Tanınmış
yazıçımız Əli Vəlioğlunun yanvarın
1-də 78 yaşı tamam olur. Bu
yaşda ad günü təbriki qəbul etməyin, yəqin
ki, bir ayrı feyzi var. Onu Əli müəllim yaşda olanlar
yaxşı bilərlər. Mənimsə bildiyim odu ku, o
14 kitabı
yazmasaydı belə, Əli müəllim tək elə aforizmləri ilə yaddaşlarda
qala bilərdi. Bəyəm Yeji Letsi bu kiçik, möcüzəli
janr dünyaca məşhur etmədi? Hələlik Əli
müəllimdən bir hekayə, bizlərdənsə ad
günü və bayram təbriki. Möhkəm
cansağlığı, Əli müəllim!
Sayğılarla,
Əlabbas
29.XII.2017
Mirzəhüseyn
segahı -
Hekayə
"Ay ev
yiyəsi" səsinə əlimdəki işi
yarımçıq qoyub həyətə çıxdım.
Darvaza ağzında 60-65 yaşında kişinin kimisə
axtardığını duyub ona yaxınlaşdım.
Salamını alıb,-- tanımadım
bağışlayın, siz kimsiniz? - deyə
soruşdum.
- Allah
qonağıyam. Qəbul edərsiniz?
- Allaha da qurban olum, onun qonağına da. Xoş gəlmisiniz,
buyurun keçək
içəri.
İçəri keçdik. Rahatlanmamış evə
göz gəzdirib atamı xəbər aldı. Allah rəhmətinə
getdiyini dedim. Heyifsiləndi, rəhmət oxudu:
- Yəqin
ki, məni tanımadınız.
- Xeyr.
- Qədimdən
atanla dost idim. Adım da Həsəndir. Dağıstanlıym.
Müharibədən bir neçə il əvvəl
sizin kəndə işləməyə gəlmişdim. O vaxtdan da atanla
dost olmuşdum.Çox qədirbilən, sənətkarın
qiymətini verən adam
idi. Sonra mən müharibəyə getdim.
Başım çox müsibətlər çəkdi.
Odur ki, bir daha görüşə bilmədik.
Bu mənim sizin kəndə ikinci gəlişimdir.
- Siz bəlkə
qalayçı Həsən dayısınız?
- Bəli,
oğlum. O vaxtdan çox illər keçib.
Doğrusu, məni təəccüb bürüdü. Axı onun müharibədə
itkin düşdüyünü bilirdik. Təəccüblə
soruşdum:
- Həsən
dayı, atamdan sizin müharibədən
qayıtmadığınızı eşitmişdik.
- Bəli,
atan dediyində bir həqiqət vardı,--o, əlinin
üstündəki güllə yarasını və inkişafdan
qalmış nazik barmaqlarını göstərərək,- müharibənin yadigarıdır, -dedi.
O, sonra
başına gələn bütün hadisə və çəkdiyi
müsibətləri
açıq-saçıqlığı ilə
şirin-şirin danışdı. Bizə aydın oldu ki, müharibədə ölmüş bildiyimiz Həsən sağ
imiş. Onun bu maraqlı və həyacan
doğuran söhbətindən sonra qonağımız
gözümüzdə daha da döğma və əziz
göründü. Uzun illər atamın
xatırladığı 17-18 yaşlı Həsən birdən-birə gözümüz önündə Həsən dayıya
çevrildi. Çox
söz-söhbətdən
sonra onun əsir düşməsi, yaralı qayıtması, günahsız yerə
15 il sürgündə
olması, özünə
bəraət
qazandırması bizə aydın
oldu. Bütün
əzab-əziyyətlərə baxmayaraq, atamın dediyi
fağır, utancaq Həsən, indi
qarşımızda
şirinsöhbətli, duzlu-məzəli, atmacalı Həsən dayı
olmuşdur.
Şam yeməyindən sonra
Həsən
dayının
muğamatımızla
bağlı söhbəti bizim xəyalımızda elə
naxış saldı ki, onun təsirindən uzun
zaman ayıla bilmədik.
