Sarı cənnət
Hekayə
Qonaqlıqdan
qayıdırdım, gecə idi, başqa günlərdən fərqli
olaraq özümü yaxşı hiss edirdim. Metronun
"Neftçilər" stansiyasından çıxanda
öz-özümə fikirləşdim ki, nə zaman bir
maşın alıb, bu lənətə
gəlmiş basabasdan qurtulacam... Tələm-tələsik də
özümü danladım, sağlam olduğum
üçün, ayaqlarımın üstündə gəzə
bildiyim üçün Allaha şükür etməyi və
naşükür olmamağı xatırladım.
Pencəyimin döş cibindən siqaret çıxardım, yandırmaq istəyirdim ki, ağsaqqal bir kişi ilə rastlaşdım. Kasıb geyimli, nimdaş görkəmli kişinin başında toxuma papaq vardı.
-Qardaşoğlu, limon
satıram, dərmansız
limon, beş dənəsi bir manatdır.
-Doğrudan dərmansızdı,
əmi?
-Əlbəttə, qardaşoğlu!
Gülümsədim.
-"Beş dənəsini ver yeyim, təzyiqim
düşsün, gecəni
rahat yatım" - dedim.
Tez köhnə və qırış pencəyinin
cibindən bir sellofan torba çıxardı, içinə
beş ədəd limon qoyub mənə
verdi. Yolboyu kişinin "dərmansız
limon" təbliğatını düşündüm.
İnsan
ömrünün qısalması,
tibbə məlum olmayan, müalicəsi hələ də tapılmayan bir çox xəstəliklərin
dayanmadan artması, insanların təbii məhsullara müxtəlif
kimyəvi qatışıqlar
qatıb istehsal etməsi barədə kifayət qədər məlumatı olan biri kimi təbii
ki, bu təbliğata
inanmamışdım. Bütün
yediklərimizin içində "dərman" var, bunu bilməyən
varmı görəsən?!
Evə
çatan kimi əynimi soyunmadan limonları içində bir
qab içməli sudan savayı heç nə olmayan soyuducuya
qoydum. Paltarlarımı dəyişib, yataqda uzandım və
telefonumda nərd oynamağa başladım, o qədər
yorğun idim ki, yuxuya nə zaman düşdüyümü
belə hiss etmədim.
Bir
neçə gün sonra, gecə saat on bir olardı, dostumgildən
çıxıb evə gəlirdim, hava çox soyuq, həm
də küləkli idi, üşüyürdüm.
Addımlarımı iri-iri atırdım. Metronun
çıxışında qulağıma həmin
ağsaqqalın səsi gəldi. -"Limon... limon... dərmansız
limon... beş dənəsi bir manat!"
Ağsaqqal
daş pilləkənin üstündə çöməlib
oturmuşdu, əllərini pencəyinin cibinə
salmışdı, görünür,
üşüyürdü. Qarşısındakı balaca kisədə
limonları saralırdı.. Qoca düz üzümə
baxırdı.
Tez onu
qabaqlayıb dedim:
-Salam, əmi, yorulmayasan!
-Salam, qardaşoğlu, necəsən? Dərmansız limon verim sənə?
-Ver, əmi, ver. Amma dərmansız olsun, ha! Aparım yeyim, təzyiqim düşsün,
yatım - dedim və gülümsədim.
Ağsaqqal çevik hərəkətlə
kisədən beş ədəd limon götürüb torbaya qoydu və
mənə uzatdı.
Evə çatıb
qapını açanda
saat təxminən on iki idi, metronun
bu saatlarda bağlandığını, ağsaqqalın
da limonlarını yığışdırıb evinə getdiyini düşündüm. Nədənsə, mənə elə gəldi ki, onun evi yaxınlıqda
bir yerdə idi. Yəqin evinə çatmış
olar...
Evə girdim, soyuducunu açıb aldığım
limonları düzdüm
o biri limonların yanına..
Paltarımı dəyişdim, internetdə
limonun faydalı xüsusiyyətləri barədə
məlumat axtarmağa
başladım, bu haqda çoxlu yazı var idi. Qidalanma
üzrə mütəxsəssislərin
fikrinə görə,
limon yoluxucu
xəstəliklərə, zəhərlənməyə
və ağız qoxusunun aradan qaldırılmasına qarşı
effektiv bir sitrus meyvəsidir. Limondan dərinin parlaq olması, eləcə də bədəndəki sızanaq və ləkələrin təmizlənməsi
üçün də
istifadə edildiyin öyrəndim. Sən
demə, limon çox yüksək təzyiqə qarşı
mübarizə aparmaq və qan təzyiqini
qaydaya salmaqdan başqa həm də güclü anti-depresant imiş, stressə
və əsəb pozuntularına qarşı
müsbət təsir
göstərirmiş...
Hər gün limon
alırdım, soyuducu
limon bağı kimi, günbəgün dolurdu limonla...
Bazar günü,
axşamüstü idi,
təzə aldığım
qəzeti vərəqləyə-vərəqləyə
metronun pilləkənlərini
qalxırdım. Limon satan
əminin həmişə
dayandığı yerə
çatanda başımı
qaldırdım. Gördüm, limonlar kisədə yerdədir, amma ağsaqqal yoxdur.
