Milli dirçəliş, I Türkoloji
qurultay
və ədəbiyyat məsələləri
Əvvəli ötən
sayımızda
Təsadüfi
deyildi ki, böyük Hüseyn Cavid 1915-ci ildə
"Açıq söz" qəzetində çap etdirdiyi
"Müharibə və ədəbiyyat" adlı məqaləsində
yazırdı: "Rus-yapon müharibəsində kiçik
Yaponiyanın hərbi nəzəriyyə və təcrübə,
hərbi sursat təchizatı, döyüşən qüvvələrin
çoxluğu baxımından və ümumiyyətlə, hər
cəhətdən özlərindən üstün olan Rusiyaya
qalib gəlməsinin səbəbkarı yapon ibtidai məktəb
müəllimləridir. Məhz yapon ibtidai məktəb müəllimləri
dərs dedikləri siniflərdə oxuyan yapon
uşaqlarının hər birini əsl yapon vətənpərvəri,
yapon vətəndaşı kimi tərbiyə etməyi
bacarmışlar." Yaxud yenə Hüseyn Cavid həmin məqalədən
bir qədər əvvəl yazdığı "Həsbi-hal"
adlı yazısında qeyd edirdi ki, bu gün məktəbimiz
və ədəbiyyatımız necədirsə, sabah millətimiz
elə olacaq. Millətini, mədəniyyətini, məktəbini
və mədəniyyətini sevən hər bir Azərbaycan
ziyalısı XX əsrin ilk onilliklərində belə
düşünür və çalışırdı. Ona
görə də ölkə milli dirçəliş
dövrünü yaşayır və gələcəyə
böyük mənəvi qüvvə ilə gedir, inamla,
ümidlə baxır və qürurla, vüqarla addımlayırdı.
Lakin AXC-nin yaşadığı 23 aydan sonra dövlət
çevrilişi baş verdi. Dövlət milli süquta
uğradıldı, bolşeviklər hakimiyyəti ələ
keçirdilər, hökumət də, siyasət də dəyişdi.
Azərbaycan sovetləşdirildi. AXC liderləri yeni hakimiyyət,
yeni hökumət tərəfindən təqib edildi; həbslər,
qətllər müqabilində Azərbaycandan xarici ölkələrə
köçlər, qaçışlar, ümumiyyətlə,
yeni mühacirət dalğası başlandı. Lakin yarım
müstəqil ölkədə əsrin əvvəllərindəki
ilk iki onilliklərdəki milli-mədəni və mənəvi
dirçəliş dalğası tamamilə sönmədi.
"Bir dəfə yüksələn bayrağın bir daha
enməyəcəyinə" olan inam da həmçinin. Bu
yeni - üçüncü onillikdə bolşeviklərin yeni
şüarlarına, masoncasına bu şüarların
çoxuna əməlləri ilə cavab verməmələrinə
və verə bilməmələrinə rəğmən,
aldananlar, uyanlar da oldu, həqiqətin gözünə dik
baxanlar da, repressiyalar da, hətta dirçəlişin,
müstəqilliyin, milli-mədəni, mənəvi yüksəlişin
davam edəcəyinə inananlar və yaxud bunun
üçün özündə güc, dəyanət
tapıb dözənlər və açıq, yaxud gizli
mübarizə aparanlar da. Bəli, XX əsrin
üçüncü onilliyində ölkədə bu cür
ziddiyyətli tərzdə ziqzaqlı bir yol ilə irəliləyiş
davam etməkdə idi. Lakin mərkəzi hakimiyyət zor,
güc və siyasətlə (oxu: hiylə ilə) sovetləşdirdiyi
milli respublikaları nəzarətdən heç cür
buraxmaq fikrində deyildi. Odur ki, yerlərə, regionlara, millətlərə
bəzən hücumlar edilsə də, bəzən də
güzəşt kimi görünən hərəkətlərə
də yol verirdi. Yerlərdə başlanan hər hansı hərəkətdə
müşahidə etdiyi zəiflikləri tutub, ondan istifadə
etməyə çalışırdı. Yaxud baş verməkdə
olan hərəkatlardan öz siyasəti xeyrinə istifadə
etmək üçün məqamlar axtarır və fürsət
düşdükdə ondan istifadə edirdi. Belə bir vaxtda,
konkret olaraq qeyd etmək lazım gəlsə, 1926-cı ilin 26
fevralında Azərbaycanın paytaxtı Bakı şəhərində
Birinci Türkoloji qurultay öz işinə başladı.