Televizorda
Hacıbaba Hüseynovun
"Mahur" muğamını dinləyən Həsən
dayı keçmiş xatirələrlə bağlı söhbətə başladı:
-
Oğlum, sizin muğamınız bizi bir gün ölümdən
qurtarıb. Sözümə inanmazsınız.
Gözlərimin
şahidiyəm. Özüm iştirakçısı olmuşam. Başağrısı olmasın, söhbətdir
edirik.
- Bizim
üçün xoşdur, Həsən dayı, söhbətinizi edin.
Kiçik fasilədən
sonra Həsən dayı
söhbətinə
davam etdi:
-
Müharibənin odlu-alovlu illəridir. Gününü deyə bilmərəm, ancaq yaz ayları idi. Düşmən göz verir, işıq vermirdi. Döyüşün qızğın vaxtı
idi. Aramsız
atışma
dörd saatdan çox
çəkdi. İtkimiz çox oldu. Biz mühasirəyə
düşsək də almanlar
cəbhəni yara bilmədilər. Kömək gələnə kimi
necə olursa-olsun
mövqeyimizi qoruyub saxlamalıydıq. Düşmən bizi
mühasirədə saxlamaqla
axırımıza çıxmaq istətirdi. Hər şeyimiz tükənmək üzrə idi. Suyumuzu qarşımızdakı
çaydan götürmək lazım gəlirdi. Alman əsgərləri isə çayın o biri
sahilində mövqedə durmuş, çaydan su
götürməyə
imkan vermirdilər. Su gətirməyə gedənlərin heç
biri sağ qayıtmırdı. Gecələr çayın sahili projektorlarla işiqlandırılırdı. Su
götürmək qeyri-mümkin idi. İki gün idi ki, susuz
qalmışdıq. Azərbaycanlı yoldaşım Əziz komandir
Kovorovdan icazə
alandan sonra mənə yaxınlaşıb dedi:
- Həsən,
komandirdən icazə almışam, deyir ürəyin kimi istəyir
götür get. Gəlsənə gücümüzü
sınayaq.
Mən istər-istəməz razı oldum. Su
qablarını yığıb yola düşdük. Almanlar görməsin deyə, gizli yerlərdən
keçib çaya yaxınlaşdıq. Çayın o biri sahilində
keşiş çəkən alman əsgərləri
aydın görünürdü.Nəzarət
üçün qurulmuş çardaqda üç əsgər
hər tərəfi bir an belə nəzərdən
qoymurdu. Biz sürünüb çayın
sahilinə çatdıq. Əziz əlimdən
tutub yarğan aşağı sürüşdü. Gözüm gah Əzizdə, gah da qarşıda
keşiş çəkən əsgərlərdə idi.
Əziz su qablarını doldurdu.
Almanların hərəkətlərindən hiss etdim ki, nəsə
duyublar. Əziz qabları doldurduqdan sonra ağzını
basıb sudan doyunca içdi. Qorxu məni götürmüş, həyəcanım
get-gedə artırdı. Çox çəkməz
avtomatlar şaqqıldayar, cəbhə dostum gözlərim
önündə sərili qalar. Bunları
düşündükcə gözlərimdən yaş
qeyri-ixtiyarı axırdı. Əziz mənə tərəf
sürünüb dolu qabları verdi. Məndəki boş qabları alıb yenidən
çaya sarı süründü. Mən
qaqbları alıb təhlükəsiz yerdə daldalandım.
Su dolu qablardan birini başıma çəkib
susuzluğumu yatırtdım.
Almanların narahat danışığı aydın
eşidilirdi.
Hiss edirdim ki, suyun gurultusundan almanların səsi Əzizin
qulağına çatmır.Əziz qabları doldurub təzəcə
qurtarmışdı ki, keşik çəkənlər
bir-birinə dəydi. Onlar Əzizi
görmüşdülər. Hər
üçü avtomatlarını ona tuşlayaraq
bağırır, söyüşlər
yağdırırdı. Bu hadisədən
xəbərsiz cəbhə dostum uzalı halda
başını əyib yenidən su içdi. O,
başını sudan qaldırıb
ayağa durduqda düşmən avtomatlarının ona
tuşlandığını gördü. Durduğu
yerdə quruyub qaldı. Gözlərini
almanlardan çəkmədi. Oturmadı.
