Araz dərdi - “Arazbarı”
Sona Vəliyevanın
"Arazbarı" kitabı əsasında
Müstəqillik dövrü Azərbaycan poeziyasının çox böyük bir sahəsini təşkil edən vətənpərvərlik mövzulu poetik əsərlərin içərisində yaddaşlarda özünə yurd salan nümunələr çox azdır. Bu azların içərisində Sona Vəliyevanın "Arazbarı" şeirlər kitabında toplanmış şeirləri müstəsna yer alır.
Kitabın ilk səhifələrindən başlayaraq Vətən qeyrəti, torpaq namusu çəkən el qızının poetik düşüncələri ilə tanış oluruq. "Özgə havaları oynayan gözəl" şeiri barlarda, diskotekalarda, millətin dərdli çağında, vecsiz əhvalla oynayan qızlara həsr olunubdu. Qarabağı kimi bu qədər ağır dərdi olan bir məmləkətin qərbdən gələn modern havaları oynayan qızlarının hərəkətlərini müəllif qəbul edə bilmir, bir ana kimi, bir bacı kimi onlara müqəddəs dərdi anlatmağa çalışır:
Özgə
havalara əriyən gözəl,
Yağmalanan elin dərdi kimindir?
Yanlışlıq ilmədə gözəldir,
gözəl,
Bu səhvin ömürlük
tale qəmindir.
Müəllif
xalq yaradıcılığına yaxşı bələd
olduğundan şeirin bu bəndində atalar sözlərindən
olan "yanlışlıq da bir naxışdır" ifadəsini
"yalnışlıq ilmədə gözəldir" nəticəsi
kimi dəyərləndirərkən dərin fəlsəfi
fikir irəli sürmüşdür. Belə ki, yanlış
atılmış bir ilmə xalçada və ya hər
hansı toxuma işində qeyri-adi bir naxışa
çevrilir, göz oxşayırsa, insan, xüsusən də
gənc qızların həyatında yanlış addım
ağır bədəllərlə müşahidə olunur:
Nəvəsi
deylisən Burla xatunun
Qanında bir özgə qan yaşar sənin.
Bir
oğuz gözəli, oğuz anası
Dərdinə oynamaz bu məmləkətin...
Sona xanımın
"Açıq qapılar"
şeirində də vətən dərdi ilə birlikdə vətən
qızlarının taleyi də əks olunubdur.
Bağlı
qapıları bağlı bilmişik,
Hər bağlı
taleyin öz tilsimi
var.
Yüz ildir Arazı bağlı bilmişik,
Yüz ildi dərdimə tapılmır
açar.
Hələ çox dərdimin
dərmanı sirli,
Hələ çox açarlar
ağ div əlində.
Bir xalqın taleyi uduzulan gün,
Bağlı qapı oldu Xudafərin də.
Araz çayı
ilə doğma
torpağı ikiyə ayırmaq, bütöv Vətəni
bölüb parçalamaq qısmətimizə zorla
yazdırılsa da, könül arzularını ayıra bilmədilər. Arazın
sahillərində yaşayıb sevilənlər indi bir-birlərinə
qovuşa da bilirlər. Müəllifin də qənaəti
belədir ki, mütləq bağlı qapılar bir gün
açılacaqdır:
Sən üzmə özünü,
ağlama belə,
Yolların dolayısı tez çatan olur.
Hər bağlı qapıya bağlı demə gəl,
Xudadan hər bəxti bir açan olur.
Müəllif inanır ki, Tanrının divanında haqq-ədalət
öz yerini tapır, bağlı qapılar açılır
və mütləq Vətənimizin Araz dərdinə,
Qarabağ dərdinə də çarə tapılacaqdır. Əgər nə vaxtsa " bir xalqın tale kotanı daşa
düşübdürsə də, mütləq ordan
çıxacaqdır. Amma əgər bu xalqın "bəxtinə
savaş düşübsə", savaşmalı, mübarizə
aparmalıdır:
Dərdin
ağlayaq bu dərdin,
Haqdan gələn, haqdı dedim.
Bəxtinə bəxtsiz millətin
Savaş düşübdü - düşübdü.
