Efron Ariadnanın anası Marina
Svetayeva haqqında xatirələri
Anam
haqqında, onun zahiri görünüşü haqqında ilk
xatirələrim sürrealistlərin rəsmlərinə bənzəyir. Ümumilikdə tam bir obraz yoxdur,
çünki gözlər onu əhatə etməyə qadir
deyil, şüur isə hər şeyi bir vahid altında birləşdirə
bilmir.
Bütün
ətrafdakılar və ətrafda üst-üstə
yığılanlar, ucsuz-bucaqsız, əlçatmaz və
qeyri-mütənasibdir mənim
üçün. Adamların nəhəng ayaqqabıları,
hündürlüyə qalxan uzun ayaqları, böyük,
qüdrətli əlləri var.
Üzlər
görünmür, onlar hardasa oralarda - yuxarılardadı.
Onları ancaq mənə sarı əyiləndə, ya da məni
qucaqlarına götürəndə görə bilirəm. Mən
ancaq onda görürəm, barmaqlarımla da toxunuram -
böyük qulaq, böyük qaş, barmağım
yaxınlaşanda qırpılan böyük göz və gah
öpən, gah da barmağımı tutmağa
çalışıb "ammm" deyən böyük
ağız. Bu həm gülməlidir, həm də təhlükəli.
Yaş,
cins, doğmalıq dərəcəsi, anlayışları mənimçün
mövcud deyil. Belə baxanda
özümdəki "mən" hələ özünü
tapmayıb, "mən" başdan-başa bütün bu
gözlərdən, dodaqlardan və ən başlıcası
bu əllərdən asılıdır. Ondan başqa hər
şey dumandır. Ən çox bu dumanı elə anamın əlləri
yarır. O əllər başımı sığallayır,
qaşıqla yedizdirir, şapalaqlayır, sakitləşdirir,
paltarımı düymələyir, yatızdırır, istədiyi
kimi rəfdar edir. Onlar həyatımda ilk reallıq, ilk hərkət
edən və etdirən qüvvədir. İncə,
qarabuğdayı, narahat əllər, bütün əllərdən
yaxşıdır. Çünki onlar gümüş
üzük və bilərziklərin parıltısıyla
doludur. O parlaqlıq ki, anamla birgə gəlir və gedir,
özündən ayırılmazdır.
Parıldayan
əllər, parıldayan gözlər, cingiltili və həm
də parlaq səs - mənim ən kiçk
yaşlarımın anasıdır bu. Mən onu ilk dəfə
görən kimi - bir neçə günlük həyatımdan
yoxa çıxıb əməliyyatdan sonra xəstəxanadan
evə dönən kimi tamlıqla, bütöv şəkildə
dərk etdim. Xəstəxana və əməliyyatın nə
olduğunu mən çox sonralar başa düşdüm.
Amma indisə, sadəcə, uşaq otağının
qapısı açıldı, anam ildırım kimi içəri
girdi. İndiyə qədər mənimçün
ayrı-ayrı parçalardan ibarət anam tam bir vahid şəklində
gözlərimdə birləşdi. Və mən onu tam şəkildə
- başdan-ayağa gördüm, üstünə
atıldım, xoşbəxtlikdən boğulurdum.
Anam
hündür deyildi, ortaboylu, düzgün, dəqiq ifadə
olunmuş, lakin incə cizgili qadın idi. Burnu düz, azca
donqar, dəlikləri ifadəli idi. Bəli, məhz ifadəli.
Xüsusilə də, kinini və nifrətini yaxşı ifadə
edirdi. Deyə bilərəm ki, ümumiyyətlə,
üzünün hər bir cizgisi ifadəli və işvəliydi:
həm dodaqları, həm təbəssümü, həm
qaşlarının dağınıqlığı, hətta
favn (Amerika meymunu cinsi) kimi balaca və həssas qulaqları da.
Gözlərinin rəngisə çox nadir, su pərisi
gözü adlanan açıq, parlaq yaşıl rəngdəydi.
