Sabahatdin Alinin həyat
yoldaşı Aliyəyə məktubu
Sabahatdin Alinin həyat
yoldaşına və qızına yazdığı məktubların
toplandığı "Canım Aliyə, ruhum Filiz"
kitabı yazıçının sevgisini, həsrətini,
mübarizəsini - qısası, həyatına aid bir çox şeyləri
özündə birləşdirir.
Məktubların hər birinin ilk hissəsi
Sabahatdin Alinin Aliyəyə yazdığı duyğulu
sözlərlə başlayır. Kitabın lap əvvəlində
nə qədər duyğu seli varsa, son hissələrdə də
o qədər yorğunluq, hüzn öz əksini tapıb.
Yazıçının məktublarında Əziz Nesinlə
nəşr etdikləri "Markopaşa" adlı qəzeti
bütün əngəllərə, çətinliklərə
baxmayaraq, küçələrdə
necə payladıqlarına şahidlik edirik. Məktubları
oxuyarkən həyat yoldaşı Aliyə və qızı
Filizdən başqa Abidin Dino, Rüştü Şardağ,
Cevdet Kudret kimi bir çox dəyərli imzalarla
rastlaşırıq. Böyük sıxıntılarla
xarakterizə olunan dövrlərdə belə
yazıçının ailəsinə və mübarizəsinə
dair bir çox bilgini bu məktublardan əldə etmək
mümkündür…
Bu da həmin kitabda yer alan hər sətri
eşqlə, həsrətlə, iztirabla zəngin olan məktublardan
biri…
***
Düzü,
dünyada rahat yaşamaq üçün ağılsız
olmaq lazımdır. Fəqət, ağılsız olmaqdansa,
bir az da narahat yaşamaq daha yaxşıdı məncə… Sən
necə düşünürsən?..
Sevgili
Aliyə!
Bunu belə
qəbul etməliyik - insanların demək olar ki, əksəriyyəti
ancaq özünü düşünür. Elə
dünyadakı bütün fəlakətlərin, uyğunsuzluqların,
bayağılıqların səbəbi hər şeydən əvvəl
özünü düşünmək əzabıdır.
İlk baxışda insana çoxbilmişlik və
ağıllı olmaq kimi görünən bu hal əslində,
ağılsızlıqdır. Çünki dünyada hətta
ən vəhşi heyvanlarda da bir-birlərinə yardım
hissinin mövcudluğu kimi insanın da başqa bir insanın
kömək və ünsiyyətinə möhtac olmadan
yaşamasının mümkünsüz olduğu halda, ancaq
özünü düşünmək və
başqalarının da bu cür etməsini istəmək
özün-özünə quyu qazmaqdır. İnsan
başqalarına kömək etdiyi, başqalarını
sevdiyi qədər yüksəlir. Dünyada həyatın bircə
mənası var, sevmək. Hətta qarşılıq belə
gözləmədən... sadəcə sevmək…
Məktubunu aldım. "Mən pis qız deyiləm, sənin məyus olmamağın, xoşbəxtliyin üçün həyatımı da fəda etməyə hazıram" deyirsən Aliyə. Mənə bu cür sözlər yazma… Sonra bir də görərsən mən sənə dəli kimi aşiq olmuşam. Məktubundakı "Məni istədiyim qədər sevməsən, ölərəm" cümləsini bəlkə də əlli dəfə oxudum. Ah, Aliyə, səni istədiyindən də çox sevəcəyəm…
Ətrafdakılardan sıxıldığın zaman kitab oxu… Mən indiyə qədər hər şeydən çox kitablarımı sevirdim. Bundan sonra hər şeydən çox səni sevəcəyəm və kitabları bir yerdə sevəcəyik. İnsan üçün mühitin bayağı, mənasız, soyuq təsirlərindən qurtulmaq istədiyi vaxt ancaq oxumaq faydalıdır. Mənim ən bədbəxt günlərimdə dostum kitablarım olmuşdu. Fəqət, bu kifayət deyil. Şeirlərimdə də gördün ki, kitablarımın olmasına baxmayaraq, çox əzab çəkmişəm. Çünki canıma yaxın bir adam yox idi. Sən mənim yarımçıqlığımı bütövləşdirirsən… Uzun, çox uzun məktub yaz… Səni həsrətlə qucaqlayıram, mənim yeganəm, Aliyəm.
Kiçik foto gözümü yumub baxacağım qədər pis deyildi. Sən ən pis fotoda belə gözəlsən, Aliyə. Sən həmişə hər kəsdən gözəlsən…
Sənə nə yazım ki, sevincə qərq olasan? Mən sevinməyi səndən öyrənəcəyəm. Həyat və fəlakətlər məni gülməkdən və sevinməkdən o qədər uzaqlaşdırdı ki, özümü, sənin gətirdiyin bu səadət dünyası içində belə heyrətdən qurtara bilmirəm. Taleyin amansızlığına o qədər tuş gəlmişəm ki, az qala həyatda mənə də məsud olmağın nəsib ola biləcəyinə inana bilmirəm. Evdə hər iki fotonu gözümün qabağına qoyub baxıram və sanki səadət məni sərxoş edir. Sevincdən ağlamaq istəyirəm.
