Yazı masası
haqqında ballada
Məmməd
Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızı
xatirələrində yazanda ki, şairin
yaradıcılıqla rahat məşğul olmağa, ürəyincə
yaza bilməsi üçün uzun müddət bir
küncü, yazı masası olmayıb - bu hisslər mənə
o qədər tanışdır ki... Mən də öz
küncüm, öz yazı masamın olmasını çox
arzulamışam… Ümidlə düşünmüşəm
ki, öz masam olsaydı, nələr yazardım. Ona görə
də daha çox kitabxanada işləməli olmuşam.
Hara
getmişəmsə, yazı masam üçün
darıxmışam. Yazı masası qədər mübhəm,
sirli, güvənli və intim məkan tanımıram. Bəlkə
yalnız onun arxasında özümə qayıdıram,
özüm oluram…
Hər
yay yazı-pozularımı götürüb kəndə, ata
yurduma gedirəm. Çatan kimi, kitabları, kağız-qələmi
tökürəm masanın üstünə. Anam çay gətirir,
ehtiyatla qoyur masanın küncünə. Di gəl ki, ilham pərisi
gəlmir - masaya öyrəşə bilmirəm.
Və bir
neçə gündən sonra "barxanamı"
yığıb kor-peşman qayıdıram Bakıya.
Yazı
masası, şairin yalnız mutlu olduğu,
sığındığı və güvəndiyi yer deyil,
həm də "ölüb-dirildiyi" məkandır. Burda
Məmməd Araza inanmaq olar:
Tabutum
olaydı kaş yazı masam,
Yataydım
yazılar arasındaca...
Yazı
masası şairin qutsal məkanı, coğrafi-inzibati ərazisidir.
Bu əraziyə kənar müdaxilələr həmişə
qısqanclıqla qarşılanır. Yad adamın ora girməsi
qəti qadağandır. Hətta evin xanımından masaya əl
vurmaması xahiş və tələb olunur. Masanı səliqə-sahmana
salmağa qətiyyən icazə verilmir. Şair o səliqəsizliyin,
tör-töküntünün içində nəyin harda
olmasını hamıdan yaxşı bilir. Masanın
üstündə nəyin qalıb-qalmamasına yalnız
şair özü qərar verir. Bu qapalı məkanın
"dizayn formatına" yalnız o cavabdehdir. Yad nəfəsi
o saat hiss edir:
"... Məmmədin
qəribə xasiyyətlərindən biri də bu idi ki,
yazı masasına məndən başqa, təsadüfən
ayrı bir adamın əlinin toxunduğunu hiss etsəydi, uzun
müddət yazı masasına yaxın düşməzdi"
(Gülxani Fətəliqızı. "Məmməd
Arazlı günlərim".)
Deyilənlərə
görə, Marsel Prust yazı masasının üstündəki
predmetlərin bəzilərinin tarixçəsini
danışmaq və yazmaq istəyib. Doğrudan da bu predmetlər,
əşyalar (qələmdən, fotoşəkil,
külqabı, saat və s.) yaradıcılıq hadisəsinin,
yaradıcılıq prosesinin vacib hissəsinə
çevrilir. Məhz bu predmetlərin mistik enerjisi nəinki
yazı masasının, hətta otağın iqlimini -
havasını dəyişir, həm də tale ilə
bağlı işarətlərə, özünəməxsus
simvollara çevrilir.
Səməd
Vurğunun ev muzeyində yazı masasının üstündəki
predmetləri - avtoqələmi, ailə fotoşəklini, səbətdə süni bənövşəni
hələ də unuda bilmirəm. Xüsusən sonacan çəkə
bilmədiyi papirosları…
Süleyman
Rüstəmin eynəyi artıq çoxdan mistik əşyaya
çevrilib...
Nizami Cəfərovun
iş masasının üstündəki külqabı
akademikin portretini tamamlayan ən vacib atributdur. Bu külqabı
onun neçə kitabının, məqaləsinin şahidi
olub. Vallah, Nizami müəllimin qəribə bir həvəslə ağzınacan
dolmuş külqabını aparıb boşaltmağı, gətirib
yerinə qoymağı özü bir ritualdır. O, işi
heç kimə etibar etmir.
Şair
(alim, yazıçı…) öz masasına ömürlük
mehrini salır, ona içdən bağlanır. Siz bu
bağlılığın gücünə baxın ki, Nigar
Rəfibəyli yazı masasından ayrılığı vətəndən
ayrılıqla eyniləşdirir.
Uzun isti
bir yayı
Ayrı
düşdüyüm
Əziz
yar kimi
Qovuşdum
ona həsrətlə,
Əyildim
üzərinə stolumun
hörmətlə
vətəndən
ayrı düşən,
qürbətdən
gələn,
vətən
torpağına
səcdə
üçün əyilən
həsrətli
bir adam kimi mən.
Səməd
Vurğun bu ayrılığa heç bir ay da dözə
bilmir:
Mənsə
bir ay görmədiyim
masam üstə
baş əyirəm,
Deyirəm
ki, salam verim
şeir-sənət
dünyasına.
Söz
evimi bomboş görüb
at çapmasın əsən
külək.
Ürək
qoyub can yandırıb
hər bir
sözün mənasına,
Deyirəm
ki, salam verim
şeir-sənət
dünyasına...
N.Rəfibəyli
bir şeirində yazı masasını payızda vələs
budağının axırıncı sarı yarpağı ilə
baharda yaz çiçəkləri ilə bəzədiyini
yazır. Nədənsə unudulmaz Nigar xanımın yazı
masasını həmişə belə təsəvvür
etmişəm…
Sənin
tarixini və taleyini yazmaq istədim. Şükür, səninlə
bu il də bir yerdəyik.
Yeni ilin
qutlu olsun, yazı masam!
Salam,
yazı masam - dostum, sirdaşım!
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.12.