Kəpənək
sevgisi
Hekayə
-Ola bilməz!
Yaxınlıqdakı
iri sütunun arxasıda gizlənib, əlini sürətlə
çırpınan sinəsinə sıxdı. Yaxşı
ki, foyedə adam çox idi. "Görəsən, məni
gördümü?"- ağlından keçən ilk fikir
bu oldu. Xeyli yerindən tərpənə bilmədi. "Əgər
görmədisə, indiyə çıxıb getmiş
olar." Onu bu qədər adamın içində bir anda
görüb tanıdığı üçün
özünə də heyrətləndi. Ehtiyatla sütunun kənarından
başını çıxarıb baxdı: yox idi. Dərindən
nəfəs alıb, burdan
uzaqlaşmaq üçün pilləkənlərə
sarı getdi.
İşə
bax! İllərlə bir şəhərdə yaşayasan,
eyni yollardan keçəsən, eyni günləri, eyni gecələri
bölüşəsən, rastlaşmayasan. O qədər
getdikləri ortaq yerlər var idi ki! Hər zaman hardasa
qarşılaşa biləcəklərini düşünməkdən
özünü saxlaya bilmirdi, qeyri-ixtiyari, gözləri onu
arayırdı. Ağlına gəlməzdi ki, ömründə tək bircə dəfə
ölkədən kənara çıxasan, başqa bir şəhərə
gedəsən, onda da heç
gözləmədiyin yerdə, ağlına gəlmədiyi
vaxtda qarşına çıxa!
Qapıdan
çıxıb göyə baxdı. Çisələyirdi,
hava axşama doğru xeyli soyumuşdu. Taksi tutmaq
üçün yola doğru irəlilədi.
İki-üç addım atmışdı ki, arxadan gələn
səs onu yerə mıxladı:
-Fidan!
O idi! Aman
Allah!
Çevrildi.
Ona doğru gələ-gələ:
-İçəridə
gördüm səni, bir anın içində itirdim. Bayaqdan
axtarıram, hara gedirsən?
Həyəcandan
dodaqları səyriyə-səyriyə onun uzatdığı
əlini tutdu:
-Aaaa, nə
qəribə təsadüf... sən neynirsən burda?
-Festifalla
bağlı burdayıq. Sən?
Fidan onun
üzünü tələsik nəzərdən keçirdi.
Birdən-birə ona həkimə gəldiyini demək istəmədi:
-Mənmi?
Şey... nə vaxtdır gəlmək istəyirdim... dedim, bir
mən də görüm buraları...
-Yaxşı
eləmisən. Sən gəzməyə elə də həvəsli
deyilsən. Heç gözləməzdim səni burda görəm.
İndi hara gedirdin?
-Oteldə
qalıram. Gördüm hava dönür, gec qalmayım dedim.
Nadir
saatına baxaraq:
-Gedək,
səni taksi ilə aparım, tədbirə hələ var.
Fidan tez
etiaz elədi:
-Yox, sən
işindən qalma, özüm gedərəm, uzaq deyil.
-O zaman
yola salım, tədbir olmasaydı, mən də gedərdim səninlə,
amma çıxışım da var.
-Gerçəkdən
lazım deyil.
-Sabah
görüşərik onda. Nə vaxt gəlim otelə? Ordan
gedərik bir yerə. Al kartımı, gecə zəngləşərik.
Fidan
kartı ondan alıb, çantasına qoyaraq:
-Sabah
günortayacan işim var. Bir yerə getməliyəm. Nə qədər
çəkər, bilmirəm.
Ən yaxşısı, axşama doğru.
-Yaxşı...
gəl, gəl...
Yaxınlaşan
taksini saxlatdı.
***
Darıxıb
yerindən qalxdı, pəncərədən küçəyə
baxmağa başladı. Yağış bərkimişdi.
Küçədən keçən maşınların
işığında, sanki göydən ağ sel
axırdı.
Hara
qaçacağam ki, dünyadan? Bir ömür boyu səndən
qaça bilmədim. Hara getdim, içimdə apardım səni.
Gündüzlər yoldaşım, gecələr
sirdaşım oldun. Eh...
İllərlə
özü ilə mücadilə etməkdən yorulmuşdu.
