Qorxmaz müəllim, yaxud ömür mətni

 

Esse

 

1

 

Alimlər müxtəlif olur. Xarakteri, istedadı, üslubu etibarı ilə.

Həyat tərzinə görə də onlar fərqlənir.

"Fərq" alim üçün mühüm keyfiyyətdi. Fərq yaratmaq... hər kəsin gücü müqabilində bir iş deyil. Gözəl üslubu, yazı tərzi olan alimlər olub, elə indi də var. Onlar güclü effekt yaradırlar. Ancaq dərini, mətnin dərinliklərini göstərən alim barmaqla sayılacaq qədər də deyildir. Çünki bu halda effekt yaratmağa ehtiyac olmur.

Fərqli alim, fərqli düşünən şəxs böyük nemətdi, bəsitliyin, fikirsizliyin zirvəyə qaldırıldığı məqamda xüsusən...

İndi "elmi məqalə" anlayışı, yəni hər hansı mətləb haqqında elmi səviyyədə danışmaq səriştəsi aradan qalxıb.

Qorxmaz müəllim (professor Qorxmaz Quliyev) elmə gəldiyi ilk gündən bu üslubu, hər hansı mətləb haqqında sakit, arqumentlərin gücünə, bəhs etdiyi bədii, yaxud elmi mətnin məntiqinə əsaslanan tərzi qoruyub saxlayıb. Fikrimizcə, hər hansı alimin tərcümeyi-halında bu, çox mühüm və ciddi məsələdir.

 

2

 

Hər bir kəsin bioqrafiyasında hökmən bir əsaslı hadisə baş verir, görənlər görür, görməyənlər qulaqardına vurur. Qorxmaz müəllim mənim həyatımda məhz belə bir hadisədir. O mənim müəllimim olub, təkcə ədəbiyyat müəllimimi? - Xeyr, həm də həyat müəllimi! Onun haqqında ancaq görkəmli alim, yüksək təfəkkürlü filoloq kimi bəhs etsən, çox şey yaddan çıxacaq. Onun haqqında xeyirxah insan kimi danışsan, yenə nəsə çatışmayacaq, bir çimdik duz kimi!

Bizim ömrümüzdə hər an, hər saniyə hiss etdiyimiz şey - bir çimdik duz kimi nəyinsə çatışmaması son mənzilə qədər sürür, bu şeyə biz açıq gözlə baxırıq, günü-günə satırıq, bu gün-sabah, fürsət düşəcək deyə, onu arxa plana keçiririk. Böyük insanlar üçün elə şeylər var ki, sən anında eləməlisən. Bu öhdəliyi-yükü sən bir çiynindən digərinə keçirə-keçirə aldadırsan özünü. O mənə dərs deyəndə haçansa bu sözləri yazacağım ağlımın ucundan belə keçməzdi.

Qorxmaz müəllim  hər şeydən öncə özü-özünə yetən, bəs eləyən adamdı. Əsl alim yazdıqlarına həyətində yetişdirdiyi üzüm tənəyi kimi baxır, küləkdən, yağışdan, təbiətin min bir oyunundan qoruyur; daha sonra qonşudakı ac uşaqların tamahından, bəd gözlərdən və sair. Məsiağa müəllimin "Cahan" jurnalında çalışarkən onunla iki-üç dəfə görüşməli oldum. Azərbaycan Dillər Universitetində. İki gözəl yazısı çap edildi. Dördcə nömrədə iki gözəl yazı! İşimiz-gücümüz başqalarının sel misalı yazılarından xilas olmaqdısa, Qorxmaz müəllimin yazısını özümüz kompüterə yazırdıq! Xəttinə baxırdım, oxunmur, sonra bircə sözü oxudunmu, bütün sözlər özü "danışırdı".  Özünün dediyi kimi, kod və kontekst...

