmiş, azərbaycanlı
qızı Göyərçin xanımı da səhnəyə
gətirmişdir.1910-cu ildə səhnəyə qoyulan "Dəmirçi
Gavə" əsərində Xubçöhr rolunda Göyərçin
xanım, Gavə rolunda isə Eynəli Sultanov məharətlə
çıxış etmişdir. Sonralar Göyərçin
xanım teatrdan ayrıldı. Bir müddət
qadın rollarını Eynəli Sultanov özü ifa etdi.
Eynəli Sultanovun qadın rollarında
çıxış etməsi Şeytanbazarın fanatik
müsəlmanları tərəfindən lağa qoyulurdu.
O isə bunlara fikir verməyərək deyirdi - "Zaman gələr,
yazıq müsəlmanlar başa düşərlər ki, mənə
yox, öz faciəli tarixlərinə gülürlərmiş".
-Eynəli bəy həm də yeni əlifbanın
yaradılmasının tərəfdarlarından və
iştirakçılarından olub, düzmü
xatırlayıram?
-Bəli.
Yeni Türk Əlifba Komitəsində tərcüməçi
işləyib ən son və 1930-cu ildə ordan təqaüdə
ayrılıb. Təqribən 1924-cü ildə
yeni əlifba üzrə söhbətlər gedərkən
müzakirələrdə həmişə çox fəal
iştirak edb, Məhəmmədağa Şahtaxtlının
hazırladığı əlifbanı dəstəkləyən
yazılarla çıxış edib. Hətta
Yeni Əlifba Komitəsinin Tifliş şöbəsinin katibi
seçilib, "Yeni fikir" qəzetinə əlavə kimi
nəşr olunan "İşıq yol" qəzetinin məsul
katibi kimi çalışıb. 1926-cı ildə Yeni
Türk Əlifba Komitəsi tərəfindən yeni əlifbanın
ən fəal təbliğatçısı kimi "Seyidlər" hekayəsi
ayrıca kitab kimi nəşr edilib. Lakin təzada baxın - əski
əlifba ilə...
-Elxan bəy, çar hökuməti
dağıldı, sovetlər gəldi və nə
yaxşı ki, Eynəli bəyə toxunulmadı. Həm
çar dövründə, həm Sovet hakimiyyəti illərində
dövlət idarələrində
çalışmışdı, yəni işsiz də
qalmamışdı... Sizcə, onu repressiyadan nə
xilas etdi? Bəlkə vaxtında gələn
ölüm? Yaxud Eynəli bəy Azərbaycanda
qalsaydı, Tiflisə getməsəydi, taleyi ağır
olardımı? Məhz 30-cu illərin tuthatutunu
nəzərdə tutub soruşuram.
-İnanmıram
tutulardı, yəni sırf 37-ci il
repressiyasını nəzərdə tutursunuzsa, Eynəli bəy
fanatik dindarlardan sonra, mənə elə gəlir ki, sovetlərə,
Şura hökumətinə inanırdı və bu inam daxili
inam idi. Öz atasının - Çölünün
adını verdiyi yeganə övladını, oğlunu
Şura deyə çağırırdı... Hətta Mirzə
Cəlilin Eynəli bəyə yazdığı məktubdan
da məlum olur bu ad... Yəni süni şəkildə,
pafosla Eynəli bəyi qorumağa gərək yoxdur, onun
heç buna ehtiyacı da yoxdur, çünki bu xalq
üçün kifayət qədər xidmət göstərmişdi
və yenə də buna çalışırdı.
-Lakin Stalinin vuran əli
heç nəyi nəzərə almırdı. Bəlkə də qorxdular, bəlkə də Tiflisdə
olmağı onu xilas etdi. Hüseyn Cavid getdi, Elxan bəy...
Mirzə Cəlilin özü yaxşı durumda deyildi...
Kiçik bəhanələrlə, üzə durmalarla,
işgəncələrlə nələr edilirdi...
-Haqlısınız,
bəlkə də Stalin repressiyasından iki il
əvvəl dünyasını dəyişməsi onu kütləvi
repressiya və sürgünlərdən xilas etdi.