Bunun mənasız bir cəhd olduğunu da çoxdan
anlamışdı. Nə hər gün bir-birlərini
gördükləri vaxtda, nə
də aylarla, illərlə ayrı qaldıqları zamanlarda
heç nəyi dəyişə bilmədi. İndi, budur,
sakitləşdiyi, başı xəstəliyinə
qarışdığı bir zamanda yenidən, lapdan
qarşısına çıxır. Bu- tale deyil, bəs, nədir?
Gözünü
qaranlıq boşluqdan çəkib, çarpayıda oturdu.
Telefonu açdı. Saat birə işləyirdi. İndiyə
bitər tədbir. Düyməni basdı.
-Alo...
-Mənəm.
Gecən xeyir. Yatmışdınmı?
-Yox. Zəngini
gözləyirdim.
-Necə
keçdi tədbir?
-Normal.
Necəsən?
-Babatam.
Nadir bir
neçə saniyə susdu. Bu an Fidan əllərindən tər
damcılarının qoluna axdığını hiss etdi. Bərk-
bərk sıxdığı əlini bir az boşaltdı.
Telefon da islanmışdı.
-Fidan,
bura həkimə gəldiyini bilirəm. Sözü ora-bura
çəkmə. Səhər gəlim, bir yerdə gedək.
Gözlərini
bərk- bərk sıxıb, içindən gələn
acını zorla qaytardı:
-Hardan
bilirsən?
-Təsadüfən
öyrəndim. Nə fərqi var ki?
Dinmədi.
-İndi
gecdir. Yat, dincəl. Səhər gələcəm. Gecən
xeyrə qalsın.
-Gecən
xeyrə.
Hmmm...
indi gəl, bundan sonra yat! Kim deyib, görəsən? Bunu
öyrənməyə nə var ki! İşdə xəstə
olduğunu hamı bilir. Yəqin bizimkilərdən də
festivala gələn var. Həkimə onunla getmək istəmirdi.
Hər şeyi biləcəkdi.
Qalxıb yenidən sakitləşdirici
içdi. Sabahkı sıxıntını indidən hiss edib
gərginləşdi.
***
Ağlı
kəsəndən onu tanıyırdı. Nadir əvvəlcə
jurnalist kimi qəzetdə, radioda, sonra da televiziyada
çalışmışdı. Evli idi. Universitetdə
oxuyarkən qohumu ilə evlənmişdi, artıq
uşaqları böyümüşdü.
Ölkənin
ən böyük xəbər agentliyinə təyin olunanda
Fidan da burada işləyirdi. Nadirin gəlişinə, demək
olar ki, hamı sevinirdi. Belə maraqlı adamla işləmək
çoxlarının ürəyincə idi. Gözlənildiyindən
daha səmimi və istiqanlı idi. Fidanla elə ilk gündən
yaxınlaşıb mehribanlaşdı:
-Səni
tanıyıram. Yaxşı yazırsan, - deyib
gülümsündü.
İlk
gündən onunla elə yaxın, elə doğma davrandı
ki, Fidan istəsə də, aralarına məsafə qoya bilmədi.
O, nəzakətsiz adam deyildi, amma istədiyi zaman Fidanın
işinə qarışır, istədiyi zaman zəng edir, hər
şeyi ona danışır, məhrəm adam kimi özəl duyğularını da
onunla bölüşürdü. Onun belə sərbəstliyi,
yaxınlığı, bəzən, Fidanın xoşuna gəlmirdi.
Bir dəfə pillələri düşəndə onun
qolundan tutmuşdu, Fidan gülə-gülə qolunu çəkərək:
-Sevgilim
çox qısqancdır, görüb-eləyər.
Nadir
dönüb onun gözlərinə diqqətlə baxaraq:
-Sevgilin
yoxdur sənin.
-Nə
bilirsən yoxdur, var.
-Yoxdur.
Olsa, ilk mən bilərəm.
Belə
gözlənilməz dialoqları çox olurdu və hər dəfə
Fidan bundan çox gərginləşirdi. Doğrudan, niyə
onun sevgilisi yoxdur? Məmləkətdə bir kişi yoxdur ki, ərə
gedib qaxılsın xarabasına? Nə işin var sənin evli
bir kişiylə? İş bir yana, indi onun uşaq doğub
böyüdən vaxtıdır. Yanındakı qadınlar, rəfiqələri,
ərki çatanlar onu danlamaqdan yorulmuşdular. Özündən
xeyli böyük olan Şövkət xanım:
-Ay qız, elə bilirsən, bizimkilər
şaftalı tabağıdır? Neyləyək, ər deyib hərləyirik,
birtəhər yola veririk. Necə olsa, uşaqların
atasıdır. Sən istədiyin kimi hərtərəfli
mükəmməl kişi çətin tapılar dünyada.
