Atasının balası

 

Hekayə

 

Abdulla  kişi  çox  narahat görünürdü. Kənd  içində var-gəl edə-edə o baş-bu başa  gedib-gəlir, ətrafa  göz  gəzdirir, bir yerdə qərar tuta bilmirdi.  Neçə  gün idi ha çalışırdı ki,  Əbülfəz müəllimin  yaxasını ələ keçirsin,  alınmırdı. Əbülfəz müəllim hər  gün  axşamüstü  kəndə çıxan adam  idi.  Abdulla  kişi fikirləşdi ki, onun gözə dəyməməsi ya xəstələnməsi, ya da  yeni vəzifəyə təyin olunması ilə əlaqədar  ola bilər. Elə  bu barədə düşünürdü ki,  kəndin yuxarı başından Əbülfəz  müəllimin ağır-ağır gəldiyini gördü. Tez səmtini dəyişib ona tərəf yeridi. Və çatan kimi əl uzadıb, gur səsələ dedi:

- Salam, ay Əbülfəz müəllim!  Necəsən?

- Əleyküm-salam. Yaxşıyam, Abdulla. Bəs, sən necəsən?

- Şükür, mən də yaxşıyam. Canımnan elə bir gileyim yoxdur.

Əbülfəz müəllim çayxanaya getməsin deyə Abdulla kişi tez mətləbə keçmək qərarına gəldi:

- Əbülfəz müəllim, necə gündür kənddə hərlənirəm, səni görə bilmirəm. Deyəsən, başın bərk qarışıqdı.

- Hə,  Abdulla. İdarə köçüb gedirdi, onu qaydaya salırdım, - sonra sözünə davam edib, - Xeyirdimi? - deyə  soruşdu.

Abdulla kişi dedi:

- Xeyir olmamış nə olacaq, ay qağa. Məgər indiyə qədər bu kənddə mənnən bir ziyan görən olubmu?

Sonra əli ilə yaxınlıqdakı tut ağacını göstərib dedi:

Qağa, keçək kölgəyə, sənə bir-iki kəlmə sözüm var.

Əbülfəz müəllim nədən söhbət gedəcəyini bilirdi. Tərəddüd etsə də, etiraz etməyib razılaşdı.

- Eşidirəm səni, Abdulla. Buyur.

- Qağa, mən nə özümü, nə də uşaqlarımı  sənə tərifləyən deyiləm. Özün neçə illərdi bu kənddə yaşayırsan, hamını da mənnən yaxşı tanıyırsan. Ziyalı, dünyagörmüş adamsan. Yəqin ki, xəbərin olmamış deyil. Bilirsən ki, oğlum Baba qızınız Xədicəyə aşiqdir. Uşaqlar neçə ildi bir-birini istəyir. Səni də buna görə gəzirdim.

Əbülfəz müəllimin hər şeydən xəbəri var idi. Bilirdi ki, qızı Xədicənin Abdulla kişinin oğluna meyli var. Hətta, arvadına bərk-bərk tapşırmışdı ki, o, kənddə olmayanda qızdan göz-qulaq olsunlar ki, Babaya qoşulub qaçmasın. Əvvəldən götür-qoy etmədiyi üçün Əbülfəz müəllim nə edəcəyini bilmirdi. Odur ki, Əbülfəz müəllim sakitcə dayanıb Abdulla kişiyə təmkinlə qulaq asır, söhbətinə müdaxilə etmirdi. Vəziyyətin yaxşı olduğunu zənn edən Abdulla kişi bir az da ürəklənib dedi:

- Qağa, əgər icazə versəydiniz sizin üçün uyğun bir vaxtda qapınızı döyərdik.

Əbülfəz müəllim bu gözlənilməz qarşılaşmadan özünü itirmişdi. Lakin Abdulla  kişiyə cavab vermək lazım idi. Odur ki, özünü ələ alıb söhbətə başladı:

- Abdulla, bilirsən ki, bu kənddə mənim heç kimlə bir ədavətim, düşmənciliyim yoxdur. Üstəlik, hamı ilə xoş münasibətim, ünsiyyətim var. Səninlə də həmçinin. Deyim ki,  sizin ailəyə, ya oğlunuza bir iradım var, düz olmaz. Ancaq, qardaş, bu, elə bir məsələdir ki, mən  sənə indi cavab verə bilməyəcəyəm. Gərək bunu evdə də götür-qoy edək. Anası qızı dindirsin görək nə deyir, razıdı, razı deyil... Yoxsa, vallah, səndən yaxşı adamla qohum olmayacağam ki.  Razılıq olandan sonra mən nə deyə bilərəm. Sizə xəbərimiz çatar.

