Zamansızlıq
Ədəbi
portret
"Ədəbiyyat
elitar sənətdir, kütləvi deyil! Bu məbədə
"çirkli ayaqqabılarla", yaxud "bahalı
maşınlarla" girmək olmaz..." - deyərək bu
yola yeni düşüncələr, dərin fikirlər,
ideyalarla ayaq basmış müasir yazıçı Orxan Fikrətoğlu...
Onu bir yazıçı kimi digərlərindən fərqləndirən
cəhət keçmiş və bu günlə bağlı
aktual mövzuları postmodern cizgilərlə təqdim etməsindədir.
1966-cı ildə dünyaya göz açmış O. Fikrətoğlu zəkası, dərin təfəkkürü, tənqidi ruhu sayəsində Vətənin, millətin ağrı-acısını, problemlərini açıq-aydın görə bilmiş, anlamış və bunları bənzərsiz şəkildə mətnə çevirmişdir. Onun aşıb-daşan fikir dəryası həm roman, povest və hekayələrində, həm də tənqidi-publisistik yazılarında hiss olunur. Doğrudan da, əsərlərinə nəzər saldıqda yazıçının varlığı bütün yönləri ilə duyulur, onun dili, ruhu, daxili dünyası təlatüm və keşməkeşləri ilə canlanır. Özünün də dediyi kimi, uşaqlıqdan dünya ədəbiyyatı nümunələri ilə böyüməsi dünyagörüşünə, düşüncə tərzinə, gələcəkdəki yazılarına təsir etmişdir. Buna görədir ki, əsərləri tipik ənənəçilikdən, təkrarçılıqdan, quru təsvirçilikdən uzaqdır. Dünya ədəbiyyatını daim mütaliə etsə də, Qərb mədəniyyətinin təsiri onu Şərq ədəbi ənənələrindən uzaqlaşdırmamışdır. Belə ki, Şərqin, xüsusilə, Vətəninin problemli məsələləri, şərqli obrazları əsərlərində özünü göstərir. "Fikirlərim köhnə olmasa da, mən xalqına, millətinə və özünə sadiq olan köhnə azərbaycanlı Orxan Fikrətoğluyam" - deyərək bu fikrimizi təsdiqləyir.
Qələmə aldığı əhvalatlar aktuallığını itirməmiş mövzulardır. Onun hekayələrinin həcmi qısa olsa da, məna tutumu dərindir.
Hekayə və povestlərində şərti-metaforik üslub aparıcıdır. Bu cür fərqli yazı tərzinə atasının ilk reaksiyasını bir müsahibəsində oxucularla paylaşmışdır. "Atam ilk dəfə yazılarımı oxuyanda deyirdi ki, a bala, bu nədir yazırsan?" Müəllif bu yazılarında həyatda rastlaşdığı, onu düşündürən, bəzən ibrətamiz, bəzən də fəlsəfi bir qənaət təsiri buraxan mövzulara səmimi və ironik tərzdə yanaşmışdır. Bu yazıların dərinliyinə vardıqda müəllifin şüuraltı aləminə qapı açılır və oxucuda yazıçının obrazı, dünyaya baxışı, onun haqqında ümumi bir fikir formalaşır. O. Fikrətoğlu yazılarında şərtiliyi, absurdluğu elə adi hall kimi verir ki, bu, oxucuya da yad gəlmir. "Vaxt" kitabına toplanmış əsərlər bu səpkidədir. Bu hekayələrində kitabın adından da bəlli olduğu kimi yazıçı vaxtla hesablaşmır, sanki vaxtı unudur və yazdıqlarını onu hesaba qatmadan yazır. Özünün qeyd etdiyi kimi: "Biz vaxtı anlamırıq. Vaxt mənim vaxtımdır və mənə ayrılan substansiyadır. Vaxtımı dünya saatı və onun gerçəkliyilə tutuşdurmaq istəmirəm! Mən öz vaxtımı yaşayıram". "Biz zamanı dərk etsək, ilahiləşərik" - deyən yazıçı ona görə də zamansız yazır.
