Milli dirçəliş, I Türkoloji
qurultay
və ədəbiyyat
məsələləri
Əvvəli ötən
sayımızda
Məhmət
Fuad Köprülünün qurultayda oxuduğu iki məruzədən
biri bilavasitə ədəbiyyat məsələsinə həsr
edilmişdir. Bu məruzənin adı belədir: "Türk
xalqları ədəbiyyatlarının
araşdırılmasının nəticələri və
perspektivləri. Akademik Bəkir Nəbiyev bu məruzənin əsas
müddəasını" belə müəyyənləşdirir
və dəyərləndirir: "Türk xalqları ədəbiyyatlarının
vahid ortaq bir başlanğıcdan intişar tapması, onun
özəyində əski türk mifoloji düşüncəsinin
və folklor mədəniyyətinin dayanması
konsepsiyası". Bəkir müəllim belə bir qəti
fikirdədir ki, "Uzun bir zaman ortaq türk mədəniyyəti
içərisində təşəkkül taparaq vahid mənəvi
məkan kimi mövcud olan türk ədəbi
varlığı qədim türk yazılı abidələrinin
dilində, ruhunda, obraz və üslubunda qabarıq şəkildə
görünməkdədir". Bəkir müəllimin bu təəssüratının
doğmasında professor M.F.Köprülünün məruzəsinin,
ümumiyyətlə, yaradıcılığının rolu
olmamış deyil. Bu fikri Bəkir müəllimin
aşağıdakı mülahizələri də təsdiq
edir. O yazır: "Fuad bəy türk alimləri ilə
yanaşı Avropa və rus türkoloqları - Bartold, Gibb,
Samoyloviç, Tomson, Mentsel və başqalarının bu sahədəki
fəaliyyətini təqdir edərək gələcəkdə
daha sistemli işlərin görülməsi zərurətini də
açıqlayırdı. "Çin, ərəb və
Avropa qaynaqlarının dərindən
araşdırılması və öyrənilməsi türk ədəbiyyatları
tarixi üçün böyük əhəmiyyət kəsb
edəcəkdir" - qənaətində olan böyük ədəbiyyatşünasın
nə qədər doğru yol müəyyənləşdirdiyini
ötən onilliklərdə türkoloji fikrin
qazandığı uğurların mənzərəsi bir daha
sübut edir". Köprülüzadənin türk dilində
məruzəsi qurultay iştirakçılarının
alqışlan ilə qarşılanmışdır.
Qurultayda
Anadolu-Balkan türklərinin ədəbiyyatının
araşdırılmasının nəticələri və
perspektivləri barədə F.F.Mensel çıxış
etmişdir. O qeyd etmişdir ki, türk xalqları tarix boyu
dörd misralıq formalarda mani, türkü, türkhani,
tuyuğ şəklində bədii nümunələr
yaratmışlar. Bunlar özəl xalq ədəbiyyatı
nümunələridir. Lakin müəyyən mərhələlərdə
milli formalara zəif etina edilmiş, xarici təsirlərə
qapılmışlar və yad-yabançı dillərdə
yazmışlar. F.F.Mentselə görə, bunun səbəbi
"bəşər tarixinə türklər qədəm
qoyduqları andan türk xalqlarının heç vaxt öz mədəniyyətlərinin
mərkəzində" dayanmamalarıdır. "Əhatəsində
olduqları Çin, hind, islam-fars, Bizans mədəniyyətləri
onları özlərinə tabe edir və üzərlərində
öz izlərini qoyurdular".
F.F.Mentsel
bir məsələnin üstündə də xüsusi
dayanır. Bu da ədəbiyyat tarixi məsələsidir.
Mentsel göstərir ki, "Anadolu- Balkan türkləri
oğuz səlcuqlarının varisi və sələfləridir.
Onlar, ümumiyyətlə, bütün türk xalqları
arasında ən yüksək siyasi və ədəbi
inkişafa nail olublar. Mentselə görə, digər türk
xalqlarının ədəbi fəaliyyətləri bir o qədər
də əhəmiyyətli olmadığından, yüksək
inkişaf etmiş Cığatay ədəbiyyatı, daha sonra
meydana çıxan Qazan və Azərbaycan ədəbiyyatları
öz araşdırıcılarını tapacaqlar. O isə
Anadolu-Balkan türkləri ilə
kifayətlənib, onların ədəbiyyatlarını
araşdırmağa çalışacağını, məruzəsini
bu məsələyə həsr edəcəyini vəd edir.