Söhbətin şirin getdiyini görən Abdulla kişi bəndi-bərəni bağlamaq üçün  yaranmış fürsəti əldən buraxmaq istəmədi. Odur ki, əvvəlcədən beynində planlaşdığı fikirləri Əbülfəz müəllimin diqqətinə çatdırmağı lazım bildi:

- Qağa, bax, sənə "sən öl" deyirəm. Qızını mənim oğluma ver, gör, onu yağ-bal içində saxlayıram, ya yox. Mənim xasiyyətimə bələdsən da, sözüm kişi sözüdü! Yox, əgər başqa fikrin varsa, yənə  də özün bilərsən. Ancaq yaxşı-yaxşı fikirləş ki, sonra peşmançılıq olmasın. Qəmbər kişi  qızını zorla verdi Hacıllılara.  Nə qazandı?  Yazıq  qız  özünü  asıb, elə bədbəxt oldu, oğlan da ki, belə - baş götürüb kənddən getdi. Ancaq sənə bir məsləhətim var. İşdir, əgər bizə "yox" cavabı verəcəksinizsə, onda qızınızdan muğayat olun. Çünki mən də, atam da, hətta rəhmətlik babam da istədiyimiz qızı qaçırıb qoymuşuq evə, sonra toyumuzu eləmişik. Əbülfəz  müəllim, dediyim odu  ki, gədədən belim bağlı deyil. Birdən qızı qaçırıb-eliyər, yaxşı düşməz. Uşağınızın üstündə gözünüz olsun ki, araya xilaf düşməsin.

Qızının Babanı sevdiyini bilən Əbülfəz  müəllim sakitcə dayanıb qulaq asır, nə deyəcəyini bilmirdi. Abdulla kişi fürsətdən istifadə edib dayanmadan canı - dildən danışırdı:

- Qağa, bilirsən ki, uşaqlar bir-birini sevillər. Bizim də borcumuzdur ki, onları yerəbəyer edib, xoşbəxliyə qovuşduraq. Düz deyirsən, bu işdə tələsmək olmaz.  Ancaq dünya görmüşük, yaşımız da az deyil. Bir məsəl də var ki, xeyir işi yubatmazlar. Şükür, oğlum işləyir, mən işləyirəm, evdə də ki, hər şəraitimiz var. Necə deyəllər, üçünnən  pis  dolanırıqsa, beşinnən də yaxşı yaşayırıq. Hüsen kişigil ilə qohum olmusansa, inşallah, bizimlə də olarsan. Demirəm e, onlar pis adamdı, biz yaxşı. Yox, Allah eləməsin. Deyirəm ki, mənim onlardan nəyim əskikdi ki?!  Ev  deyirsən-varımdı. Mal-qara deyirsən - bizdə. Maşın deyirsən - o da var. İnsana yaşamaq üçün ta nə lazımdı ki?

Abdulla kişi bir az ara verib sonra sözünə davam etdi:

- Əbülfəz müəllim, heç nə demirəm, özün fikirləş. Oğlum üçün hansı qapıya getsəm məni boş qaytarallar? Əlbəttə, sevinəllər. İntəhası deyirəm ki, qoy, gədənin könnündən keçən olsun. Yoxsa, kənddə qıza nə gəlib, maşallah. Hamısı da su sonası. Şükür, Baba gözüü qabağında böyüyüb. Bəlkə indiyə kimi onda bir səhv hərəkət görübsən. Olar da... Varsa, de. Salamlı-sabahlı, başıaşağı, böyük-kiçik yeri bilən... Bilirsən ki, mən Babanı necə çox istəyirəm. Atamın adını daşıyır ey! Nə isə, başını çox ağrıtmayım, qağa. Dediyim odu ki, vəzifə də, pul da boş şeydi. Bu gün var, sabah yoxdu. Dünya malı dünyada qalacaq. Əsas insanlıqdı, cavanların bir-birini  başa düşməsidi.

Artıq hava qaralmışdı. Evə getmək vaxtı idi. Əbülfəz müəllim çox mədəni adam olduğundan Abdulla kişinin sözünü kəsmək istəmirdi. Bu vaxt 10-12 yaşlarında bir uşaq qaca-qaca gəlib təngnəfəs halda onların yanında dayandı. Üzünü Əbülfəz müəllimə tutub dedi:

- Dayı, bibi deyir, durmasın, tez  evə gəlsin!

Əbülfəz müəllim çox narahat oldu:

- Əvəz, bala, bilmədin  nə məsələdi? Bibin məni neynir? - deyə təəccüblə soruşdu.

Uşaq dedi:

- Xədicə Babaya qoşulub qaçıb!

Əbülfəz müəllim özünü itirdi. Bilmədi nə etsin. Dönüb Abdulla kişinin üzünə baxdı. Ancaq anlaya bilmədi ki, bu oyun qızı Xədicənin işidi, yoxsa, Abdulla kişinin qurmasıdı.

 

Aləm Kəngərli

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.12.