Ha otur, ha gözlə... hardan gələcək?
Fidan
gülərək:
-Bir
qonşumuz vardı rayonda, deyirdi ki, süpürgə olsun, ər
olsun.
-Heç
qəribçiliyə salma. Düz deyib, kim deyibsə.
Süpürgə olanda nə olar, evi-eşiyi, həyəti-bacanı
süpürəcək ki! Mənimki heç süpürgəçiliyə
də yaramır.
Bütün
bunları Fidan hər kəsdən yaxşı bilirdi. Amma yox,
gözünün, sözünün qabağında Nadir var
idi. Nadirin düşüncələri, fikirləri,
arzuları, duyğuları var idi. Nadirin gözü onun üzərində
idi, o fikirləşmədən öncə, Nadir fikirləşirdi,
o, qərar vermədən öncə, Nadir qərar verirdi. Ondan öncə Nadir var idi və
Fidan bu münasibəti dəyişməyə qadir deyildi. Hərdən
Fidana elə gəlirdi ki, anadan olandan onunla bir köynəkdə doğulub-böyüyüb, bir məktəbə
gedib, bir qrupda oxuyub, bir ailədə yaşayıb.
Nadirin təzə
kitabı nəşr olunanda vəziyyət bir az da qəlizləşdi.
Bu, bir sevgi romanı idi. Nadir son vaxtlar bu romandan çox
danışırdı. Səbirsizliklə çapını
gözləyirdi. Nəhayət, bir səhər işə
kitablarla gəldi və təbii ki,
birinci üstünü
yazıb Fidana verdi. O gün Fidan günorta olmamış, tələm-tələsik
yığışıb evinə getdi və romanı
oxumağa başladı. Yerindən qalxmadan oxuyub bitirdi. Heykəl kimi donub
qalmışdı. Neyləyəcəyini, nə deyəcəyini
bilmirdi. Sonra təkrar yenə oxudu, sonra yenə. Bu sevgi
romanının qəhramanı o idi - Fidan!
Bir
neçə gün işə getmədi. Evdə dörd
dolanıb gəzirdi. Böğazından heç nə
keçmirdi, yata bilmirdi, düz-əməlli düşünə
bilmirdi. Key-key kitabı götürüb baxır, yenə
divana atırdı. Çox qəribədir ki, Nadir də zəng
eləmirdi. Keçirtdiyi stresdən xəstələndi.
Yığışıb
bibisigilə getdi... Bir-iki gün bibisi ilə qalıb, sakitləşmək
istəyirdi.
O qədər
sınıxıb arıqlamışdı,
solub-soluxcamışdı ki, iş yoldaşları
narahatlıqla onu dövrəyə alıb sorğu-sual etməyə
başladılar. Nəhayət, Nadir də gəldi. Onun
uzanmış üzünə, kədərli gözlərinə
baxıb , heç nə demədi. Fidan da gözlərini gizləyərək,
ona baxmadan yerində quruyub
qaldı.
Danışmırdılar.
Elə
bil bir-birinə deyəcək sözləri
qalmamışdı. Nadir demək istədiklərini, ürəyindən
keçənləri, duyğularını, istəklərini
romanda deyib bitirmişdi.
Fidan da
görmək istəmədiyi, tanımadığı, anlaya
bilmədiyi özünü görüb tanıyaraq
sarsılmışdı...
O,
saatlarla başını qaldırmadan, fikirli-fikirli işini
görüb gedirdi. Hadir onun bu üzüntülü, kədərli
və məhzun halını görüb peşman-peşman
dolanırdı. Lənətə gəlmiş roman onları
biri-birindən uzaqlaşdırmışdı.
Amma əvəzində
əsər böyük uğur qazanmışdı.
İşdə, demək olar, hər gün kitabdan söz
düşür, obrazlar, əhvalatlar müzakirə olunurdu. Kitabdan
söz düşəndə Nadir qaşqabağını
tökür, bir bəhanə ilə ortadan
uzaqlaşırdı. Fidan da "oxudum,
yaxşıdır", - deyib müzakirələrə
qatılmırdı.