Tanınmış tatar alimi, görkəmli tatar
yazıçısı Qalimcan İbrahimov (Səməd
Vurğun onu ancaq tatar xalqının yox, bütün Şərq
xalqlarının böyük yazıçısı
adlandırmışdı)...
Həm
"Azərbaycan sovet ədəbiyyatı tarixi"
kitabının birinci cildinin yuxarıda qeyd edilən səhifəsində,
həm də M.X.Xasanovun adı çəkilən
monoqrafiyasından gətirdiyimiz iqtibasda tam
aydınlığı ilə qeyd edilir ki, Birinci Türkoloji
qurultayda məqsəd "ərəb əlifbasından
latın əlifbasına keçmək" idi və qurultayda
bu barədə qərar qəbul etmişdi. Bu doğru idi ki,
qurultayda latın əlifbasına keçmək məsələsi
müzakirə edilmişdi və bu barədə qərar da
çıxarılmışdı. Lakin Birinci Türkoloji
qurultayda başqa məsələlər də müzakirə
edilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev cənablarının I Bakı Türkoloji
qurultayının 80 illik yubileyinin keçirilməsi
münasibətilə verdiyi 9 noyabr 2009-cu il tarixli sərəncamından
sonra ölkədə ciddi hazırlıq işləri
görülməyə, tədbirlər həyata keçirilməyə
başlandı. Görülən işlərdən ən
mühümlərindən biri də "1926-cı il Birinci
Bakı Türkoloji qurultayı (stenoqram materialları,
biblioqrafiya və fotosənədlər)" kitabının
çap edilməsi oldu. Kitaba yazılmış
"1926-cı il I Bakı Türkoloji qurultayı haqqında
söz"də deyilir: "1926-cı il Birinci Bakı
Türkoloji qurultayı, hər şeydən öncə, bir
siyasi tarixdir. Yeni qurulmuş (cəmi 9 il) imperiyanın - Sovetlər
İttifaqının, imperiyanın yerində yeni qurulmuş
Cümhuriyyətin - Türkiyə Cümhuriyyətinin (cəmi
2 il), eləcə də Avropanın ideoloji savaşının
önəmli bir parçası I Türkoloji qurultaydır.
Sovet imperiyasında slavyanlardan sonra kəmiyyətcə ikinci
olan türklərə qarşı yönəlmiş dil, əlifba,
mədəniyyət pərdəli manqurtlaşdırma,
soyqırım və emiqrasiya siyasəti, Türkiyə
Cümhuriyyətinin türk xalqları ilə birgə türk
xalqlarının birliyinin konsepsiyası olacaq dil, əlifba, mədəniyyət
siyasəti və Avropanın (konkret olaraq Fransa, Almaniya və
İngiltərənin) Şərqə və Sovetlərə
qarşı strategiyasının müəyyənləşməsində
Birinci Türkoloji qurultayın müstəsna rolu və əhəmiyyəti
var". Bundan başqa yenə həmin "Söz"də
yazılır ki, "Birinci Bakı Türkoloji qurultayı
türkologiya elmi tarixinin XX əsrdə yeni
başlanğıcıdır. ...Çağdaş
türkologiya elminin prelüdü olan Birinci Türkoloji qurultay
türk ədəbi dil, əlifba, termin məsələlərində,
eləcə də tarix, ədəbiyyat istiqamətlərində
çox önəmli və ibrət dolu bir
başlanğıc kimi tarixləşmişdir".