Mən son vaxtlar hər şeydən ümidimi
üzmüş, özümü gülən, oynayan həyatdan
ayıraraq bir neçə növ kitabın arasına
atmış vəziyyətdə tapırdım. Sən bu
qaranlıq ömrümün içinə bir sevinc
işığı kimi, qurumağa üz tutan əkinlərinə
can verən aprel yağışı kimi birdən-birə gəldin.
Bu qədər çox həyat və səadət
yağışı altında özümü unutmuş kimiyəm.
İndi ömrümün bir qayəsi var: tezliklə sənə
qovuşmaq, səni qollarımın arasına almaq, gözəl,
təmiz üzünə saatlarla heç doymadan baxmaq. Təkcə o zaman tam
sevincli, sənin istədiyin kimi ola biləcəyəm. Səndən
ayrı, səndən uzaqda ikən məndən sevinc dolu
yazılar istəmə. Mənə yazarsan, Aliyəm. Səhifələrlə
yaz. Hər şeydən, həyatdan, insanlardan, bahardan,
özündən bəhs et. Məni sən özün
sevindir… Mən buna möhtacam. Səni min dəfələrlə
qucaqlyır, gözəl gözlərindən, yanaqlarından
öpürəm.
Kəndli
geyimlərdəki fotona baxmaqdan doymuram. Hər gecə
başımın üstündə saxlayır, ona baxaraq yuxuya
gedirəm. Mən dünyada bu qədər gözəl gülən,
güldüyü zaman bu qədər gözəlləşən
insan görməmişəm.
Hamı məni
kefi kök, hər zaman gülən bir şəxs hesab edir.
Bax, elə buna görə də yazılarım çox kədərlidi...
Yəqin ki, qəzeti almısan. Dostlar nə deyir? Bu iş məni
çox yordu. Hətta dünən, yəni qəzetin nəşr
olunduğu bazar ertəsi səhəri çox pis oyunla
qarşılaşdıq. Qəzeti İstanbula və Ankaraya
çatdırma işini öz üzərlərinə
götürən nümayəndələr son dəqiqədə
sabotaj etdilər. "Biz bu qəzeti paylamayacağıq" -
dedilər. Bunun ardınca Əziz Nesinlə mən qəzetləri
bağlama halında daşıyaraq özümüz
paylaşdırdıq. Buna baxmayaraq, "Markopaşa" bir
günə satıldı. ("Markopaşa"nın ilk
sayı 25 noyabr 1946-cı ildə nəşr edilmişdir.) Biz
bu qəzeti ali ziyalılar üçün yox, xalq
üçün nəşr edirik.
Bildiyin
kimi, mən bir nəfərə "alban" dediyim
üçün növbəti dəfə, iki ay da məhkum
oldum. Amma bu məhkəmədən azad
çıxacağıma ümidim var. Əgər bu iş də
öz təsdiqini tapsa, əməlli-başlı işə
düşürəm, çünki o halda Falih Rıfkıya
görə aldığım üç ay da buna əlavə
olunacaq, ümumilikdə edəcək beş ay. (Sabahatdin Ali
"Markopaşa"nın 10 fevral 1947-ci il tarixli 10-cu
sayında dərc edilən "Bilirsinizmi?"
başlıqlı yazıya görə Falih Rıfkı
Atayı təhqir etdiyi üçün üç aylıq məhkum
olunmuşdur.) Yəni mənim həbsdən
çıxmağım 1948-ci ilin fevralının sonuna
çəkər. Fəqət, qurtulacağıma ümidim
böyükdür. Nə isə, fikir vermə! Sonu
yaxşı olacaq. Həm də çox yaxşı
olacağına qüvvətli inamım var. Əsas odur ki, biz
mətanətimizi, imanımızı və bu millətə
etimadımızı itirməyək. İndilik bu qədər.
Yaxında səni də, əziz ruhum Filizi də İstanbulda
görməyə ümid edirəm.
Hər
halda qarşıdakı günlərimiz gözəl
olacaqdır, kədərlənməyin. Sənin və Filizin
gözlərinizdən, yanaqlarınızdan,
dodaqlarınızdan milyon dəfələrlə öpürəm.
Dostlara salam söylə. Əsəblərimə görə
narahat olma. Bilirsən, dəmir kimidi, amma dəmir kimi
qalmağı üçün hərdənbir heç kim
görmədiyi zaman sizin yanınızda əsəbiləşməliyəm.
Amma gümanlarımda yanılacağımı
düşünürəm. Çünki qocalacağıma
kim zəmanət verə bilər? Həmişə gənc
qalacağam. Xülasə, məni düşünməyin,
amma mən sizi düşünməkdən dəli
olacağam…
Hazırladı və türkcədən
çevirdi:
Xatirə NURGÜL
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.19.