Bu rəng ta ölən günə qədər nə soluxdu,
nə də ki bozardı. Üzündə
uşaqlığından hansısa əlamətlər,
hansısa gənclik - yeniyetməlik girdəliyi
qalmışdı. Açıq xurmayı saçları
bir-birinə yumşaq və səliqəsiz şəkildə
dolaşırdı. Anamın çiyinləri iri, budları və
beli dar, dartılmış idi. Və ömrünün sonuna qədər
də yeniyetmə görünüşünü, elastikliyini
və zirəkliyini qoruyub saxlamışdı. Əlləri
qadın əlinə bənzəmirdi. Oğlan əlləri
kimiydi. Çox böyük olmasa da, heç də miniatür
- balaca deyildi. Salamlaşanda möhkəm, sərt
salamlaşırdı. Barmaqları yaxşı inkişaf
etmişdi. Ucları azca kvadrat formalı, enli, lakin gözəl
dırnaq quruluşu vardı. Üzük və bilərziklər
bu əllərin ayırlmaz hissəsi idi. Əvvəllər kəndçi
qızların qulağına sırğanı belə
taxardılar, birdəfəlik - ömürlük. Bu cür -
ömürlük olanlardan iki qədim gümüş bilərzik
vardı. Hər ikisi tökmə, üstü
çıxıntılı idi. Biri füruzə
qaşlı, o biri hamar, üstündə çox gözəl,
qanadları o kənarından bu kənarına qədər
uzanan və bütün biləyi tutan uçan quş təsvirli
idi. Üç üzük - nişan, "yazılarda salamat
qalan" (Svetayevanın şeirindən misra) üzük, gümüş çərçivəli
gemma - gümüş çərçivədə əqiq
üzərində Hermes təsvir olunmuş üzük və ətrafında
"sənin üçün mənim əzizim"
yazısı olan (çox güman ki, onu çoxdan qeyb
olmuş dənizçi bəyin, qeyb olmuş gəlinə hədiyyəsiydi)
gəmi təsvirli ağır möhür-üzük. Amma mənim
yaddaşımda həmin o yazı tamamən silinib. Elə gəmini
də güclə göz önümə gətirirəm. Bir
çox başqa üzüklər də vardı, gəlib-getdilər.
Lakin bu üç üzük onun barmaqlarından heç vaxt
çıxmadı. Və onunla birgə getdi...
Anamın
mənim gözümdə bütöv bir varlığa
çevrildiyi həmin axşamda əynində enli, yuxarı
hissədən dar, qəhvəyi rəngli ipək paltar, əlində
əməliyyat sonrası sarğı vardı. Mən hətta
sarğını da yadımda saxlamışam - Şərq
naxışları olan tünd kəşmir yaylıq idi.
Onunla
bağlı ilk xatirəm, hətta deyərdim ki, elə
özümlə də bağlı ilk xatirəm: bir neçə pilləkəndir - ən
yuxarı pillədə mən dayanmışam və onlar
aşağıda böyük, özgə otağa
düşür. Mənə hər şey alatoran
görünür, çünki bura yarızirzəmidir.
İşıq lampası yuxarıda tavandan asılıb, tavan
isə alçaqdır, mən də pilləkənin
yuxarısında durmuşam. Anlaya bilmirəm, tavan mənə
daha yaxındır, yoxsa döşəmə. Anam orda,
aşağıda - lampanın altındadı. Gah eləcə
dayanır, gah da yavaş-yavaş çevrilib mənə yox,
özü-özünə baxır. Anamın yanında dizi
üstündə qadın oturub. Anam da nəyəsə
toxunur, sığallayır, dartışdırır və
havada tanımadığım bu sözlər uçuşur -
"klyoş ətək, klyoş ətək". Küncdə
bir qadın da var. Onun nə başı var, nə əlləri.
Ayaqlarının yerində isə laklı altlıq var.
Üstündəki paltarsa əsldi, canlıdı. Mənə
sakit durmağı tapşırıblar. Mən də sakitcə
durmuşam. Amma birazdan möhkəm ağlayacam, çünki
mənə heç kim diqqət yetirmir, axı mən balacayam
və pilləkənlərdən yıxıla bilərəm.
Bunu anam danışırdı, Krımda olub və o zamanlar
üç yaşım olub.
Həmin
yaydan yaddaşımda heç nə qalmayıb - nə adamlar,
nə əşyalar, nə də yaşadığımız
otaqlar. İlk dəfə şüurumda ata obrazı
yaranıb - o, anamdan hündür idi, baxış dairəmə
sığışmırdı və atamla bağlı ilk
xatirəm onu necə tanımamağımla
bağlıdır. Anam məni qucağında aparır,
qarşıdan ağ geyimli bir nəfər gəlir. Anam onun
kim olduğunu soruşur, mənsə tanıya bilmirəm.