""Söz"də
qeyd olunan üçüncü bir məsələ də
Birinci Bakı Türkoloji qurultayının
iştirakçılarının qurultaydan sonra sovetlər
ölkəsində başına gətirilən faciələrin
xatırladılması ilə əlaqədardır. Bu,
"Söz"də kədərli, hüznlü bir tarix,
insan dramı kimi dəyərləndirilən faciədir. 100-dən
artıq iştirakçının, seçmə alim və
mütəfəkkirin əksəriyyətinin həbsi və
fiziki (həmçinin mənəvi - T.H.) məhvi ilə bitən
(nəticələnən - T.H.) bu qurultay yaxın tarixin ən
böyük ziyalı - alim (yazıçı - T.H.)
soyqırım sənədidir".
Birinci
Bakı Türkoloji qurultayında türk xalqları ilə əlaqədar
yeddi böyük problem müzakirə olunmuşdu. Lakin bu
qurultayla əlaqədar xof o qədər güclü idi ki,
tatar alimi M.X.Xasanov 1987-ci ildə Moskvanın "Nayka" nəşriyyatının
Şərq ədəbiyyatı baş redaksiyasında
çap etdirdiyi "Писатель, ученый, революционер" monoqrafiyasında bu
yeddi problemin ancaq birini xatırlayır və haqqında ötəri
bir bəhs açır...
Ədəbiyyatşünas-alim
Azər Turan 1926-cı il Birinci Bakı Türkoloji
qurultayının çağırılmasının 80 illik
yubileyi münasibətilə yazır ki, "həmin qurultay
barədə düşünəndə ən əvvəl,
Bartoldun mülahizələrini xatırlayıram". Bundan
sonra görkəmli şərqşünas alimin
aşağıdakı sözləri xatırlanır,
vaxtı ilə Bartold deyirdi: "Hal-hazırda qurultay
Bakıda çağırılır. Qurultayın Bakıda
çağırılmasına bir çox dəlillər
vardır. Danmaq olmaz ki, əksər əhalisi türk olan
cümhuriyyətlərin hamısına nisbətən Azərbaycan
Cümhuriyyəti və onun paytaxtı Bakı şəhəri
universitet həyatını və ümumiyyətlə, elmi həyatı
daha yüksək dərəcədə saxlamağa müvəffəq
olmuşdur. Digər tərəfdən coğrafi mövqeyinə
görə də Bakı istər Moskvadan, Leninqraddan, istərsə
də Krım, Tatarıstan, Türkmənistan və sair
respublikalardan gələnlər üçün eyni dərəcədə
əlverişlidir".
Eyni məsələyə,
qəribədir ki, M.X.Xasanov tamam başqa bir mövqedən
yanaşıb, fərqli bir münasibət bildirir. M.X.Xasanovun
yazdığına görə Tatarıstandan Birinci Bakı
Türkoloji qurultayında iştirak edən altı nəfərdən
ibarət nümayəndənin başçısı,
görkəmli yazıçı və ədəbiyyatşünas
Q.İbrahimov ərəb qrafikası əsasında yeni əlifbaya
keçməyə prinsipcə etiraz etməsə də,
"bu məsələdə tələsmək olmaz"
fikrini irəli sürmüş və qurultayda bu barədə
məruzə etmişdir. Ancaq əslində Q.İbrahimov
qurultayda orfoqrafiya məsələsi barədə məruzə
etmiş, buna dair təkliflərini vermişdir. Onun məruzəsi
üç hissədən ibarət olmuşdur. Birinci hissə
XIX əsrin II yarısına qədər mövcud olmuş
köhnə orfoqrafiyaların tənqidi təhlilinə, həmçinin
uyğur, Orhun və köhnə ərəb əlifbalarının
təhlilinə həsr edilmişdir. İkinci hissədə ərəb
əlifbasının islahatına və nəhayət, türk
xalqlarının orfoqrafiyasının islahatına yönəldilən
hərəkətlər təsvir olunmuşdur.
