İnsan mənzərələri

 

Nazim HİKMƏT

 

Pirayə xanıma

 

Əvvəli ötən sayımızda

 

Bir dərənin

            içindədi Pozantı,

günəş yandırıb-yaxır.

Əyləc nəzarətçisi

        Qartallı Kazım

                dayanıb baxır.

Məhmətcik

    bir dəridir,

        bir sümük,

            bığları sallaq,

               ayağında köhnə çarıq,

arxası üstə yatmış,

acmış,

        yuxusunda arpa

               sayıqlayır...

Dağ-daş məhmətçik,

dağ-daş qoşun,

ölüm Allahın əmri,

               bir bu aclıq olmaya,

               bir bu aclıq olmaya -

eh, məhmədcik məməd,

eh, məhmədcik məməd...

Bölükbaşında yoxdur mərhəmət,

bir ovucdan artıq

                          vermir arpanı...

 

Yolayrıcının

                  işığı sönmüş,

ehtiyat yola

                  çəkilib qatar,

bir vaqonda

             əyləşib altı alman,

yanaqları qırmızı,

                qarınları yoğun,

bəlkə də

     yanaqları

          heç elə qırmızı deyil,

bəlkə də

     qarınları

           heç elə yoğun deyil,

bəlkə də

       Qartallı Kazıma

                          elə gəldi...

Məhmədcik məməd,

məhmədcik məməd,

alman olmaqda

               varmı bir kəramət?

Alman olmağın

     nəyi qiyamətdi, qiyamət?

Köpəkləri

      vaqonun bir qırağında

                                   bağlı,

oturub makaron yeyirlər.

Doydular.

Artıqlarını

           köpəklərinə verdilər.

Köpəkləri

       vaqonun bir qırağında

                                     bağlı -

tükləri boz,

qulaqları kəsik,

belləri yağlı...

Makaron yeyir

                     almanın iti də,

bəlkə də

            makaron yemir

                                 həmişə,

amma

       Qartallı Kazıma

                            elə gəldi...

Aclıq

       qurddan betər

                      edər adamı -

götürdü

        itin qabağından

                          makaronu

məməd,

qaçdı, arxasına baxmadan,

aclıq

      qurddan betər

                 edər adamı...

Almanların

       xoşuna gəldi

               bu hərəkət,

                   bu mərifət -

əl çaldılar,

               alqışladılar...

Belə-belə işlər,

məhmədcik məməd,

məhmədcik məməd...

Kəklik

      daşdan-daşa səkər,

kəklik

     yaralansa qanadından

                         yerə çökər,

taqəti olsa da,

              daha uça bilməz,

              daha uça bilməz...

Göndərilmə məntəqəsidi

                        Səlimiyyə -

məhmədciklərlə dopdolu...

Əsgər

     hökm edir

               divarlara,

heyy,

       gidi dünya,

heyy,

   uçulub-yıxılası,

             viran qalası

                 Səlimiyyə məntəqəsi!

Məmədciyin qurtardı

          xoşgünü, istirahəti -

                 sağaldı əlindəki kəsik,

amma

       açıldı ürəyində

                     qocaman bir yara...

Hicri tarixi ilə

             min üç yüz

                       otuz dördüncü il,

səfərbərliyin

             sonudur artıq,

heyy, gidi dünya,

heyy,

   uçulub-dağılası,

            viran qalası

                 Səlimiyyə məntəqəsi!

Əsgər

        hökm edir

                    divarlara.

Həyətdə

      cəbhəyə gedənlərin

                   siyahısı oxunur,

məhmədcik

             cavab vermir ancaq,

çünki itirib ümidini,

bir də tərsliyi tutub,

inadlaşır -

            nə olur, qoy olsun!

Bir yandan

aclıq yeyib dağıdır ətini,

             bir yandan da bit...

Hər gün

    buradan yüz məhmədciyin

                               ölüsü çıxır...

Baş çavuş,

             oxu siyahını

                            səhərə qədər,

səsin gəldikcə

            çağır, çağır,çağır,

səsin gəldikcə

        bağır, bağır, bağır, -

hədələ, as, kəs,

məhmədciyin

                 səsi də çıxmaz!