İlk və uğurlu addımı ilə ənənələrdən, kök salmış çərçivələrdən kənara çıxan yazıçı "Ölü mətn" romanını qələmə almış və 2011-ci ildə nəşr etdirmişdir. Əsərdə diqqəti cəlb edən ilk məqam onun janrı ilə bağlıdır. Tarixi hadisələrin, psixoloji məqamların, sufi düşüncələrin əks olunduğu əsərin janrını ilk baxışda müəyyənləşdirmək çətindir. Odur ki, romanı ənənəvi dəyərlərin yenidən dəyərləndirilməsi baxımından postmodern ədəbi nümunəsi adlandırmaq olar. Ədəbi təcrübələrdən bəlli olduğu kimi, "postmodernizm - keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir". Amerika yazıçısı Con Bartın bu fikrini Azərbaycan ədəbiyyatında öz əsərləri ilə Orxan Fikrətoğlu təsdiqləyir. Digər bir məqam əsərin adı ilə bağlıdır. Postmodernizmin fəlsəfəsinə görə "dünya-mətndir", "mətn-reallığın yeganə mümkün modelidir". Bu baxımdan əsərin "Ölü mətn" adlandırılması təsadüfi deyil. Dünyanın, yaşamın öldüyünü iddia edən yazıçı bir müsahibəsində qeyd edir, - "Ölü mətn" romanında belə bir mesaj var: Yerdən göyə ismarıc gedir ki, dağıt bu dünyanı. Bu cür yaşamaq düzgün deyil".
Yazıçı əsərində onu narahat edən problemlərə, insanlığa təkrar münasibət bəsləməmiş, fərqli baxış aşılamağa çalışmışdır. "İnsan itib. Hər bir canlının Yer üzündə missiyası var. Mən inanmıram ki, insan təkcə bioloji varlıqdır - yeyib, yatıb, artıb, ölümə getmək üçün gəlməyib dünyaya. Bunun üçün Allah başqa növləri yaradıb. İnsan bu gün arınmaq, durulmaq, insan olmaq dəyərlərini itirib. İnsan kimi aram, sakit, yaradıcı, sevgi ilə, paylaşmaqla yaşamasını itirib" - deyən yazıçı romanında hansı dəyərlərin necə itirildiyini araşdırmağa çalışır. "Sən ənənədəsənsə, hamının yaşadığını təkrar edib yaşayırsansa və bunu ən düz yaşamaq hesab edirsənsə, deməli, sən təkrarsan". O.Fikrətoğlu ənənədə qalmamışdı, onun düşüncələri kütlə ilə uyuşmur, görünməyəni görməyi və göstərməyi bilirdi. O, tək bir insanın mətnini deyil, bütün bir millətin, xalqın, Vətənin mətnini, "ölü" mətnini söyləmiş və bir qəhrəmana sığışdırmışdır. "Bu mətn şifrəli, gizli işarələrlə yazılıb. Bu yazını bir adam yazmayıb. Bu mətn bir mədəniyyətin min illər boyu gəldiyi qənaətdir..." - deyərək, əslində, elə əsər haqqında gizli mesajlar verir.
Əsər gənc oğlanın yazdığı romanı ustada göstərmək üçün onun yanına gəlməsi ilə başlayır. Ustad əski əlifbanı bilməsə də, oxuyacağını söyləyir. İnsan həyatda nə yaşayacağını, başına nələrin gələcəyini, öz yazısını, mətnini bilmir, bunu zaman göstərir. Ustad da bu əski əlifbanı - yaşanacaqları bilmirdi, ona görə də mətnini oxuya bilmir, onu yaşayır. Süjet boyu ustad həmin əsərdə müxtəlif vəziyyət və zamanlarda təqdim olunur. 1937-ci il repressiya illəri, İkinci Dünya savaşı, erməni qırğınları, 1990-cı il Sovet Silahlı Qüvvələrinin hücumu dövrü mətndə orijinal təhkiyə şəklində canlandırılır. Ustad bütün bu zamanları yaşamış və nəhayət, özünə qayıtdıqda "Ölü mətn"i yazanın elə özü olduğunu anlayır. Zamana səyahət dönəmi sufi toxunuşlarla təsvir edilmişdir. Roman fərqli hekayələr toplusuna bənzəyir. Nəql edilməsi mümkün olmayan, oxucunu düşünməyə, özü ilə hesablaşmağa sövq edən əsərlərdəndir. Mətnin daxildən, ruhdan gələn mətn olduğu duyulur.