Yerindən tərpənmədi.
Almanların istehzalı gülüşlərı, ləzzət
alırmışlar kimi ələsalma hərəkətləri mənim üçün nə
qədər kin doğurudusa, Əziz üçün yüz
qat belə dəhşətli idi. Ölüm necə də
haxladı onu düşünürdüm ki, birdən bir
ecazkar səslə - həmişə də heyranı
olduğum bir səslə "Mirzəhüseyn segahı"nı başladı. Bu
möcüzə səsin qarşısında həqarətli
gülüşlər susdu. Səs
almanları sehrlədi. Qeyri-ixtiyarı
olaraq Əzizə tuşlanmış avtomatlar aşağı
düşdü. Səs get-gedə şahə
qalxır, zəngulələr göyə pərvazlandı.
Bu möcüzəli səs yandırdı
ürəkləri, sehrlədi onun üstünə
şığıyan ölümü.
Bu mənzərədən göz yaslarımı saxlaya
bilmirdim. Sanki o, özünün ölüm
marşını oxuyurdu. Çox çəkməz
segah bitər, dünyaya həsrətlə baxan gözlər əbədilik
niskillə yumular. Deyəsən segah buna görə
bitmək istəmirdi. Bu zəngulələr
çayın səsinə qarışaraq əbədiləşmək
istəyirdi.
Muğamın yandırıcı təsirindən
düşmən də quruyub qalmışdı. Azərbaycan
muğamı düşməni - dünyada özlərini
bütün xalqlardan üstün tutan alman
döyüşçülərini əfsunlamışdı.
Əziz şöbədən-şöbəyə
keçdikcə zəngulələr zilə qalxır, sanki
ölüm yağdıran düşmənlərə
insanlığı təbliq edirdi.
Avtomatlar tam hədəfdən düşdü. "Əhsən
səni doğan anaya, Əziz!" - deyə
ürəkdən sevindim. Deyəsən Əziz də
düşmənin muğamata təslim olduğunu hiss
etmişdi. Zəngulələr altında bayaqdan
kisəyə doldurmuş dolu qabları saymazyana çiyninə
atıb yoluna düzəldi. Almanların
uca bir səslə "es lebe"* deməyi ilə
üçü də ürəkdən gülüb
başlarını heyranlıqla buladı. Ara vermədən
ikinci bir səs
"danke shon"** qulaqlarıma dəydi.
Segah getdikcə səslənir, tükənmək
bilmirdi. Fürsət məni də sağ-salamat təhlükədən
sovuşdurdu. Bir qədərdən sonra biz
görüşüb bir-birimizi bağrımıza bassaq da
sevincdən xeyli özümüzə gələ bilmədik.
İki gün ərzində ilk dəfə idi ki, səfər
uğurla nəticələnmişdi. Gətirdiyimiz su ilə
bir gün də dözməli olduq. Sonra
yeni qüvvələrin gəlməsi ilə mühasirədən
çıxa bildik.
Həsən
dayı sözünü tamamlayıb dedi:
-
Oğul, budur muğamınızın möcüzəsi. O,
düşmənə də, ölümə də qalib gəldi.
Həsən dayı sabahısı qayıtmalı oldu. Ancaq ondan iki
şey bizə qiymətli yadigar qaldı. Biri 36-cı ildə
hədiyyə etdiyi stolüstü lampa, bir də şirin
söhbətli bu ləzgi qardaşın "Mirzəhüseyn
segahı"nın sehrkar qüvvəsindən
danışdığı əfsanəyə oxşar
şirin və unudulmaz söhbəti. Həmişə
də hər iki yadigar ilə Həsən dayını
xatırlayırıq, milli muğamımıza Allahın
gözəl, əvəzsiz neməti kimi baxırıq.
*eş
lebe-yaşa
**danke
shon-sağ ol (almanca)
fevral 1983 Nüvədi
Əli Vəlioğlu
Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.28.