Sirli Abe

 

Sirli, qapalı, həm qeyri-adi üslublu, ədəbiyyatda yeni yol açan Kobo Abe. O, 1924-cü ilin martında Yaponiyada doğulub. Yazıçı, dramaturq ssenarist. İkinci dünya müharibəsindən sonra incəsənətdə avanqardın Yaponiya üzrə lideri. Onun mövzularının əsas mahiyyətini müasir dünyada insanın özünü tapması təşkil edir. "Qadın qumluqda", "Özgə sifət", "Yandırılmış xəritə", "Gil divar" əsərləri ilə qızıl fonda daxil olan yazıçı dəfələrlə kinorejissorların da marağını cəlb edib. Ötən əsrin 60-cı illərində rejissor Hirosi Tesiqahar adıçəkilən əsərləri ekranlaşdırıb.

Yazıçı uşaqlıq illərini Mancuriyada keçirib. Səbəbi belə idi ki, 1940-cı ildə həmin bölgədə orta məktəbi bitirmişdi. İlkin təhsildən sonra yenidən Yaponiyaya qayıdıb. 1943-cü ildə Tokio İmperator Universitetinin tibb fakültəsinə daxil olub. Hələ tələbə ikən, 1947-ci ildə rəssam Mati Abe ilə ailə həyatı qurub. Lev Tolstoyun həyat yoldaşı kimi Mati Abe də onun əsərlərinin qaralamasını ağ vərəqlərə köçürər, həmçinin əsərlərinin teatrdakı dekorasiyası işinə köməklik göstərərmiş. Bəlkə 1948-ci ildə aldığı pis xəbər olmasaydı, Abe ədəbiyyata gəlməyəcəkdi. Universitetdən bildiriblər ki, "ümumi nəticəyə əsasən təhsiliniz kafi qiymətləndirilib. Məhz bu səbəbdən praktiki cəhətdən həkimlik fəaliyyəti ilə məşğul ola bilməzsiniz. Belə olan surətdə həyat yoldaşı Mati onu sakitləşdirib: "Həkimlik yoxdur, ədəbiyyat var". Doğru deyiblər ki, hər bir uğurlu kişinin arxasında dəstək verən həyat yoldaşı olar. Abe ömür-gün yoldaşının sözlərindən yaxşı mənada təsirlənib. Və 1947-ci ildə başladığı "Anonim şeirlər" külliyyatını davam etdirib. 62 səhifəlik kitabı öz hesabına dərc etdirməyə nail olub. İlk qələm məhsullarında Rilke poeziyasının və Haydeqqer fəlsəfəsinin sirayəti duyulub. Tənqidçilər əsasən RilkeHaydeggeri çox vurğulayırdılar. Amma çox az sayda tənqidçilər onun ilk əsərinə nəzər yetirirdilər. Dünyanın əksər tənqidçiləri tanınmayanların əsərlərinə çox da nəzər salmır, bu həmişə belə olub. Elə ona görə də Kobo Abe yaradıcılığı qismən kənarda qaldı. Ancaq ona alman dilindən dərs deyən məşhur tənqidçi və filoloq Rokuro Abe yazıçının "Gil divar" əsərini nəzərdən qaçırmadı. Maraqlı fakt ondan ibarətdir ki, Rokuro Kobo Abe barədə yazarkən başqa tənqidçilər onu qınayıb: "Çox da tanınmayan və çox da güclü yazmayan gəncin tam təəssürat oyatmayan yaradıcılığına müraciət etməyiniz müəmma doğurur". Əlbəttə ki, tənqidçi Rokuro Abenin gəncdə tutduğu işığı az insan görə bilərdi. Bunun üçün geniş təxəyyülə malik oxucu olmaq da kifayət idi. Lakin ovaxtkı yapon tənqidçilər Kobo Abedə məhz nəyin gizləndiyini açmağı bacarmırdılar. Yaxın gələcək sübut edəcəkdi ki, tanınmış insan yanılmayıb. 3 cilddən ibarət "Gil divar" əsərindəki hadisələr tənqidçini mütəəssir hala gətirib. Gənc yapon doğma şəhəri ilə əlaqələrini kəsir, uzaqlara gedir, lakin mancuriyalı quldur dəstəsinə əsir düşür. Rokuro Abe əsəri "Müasir ədəbiyyat" jurnalının yaradıcısı Yutake Haniyə göndərir. Əsərin birinci cildi "İndividual" jurnalında dərc edilir. Yazıçının istedadını görüb onu "Gecə" adlı ədəbi birliyə üzv götürürlər. "Gil divar" əsəri isə Yutake Hanibir neçə nəfərin köməkliyi ilə kitab formasında dərc edilir.

Kobo Abe sakit insan təsiri bağışlasa da, hərdən inqilabi çağırışlarla çıxış edirdi. Bu çağırışlar yalnız ədəbiyyata aid idi. O, ilk kitabının dərcindən sonra oxucularına müraciət etdi ki, gerçəkliyə qarşı protest etsinlər. "Gecə" ədəbi birliyində əsərlərini səsləndirən Abe getdikcə hiss etməyə başladı ki, bura sığmır. Bu, lovğalıqdan irəli gəlmirdi. Çünki öz ədəbi üslubu var idi və belə birliklər yaradıcılığı ilə uzlaşmırdı. Nəticədə 1950-ci ildə Hirosi TesiqaharSiniti Seqi ilə "Əsr" ədəbi birliyini yaratdı.