Ancaq mənə sarı əyiləndə onu tanıyıb bərkdən
qışqırıram - Seryoja, Seryoja! (Uşaqlıqda
valideynlərimi onlar bir-birlərini
çağırdıqları kimi
çağırırıdım - Seryoja, Marina. Amma daha
çox Seryojenka, Marinoçka deyirdim!)
...Anamın
gənclik və mənim uşaqlıq illərimin keçdiyi
ev hələ də salamatdır. Bu, bayır tərəfdən
ikimərtəbə, həyət tərəfdən
üçmərtəbəli olan köhnə ev Borisoqlebsk
dalanından 6 nömrəli ev Arbatın - keçmiş
Povarskaya və İt meydançalarının
yaxınlığında idi. O zamanlar evlə üzbəüz
iki ağac vardı - anam onlara şeir həsr etmişdi:
"İki ağac". İndi onlardan biri qalıb - yetim
kimi. Həmin evin 5 nömrəli mənzilinə anadan
olduğum Zamoskvoreçyedən
köçmüşdük.
Bu, əsl qədim Moskva mənzili narahat, dolaşıq,
mətrəbəyarımlıq və çox səliqəli
idi. Evdə müxtəlif otaqlar vardı...
Atamın
otağında taxt qapıdan sol tərəfdəki
divardaydı. Pəncərədən solda yazı masası,
küncdə sakinləri "Albert" və "Mariya"
peçenyeləri və holland qız şəkilli dəmir
qabda qəhvə olan dairəvi
bufet vardı. Bunun O.E.Mandelştamla xatirəsi var.
Anamın
otağı uşaqlığımın bayramı, şənliyi
idi. Və bu bayramı qazanmaq lazımıydı. Bayram
qapının kandarından girən kimi başlayırdı: mənim
üçün musiqili mücrü işə
salınırdı, şarmankanın dəstəyini
fırlatmağa, tısbağa qınıyla oynamağa,
canavar dərisi üzərində uzanmağa, stereoskopa
baxmağa icazə verirdilər. Atam məni dizlərinin
üstündə otuzdurub heç kimin bilmədiyi
nağıllar danışardı. Xüsusilə, quldurlardan
olan nağılı sevirdim, amma onu atam nədənsə
anamın yanında heç vaxt danışmırdı...
Atam
Seryoja yaxşı şəkil çəkirdi. Ən gözəlsə
şir şəkilləri alınırdı. Şirlər
haqqında mənim ən sevimli nağıllarımı
danışır, elə danışan kimi də şəklini
çəkirdi. Bir də ki, atam üzündə şir
obrazını təsvir edirdi. Və bu ata şiri mən adi
atamdan daha çox sevirdim. Marinasa üzündə
vaşaqı təsvir edirdi. Nədənsə heç biri
alınmırdı. Atamla anam bir-birlərinə zarafatla
"şir" və "vaşaq" deyirdilər.
Marinayla gəzməyə
çıxanda həmişə dilənçilərə sədəqə
verirdik. O uzağı yaxşı görmürdü deyə,
həmişə ona harda dilənçi olduğunu mən
deyirdim. Qəpiklər verirdi, qaça-qaça gedib onlara
çatdırırdım. Bəzilərinin
qarşısında papağı dolu, bəzilərininkisə
boş olurdu. Biz tez-tez kilsəyə gedirdik. Pilləkənlərlə
tullana-tullana üzüyuxarı çıxmağı
sevirdim. Amma hamı kimi, anam kimi, bütün uşaqlar kimi
üzüaşağı düşməyi bacarmırdım.
Və hər dəfəsində
Marina mənə düşməyi öyrədir və əsəbiləşirdi.
Bütün
xoş anlar və gözəlliklər keçmişdə
qaldı. Qarşıdasa sonsuz, aşağı enən bomboz
pilləkənlər görünür. Və mən də
hamı kimi bu pilləkənləri pillə-pillə
düşməliyəm...
Rus dilindən tərcümə edən:
Xanım AYDIN
Ədəbiyyat qəzeti.- 2017.- 23
dekabr.- S.31.