Arzulardan əvvəlki və sonrakı
Şərif
Şərif
Ağayarın yaradıcılığı ilə 15 ilə
yaxındır ki, tanışam. İlk olaraq onun Qarabağ
köçkünləri ilə bağlı hekayələrini
oxumuşdum. Və onun yazı üslubu, təhkiyəsi,
müşahidəsi, dilinin zənginliyi və obraz yaratmaq qabiliyyəti
xoşuma gəlmişdi. Burdaca deyim ki, obraz yaratmaq
baxımından mənimlə
onun arasında ciddi fərq var. Mən situativ qəhrəmanlara,
o isə xarakterik qəhrəmanlara üstünlük verir.
Bir ara
Şərifin ciddi yazıları gözə dəymədi və
nəhayət, onun "Kərpickəsən kişinin
dastanı" povestini oxudum. Əsər xoşuma gəlsə
də, sonluq bir oxucu kimi məni qane etmədi. Mənə
görə ideya tamamlanmamışdı. Bunu özünə
də dedim. Amma hər hansı yazıçı əsəri
öz bildiyi kimi yazır və kənar məsləhətlər
ciddi rol oynamır.
Bir
neçə il əvvəl isə Şərifdə istədiyimi
tapdım. Onun "Gülüstan" romanı bütün
parametrləri ilə peşəkar qələminə məxsus
olduğunu göstərirdi. Onu da deyim ki, həmin vaxt mənə
daha bir cavan yazarın romanı hədiyyə edilmişdi. Hər
iki əsəri eyni zamanda oxudum. Adını çəkmək
istəmədiyim həmin yazarın romanı əhvalatçılıqdan
başqa bir şey deyildi. Yəni müəllif əsəri sənə
izah edirdi və naşı şəkildə qururdu. Şərifin
romanında isə ideya da, süjet də, obraz və təhkiyə
də diri və inandırıcıydı. Şərif öz
dili ilə yox, obrazların dili ilə danışırdı.
Bilmirəm, müqayisə nə dərəcədə yerinə
düşür. Amma romanı oxuyandan sonra Şərifə
dedim ki, bu əsər bir növ mənim "Yovşan
qağayılar" romanımın davamıdır. Şərif həmin romanı
oxumamışdı. Mən deyəndən sonra oxudu, amma mənim
fikrimlə razılaşıb-razılaşmadığını
bilmədim.
Bu
günlərdə isə onun "Arzulardan sonrakı şəhər"
romanının oxudum. Əsər sintetik-sinkretik üslubda
yazılıb və qədim Misirdə baş verən qəhrəmanlıq
dastanı ilə köçkünlük həyatı
yaşayan ailənin taleyi ilə paralel işlənib. Əsərin
təhkiyəsi, xalq dilinin və deyimlərinin zənginliyi məni
heyran elədi. Düzü, indiyə qədər bu qədər
axıcı təhkiyəyə və dil zənginliyinə az əsərdə
rast gəlmişəm və mənə elə gəlir ki, bu
müstəvidə Şərif çoxlarını
qabaqlayır. Onun obrazları da diriydi və hərə öz
düşüncəsinə uyğun, öz
dünyagörüşünə adekvat dillə
danışırdı: istər tanımadığı məktəbə
ilk dəfə gedən, Gülsümlə sevgi macərası
yaşayan Həsən, istər miss-54
adlandırdığı nənəsi, istər ayağı
protezli və söyüşcül
Namaz kişi, istərsə də nənəsinin daim
yuxusuna girən qardaşı Mirzəməhəmməd.
Mən əsəri
böyük maraq və həvəslə oxudum və bir daha əmin
oldum ki, Azərbaycan dili həm
də Şərifin qələmində zənginləşir və
çiçəkləyir. "Həm də" ifadəsini
ona görə işlətdim ki, Şərifə qədər
də - klassiklərdən tutmuş bu günə kimi - bir
çox müəlliflərimiz epos təfəkkürünə
və xalq dilinə əsaslanan əsərlər yazıblar.
Onlar barmaqla sayılsalar da, belə örnəklər var. Amma
Şərif öz qələmilə sələflərinin
dilini, təhkiyə üslubunu yeniləməyi bacarıb.
Bir
şeyi də sezmişəm ki, Şərif bütün yazılarında
nakam eşqdən yazır. Bilmirəm, öz həyatına
işarədir, yoxsa elə bilir ki, hər bir əsərdə
natamam eşq olmalıdır. Başqa bir cəhəti isə
uşaqlığına həddən artıq bağlı
olmasıdır. Bu da zamanın işidir. Adam özünü
yazıb qurtarandan sonra başqalarını yazır.
Mən əsər
barədə çox danışmaq istəmirəm. İstəsəydim,
onda gərək Həsənin yuxularında gördüyü
çəhrayı atlardan, qədim
döyüşçü Amanisdən, Yaşıl Vadidən
də söz açaydım. Bircə onu deyə bilərəm
ki, əsəri oxumaqdan zövq alacağınıza zəmanət
verirəm.
Elçin Hüseynbəyli
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.9.