Qorxmaz müəllim yüksək əxlaq sahibidi. Buna görə də onun işi mahiyyətlədi, hər bir mətnin içini "oyan" məna savaşıyladı. O onuncu dərəcəli detalları asanca qulaqardına vura bilir. Qorxmaz müəllimin təhkiyəsində heybətli şişirtmələr, həyəcanlanmalar yoxdu, çoxlarının anlamadığı mətnləri bu adamlara çox sadə şəkildə başa salır və onların da boynuna qoyur ki, siz əslində bunu məndən daha yaxşı bilirsiniz. Onun doktorluq dissertasiyası böyük bir problemə həsr edilmişdi: Azərbaycan ədəbiyyatında fərdi üslubun təkamülü və təşəkkülü. Bu əsərdə o qədər öyrənməli mətləblər var ki... Ancaq bizdə çoxunun öyrətmək inadı bu sadə və iddiasız nəsnələri oxumağa mane olur.  Vaxtilə Xəlil Rzanın bir kitabı çıxmışdı. Qardaşım oxuyurdu, yaddaşıma ən yaxşı misralar hopurdu. Məsələn, "sən mənə bir ovuc gül toxumu ver, səpim bu dünyanın hər tərəfinə..." Şair bu mətləbi necə həll eləyirdi, indi yadımdan çıxıb, ancaq misranı yaradan nəfəsin gözəlliyi danılmazdır. 

Qorxmaz müəllimin yazılarında "gözəllik yaratmaq" inadı və missiyası əslində tələbələrinin normal yetişməsinə yönəlik bir şeydi. Herman Hessenin "Yalquzaq" romanının tərcüməsinin ilkin çapında Qorxmaz müəllimin ön sözü vardı. Vilayət müəllim, Vilayət Hacıyev gözəl tərcüməçidir, alman dilli ədəbiyyatın nadir bilicisidir. Ancaq etiraf eləyək ki, bu kitaba yazılan ön söz həmin əsərin dərin qatlarının açılmasında misilsiz hadisəydi. Bu yazıya bir də baxın (vaxtında onu gücüm çatan neçə adama oxutdurmuşam-!) və ədəbiyyat haqqında bu tipli yazıların bizim təfəkkürümüzn formalaşmasında nə qədər önəmli rol oynadığına şahid olun.  Xaricdə, Avropa ölkələrində bu tipli alimlərin mühazirələrini yazırlar, çünki mühazirə əsnasında, yəni şifahi nitqində alimin nə qədər böyük ideyalar irəli sürdüyü sonralar aşkara çıxır.

Bir çimdik duz...

İndi, bizim mühitin filoloji pilləsində işlər yaman qarışıb. Hamı bir-birini hədələyir. Ağız deyəni qulaq eşitmir. Ancaq bir vaxt ayırın, Qorxmaz müəllimin, digər klassik alimlərin yazılarını oxuyun, görün hər hansı pyesi, hekayəni, romanı... necə təhlil edərlər. Yoxsa, ordan-burdan iki söz eşidən kimi cumursuz irəli, səsinizi də mikrofona qoşursuz, ayıb...

Mərifət...

Əslində bu bir dildir. Əməllərin danışdığı dil.

 

***

 

Qorxmaz müəllimin bir alim-filoloq kimi fərqləndirici cəhətlərindən ən başlıcası, fikrimizcə, özünə qədərki bütün təcrübələrə vaqif olaraq dünya və gerçəkliyə, lap elə tədqiq elədiyi məsələlərə həmin təcrübələrin pəncərəsindən özü kimi baxa bilməsindədir. Onun tədqiqatları fərqli görünməyə meyl etmir, əksinə, adi, lap elə normativ fonda gözə dəymək istəyir, fərqi oxucu tutmalıdır, yazı üçün mühüm şərt olan fərq (ideya-!) oxucunun ixtiyarına buraxılır. Bədii əsər, bədii mətn zaman və məkan dəyişdikcə tükənmədiyi kimi, elmi araşdırma da bütün bu dəyişmələrin amplitudasını ən aşağı kəmiyyətdə olsa belə hesablaya bilməlidir. Nə mənada? Filoloq mətni təhlil etdikdə onu fokus nöqtəsinə gətirir, burada tutub saxlayır, dərinlərə, lap elə göz işləməyən dərinlərə gedə bilmək üçün bu "tutub saxlama anı" maksimum uzanmalıdır. Bu nə qədər mühüm olsa da, ikinci cəhət - əsərin konkret zaman və məkanın boyuna biçilməsi onun gələcəyə yolunu bağlaya bilir. Bütün bunları aradan qaldırmaq və mətni əbədiyyətə qovuşdura bilmək üçün filoloq daxili təcrübəsini işə salmalıdır. Yəni, dəqiq formulların tətbiqindən vaz keçib daxili təcrübəsində həm bəşəriyyətə, həm də yalnız ona xas olan cəhətləri konsentrasiya edə bilməlidir. Oxumaq üçün bizə çoxlu kitablar verilir. Dünya ədəbiyyatının (klassik və müasir) şah əsərləri təhlil olunur, məzmun danışılır, əsərin ehtiva etdiyi ideyaların görüş və ayrılıq yerlərinin konturları cızılır, ancaq bu kitablar sənə heç nə vermir; çünki bütün bu təhlillərdə (özü də ən müasir-!) yazan adamın daxili təcrübəsi iştirak etmir, müəllif özüylə söhbətdən qaçır və beləliklə mətn dilsiz qalır (yaxud, "dilini udur"...)