Mentsel ədəbiyyat
tarixi məsələsi ilə əlaqədar təzkirələrə
diqqət yetirir, onların öyrənilməsinin vacibliyini
qeyd edir. Cövdət bəydə ədəbi materialların
çoxluğu onu xüsusi olaraq maraqlandırır. Və ən
mühüm təzkirələri məruzəsində,
özü bunu ötəri adlandırsa da, sadalayır: Səhi
Ədirnəvi, Lətif Kəstəmonli, Taşköpruzadə,
"Schoqaiq-i-numanie", Aşıq Çələbi,
Əhdi Bağdadi, Həsən Qinalızadə və ya Həsən
Çələbi və Qaafzadə Feyzi, Səfai, Süfti,
Rza, Səlim, Fəthi, Ramiz, Zaqib Dədə, Əsrar Dədə,
Beligh, Akif, Arif Hikmət.
Qeyd etmək
lazımdır ki, akademik B.Nəbiyev adı çəkilən
məqaləsində bu təzkirəçilərə qətiyyən
etina etməyib və bu məsələnin üstündən
sükutla keçib. Halbuki, həmin təzkirəçilərin
bir çoxu indiyədək yenə də öyrənilməmiş
qalmaqdadır. F.F.Mentselin türk ədəbiyyatının
avropalı tədqiqatçıları haqqında verdiyi məlumatlar
da zamanına görə maraqlı və əhəmiyyətli
idi. Mentsel hesab edir ki, türk ədəbiyyatının
öyrənilməsi və araşdırılması
Avropanın müstəsna xidmətidir. Müəyyən sistemləşdirmə
və sxemləşdirmə işləri isə lap yaxın
zamanlardan başlanıb deyən F.F.Mentsel son yüzillikdə
- XIX əsrdə türk xalqları ədəbiyyatının
tədqiqi və araşdırılmasındakı
köklü dəyişiklikləri V.V.Radlofun fəaliyyəti
ilə bağlayır. Mentsel türk ədəbiyyatı ilə
əlaqədar tarixi-ədəbi səpkili əsərləri
sadalayıb, onların haqqında az da olsa məlumat verdikdən
sonra M.F.Köprülünün
yaradıcılığına xüsusi nəzər salır
və yazır: "Yalnız Fuad bəy Köprülüzadə
müasir elm səviyyəsində duran çoxsaylı əsərlərilə
mahir sintetik, demək olar ki, avropasayağı elmi tərzdə
yüksəltməyə nail olmuş, türk ədəbiyyat
elminə fəxri yer qazandıra bilmişdir".
Akademik Bəkir
Nəbiyev də yuxarıda adı çəkilən məqaləsində
M.F.Köprülünün yaradıcılığından
xüsusi bələdliklə bəhs açmışdır.
Ondan əvvəl isə Ahmet Kabaklı "Türk ədəbiyyatı"
adlı dörd cildlik (sonralar bu əsər beş cilddə
çap olunmuşdur) əsərində
M.F.Köprülünü tarixi - müqayisəli metod əsasında
elmi prinsiplə "türk ədəbiyyatı tarixinin ilk
araşdırıcısı" kimi səciyyləndirmişdir.
Azərbaycan ədəbiyyatı tarixçiliyində bu
işi ilk dəfə Y.V.Çəmənzəminli
görmüşdür.
F.F.Mentsel
məruzəsinin sonunda müasir türk ədəbiyyatının
ən əsas vəzifələrini müəyyənləşdirib,
diqqəti bunlara yönəltməyi vacib bilmişdir: Bunlar
aşağıdakılardır:
"1) qədim,
önəmli, yalnız əlyazma şəklində qalan əsərlərin
tədqiqi və çapı (hansısa komissiyaların
imkanları ilə);
2) bu
günə qədər (1926-cı il Birinci Bakı
Türkoloji qurultayına qədər - T.H.) hər yerə səpələnmiş
material və sənədlərin, o cümlədən
bütün türk qəzet və jurnallarının
toplanması;
3) ən
önəmli monoqrafiyaların nəşri (bu, bütün
dövrün həqiqi təsvirini verərdi)".