Qəzeti büküb, limonların kənarında, daş pilləkənin üstündə
oturub gözləməyə
başladım.
10 dəqiqə idi
ki, gözləyirdim, amma ağsaqqaldan xəbər yox idi. Yavaş-yavaş nigarançılıq hissi
keçirirdim, ağsaqqalın
gəlib çıxmaması
məni narahat etməyə başlayırdı.
"Dərmansız" limonlara baxa-baxa düşündüm ki, nə yaxşı ki, burada oturmuşam,
limonlarını oğurlaya
bilərdilər. Əmiyə
az da
olsa, faydam toxunduğunu hiss etmək içimi rahatlaşdırırdı.
Birdən
arxadan əminin səsini eşitdim: "Qardaşoğlu, limon verim?"
Dönüb geriyə baxdım, məni tanıdı.
-Salam, əmi!
-Salam, qardaşoğlu, necəsən?
-Yaxşıyam, çox sağ olun!
-Yenə limon verim, təzyiqin düşsün,
yaxşı yatasan?
-Bəli, əmi!
Limonları torbaya yığa-yığa
"Gəlin,... dərmansız limona gəlin... beş dənəsi bir manat!" - deyirdi.
-Əmi, bunlar, həqiqətən
dərmansızdı?
-Dərmansız olmasaydı,
sən gündə alardın, bunları?
Üzünə baxdım, gülümsədim:
-Doğru deyirsən, əmi, inanıram!
Ağsaqqalın gözləri doldu,
kövrək səslə
dilləndi:
- Kaş ki, təkcə
limonlar dərmansız
olaydı!
Əmi məndən incimişdi deyəsən, könlünü
almaq üçün
Natəvandan bir beyt söylədim:
- "Ya təbib adını
tərk eylə, təbabət etmə,
Ya mənim dərdimi tap,
gör
niyə tüğyan etdim?"
Əminin
gözlərindən yaş
gilələnib yanaqlarına
süzüldü…
Söylədiyimə kor-peşman oldum, kaş ki, bu
gün burada durmayaydım, birbaşa evə gedəydim. Əməlli-başlı pərt olmuşdum.
- Nə oldu, əmi?
İncidin məndən?
-Yox... Niyə inciyim?...
Əminin
könlünü almaq
və bu xoşagəlməz vəziyyəti
dəyişmək üçün
tez dilləndim:
- Həə… əmi yadıma indi düşdü, qonşuya
da limon
alacaqdım, iki manatlıq da limon ver.
- Doğru deyirsən?
- Hə,
iki manatlıq
da ver!
Pencəyinin cibindən başqa
bir torba çıxarıb, on dənə
limon sayıb
qoydu içinə və dedi:
- Bu dərmansız limonları
görürsən? Bunlar
mənim dərdimin dərmanıdır! Tək
yaşayıram, "MS" (dağınıq skleroz) xəstəliyim var, bu limonları satıb, hər gecə
aptekdən iki dənə həb alıram.
Limonları əlimə verəndə
əlavə etdi:
-Qardaşoğlu, dərmandır
hər kəsə, bu dərmansız limonlar!
Ağzımı əminin qulağına
yaxınlaşdırıb yavaş
səslə soruşdum:
- Əmi, siqaretin varmı?..
- Var...
-Bir gilə ver
o zaman...
-Baş üstə, amma həkimlər deyir hər siqaret ömrümüzü
20 dəqiqə azaldır.
-O zaman iki gilə
ver..
Əmiylə sağollaşdım, siqaretlərdən
birini götürüb
damağıma qoydum və yandırdım.
Addımlarıma, daha doğrusu, ayaqlarıma baxa-baxa yeriyirdim. Həm də dilimdə zümzümə
eləyirdim "…təbabət
etmə, ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?" ...Nahaq yerə əmini incitdim... Hardan yadıma düşdü bu beyt axı?
Ağsaqqalın məhrəmini,
sirrini öyrənmişdim,
ürəyinin həssas
siminə toxunmuşdum..
Evə çatar-çatmaz
tez soyuducunun yanına getdim, qapısını açanda,
limonların xoş ətri evə doldu. Cənnət qoxusu
verirdi… dərindən
nəfəs aldım ki, bu bihuşedici
ətir ciyərlərimə
dolsun!
Bu zaman bir neçə
limon soyuducudan
dığırlanıb yerə
düşdü.
Daha yer qalmamışdı soyuducuda,
əyilib yerdən limonları götürdüm
və yenidən düzməyə başladım,
su qrafinini də çıxardım
və təzə aldığım limonları
onun yerinə qoydum.
Yatağıma uzandım. Çoxdandır bitirə bilmədiyim
"Ölüm səhərdən
başlayır" kitabını
yastığımın altından
götürüb qatladığım
səhifədən oxumağa
başladım. Limonları alandan bəri hər gecə yaxşı yatırdım!
Amma nədənsə,
o gecə səhərədək
yuxum gəlmədi.
Ümid NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.3.