Burda bir ayrıntı da nəzərə alınmalıdır. Haqqında danışdığımız daxili təcrübə məlum-məşhur nəzəri formula uyğun gələ, üst-üstə düşə və ya ondan köklü şəkildə fərqlənə bilər. Götürək elə, onun "bədii əsər deyimdir" ifadəsini. "Dəlidən doğru xəbər" məqaləsində ayrı-ayrı deyimlərin zaman və məkan boyunca hərəkəti, dinamikası, ictimai-sosial problemlərlə çarpazlaşması və sair göstərilir və bu zaman məlum formul filoloqun zəngin daxili təcrübəsi hesabına dəyişir, haqqında söz açılan mətnlərin müxtəlif aspektləri boy göstərir. Hər şey fərdi yaşantıdır, mütaliə də! Fərdi yaşantı zaman-zaman arxa plana keçsə də, unudulmur, vaxtı yetişəndə hayına yetişir, elə bir "güzgü effekti" yaradır ki, bir mətndən digərinə keçidlər istədiyin zaman gözlərin önündə açıla bilir.

Bu alimin leksikonunda və mətnində veriləcək informasiyanın yolunu kəsən metaforalara və poetik ibarələrə (fantastika-!), həm də təfsir adına yozulan digər anomaliyalara rast gəlməzsən. Hər bir məqalənin ilk cümləsi hansısa düşüncə axınının davamı təsiri bağışlayır (daxili əqli-emosional yaşantı sinxron və diaxron kəsiklərdə yaşayır) və bunu yalnız diqqətlə nəzər saldıqdan sonra fəhm edə bilərsən. Rolan Bart deyirdi ki, ədəbiyyat, bədii mətn bütün potensiyası ilə yalnız nəyəsə işarə etmək gücünə malikdir. O, bəhs etdiyi gerçəkliyə toxuna, onu tutub saxlaya bilməz. Yəni, bədii mətndə konkretlikdən yox, konkretləşmədən qaçış özünü büruzə verir. Qorxmaz müəllim yazır:  "...hətta konkret zaman kontekstində özünü büruzə verən məzmunu qabartmaq olmaz. Bu, əslində zorla bədii nümunəni potensial imkanlardan məhrum etmək demək olardı. Mənə elə gəlir ki, sənət əsəri insanın yaratdığı digər artefaktlardan fərqli olaraq sözün müsbət mənasında metafiziki xarakterə malik olmalıdır, yəni zamanın və məkanın fövqündə dayanmalıdır. Bir şərtlə ki, zaman-zaman və məkan-məkan konkretləşə və aktuallaşa bilsin. Bu mənada hər bir bədii nümunə deyimdir..."

Diqqət yetirin: "...Bu baxımdan şəxsən mənim üçün, azərbaycanlı oxucu üçün, ingilis dramaturqu Şekspirin "Kral Lir" faciə-deyimi Məmmədquluzadənin dramaturgiyası, yəni XX əsrin əvvəlləri kontekstində azərbaycanlılaşaraq konkretləşmişdir. Qəribədir, əsl sənət əsərləri yalnız yarandığı dövrdə, yaxud gələcəkdə aktuallaşmır; onlar digər bədii nümunələrlə əl-ələ verib keçmişə də işıq salmaq iqtidarındadırlar; Məmmədquluzadənin deyim-komediyaları Şekspirin əsərləri ilə əməkdaşlığa girib XX əsrin əvvəllərindəki Azərbaycanın hüdudlarını aşmaq, universallaşaraq ümumbəşəri keyfiyyətlər kəsb etmək, dahi ingilis dramaturqunun yaradıcılığının bu günə qədər açılmamış tərəflərini açıqlamaq imkanına malikdirlər." Yəni, müəllifin dediyi kimi, bəzən tarix etibarıyla əvvəl gələn yox, sonra gələn əsər müəyyən köklü məsələlərin həllində əlahiddə rol oynayır.