Mentselin
qurultayda qaldırdığı bu məsələlər o
vaxtdan keçən 80 ildə türk dünyasında daim diqqət
mərkəzində olub və demək olar ki, əsasən həllini
lazımınca tapıbdır.
Qurultayda ədəbiyyat
məsələsi ilə bağlı ən maraqlı məruzələrdən
birini Əli bəy Hüseynzadə oxumuşdur. Akademik B.Nəbiyev
"Birinci Türkoloji qurultayda ədəbiyyat məsələləri"
adlı məqaləsində Əli bəy Hüseynzadənin
adını çəksə də, onun məruzəsi və
ədəbiyyat məsələlərinə dair mülahizələrinə
nədənsə qətiyyən toxunmamışdır.
Əli bəy Hüseynzadə qurultayda "Qərbin iki
dastanında türk" mövzusunda məruzə etmişdir.
Əli bəy Hüseynzadənin məruzəsinin tezisləri
"1926-cı il Birinci Bakı Türkoloji
qurultayı"nın "Stenoqram materialları..."nda
müxtəsər olaraq verilmişdir. Bu məruzə əsasında
Ə.Hüseynzadənin yazdığı elmi əsər
sonralar Türkiyədə də, Azərbaycanda da çap
olunmuşdur. Bu tezislərdə qeyd edilir ki, "Bakı
Türkoloji qurultayında bu risaləyə nəzərən
türkdən bəhs edilərkən müqəddimə olmaq
üzrə müxtəsər bərvəchi-ati mövzulara təmas
olunmuşdur". Bu mövzular "Stenoqramalar..."da
aşağıdakı kimi xülasə edilmişdir:
"Türkologiya
nədir?
Muzeylərin,
albomların lüzumu.
Beynəlmiləl
ədəbiyyatdan türkə dair "Müntəxəbati-ədəbiyyə"
(albom xrestomati) vücuda gətirilməsi lüzumu. Bunu
türkün kəndi milli ədəbiyyatından deyil, əcnəbi
ədəbiyyatından toplamalıdır".
Ona
görə belə tələb olunur ki, Ə. Hüseynzadəyə
görə, "Hər kəs kəndini mədh edər, gərçi
Çaadayev kimi müstəsnalar da var. Çaadayev
bugünkü inqilabi-tərəqqiyyatı parlaq surətdə
təkzib edir".
Ə.Hüseynzadə
məruzəsində, tezislərində də qeyd etdiyi kimi,
"beynəlmiləl ədəbiyyatda türkün
simasının əks etdirilməsindən söz
açmış, Firdovsinin "Şahnamə"sini, rus ədəbiyyatından
- Puşkinin, Tolstoyun, Dostayevskinin əsərlərində
türk məsələsini qaldırıb şərh
etmişdir. Professor məruzəsində Avropa ədəbiyyatından
Bayronun "Don Juan" əsəri üzərində
dayanmış, Puşkinlə Bayron arasında müqayisə
aparmışdır. Ə. Hüseynzadə müqayisədə
üstünlüyü Bayrona vermiş, bunun səbəbini isə
belə açıqlamışdır: Puşkin Türkiyəni,
yəni Osmanlı imperiyasını görməmişdi, Bayron
isə görmüşdü. Odur ki, onun türklər
haqqında yazdıqları daha önəmli hesab olunur.
Ə.Hüseynzadə
italyan şairi Tassonun "xilas edilmiş Qüds" və
portəgiz şairi Kamoensin "Luziada" əsərlərini
də məruzəsində, "istər türkə xüsunətkar,
istər dost surətilə yazılmış olsun" deyərək
müqayisəyə çəkmişdir.
Böyük
alimin çıxardığı nəticəyə görə
"XV, XVI əsrlərdə Avropa üdəbası nəzərində
türk sevimli bir tərzdə təsvir olunur".
Qurultayın
"Stenoqramlar"ında haqqında sözü gedən
tezislərdən sonra verilən "İtaliya şairi Tasso ilə
portəgiz şairi Kamoensə nəzərən türk"
adlı irihəcmli məruzədə ən əvvəl
mühüm tarixi hadisələri əks etdirən qeydlər
diqqəti cəlb edir.
"İstanbulun
fəthi tarixi - 1453
Amerikanın
kəşfi - 1492
Tassonun
tarixi-təvəllüdü və vəfatı - 1544-1585
Qamanın
vəfatı -1524
Kamoensin
tarixi-təvəllüdü və vəfatı -1525-1580
Tassonun
Şahnaməsi - 1575-də nəşr edilmişdir.