Amma

     dövlət

         məhmədcikdən güclüdür,

bir səhər

məhmədcik həyətdə

                 yenə qum kimiydi,

bəlkə on min,

                 bəlkə daha çox,

bir dərya ki,

      başdan-başa məhmədcik...

Bit əlindən qaşınan

                             və susan,

insan üstünə insan…

Bir

   təzə baş çavuş

        çıxdı masanın üstünə, -

uzunboylu,

qarabığlı,

təmiz qalpaqlı, -

başladı

         siyahını oxumağa,

bir saat,

iki saat,

məhmədcik

              nə qədər inadsa,

Baş çavuş ondan da inad,

üç saat,

dörd saat,

cavab verən yox...

Axırda

         dözmədi baş çavuş,

söydü,

          ana-arvad qoymadı.

Məhmədciyi,

    lap tək olsa belə,

          söymək təhlükəlidir,

o ki, qaldı,

                  on minlərlə

                            məhmədcik ola…

Biri

   əl atdı

                   masanın ayağına,

                                   çəkdi,

Baş çavuş

                          kəlləsi üstə

                                       gəldi yerə.

 

Məhmədcik

                        Baş çavuşu

                                 qaldırdı ayağa,

vur ki, vurasan -

bir salamat

                            yeri qalmadı.

Mühafizə dəstəsinə

                                   çatdı xəbər,

tökülüb gəldilər -

hamısı da

                            süngülü, harın,

elə bil,

                        qurd təpildi sürüyə,

bir uğultu, bir qiyamət,

qovan məhmədcik məməd,

qaçan məhmədcik məməd.

Axırda

on min qurbanlığı

                       alıb araya,

doldurdular

                        ağzı bağlı

                        yük vaqonlarına.

Hər vaqon qırx adamlıq,

            amma

      qısnayanda

                        yüzünü də tutur,

doldurdular yüz-yüz,

doldurdular necə gəldi,

bağladılar qapıları.

Qatarlar gedir -

                        məhmədcik dolu -

məhmədcik məməd,

məhmədcik məməd…

 

Mən

     bir məhmədcik

                       öldürdüm, deyəsən,

bir ikindi çağı,

Səlimiyyə məntəqəsində,

daş piləkənlərin üstündə.

Əlində

                   çörək vardı

                                məhmədciyin,

kim bilir,

                          hardan tapmışdı?

Məhmədciyin

                     bığları sarı,

                         əlindəki çörək isə

                                                      qara idi…

Mən

      işım-işım işıldayan,

yunla ipək qarışığı

                         dörd qulac qurşağımı

                                   açıb dedim:

- Sən

    bir dilim

        çörək kəs ver,

                   mən də bir qulac qurşaq.

- Çıx get, - dedi.

- İki qulac.

- Dedim ki, çıx get.

- Üç qulac.

Məhmədcik

                        qurşağın hamısını istədi.

Bığları sapsarı.

Qurşağımın

                    qızılı rəngi

                        gözlərində bərq vurdu,

mən çörəyə baxdım.

Sonra bir təpik ilişdirdim qaşığına,

arxası üstə düşdü.

    şam ağacının

                                   yonqarı kimi

bir sümük

                                çıxdı başından.

Çörəyi aldım əlindən,

pilləkəndən

                        üzüaşağı axırdı qanı,

eynən

     mənim qurşağım kimi

                               isti və qıpqırmızı…

Məhmədcik məməd,

məhmədcik məməd.

Aclıq çıxınca yoluna,

məhmədcikdən məhmədciyə

                                 yoxmu mərhəmət?

 

Vaqonla birgə yırğalanır

Qartallı Kazımın başı -

                                  gah sağa, gah sola.

Açılır, yumulur

                        sarı qurd gözləri.

Mürgülədikcə,

qarşısında

Sakaryalı Şakir

                        gah yaxınlaşır,

                        gah uzaqlaşır,

                        gah yaxınlaşır…

   Qartallı Kazım

keçmiş günlərin

                           acılı-şirinli

                        xatirələri arasından

duyur vaqonda danışılanları.