Burada bir cəhəti də qeyd edək. Qorxmaz müəllim dünya ədəbiyyatını, dünya ədəbiyyatının bədii mətnlərini, onların giriş-çıxış məqamlarını gözəl bilir. Ancaq Qorxmaz müəllimin əsas ixtisası Azərbaycan ədəbiyyatıdır. Ədəbiyyatşünaslıq mənasında milli ədəbiyyatın dünya ədəbiyyatına inteqrasiyası məhz bundan başlayır: Məmmədquluzadə haqqında, Axundov, Haqverdiyev, Vəzirov... haqqında metafora və epitetlərdən vaz keçilir, onların mətnləri sadəcə dünya ədəbiyyatı və onun ideyaları, estetik konsepsiyaları kontekstində nəzərdən keçirilir, bu məqamda həm də bütün xronoloji sərhəd və ardıcıllıq sırası pozulur, Qorxmaz müəllimin təbirincə desək, bəzən tarix etibarı ilə əvvəl yazılan əsər yox, məhz sonra meydana gələn əsər əvvəlki dolaylara işıq salır, orada bir çimdik duz kimi çatışmayan şeyləri qabardır. Qorxmaz müəllim dünya ədəbiyyatının şah əsərləri - bədii mətnləri arasında virtual əlaqələri öyrənmək, araşdırıb üzə çıxarmaq cəhdləri eyni zamanda bizim ədəbiyyatşünaslıq üçün bir nümunədir.

Bu mənada Qorxmaz müəllimin hər bir məqaləsi konseptual xarakter daşıyır. Haqqında bəhs edəcəyi əsərin korpusundakı bütün elementlər saf-çürük edilir, əsərin ideyası, poetik strukturu, əsaslandığı və yaratdığı gərginlik sahələri həm mətnin öz sərhədləri daxilində, həm də onun digər mətnlərlə əlaqə şəbəkəsində araşdırılır. Təhlillərin uzun bir zaman çərəyini əhatə etməsi bir tərəfdən mürəkkəb və çətin filoloji suallara cavab verməyi təmin etsə də, digər tərəfdən yeni-yeni suallar meydana çıxarır. Hər bir yazıçı, yaxud şairin (Orta əsrlər, Yeni dövr, milli, yaxud xarici ədəbiyyat və sair) ard-arda, yaxud ixtiyari kombinasiyada düzülən bədii mətnlərinin yaratdığı gərginliyin milli ədəbiyyat kontekstinə təsiri, bəzən onu öz əsirinə çevirməsi, ədəbi ənənələri mükəmməlləşdirməklə bərabər həm də onu gücdən salması, əsrlər keçdikcə bu asılılığın ram edilməsi, ədəbi prosesin başqa kontekstlərdə yaşaması... bütün bunlar ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi kimi elm sahələrinin kompleks tətbiqini tələb edir. Daha çox isə yeni ideyaların işlənməsini...

Məqalənin (məsələn, "Dəlidən doğru xəbər") mərkəzinə bir məsələnin (anomaliya-!) qoyulması onlarla başqa tipli problemlərin meydana çıxmasına səbəb olur və bu da müəllifi dünya ədəbiyyatına ekskurs etməyə məcbur edir. Və bu "məcburi" səyahətdə öyrənirik ki, "... Don Kixotun "anormallığı" müəllifə dünya ədəbiyyatı tarixində ilk dəfə iki bütöv, bölünməz kosmosu - şəxsiyyət və cəmiyyəti qarşı-qarşıya qoymaq imkanı vermişdir.

