YAŞIL, YA BƏYAZ ADA

 

Təyyarədən baxıram,      

Hava soyuq, ayazdı…

Adı yaşıl olsa da,

Bu ada bəmbəyazdı…

 

Bura Qrinlandiyadı,

"Qrin" yaşıl, "lənd" ada…

Qarlı dağlar, dərələr

Nələri salmır yada?

 

Şaxta coşqun suların

Dilinə kilid vurub.

Qış dənizdə elə bil

Qardan tayalar qurub.

 

Günəş əridə bilmir

Bu yerdə buzu, qarı.

Yuxularında görür

Yaşıl ada baharı.

 

Günəş şəfəq saçsa da,

Ada sazaqdan əsir…

Soyuqluğu artırır

Təyyarənin kölgəsi…

 

Yaz yaşıl libasına

Bürünüb, burdan köçüb.

Qış buranı özünə

Əbədi məskən seçib…

 

Günəşin gücü çatmır

Gətirməyə baharı…

Bəlkə insan nəfəsi

Əridə burda qarı…

 

MƏNİM ÜÇÜN

 

Mənim üçün insan rolda yox,

həyatda daha mənalı,

daha gözəl, daha qüdrətlidir.

Mənim üçün

Hollivudun səs-küylü,

yerə ulduzlar döşənmiş,

işıqları bərq vuran küçələrindən çox,

üstünə Hollivud sözü yazılmış dağ

daha mənalı və əzəmətlidir…

 

VƏTƏNDƏN UZAQLAŞDIQCA

 

İstəməzdim ki,

qürbətin ləzzətini dadam,

Hər addımbaşı dərk eləyirəm ki,

burda ögeyəm, yadam…

Sən demə dünyanın mərkəzi

insanın doğulduğu yer imiş -

Vətəndən uzaqlaşdıqca,

Vətənə daha çox bağlanırmış  adam…

 

SAHİLDƏ DÜŞÜNCƏLƏR

 

Adının sakit olmağına baxmayın,

sakitcə-sakitcə işini görür

Sakit okean…

Elə bil özündən kiçiklərə

yandıq verir Sakit okean…

Əlində imkanı olsa dağı-daşı

qoynunda qərq eləyərdi…

Əlində imkanı olsa,

Yer üzünü suya bələyərdi…

Dağın yarğanlarını uçursa da,

Cövhərini, mayasını apara bilməyib.

Torpağını, qumunu yuyub aparsa da,

daşını, qayasını apara bilməyib…

Külək əsrlərdən bəridi

sahilə hücüm çəkən su alayına

bələdçilik eləyir…

Ancaq nəhəng-nəhəng qayalar

nəhəng-nəhəng dalğaları

çilik-çilik eləyir…

Sakit okeanın

adının sakitliyinə baxmayın,

Qarşısını kəsən uca-uca dağlara

hücüm çəkib əsrlərcə,

çalışıb onların dibini yumağa…

Ancaq ulu Yaradanın

iradəsi qarşısında

o boyda nəhəng okean sakitləşib,

dönüb yumağa…

 

***

 

Bilirəm ki,

bu həvəs, bu istək

bir neçə günlükdü -

qoynuna girəndə

düşsən də haldan-hala,

boynuma qol dolayanda

düşsəm də haldan-hala…

Sakit okean, sənin mənə məhəbbətin

sevgi deyil, köpükdü…

Elə mən də öz Xəzərimi,

öz bulaqlarımızı,

 

öz çaylarımızı düşünürəm

sənin yanında  ola-ola…

 

DÜNYA MƏNİM EVİMDİ

 

Qoyma söz bərədən ötə,

Söz ovdu, şair ovçudu…

İlahi verən qələmin

Səngəri şair ovcudu…

 

Elə ki, həsrətli kimi

Ovcuma qələm sığınır,

Mənim sevdalı könülümə

Elə bil aləm sığınır…

 

Sevgi həyat cövhəridi,

Sevgi süstlüyə qənimdi!

Ürəyimdə eşq nuru var,

Sanıram dünya mənimdi…

 

Şükür, bu günə min şükür,

Necə gözəl imiş həyat!

Qələmin evi əlimdi,

Mənim evimsə kainat…

 

ÜRƏYİM BULAQ İSTƏYİR

 

Elə bil nəsə çatışmır

bu boyda gözəllik içində…

Sakit okean da deyilmiş

məni sakitləşdirmək gücündə…

Alnımdan tər süzülə-süzülə

üzü dağlara sarı qalxıram,

ürəyimdə ağrı, nisgil

sıldırımlı yamaclara baxıram…

Dağlarımıza bənzər dağ axtarıram,

qayaların döşündən çağlayan

bulaq axtarıram…

Gözəlliyə  əsir olan gözlərim 

dünyadan nəsə qeyri-adi bir

pay istəyir…

Bu boyda okean mənə bəs eləmir,

ürəyim bulaq, çay istəyir…

 

DAHA YAXŞI BİLİRƏM

 

Dünyanı gözəlləşdirən

şairin sevən qəlbidir;

Gözlərim həmişə kimisə,

nəyisə axtarır -

Gözəllikdən ötrü ölürəm…

Məni cəmiyyətdən çox

təbiət özünə cəlb edir,

çünki təbiətin dilini

cəmiyyətin dilindən

daha yaxşı bilirəm…

 

HASAR VƏ KÖRPÜ

 

Gözəllik alova döndərib

sevdalı ürəyimin qorunu.