-Naxçıvanda Eynəli
bəyin öz ailəsindən kimlərsə qalıbmı?
-Heç kim... Bir oğlu olub və gənc
yaşda vəfat edib... Sizinlə maraqlı bir hadisəni bölüşəcəyəm.
2013-cü ildə Naxçıvanın bölgələrinə
folklor ekspedisiyaları zamanı Şahbuz rayonunun
Aşağı Qışlaq kəndində bir ailəylə
həmsöhbət olduq. Bu zaman Sədaət
xanım adlı bir nəfər biləndə ki, mən Eynəli
bəy Sultanovla bağlı tədqiqat aparıram, kövrəldi.
İnanırsız, bunu indi danışanda qəribə bir
gizilti keçir bədənimdən... Həmin
Səadət xanımın anasını Eynəli bəy
Sultanov kimsəsiz bir qız uşağı kimi
götürüb öz evində saxlayırmış və
böyüyəndə öz oğluna almaq
arzusundaymış. Eynəli bəyin ölümündən
bir neçə il sonra Çölü də
xəstələnib ölür və evlilik baş tutmur. Sonradan Səadət xanımın anası
başqasına ərə gedir. Səadət xanım
deyirdi ki, bu mənada mən Eynəli bəyi öz mənəvi
babam sayıram...
-Marağımı çəkdi, Eynəli
bəylə bağlı işlərinizdə maraqlı məqamlar var. Siz də, digər
həmkarlarınız kimi, müdafiəyə lazım olan
öhdəlikləri yerinə
yetirə, müdafiədən sonra
sakitcə digər işlərinizə davam edə bilərdiniz.
Lakin, sanki bu mövzu sizin üçün bir az
da sevgiyə dönüşdü. Məsələn,
Eynəli bəy haqqında özünüzdən əvvəlki
ilk iki dissertasiyanı hətta öz monoqrafiyanızdan əvvəl
kitab şəklində çap etdirmisiniz.
-Bunu niyə
etdim... Çünki mən sırf folklorşünaslıq irsini
araşdırsam da, Eynəli bəydən yazan
üçüncü tədqiqatçı idim və məndən
əvvəl yazılmış dissertasiyalar əldə olmadan,
oxunmadan mənim nələr etdiyimün, nə kimi işlər
gördüyümün dərəcəsi bilinməzdi.
Yazdıqlarımın hamısını yeni bilgi kimi qəbul
edilməsi bəlkə mənim adımı ucaldardı, amma
iki böyük tədqiqatçıya, həmçinin Eynəli
bəy Sultanovu bu və ya digər mənada tədqiqata cəlb
etmiş dəyərli alim müəllimlərim İsa Həbibbəyliyə,
Vilayət Quliyevə, Aidə Feyzullayevaya, Abbas Hacıyevə,
Əsgər Qədimova və başqalarına qarşı
böyük haqsızlıq və hörmətsizlik olardı.
Ya da belə deyim - İzzət Maqsudovun, İradə
Əsədovanın haqqını yemiş kimi hiss edərdim
özümü. Hər halda hər iki iş Eynəli bəyin
irsinin öyrənilməsinə bir töfhədir və mən
mənəvi tələbəsi olaraq, övlad kimi bunu üzərimə
götürdüm...
-Eynəli bəyin kitabları da yaxın zamanlarda çap
olunub...
-1966-cı
ildə çap olunmuş 12 hekayəyə müxtəlif
arxiv, fond və mətbuatdan tapa bildiyim daha 21 hekayə əlavə
etməklə 33 hekayədən
ibarət "Eynəli bəy Sultanov: hekayələr"
kitabını ötən il nəşr etdirdim. Kitab keçən
il aprel ayında, müdafiəmdən bir
neçə gün əvvəl işıq üzü
gördü. Sonradan akademik İsa Həbibbəyli rus dilində
yazılmış məqalələrinin toplandığı
daha bir irihəcmli kitabını - "Publisistika"nı çap etdirdi.