"... Servantesdən sonra yaranmış ədəbi nümunələrdə insan-dünya əlaqələrinin bədii inikası müxtəlifləşir və mürəkkəbləşir. Lakin "normal" dünya ilə "anormal" şəxsiyyət arasındakı fərq get-gedə azaldığına baxmayaraq tamamilə aradan qalxmır. Bu günə qədər dünya ədəbiyyatının aparıcı istiqaməti məhz bu bədii anomaliyaya söykənir..."

Məqalədə Məhəmməd Füzulidən tutmuş müasir dövrə qədər "situasiya-qəhrəman" qəlibi əsasında dəlilik və divanəlik diskursu öyrənilir.  Bəzən deyirlər ki, Füzuli qəzəllərində hiss, duyğu klassik qəlibin içinə oturan kimi donur, dinamika "donuşluğa" çevrilir ki, aşiq-divanənin iztirabları maksimum güclə ifadə edilsin.

Dəlilik, divanəlik... "Dəli yığıncağı"nın Molla Abbası bütün klassik divanələrin "içindən" keçirilir, oxşar və fərqli cəhətlər göstərilir. "... Sadə insandan həqiqi insana yol divanəlikdən keçir" (M.Fuko. "Klassik epoxada dəlilik"). Daha sonra: adı çəkilən faciəvi komediyada biliksizlikdən biliyə, məlumatlılığa keçid... Molla Abbas kimdir? Üzündəki maska nədir? Hansı funksiyanı daşıyır. İnsanın həqiqəti özünü yalnız o, yox olduqda büruzə verir; yalnız o zaman peyda olur ki, başqa bir şeyə çevrilsin, özündən fərqli bir şeyə... Digər klassik divanələrdən fərqli olaraq Molla Abbas maskanı üzündən demək olar ki, aralamır. İstəyir ki, hamı onu tərk etsin. Təkbaşına uçurumun son addımlığına qədər gəlsin. Bunu M.Fuko belə izah edirdi: cüzama tutulmuş adamı hamı tərk edir, onun xilası da elə bundadır: onun üçün qovulma varolmanın xüsusi formasıdır.

Yazının bu hissəsinin sonunda bir cəhəti qeyd etməyi lazım bilirik. Professor Qorxmaz Quliyevin milli ədəbiyyatın bu və ya digər problemi, yaxud şəxsiyyəti haqqında yazısını oxuyanda sənin dilində yaranmış ədəbiyyatın nə qədər böyük olduğunu anlayır və hiss edirsən, başqa müəlliflərin həmin hadisələr haqda yazılarındakı məhəlli cizgilər dərhal göz önündə əriyib gedir. Mirzə Cəlildən nə qədər yazılıb, sayı-hesabı yoxdur. Məqalələr, kitablar, monoqrafiyalar... Ancaq bunların böyük əksəriyyətində Mirzə Cəlilin obrazı yoxdu, sadəcə vərəqlərdən ibarət olan kitablardır... Bunları demək ağırdı, ancaq deməmək daha pisdi.

Bu yazı tərzinə malik olan müəllifin təhkiyəsindən bəhs etməmək düzgün olmazdı. Yuxarıda da qeyd etdiyimiz kimi, müəllif hər hansı yazıya çox ağır və ciddi bir söhbətin yazı üçün münasib sayılan davamı kimi başlayır. Söhbətin əvvəli reduksiyaya uğramır, ancaq müəyyən dönüşlərdən sonra yazılı mətnə qayıdır, ən müxtəlif (bəlkə təsadüfi, bəlkə də xüsusi olaraq seçilmiş) onlarla mətnin içindən keçərək haqqında bəhs edilən hadisənin obrazını qətrə-qətrə yaradır; son nöqtə isə qoyulmur, yəni, sən bunlarla razılaşmaya da bilərsən, müəllifin özü sənə onlarla mənbə təklif edir, oxu, mübahisə elə. Bu tipli yazılarda konkret ədəbi hadisənin həm ümumi keyfiyyəti, həm də xüsusi, əlahiddə bəlirtiləri bir yerdə, bir kontekstdə nəzərdən keçirilir. Nəyin nəylə müqayisə edildiyinin fərqinə varmırsan, çünki sən, sənə təklif edilən ədəbiyyat anlayışının konturlarını görməyə, onları yaddaşına həkk etməyə çalışırsan.

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.14-15.