"Əslində bütün bədii mətnlər artıq yazılsa da, hələ tam oxunmayıblar". Orxan Fikrətoğlunun da mətni ona öncədən bəlli idi. "Mən bütün yazdıqlarımı doğulandan bilirəm. Yazıçı nə yazdığını dərk etməlidir" - deyən müəllif əsərində də bu düşüncələrinə yer vermişdir. "Bəzi mətnlər yazılandan anlaşılmır. Belə mətnlərin açarı var". Məhz bu əsərində olduğu kimi, açarı tapan anlaya bilər və ya açarı tapacaq şüurda olan biri.
Orxan əsərində mətnaltı ifadələrlə insan xarakterlərinin psixoloji məqamlarını açmağa çalışmışdır.
Repressiya dövrünə xüsusilə toxunan yazıçı bu illərin ağrı-acısını, psixoloji məqamlarını, mənzərəsini incə detallarla anlatmışdır. Günahsız insanların iftiralara qurban getməsini, səhv yolu seçənlərin sonda eyni yola gəlib çıxmasını göstərmişdir. Sovet ordusu üçün döyüşən, yəni o dövr üçün güclünün yanında olan İsmayıl sonda məğlub olduğunu, səhv yolu tutduğunu anlayır. Təəssüf ki, bu zaman nə Sovet qalmışdı, nə də onun vicdanı.
Toxunduğu aktual problemlərdən biri əlifba məsələsidir ki, tarix boyu xalqın, millətin əsas problemlərindən biri olmuşdur. XXI əsr olmasına baxmayaraq indi də dil problemi aktualdır. XIX əsrdə Axundzadənin başlatdığı bu əlifba məsələsini bu gün də, bir əsrdən çox keçməsinə rəğmən O. Fikrətoğlu əsərində qaldırmışdır. "Mən bu əlifba ilə sizi millət edəcəyəm. Özünüzü tanıyıb, nə etməli olduğunuzu biləcəksiniz. Siz hələ millət deyilsiniz, ona görə heç nə anlamırsınız. Milləti millət edən onun əlifbasıdır" - deyən Alməmməd kişi "Ölü mətn"in Axundzadəsidir.
Romanın ideyalarını bir kənara qoyub bədii
mətn kimi yanaşdıqda, onun süjet xəttinə,
quruluşuna, strukturuna nəzər saldıqda əsərin
mürəkkəb və dolaşıq kompozisiyaya malik
olduğu nəzərə çarpır. Rahat, publisistik bir dillə yazılan
hissə bir anda mifik üslubla əvəzlənir. Bəzi məqamlarda
məntiqi ardıcıllıq pozulur, amma ideya bəlli
olduğundan oxucu mənanı itirmir.
2014-cü
ildə digər mətnlərindən fərqlənən daha
bir romanı işıq üzü gördü. Romanda adi bir
insanın həyatı, yaşadıqları, daxili təlatümləri
fonunda əslində dünyəvi problemlər qoyulmuşdur.
O. Fikrətoğlu Azərbaycan kəndində erməni təcavüzü
ilə başlayıb getdikcə daha da böyüyərək
dünyanı bürüyən terrorla əlaqəli ciddi məqamlara
toxunur. Bununla bərabər bir insanın
uşaqlığından ölümünə qədər
yaşadığı daxili savaşı, psixoloji durumunu dəqiqliklə
təsvir etmişdir. Bu həyat yolunda onu nəyin uçuruma
apardığını və bu uçurumun bir
addımlığından necə və nəyin köməyi
ilə qurtulduğunu göstərir. Erməni
qırğını zamanı ölkənin ümumi
ab-havası, yerli xalqın vəziyyəti, düşüncəsi
necə idi?! "Elə bil, hamı qürurunu qatdayıb
"Tarixin küncünə" atmışdı".