-Məlum olduğu kimi, 2016-cı ildə
Naxçıvanda Eynəli bəy Sultanovun 150 illik yubileyinin
qeyd olunmasıyla bağlı dövlət səviyyəli tədbirlərin
keçirilməsi Eynəli bəyin daha geniş
tanıdılmasına, oxunmasına və öyrənilməsinə
təsir göstərdi... Sizin monoqrafiyanızın və adını çəkdiyiniz
kitabların çap olunması da bu qəbildəndir.
-Bəli.
Həmçinin bu yaxınlarda
Naxçıvanda Azərbaycan dilində Eynəli bəy
Sultanovun "Məqalələr" kitabı dövlət xətti
ilə nəşr edildi. Muxtar
Respublikanın bütün təhsil müəssisələrində,
məktəblərində universitetlərində, mədəniyyət
müəssisələrində yubileylə bağlı tədbirlər
keçirildi, AMEA Naxçıvan bölməsində elmi
konfrans təşkil edildi. Naxçıvan
Dövlət Kukla Teatrı Eynəli bəyin "Səhhət
verirsən, vermirsən?" alleqorik pyesini səhnələşdirdi.
Deyim ki, bu pyesi 1924-cü ildə çap olunmuş "Dan
yıldızı" jurnalından tapıb Mədəniyyət
Nazirliyinə təqdim
etmişdim. Eynəli bəy haqqında
Naxçıvan Dövlət Televiziyasında sənədli
film çəkildi. Son olaraqsa keçən
ilin sonunda dövlət səviyyəsində böyük
yubiley tədbiri baş tutdu.
-Söz yox ki, film barədə daha ətraflı
danışacağıq. Səbəbi var, bu filmdə Eynəli
bəyi siz özünüz canlandırmısınız.
Düzdür, sizi tanıyandan sonra mənə adi
görünür, lakin oxucular üçün maraqlı gələcəkdir.
-Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin
imzaladığı sərəncama əsasən
hazırlanmış "Tədbirlər planında" Eynəli
bəy haqqında sənədli filmin çəkilməsi də
nəzərdə tutulmuşdu. Biz
görünüş cəhətdən Eynəli bəylə
oxşar deyilik. O gur saçlı, hündürboylu
adamdı, mən isə, bildiyiniz kimi... Amma onu canlandırmaq istəyirdim. Naxçıvan
Dövlət Televiziyasının sədri Sahil Tahirliylə
görüşdüm, istəyimi dedim. Bildirdi
ki, bunu filmin rejissoruyla danışmaq lazımdır. O
razı olacaqsa, mümkündür. Filmin rejissoru Fərhad
Zamanbəyov, filmin ssenari müəllfi Müzəffər
Əsgərovla danışanda onlar yeganə şərt kimi
saqqal saxlamalı olduğumu dedilər və bir neçə
ay saqqal saxladım, şlyapasından da tapıb başıma
qoyandan sonra deyəsən Eynəli bəyə oxşadım,
çünki hamı çox bənzədiyimizi bu gün də
deyir...
-Sizin Eynəli bəyi oynamaq arzunuz nədən
irəli gəlirdi?
-Arzu nədən
irəli gəlirdi - sevgidən, bağlılıqdan,
duyumdan... Eynəli
bəy artıq həyatımın bir parçasına
çevrilmişdi, onsuz da o ərəfələrdə
danışanda da Eynəli bəy kimi
danışırdım, fikirlərimi də onun sözləriylə
ifadə edirdim, xarakterimə işləmişdi.
Düzü, xarakterimizi üst-üstə qoyanda anladım ki,
mən bu işi bacararam və aktyorluqdan daha çox, filmdə
Eynəli bəyi canlandıranda onun kimi davranmaq, onun kimi baxmaq,
onun kimi düşünmək, onun kimi hisss etmək -
bunları edə biləcəyimə sanki əmin idim. Bəlkə
də bu obrazı hanısasa aktyor məndən daha peşəkar
oynaya bilərdi, amma Eynəli bəyi mənim qədər
duyacaqdımı, bunu bilmirəm...