Müəllif ümumiyyətlə, türk orfoqrafiyasının dəqiqləşdirilməsi üçün türk dillərinin nəzərə alınmalı xüsusiyyətlərini müəyyənləşdirib, qurultay nümayəndələrinin nəzərinə çatdırmışdır. Lakin onun çıxış və təkliflərində əlifbada latınizasiya əleyhinə heç bir işarə olmamışdır. Ancaq hələ Birinci Bakı Türkoloji qurultayından iki il əvvəl, yəni 1924-cü ilin fevralında tatar-başqırd müəllimlərinin Moskvada keçirilən Ümumittifaq qurultayında Q.İbrahimovun məruzəsi dinlənilib qərara alınmışdı ki, "Хотя... принятие латинского шрифта взамен арабского принципиально является желательным и целесообразным, хотя блогодаря этому мы еще на шаг приблизились бы к всеобщему братству народов, съезд не находит возможным спешное проведение в жизни такой меры... Не будучи принципиально против принятия латинского шрифта и считая желательной пропаганду в этом направлении, съезд находит нужным немедленно принять меры к усовершенствованию (облегчению) существующего арабского шрифта". M.X.Xasanova görə tatar-başqırd ümumittifaq müəllimlər qurultayı belə bir qərar çıxartmaq üçün ona əsaslamr ki, guya tatarlar ölkədəki digər türk xalqlarına nisbətən daha yüksək savada malikdirlər. Bunun üçün hələ rəqəmlər də göstərilir. Misal üçün M.X.Xasanov göstərir ki, 1926-cı il statistikasına görə doqquz yaşdan başlayaraq daha çox yaşlılar da daxil olmaqla Azərbaycanda savadlı əhali 25,2 faiz, Qırğızıstanda 15,1, Türkmənistanda 12,5 faiz, Özbəkistanda 10,6 faiz, Tatarıstanda isə 40 faizdir. Bu rəqəmlər, olsun ki, say-kəmiyyət baxımından reallığı əks etdirirdi. Lakin akademik Bartoldun fikirləri və Birinci Bakı Türkoloji qurultayının çağırılmasının təşəbbüskarlarının Azərbaycan ziyalıları olması, həmçinin qurultayın Bakıda keçirilməsi faktı savadlılığın, intellektuallığın və şüurlu milli heysiyyətin yüksəkliyi baxımından hər şey Azərbaycanın xeyrinə idi və Bartoldun daha doğru bir mövqedə olduğunu göstərirdi. Akad. Bartoldun belə bir rəy söyləməsi üçün o vaxtlar kifayət qədər əsas vardı. Azər Turanın yazdığı kimi, "1922-ci ildə N.Nərimanovun sədrliyi ilə Bakıda "latın əlifbasına keçid" komitəsi yaradılmışdı və bu prosesə təkcə Bakı alimləri deyil, o zamankı SSRİ-nin digər elm mərkəzlərində çalışan türkoloqlar da xüsusi diqqət yetirirdilər". Azər Turanın məqaləsində bu barədə bir sıra maraqlı fakta toxunulmuşdur. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev "Birinci Türkoloji qurultay-80" rubrikası ilə "Ədəbiyyat qəzeti"ndə (16 dekabr 2005) çap olunmuş "Birinci Türkoloji qurultayda ədəbi dil məsələsi" adlı məqaləsində yazır: "...türk xalqlarının tarixi, mədəniyyəti, maarifi ilə bağlı zəngin problemlər proqramı olan Birinci Türkoloji qurultay adətən ən çox dil məsələləri ilə xatırlanır". Professor Tofiq Hacıyev haqlı olaraq yazır ki, "Qurultayda ədəbi dil məsələsi geniş yer tutmuşdu. Qurultayda ədəbi dil ilə bağlı müzakirələr orfoqrafik normadan başlamışdı. Tofiq müəllim məqaləsində diqqəti dünya fonetik nəzəriyyəsinin görkəmli nümayəndələrindən