"Buralarda tarix üçün yaşayanlar az idi".
İnsanlar düşməndən intiqam almağı
düşünmək əvəzinə rahat yaşama yolunu
axtarırdılar. Amma anasının qatili olmuş balaca
"Təkgöz" düşmənini tanıyır,
intiqam alovu ilə alışınıb-yanırdı. Birdən-birə
gerçəkliyin içinə düşən balaca uşaq
atasının dediklərini xatırlayır: "Onlar bilsələr
ki, ermənilər bizim torpaqlara göz dikib köməyimizə
gələrlər". Atasının bu sözlərindən
tutub saf niyyəti ilə İrana yola düşən balaca
kor-peşman qayıdır. Müəllif bu cümlələr
ilə o dövrün real mənzərəsini
yaratmışdır. Təkgözün atası Vətənində
birliyin olduğuna, bu çətin vəziyyətdən xəbər
tutan kimi köməyə gələcəklərinə
inanırdı. Doğrudan da, bizi faciəyə sürükləyən
şey ilk öncə birliyin olmaması idi. Deməli, ilk
öncə Vətənimiz "Tək" idi.
Yazıçı bu əsərlə gənclərə, gələcək
nəslə səslənir.
O.Fikrətoğlu
digər yazılarında olduğu kimi bu əsərində də
dini məqamlara, cəmiyyəti narahat edən mövzulara
toxunmuşdur. Dini əllərində alətə çevirib,
ondan siyasi məqsədlər üçün istifadə edən
terrorist qüvvələrin gəncləri aldadıb, onlardan
necə istifadə etmələri əsərdə öz əksini
tapmışdır. Mücahidlərin xüsusi olaraq
yetişdirildiyi mədrəsəyə düşən Təkgözü
bu yoldan döndərən "sevgi" olur. Hər
addım-başı içində suallar doğuran ilahi sevgi və
insan sevgisi onu düzgün yola çəkir.
Yazıçının da əsərdə qeyd etdiyi kimi
"Deməli, sevgi ölümün zamanını, mənasını
və adını belə dəyişməyə qadir
imiş. Deməli, sevgi ölüm ilə oyun oynaya
bilirmiş".
Hər
bir insanın doğulduğu andan taleyi yazılır və hər
bir insan bu taleni yaşayır. Son nöqtənin necə
tamamlanacağını heç kim bilmir, lakin o nöqtəyə
gedilən yol insanın öz iradəsindən
asılıdır. "Görünür, yazını deyil,
sona doğru gələn yolu insan iradəsi ilə dəyişmək
mümkün imiş". Yazıçının burada qeyd
etdiyi incə məqam ondan ibarətdir ki, sona doğru yolda ləyaqətlə,
şərəflə irəliləməli, səhv yoldasansa
yolunu dəyişməlisən. Eləcə də, vətənin
taleyini vətəndaşları iradələri ilə dəyişə
bilərlər. Terroru, cəhaləti, müharibəni dəyişdirəcək
güc də yenə insan iradəsindən asılıdır.
"Tək"
romanı quruluşuna görə yazıçının digər
yazılarından fərqlənir, belə ki, dili daha sadə və
axıcıdır. Hekayə və povestlərində
aparıcı yer tutan şərti-metaforik üslubdan istifadə
edilməmişdir. Bu baxımdan "Ölü mətn"dən
daha geniş oxucu kütləsi qazanmış ola bilər.
Yazıçının da "Ölü mətn"i nəzərdə
tutub "bu romanı oxucular üçün yox,
yazıçılar üçün yazmışam" deməsi
fikrimizi təsdiqləyir.
Beləliklə,
Orxan Fikrətoğlu əsərlərində, əsasən,
insanlığa, insanlığın gələcəyi olan gənc
nəslə səslənir və onlara düzgün yol
göstərməyə çalışır.
Ağıllı, dərin düşünən, düzgün
yol seçən, Vətənini, millətini, özünü
dərk edib sevən bir nəsil xəyal edir.
Sürəyya
Nağılı
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.13.