Bəli, torpağın namusunu, Vətənin qeyrətini qorumağın yolu
savaşdan keçir, mübarizədən keçir. Bu uzun və
davamlı bir yoldur. Bu mübarizədə
səbirli və təmkinli olanlar haqqı, ədaləti yaddan
çıxartmayanlar mütləq qalib gələcəkdir.
Şair də Allahdan möhlət istəyir.
Görüm necə sirr imiş, yarın yarı, parası,
Görüm fələk dadıbmı
bu dünyanın acısın?
Görüm sağalacaqmı bu torpağın yarası?
Bir az möhlət
ver Allah,
yaramız
sağalmağa,
Bir az möhlət
ver Allah, dünyanı tanımağa.
Bu dərdin, kədərin içərisində müəllifi "əsir
torpağın
taleyi narahat edir. Sona xanım millətin
səbrini yatmış qara divə, əsir
yurdlarımızı isə saçlarından
asılmış gözələ bənzədir. Şairin ümidi "qolları vurulmuş igid"ə
qalıbdır. Belə anlarda bir qədər
də ümidsizliyə qapılan şairə elə gəlir
ki, bağlı qapılar arxasından səsi Allaha
çatmır.
Səbrim
yatan qara div,
Əsir
torpaq saçından
Asılan
başı bəlalı
gözəl,
Ümidim
qolları vurulmuş igid,
Qapını da fələk elə çırpıb
Naləm Allaha yetmir.
Amma günlərin birində Sona xanım "yarıyuxu, yarıgerçək
Savalanın ətəyində üzü qibləyə
dayanıb, Şah İsmayılı" xatırlayır, ona
öz diləklərini çatdırmaq istəyir:
"Şah-şahdır" - ulu
Savalan,
Şaha diləyə gəlmişəm.
Min sirri bir gözə
sığan,
Haqqı bilməyə gəlmişəm.
Sona xanımın
belə bir həssas məqamda
Şah İsmayıl Xətaiyə müraciəti səbəbsiz
deyil. Bir ucu gündoğandan günbatana sərhədləri
olan məmləkətin dağılıb
parçalanmış yurdlarının dərdi bütün dərdləri
üstələyibdir. Bir tərəfdə
tarixi Təbriz, Dərbənd, İrəvan dərdi
vardısa, son zamanlarda Şuşa-Qarabağ dərdi də
bunların üstünə gəldi. Nə oldu, nələr
oldu, atının dırnaq səslərindən quşlar lələk
salan türk igidlərinin Vətəni yadların
tapdağına çevrildi, milyonlarla insan qaçqına,
köçkünə çevrildi, qızlarımız, qadınlarımız
əsir götürüldü, şərəf və ləyaqətimiz
ləyaqətsiz işğalçı qüvvələrin
ayaq tozuna bulaşdı.
Sona xanım
"Şuşa baş
örtüyüm" ifadəsini şeirə gətirərək
yaratdığı metafora ilə yadımıza qız-gəlinlərimizin
ağsaqqal, böyüklər yanında abır-həya ilə
necə dayandıqlarını xatırladır.
İçim də, çölüm
də qəm tarixidir,
Dərbənd bağlı qapım, Təbriz lal anam.
Şuşa baş örtüyüm,
sürüşüb düşüb
Şahın hüzurunda necə dayanım.
Bu gün Şuşa
dərdi ilə yanıb-yaxılan Azərbaycan
qadınlarının dərdi bu şeirdə gözlərimiz
önündə obrazlı şəkildə belə
canlanır. Bu bir taledirmi?
Bu tale günahı, tale səhvimi,
Gəldim ululardan soram nədəndi?
Uşaqkən dünyanı mat qoyan
şahın
Yurdu paramparça,
pərən-pərəndi?
Arzumuz budur ki, arxımıza
yenidən su gəlsin, torpaqlarımız düşmən
işğalından azad edilsin, bütövləşsin, dərdimiz
parçalansın, Arazın sularında qərq olsun və o
zaman Sona xanım da "Arazbarı" havasının sədaları
altında "Arazbarı"
kitabına yeni şeirlər əlavə edib,
bütövlük, azadlıq, istiqlaliyyət nəğmələri
yaratsın.
Nizami Muradoğlu
fil.ü.fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun
şöbə müdiri
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.15.