Heybə sahibi

                        hamının sözünü kəsir:

- Zatən,

  almanlara qarşı

                        çıxmaq olmaz,

bir də,

       nəyimiz var ki,

                        qabaqlarında duraq?

İngilislərin verdikləri

dörd-beş sınıq-salxaq

                                   silah.

Bir də gördün,

                                    bir sabah

hərif

      başımızın üstündən

                        sürdü təyyarələri.

Quş deyil ki,

                        qoşalülə ilə vurasan,

heyvan deyil ki,

                                   tələ qurasan.

Qartallı Kazımın

                   gözləri önünə gəldi

                           məhmədcik, ayaqyalın,

çiynində qoşalülə,

patrondaşında

                           martin gülləsi,

                                   əlində nacaq.

Hicri tarixi ilə

                     min üç yüz otuz beşinci il,

Qünveyi-milliyyədə

                          qulluq edir məhmədcik,

göy üzünə

                        söykəyib kürəyini

İzmit dağlarında

                               növbət çəkir, növbət,

nə elə ümidlidir,

                              nə elə ümidsiz,

ikisindən də fərqli

                                   bir halı var

və ala gözlərində

                              alov-alov yanan

                                                  bir inad!

 

 

Silkinib qalxdı

                            Qartallı Kazım,

                                   çıxdı dəhlizə.

Tatar üzlü adam

                              arxadan səslədi onu:

 

- Kibritin varmı?

- Buyur, - dedi, - Qartallı Kazım.

Açıq qalmış qapıdan

                        Heybə sahibinin

    səsi gəldi:

- Almanların gücü tərifə gəlməz.

Söydü,

                        küfr etdi

                                  tatar üzlü adam:

- Yəqin,

paraşütçüdür

      bu donuz oğlu donuz,

bəlkə,

        nəqliyyat polisinə

                                   xəbər verək?

Güldü

        Qartallı Kazım,

            ağzında

                          dişlərinin yarısı yoxdu.

amma

       gülərkən

                             uşaq kimi gülürdü -

eyibli görünmürdü ağzı,

dedi:

-           Paraşütçüdən betərdir,

 daha betər.

Bir qəsəbədə

                                  tüccardır bəlkə,

ya da,

                        çox zəngin

                                   bazar adamıdı…

Nuru Öztürk -

                        dəftərxana mühasibi -

əli ilə

        universitet tələbəsinin

                        çiyninə toxundu:

- Almanlar

  bu il ingilisləri

məğlub edər,

                               müharibəni qurtarar.

Eşidirsənmi?

Bizim ayılar siyasətdən danışırlar.

Doğrudur,

mən ingilislərdən yanayam,

amma

         hərdən şübhə

      dolur içimə,

bəs,

    siz nə fikirdəsiniz?

- Müharibəni qazanacaq adam

             hələ müharibəyə girməyib…

- Anlamadım.

Yox, ümumiyyətlə, anladım,

Şübhəsiz, elədir,

yəni biz.

Ümumiyyətlə,

                 Qafqazı niyə tutmayaq ki?

 

Universitet tələbəsi

artıq

       deyilənlərə

                                   qulaq asmırdı,

gözü

      düstaqlardan birində idi.

İçəridən səslər gəlirdi,

qəhqəhə çəkib

                           gülürdü Süleyman.

Qartallı Kazımın

                  ləzzətli bir sevinclə

                               parıldadı gözləri.

Dəhlizdə,

                 güclə olsa da,

                        eşidilir Süleymanın

                                dediyi sözlər:

- Sən çox yaşa, Xəlil,

Bizim iqtisadçılar da

                        bir az şair olsalar

                                                   yaxşıdır.

Nə demiş Engels?

Şairlər istiqlalı sezirlər -

                                   belə bir şey…

Demək,

                    iki misra

                              yenə birdən-birə

                                     gəldi ağlına,

yaxşı ki, gəldi,

zarafat eləmirəm,

həqiqi sözümdü…

Bir az

       şairanə olsa da,

                                   gözəl demisən:

"Ölümün

                son hərb meydanıdır bu,

                      zəfər eşqin və həyatındır".

 

Ardı var...

 

Hazırladı Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.16-17.