Kamoensin vəfatında
Tassonun 36 yaşında olduğu anlaşılır".
Bundan
sonra XI əsrin sonlarından XIII əsrin sonlarına qədər
(1096-1270-ci illərdə) Qərb ilə Şərq
arasında baş verən Səlib müharibələri
xatırlanır; göstərilir ki, bu müharibələrin ən
mühümü 1096-1099-cu illərdə baş vermişdir. Həmin
müharibənin nəticəsində Qüds
krallığı yaranmışdır. Bu müharibə
dünya müharibəsini xatırladacaq bir səviyyədə
olmuşdur. XIII əsrin sonunda İslam aləmi Səlib
vuruşlarından müvəffəqiyyətlə
çıxmış və o vaxta qədər "qüvvət
və qüdrət, səviyyeyi-irfan və mədəniyyət
etibarilə Qərb aləmi ilə rəqabət edə
bilmişdi. Lakin haqqında söhbət gedən yazıda qeyd
edildiyi kimi, elə bir tarixi hadisə baş verir ki, Şərqin
bu günə qədər geriləməsinə səbəb
olur. Bu, 1498-ci ildə Portəgiz karitanı, dəniz səyyahı,
məşhur Vasko de Qamanın Ümid burnundan keçərək
Hindistana dəniz yolunu kəşf etməsi hadisəsi idi.
Əgər Səlib müharibələri Şərqə cəbhədən
hücum idisə. Vasko de Qamanın Hindistan yolunu kəşf
etməsi "Şərqin ticarətini, mənabeyi - sərvətini
əldə etmək üçün" məhz arxadan zərbə
idi. Adı çəkilən məruzədə bu iki hadisə
ki, bütün Şərqə, islam aləminə, o cümlədən
türklük üzərinə böyük təsir
etmişdi, XVI əsrdə yetişən iki Avropa
yazıçısı, yəni italyan Torkvato Tasso və portəgiz
Kamoens üçün mövzuya çevrilmişdi. Tasso
"Xilas edilmiş Qüds" mənzum dastanında birinci Səlib
müharibəsini tərənnüm edirdi. Onun qəhrəmanları
Qodefroy de Boillon və Renau idi. Portəgizli Kamoens isə Vasko
de Qamanın Hindistana dəniz yolu kəşfini tərənnüm
edən "Luziada" başlıqlı "Şahnamə"sini
yaratmışdır. Məruzə müəllifmi belə bir
sual düşündürür: "Əcəba, bu iki müəllif
bir-birini tanıyormu idi?" və bu suala cavabdan çox onu
bu iki şəxsin eyni dövrün - eyni zəmanənin
adamları olduqları daha çox maraqlandırır. Odur ki,
yazır: "Tasso 35 ya 36 yaşında ikən Kamoens vəfat
etmişdir".
Tədqiqatçının
təqdimatından aydın olur ki, hər iki şairin həyatı
"məhrumiyyətlər, səfalətlər, iztirablar
içərisində keçmişdir. Tassonun iztirabları
Höte və Bayron poeziyalarında təsvir edilmiş, Kamoens
isə iztirablarından özü bəhs açır,
"Luizada"da özünü şikayət etməkdən
saxlaya bilmir. Hər iki şair "şiddətli islam əleyhdarı
olub, hissiyyat və etiqad antixristianiyyələrində ifratkar
bir təəssüb göstərirlər".
Ə.Hüseynzadə
məruzəsində bu iki qərbli şairlər
arasındakı fərqə də diqqət yetirir; tədqiqatçıya
görə Kamoens bir xristian qütbpərəsti olduğu
halda, Tasso daha çox "mistisizmə" meyyal bir xristian
müvərrixidir". Buna görə də Tasso islamiyyəti
yaxşı anlaya bilir, hətta bəzən təqdir edir.
Kamoens isə İslamdan tam xəbərsiz, anlaqsızdır.