1951-ci ildə "Müasir ədəbiyyat" jurnalında yazıçının "Divar. S.Karmanın cinayəti" adlı povesti dərc edildi. Belə qeyri-ordenar əsər yapon oxucusunda böyük iz buraxdı. Anlaşıldı ki, günçıxar ölkənin yeni günəşi doğulub. Fevralda dərc edilən povest geniş müzakirələrə səbəb oldu. Elə həmin il povest "Akutaqava" mükafatına layiq görüldü. Bu mükafatı verənə qədər münsiflər heyəti arasında qızğın müzakirə getdi. Tanınmış ədəbiyyatşünas tənqidçi Kodzi Uno əsəri tənqid edərək Kobe Abeyə "Akutaqava" mükafatının verilməsini lazım bilmədi. Seçim zamanı digər münsiflər Yasunari Kavabata Kosaku Takinin əsaslandırılmış çıxışları dəstəyi olmasaydı, Kobo Abe "Akutaqava" mükafatına layiq görülməyəcəkdi.

1962-ci ildə rejissor Tesiqahara Abenin ssenarisi əsasında film çəkdi. Filmin uğurundan sonra daha 3 əsərinə müraciət etdi. Kobo Abenin kino teatr yaradıcılığı bununla yekunlaşmadı. O, özünün "Abe Kobo Studiyası" adlı teatrını yaratdı. Bu o demək idi ki, yazıçı dramaturji fəaliyyətlə ciddi şəkildə məşğul olacaq. Aktyor rejissor heyətinin toplanmasına da özü nəzarət etdi. Kobo seçim zamanı izah edirdi ki, onun teatrı fəlsəfi xarakter daşıyır: "Siz aktyorlar qeyri-adi oyunlarınız ilə teatr sənətinə yenilik gətirməlisiniz". Eksperimental kollektivin çıxışını təkcə Yaponiya tamaşaçıları izləmədi, ölkə hüdudlarını aşdı. 1979-cu ildə Abenin "Fil balası öldü" pyesi əsasında hazırlanan tamaşa ABŞ-da nümayiş etdirildi. Öz Vətənində olduğu kimi Amerikada da Abe teatrının qeyri-ənənəvi çıxışı geniş rezonans doğurdu tənqidlərlə üzləşdi. Ümumiyyətlə, Abe teatrının səfər etdiyi ölkələrdə bu proses eyniliklə təkrarlanırdı. Söhbət tənqid dolu məqalələrdən gedir. Tənqid tərifi üstələyirdi. Bütün bunlardan bezən Abe getdikcə vaxt ayırmadı 1980-ci illərdə teatr öz mövcudiyyətini itirdi.

Abe hər zaman axtarışda olub. Bir üslub yaradıb onun kölgəsində durmayıb. Hər zaman dünya yazıçılarının əsərlərini oxuyub, filosofların fəlsəfi fikirlərini dərindən araşdırıb. 1981-ci ildə Abe alman yazıçısı Elias Kanettinin  yaradıcılığına nəzər salıb. Dostu Donald Kin isə ona Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin kitablarını oxumağı məsləhət görüb. Kanetti Markesin əsərləri Abedə elə bir təəssürat oyadıb ki, ədəbi birliklərdə bu barədə danışıb, yazıçı dostları ilə müzakirələr aparıb. Hətta dəvət edildiyi televiziya verilişlərində, oxucularla görüşlərdə böyük məmnuniyyətlə adıçəkilən yazıçıların yaradıcılığından danışar, onların kitablarını oxumağı tövsiyə edərmiş.

Kobo Abe 1992-ci ilin dekabrın 25-də beyninə qan sızması nəticəsində qospitilizə olundu. Xəstəxanadan qayıtdıqdan sonra sağlamlıq durumu yaxşı olsa da, 1993-cü lin yanvarın 20-də halı yenidən pisləşdi. Nəticədə yanvarın 22-də dünya 68 yaşlı işıqlı yazıçını itirdi. Kendzaburo Oe xatirələrində Kobo Abeni Kafka Folknerlə bir siyahıda qoyaraq, onu dünya ədəbiyyatına inanılmaz töhfə verdiyini yazdı. 1994-cü ildə Nobel mükafatı alan Oenin xatirəsi belə bitirdi: "Abe bir az da yaşasaydı, Nobel mükafatı alacaqdı".

Ölümündən sonra Abe daha çox araşdırma müstəvisinə keçirildi. Həyatındakı müxtəlif faktlar onu deməyə əsas verir ki, Abe həmişə yenilikçi olub. Məsələn, ilk dəfə məhz o, 1984-cü ildən etibarən yapon yazıçıları arasında öz mətnlərini mətn prosessoru avadanlığında yazıb. Onun musiqi ehtirası isə həmişə fərqli olub. "Pink Floyd" qrupunun pərəstişkarı olan yazıçı Bel Bartokun da mahnılarını dinləyib. Yenilikçi Abe istehsal edilənlərin ən birincisini alarmış. Yaponiya sakinləri arasında yalnız o, ilk dəfə sintezator alıb ifa etməyi öyrənib. Abe həm fotoqrafiya ilə məşğul olub. Onun fotoları neçə il əvvəl nümayiş etdirilən sərgidə baha qiymətə alınmışdı. Yazıçı çəkdiyi fotoları kitablarının illüstrasiyalarında da istifadə edib.

"Qadın qumluqda", "Gil divar" əsərlərinin müəllifi Abeni digərlərindn fərqləndirən əsas xüsusiyyət onun qəhrəmanlarının labirintə düşməsi, oradan necə çıxmasına yönələn fədakarlıqdır. Abe özünün yaradıcılığını düz xətlə aparmayıb. Əyri yollar, dolanbaclar, sonra ilkə qayıtmaq məntiqi tutmaq. Məhz bu idi Abe yaradıcılığını daha maraqlı edən, bu günümüzdə tükəndirməyən.

 

Azər Qismət

 

Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.31.