Güzgüyə
baxa bilmirdi. "Onun durna boynu kimi ağ və uzun boynunda, sinəsində
gəzən öpüşlər" ...lənət
şeytana! Nə vaxta qədər davam edəcək bu işgəncə?
Nə haqqın var sənin? Nə haqqın var, mənim bədənimi,
yatağımı düşünəsən? Hə,
öz-özlüyündə deyirsən ki, bu, ümimiləşdirilmiş
bir obrazdır, mənə heç bir dəxli yoxdur. Əlbəttə,
mən heç nə deyə bilmərəm, sənə
heç nə sübut edə bilmərəm. Çox gözəl,
o zaman söylə, niyə bu haldasan? Özündən xəbərin
var sənin? Heç güzgüyə baxırsan? Söyləsənə!Yoxsa,
sən də baxanda...
Əsəbi
halda durub yerində oturdu, hirslə balışını
götürüb çarpayıya çırpmağa
başladı. Əlindən başqa bir şey gəlmədiyi
üçün özünə çox qızğın
idi. "Sarı-qəhvəyi damalı köynəyinin
altından"...Sarı- qəhvəyi damalı köynəyini
də, romanda təsvirə düşmüş qara haşiyəli boz kostyumunu da,
qara şifon dekolte paltarını da qayçılayıb
tullamışdı. Təkcə ağ ipək
blüzünü doğramağa əli gəlmədi. Onu ilk
dəfə görəndə bu köynəkdə idi.
Günlər
keçib gedirdi. İstər -istəməz aralarındakı
gərginlik də yumşalırdı. İşləri elə
idi ki, bəzən məclisərdə bir olmaq məcbiriyyəti
ortaya çıxırdı. Ara-sıra
danışırdılar da. Amma bu mövzunu heç biri
açmırdı. Bir -birini incitməmək
üçün məsafəli dolanırdılar.
Az
keçmədi ki, Nadiri Mədəniyyət Nazirliyinə
göndərdilər. Fidan əvvəlcə buna çox
sevindi. Elə bilirdi, ondan uzaqda
sərbəst və rahat olacaq. Belə olmadı.
Keçirdiyi bütün acıların üstünə
darıxmaq da əlavə olundu. Çox darıxırdı
onsuz. Evdə televiziyanı həmişə açıq
qoyurdu. Mədəniyyət xəbərlərindən süjet
gedəndə bəzən onu da göstərirdilər.
Gecələrin
birində zəng gəldi. Fidan
götürüb baxdı:o idi. Telefonu açdı.
-Alo...
Səs gəlmədi.
Bir söz söyləmədən susub durdu. Nəfəs
almağından hiss elədi ki, içkilidir. Telefonu qapamadan
balışın üstünə qoydu. Çarpayıda
dizini qucaqlayıb oturmuşdu. Pəncərəyə baxa-baxa
fikirləşirdi ki, sabah Nadirin iş yerinə gedəcək.
Elə-belə, onu görmək üçün.
Görsün necədir, neyləyir? Olmazmı? Niyə olmur?
Necə olsa, xeyli bir yerdə çalışıblar,
yaxın dost olublar. Görüşmək üçün
mütləq sevgilimi olmaq lazımdır? İnsan münasibətləri
o qədər mürəkkəbdir ki, bəzən, sevgilidən də yaxın
olduğun adam da olur həyatında. Qərar verib yuxuladı.
Səhər açıldı, amma o, Nadiri görməyə
getmədi.
Bir dəfə
hansı rəssamınsa sərgisində
qarşılaşdılar. Uzaqdan Fidanı görən kimi, əhatəsindəki
dəstədən
ayrılıb, onun yanına gəldi. Əvvəlki kimi,
səmimi görüşdülər, hal-əhval tutdular.Nadir
tələsik:
-Fidan, mən səninlə danışa
bilmədim o vaxt. Bağışla məni. Çox
böyük haqsızlıq elədim sənə qarşı.
Fidan onun
sözünü kəsərək,
yavaşca:
-Nadir,
lazım deyil... keçdi, getdi...
-Yaxşı
ki, kinli deyilsən, yoxsa, qəhrimdən ölərdim, - deyib
güldü.