biri olan Lev Vladimiroviç Şerbanın "Orfoqrafiyanın əsas prinsipləri və onların sosial mənası" adlı məruzəsinə yönəldib. Qeyd edir ki, görkəmli alimə görə mövcud olan 4 orfoqrafiya prinsipindən türk dilləri üçün ən münasibi fonetik prinsipdir və etimoloji-morfoloji prinsip onu tamamlamalıdır. "Fonetik prinsipin ölçüsü budur ki, necə deyirsən, elə də yaz". Bəzi sözlərin yazılışında isə başqa prinsiplərdən də istifadə edilir. Bu məruzənin tematikası və problematikası ilə bağlı Fərhad Ağazadə (Azərbaycan), Qalimcan İbrahimov (Qazax-tatar), Şakircan Rahimi (özbək), Əhməd Baytursun (qazax) da çıxış etmişlər. Qurultayda terminoloji məsələlər barədə bəhs yeni müzakirə edilmişdi. Bu məsələnin şərhi üçün çıxış edənlər tez-tez ədəbi - bədii nümunələrə müraciət etməli, məsələni ədəbiyyatla əlaqələndirməli olmuşlar, ədəbiyyatla əlaqəli şərh etməyə çalışmışlar. Professor Tofiq Hacıyev professor Bəkir Çobanzadədən belə bir misal gətirir (bu misal ədəbi dil məsələsini klassik ədəbi nümunələr vasitəsilə izah etmək imkanı yaratmışdır): "Çuvaş və yaqutları çıxmaqla ərəb-fars mənimsəmələri zəminində bizim başqa ümumi bazamız var, məsələn, götürək Əlişir Nəvainin dilini, XV-XVI əsrin istənilən osmanlı klassikinin - Baki, Nəbi və ya Nadimin dilini götürək, onlar həm də ərəb-fars leksik terminoloji mənimsəmələri ilə yaxın və anlaşılandırlar". Məsələyə belə müqayisəli yanaşmaq qarşıya çıxan suala ən düzgün cavab verməyə imkan yaradır, ədəbi dil faktını ədəbiyyatın özü ilə şərh etmək mümkün olur. Ədəbi dil ilə bağlı qazax aliminin "Molla Nəsrəddin" jurnalı ilə Bakıda çıxan "Kommunist" qəzetinin dilini müqayisə edib, gəldiyi nəticə ilə Azərbaycan aliminin eyni məsələdə nəticəsi arasındakı fərq də professor Tofiq Hacıyevin nəzərindən qaçmamış və o buna da eyhamlı, iymalı münasibətini bildirmişdir.
Türkoloji qurultayda keçirilən 17 iclasda ədəbiyyat məsələlərinə də diqqət yetirilmişdir.
Qurultayda oxunmuş məruzələrdə, misal üçün professor Bəkir Çobanzadənin "Türk ləhcələrinin yaxın qohumluğu" adlı məruzədə akademik Bəkir Nəbiyevin yazdığı kimi, Orxon-Yenisey, "Qudatqu-bilik", "Divani-hikmət", "Divani-luğat it-türk" kimi yazılı abidələr əsasında türk dillərinin yaxınlığı, doğmalığı məsələsi şərh olunmuşdur. Bu yaxınlıq və doğmalıq isə türk xalqlarında ədəbi-estetik düşüncənin, bədii zövqünün yaxınlığını, doğmalığını doğurmuşdur. Yuxarıda adını çəkdiyimiz abidələr ki, professor Bəkir Çobanzadənin tədqiq obyektinə çevrilmiş və onun məruzəsinin çox mühüm hissəsini təşkil etmişdi, həm dil baxımından, həm də bədii-estetik sərvət olması baxımından, ümum-türk yazılı abidələridir. Odur ki, bu günün özündə də həmin yazılı abidələr türk xalqlarının müştərək abidələri olaraq həm dilçilərin, həm də ədəbiyyatşünasların maraq dairələrindən kənarda qalmır. Bu iş isə Birinci Bakı Türkoloji qurultayının başladığı işin indi də davam etdirildiyini göstərir.
Tofiq Hüseynoğlu
filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2017.- 23 dekabr.-
S.18-19.