O, Qərbin - Portəgizin, Romanın tarixinə yaxşı bələddir,
ərəbin, islamın tarixindən, onun mədəniyyət
tarixindən isə xəbərsizdir. Bu sahədəki "Cəhaləti
bariz bir surətdə gözə çarpar... Müsəlmanların
əksərisi onun nəzərində, ümumiyyətlə,
ya mavr, ya sarasindır.. ."Müharibə edən Əndəlus,
ərəb hökmdarları hər miramulindir, tirqi -
"Şahnamə"dəki Turan hökmdarı Əfrasiyab
kibi..." Bu şair islama qarşı o qədər kobuddur
ki, "hətta Afrika sahilinin qaba bütpərəstlərini,
Hindistanın məcusilərini islamlara tərcih edər...".
Bütün bunlarla yanaşı, Kamoens yunan və latın ədəbiyyat
və əsatirinə dərin bir bələdlik və məhəbbətlə
yanaşır.
Ə.Hüseynzadə
məruzəsinin II hissəsində Vasko de Qamanın gəmilərinin
açıq dənizə çıxması ilə əlaqədar
olaraq Olimp allahlarının təlaşa düşmələrindən
bəhs edir. III hissədə isə qeyd olunur ki,
"Luizada"nın ən mühüm mövzularından
biri Portəgizin milli tarixidir. Burada dastana Vergilinin
"Eneida"sının təsiri açıqlanır.
Dastanın,
demək olar ki, bütün süjetini izləyən Əlibəy
Hüseynzadə məruzəsinin V bölməsində Kamoensin
türklük və türk barədə görüşlərini
nəzərdən keçirir; buna dair dastandan parçalar gətirir;
diqqəti şairin emosional xitablarına yönəldir. Misal
üçün: "Ey avropalılar, ey almanlar, ey
fransızlar, ey ingilislər, ey italyanlar, türklərlə
mücadilə dururkən, bir-birinizlə axmaqca nə
boğuşuyorsunuz, nə müharibə ediyorsunuz?.."
Məruzəçinin
qəti qənaəti belədir: "Bu şair türkləri
nə sevər, nə də tanır, bir papaz kimi Avropanı
türklərə qarşı yeni bir əhli-səlib
müharibəsinə təşviq edər".
Kamoensin
türklərə münasibətlərindəki
amansızlığın səbəbi də Ə.Hüseynzadə
tərəfindən açıqlanır.
Ə.Hüseynzadə
məruzəsinin son - VI bölməsində yenidən diqqəti
Torkvato Tassonun "Xilas edilmiş Qüds" əsərinə
yönəltmiş və onun üç səhifəyə
yaxın bir parçasının türk dilinə tərcüməsini
vermişdir. Əli bəy Hüseynzadə Qərbi Avropa ədəbiyyatı
ilə daim maraqlandığı kimi, bu ədəbiyyatdan tərcümələrlə
də məşğul olmuşdur, onun Hötenin
"Faust" əsərini tərcümə etməsi Azərbaycan
ədəbi ictimaiyyətinə yaxşı məlumdur.
"Xilas edilmiş Qüds" əsərinin tərcüməsi,
həmçinin tədqiqatçının bu əsər
üzərində nisbətən geniş dayanması isə
onun müəllifinin türkə olan münasibəti ilə əlaqədardır.
Odur ki, bu əsər barədə bəhs açıb, onu
"Luziada" ilə müqayisə edəndə təsadüfi
deyil ki, yazır: "Kamoensin əsərini bir türk və hər
hansı bir müsəlman sinirlənmədən oxuyub
mütaliə edəməz! Halbuki, "Xilas edilmiş
Qüds" mühərriri Torkvato Tasso boylə deyildir".
Professor Ə.Hüseynzadə apardığı müqayisə
münasibətilə türk yazıçısı Ömər
Seyfəddinin "Xilas edilmiş Qüds" əsəri
haqqında ona dediyi bu sözləri yada salır: "Bən həp
daim bu əsəri masanın üzərində bulunduruyorum və
daim sevə-sevə oxuyorum". Əli bəy Hüseynzadəyə
görə: "Tasso islamı anladığı və təqdir
etdiyi kimi, türkü də tanımış və təqdir
etmişdir".
Beləliklə,
Ə.Hüseynzadənin "Qərbin iki dastanında
türk" adlı məruzəsi onun
türkçülük barədə fikir və mövqeyini
ifadə etmək və bununla da milli-mənəvi dirçəlişə
güc vermək istəyini əks etdirmişdir. Elə Birinci
Bakı Türkoloji qurultayından bütün türk aləminin
gözlədiyi də dirçəlişə təkan verəcək
belə bir güc arzusu idi.
Tofiq HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.20-21.