-Elxan bəy, sizcə, bütün bu
görülən işlər Eynəli bəyin
haqqını verə biləcəkmi, onu bir daha unudulmaq təhlükəsi
gözləmir ki?
-Həyata
keçirilən bunca işdən sonra unudulmaq təhlükəsi
yoxdur. Əminəm ki, yetişməkdə olan nəsil
Eynəli bəyi daha dərindən öyrənəcək,
qoruyacaq və gələcəyə aparacaq.
-Bildiyimə görə, Eynəli bəy
Tiflisdə dəfn olunduğu bilinsə də, məzarı
tapılmayıb.
-Haqlısınız,
indi qarşımda duran əsas işlərdən biri də
Tiflisə gedib bunu araşdırmaqdır. Həmçinin Eynəli
bəy Sultanovun həyatını bütün genişliyilə
təqdim edəcək roman və ya pyes yazmaq istəyirəm...
-Əvvəl sizi xəyal
qırıqlığına uğradan, uzun zaman "dil tapa
bilmədiyiniz" Eynəli bəy mövzu olmaqdan
çıxıb mənəvi müəlliminizə
dönüb. Müdafiə başa
çatıb, elmi ad almısınız, işlərinizdə
irəliləyiş var, indi həm də
"Folklorşünaslıq" şöbəsinin rəhbərisiniz.
Görünən o ki, Eynəli bəylə
vidalaşmayacaqsınız, Eynəli bəy qaldı siz tərəfdə.
Folklor Eynəli bəyin zəngin fəaliyyətinin
yalnız bir hissəsidir.
Deyəsən bütün məqalələrini tərcümə
etdirib bir yerə yığmaq, itib-batan digər əlyazmaların
izinə düşmək də sizin boynunuza düşəcək. Hər nə qədər çətin
də olsa... İlk başlarda haqqında öyrənilməsi
çətin gələn, bir mənada yəqin ki,
"çıxmaz mənə buradan bir gərəkli mövzu" deyərək əlinizin soyumasına səbəb
olan həmin ad, həmin adam, Eynəli bəy Sultanov bu gün
sizin üçün kimdir? Bunu ifadə edə
biləcəksinizmi?
-
Bütün söhbət boyu ürəyim
çırpınırdı, həyəcanlanırdım. Bəlkə
də proses davam etdikcə insan bunları hiss etmir, lakin sizinlə
üz-üzə oturub olub-keçənləri və
olacaqları danışan zaman anladım ki, əslində necə
bir xəzinəyə sahibəm... Eynəli bəy Sultanov mənim
elmdə qazandıqlarımın memarıdır, ruhunu həmişə
öz içimdə hiss etdiyim mənəvi gücdür və hər dəfə
Eynəli bəy Sultanov deyəndə insanların həm də
məni düşünməsinə səbəb olan bir şəxsiyyətdir. Düşünürəm Eynəli
bəy Sultanov mənim adamım oldu...
-Eynəli bəy qısa
ömür yaşamayıb, lakin bu belə onun o dövrdə
gördüyü işləri bir yerə yığmaq
üçün necə də qısa görünür. Sizcə,
bir həyata bütün bunları yığmağı bacaran
adam gücünü hardan, nədən,
kimdən ala bilərdi?
- "Mən səni sevirəm, xalqım!
Bütün məramımla, bütün qəlbimlə,
ruhumun bütün incə telləri ilə sevirəm! Səni
bütün bəşəriyyəti sevdiyim qədər sevirəm!
Səni bəşəriyyətin böyük
ailəsinin üzvü kimi sevirəm. Bütün məziyyətlərin
və qüsurlarınla birlikdə sevirəm! Səni sevərək
həyatını müşahidə edir, sənin
övladlarını öyrənir, dost-düşmənlərini
ayırd edirəm... Mən sənin
məhəbbətindən ilham alıram..." - deyən Eynəli
bəy Sultanov məncə, yetmiş ilə yaxın bir ömrə
bunları çox rahat sığışdıra bilərdi...
Söhbətləşdi: Hədiyyə
ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.14-15.