Burda dağlar, dərələr,

göllər, çaylar, meşələr, ağaclar,

çiçəklər, böcəklər hasarla yox,

sevgi ilə qorunur…

Burda heç kəsə,

heç nəyə biganə qalmırlar.

Burda gözəlliyi bülbül kimi

hasar qəfəsə salmırlar…

Hamı sadədi,

bir-birinə mehribandı,

üzlərdə təbəssüm çiçək-çiçəkdi…

Hasar çəkib insanları

bir-birindən ayırmaq yox,

körpü salıb ayrı düşənləri

qovuşdurmaq gərəkdi…

 

MALİBU DAĞLARINDA

 

Qəlbimdə ağrı, nisgil

Malibu dağlarında gəzirəm.

Elə bil əlim çatmayan,

ünüm yetməyən yurdumun

yay mənzərələrini

görməyə tələsirəm…

Kəndimizi yada salır

kölgəsinə sürü sığan ağaclar.

Kəndimizi yada salır

Vələmirli yamaclar…

Ancaq nə bu ağaclar,

nə qurşağa çıxan vələmir,

mənim könül yarama

məlhəm eləmir…

 

MALİBUDAN BAXARKƏN

 

Okeanın böyüklüyünü

görmək üçün dağdan,

Dağın böyüklüyünü

görmək üçün isə

Okeandan baxmaq lazımdı…

O böyda okeanın

qarşısını saxlaya bilmək üçün

bu boyda dağ lazımdı…

Bizə isə

Yaradanın böyüklüyünü

dərk eləyə-eləyə

insan kimi yaşamaq lazımdı…

 

MƏLƏKLƏR ŞƏHƏRİ

 

Bura mələklər şəhəridi,

Havası məlhəmdi…

Suyu elə bil

Abü-Zəmzəmdi…

Allah bu şəhərin taleyini

Bilə-bilə belə yazdı:

Burda ağaclar  xəzan,

torpaq qar üzünə həsrətdi,

Burda həmişə yazdı…

Dağlar kəsib qarşısını,

Bura qışı buraxmır…

Okean kəsib qarşısını,

Bura yayı buraxmır…

Burda adam istidən bişmir,

Burda adam soyuqdan üşümür,

Burda adam tənhalıqdan darıxmır…

 

RƏNGLİ DALĞALAR

 

Bu gün qəribə bir gündü -

Sakit okeanın qoynunda da,

sahilində də dalğa var!

Elə bil ağ dalğalara meydan oxuyur,

sahildəki rəngli dalğalar…

Sakit okeanın sahilində

dünya ölkələrinin bayraqları

əzəmətlə yellənir…

Bayraqlar arasında dalğalanan

üçrəngli bayrağımı görəndə

gözlərimdə sevinc yaşları sellənir…

İçimə xoşbəxtlik duyğuları çökür,

Şükür, bu günə min şükür!

Uçmağa bircə qanadım yoxdu,

elə bil alıcı bir quşam…

Qürbətdə bir parça vətənə dönüb

Azərbaycan bayrağı,

qaçıb ona sığınmışam…

Mənə də qismət imiş

Santa Monikaya gəlmək

ölkələrin, xalqların

bu həmrəylik günündə.

Elə bil Sakit okean ağ bayraq qaldırıb

"rəngli dalğalar"ın önündə…

 

KATALİNA ADASI

 

Dünyanın çox

möcüzələrinin səbəbini

hələ də kimsə bilmir,

görəsən  bu nə sirdi?! -

Min illərdi Sakit okean

Katalina adasını

alsa da mühasirəyə,

onu əsir edə bilmir ki, bilmir,

özü isə balaca bir

adanın önündə əsir-yesirdi…

Katalina gəmilərə yol göstərən

mayaka bənzəyir,

gecələr çırağbana dönür,

gur  işıq verir…

Sakit okeana təslim olmayan bu ada

ona yandıq vermir, yaraşıq verir…

 

Sular qovuşan yerdə…

 

Yayın bu cırhacırında

həsrət sazağında üşüyürəm.

Ballona çayının sahilindəki

qayalıqda əyləşib,

Ağa çayını,

Bərgüşadı,

Həkərini düşünürəm…

Ballona çayının

Sakit okeana qovuşduğu yerə

baxa-baxa,

içimə həsrət yağışları yağa-yağa,

qulaq verirəm şimşək şaqqıltısına -

qəlbimin  harayına:

Bəs mən  nə vaxt  qovuşacam

Həkəriyə, Bərgüşada,  Ağa çayına?!

 

BİR AZDAN...

 

Hər şeydan, hamıdan

yuxarıda Allah,

Allahdan aşağıda

kainat, göy, səyyarələr…

Göydən aşağıda

içi insan dolu təyyarələr…

Təyyarədən aşağı buludlar,

Buludlardan aşağı yer, dəniz…

Bir azdan vətənə enəcəyik,

İlahi, necə xoşbəxtik biz!

 

***

 

Gözlərim dikilibdir

Üzü vətənə sarı.

Ondan doğma kimin var,

Şair, Vətənə sarıl!                   

 

***

 

Qürbətdə çox darıxmışam,

çox şükür, indi vətəndəyəm…

Gərək indən belə

"Sənsiz bir günüm olmasın,

Vətən!" - deyəm…

 

Rafiq YUSİFOĞLU

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.10.