Fidan onun
gözlərinə baxıb başını buladı.
Nadir:
-Yaxşı...
mən gedim. Bura danışmaq üçün uyğun deyil.
Fidan
sahildə bir az gəzdi, oturacağa əyləşib uzaqlara
baxmağa başladı. Nə qədər dəyişib. Həmişə
dağınıq olan saçları ağarıb, həm də
tökülüb, seyrəlib. Elə bil qaməti də əyilib.
Nə tez? Çox işləyir, yəqin. İşi də
ağırdır. Ailəsi yaxşıdır, bir problemi
olmasın gərək ki... özü deyirdi ki, uşaqları
ağıllıdır, onu heç incitmirlər. Hələ
yaxın olan vaxtlarında danışırdı ki, arvadı
ilə əsgərlik dostu kimidir. O qədər çətinlikdən,
döyüşlərdən keçmişik ki... kasıb
vaxtımızda çox əziyyətimizi çəkib.
Arvadı ilə bibioğlu - dayıqızı idilər...
Zarafatla gülürdü ki, bunun bir tərəfi
yaxşıdır, bir-birimizi söyə də bilmirik. Ailə
onun üçün çox önəmli idi. Boşanma ilə
bağlı söhbət düşəndə, deyirdi uşağı
olan kişi boşanmaz. O, tək bir qadının deyil,
uşaqların da taleyini məhv edir. Bizim tərəflərdə
boşanan kişini adam yerinə qoymurlar, boşanan
qadının da qızını almırlar. Ailə məsələsində
konservator idi. O, haqlı idi.
Əslində, Nadirin başqa işə keçməsi
yaxşı oldu. Fidan çox fikirləşirdi, onsuz da
onların bir yerdə olması mümkün deyildi. Onun dərdindən
ölsə belə, Fidan başqa münasibətə razı
olmazdı. O, heç zaman ikinci qadın olmağı
özünə bağışlamazdı. Nadir də bunu
bilirdi. Fidanın duyğularına hörmət edir, heç
zaman bu barədə danışmırdı...
Romanından
sonra daha iki kitabı çıxmışdı. Biri
publisistik, o biri tədqiqat əsəri idi. O, yenə sübut
elədi ki, istedadlı alim, orijinal yazıçıdır. Hər
ikisini özü agentliyə gətirib paylamışdı.
Fidana da vermişdi.
***
"Sabahın
xeyir. Mən Nursellə çıxdım. Gəlmə. Otelə
qayıdanda sənə zəng edəcəm. Görüşərik"
. Mesajı göndərib otaqdan çıxdı. Bu gün təhlillərin
cavabını alacaqdı. Onsuz da cavabı bilirdi. Bakıda
çox çıxmışdı analizlərdən.
Hamısı eyni şeyi göstərirdi. Tibbi aparatlar hər
yerdə eynidir. Nə göstərirsə, həkimlər də
ona uyğun müalicə yazır. İnterneti ələk-vələk
eləmişdi. Düz deyirmişlər ki, adam öz xəstəliyi
haqqında həkimdən çox bilir. Səhv deyildi. Beynində
şiş var idi.
Üz-üzə
oturmuşdular. Nadir qarşısındakı fincanı
fırladırdı. Eşitdiklərindən özünə
gələ bilmirdi.
-Əməliyyat?
- Ümidlə Fidanın gözlərinə baxdı.
-O da
riskli. Təminat verən yoxdur.
-Yenə
az da olsa, ümid var də. Mən tibbi yaxşı bilmirəm,
amma bu zamanədə bir çarəsi olmamış deyil.
Baxaq, axtaraq, sorub-soruşduraq... İsraildə, Amerikada, nə
bilim, hardasa bir əlacı var, yəqin ki...
Fidan onun
bozarmış üzünə baxıb:
-Nə
olacaq-olacaq... mən öyrənmişəm artıq.
-Bakıya
gedək, Səhiyyə Nazirliyində dost-tanış
çoxdur. Axtarıb taparıq. Bircə sən fikir eləmə.
Fidan
gülümsünərək:
-Fikir eləmirəm.
Tək uzun-uzun yatmaq məni qorxudur. Ağlımı itirib-eləyərəm...
-Sən
Allah, belə danışma. Sənə heç nə
olmayacaq. Müalicə etdirəcəyik, sağalacaqsan. Sən
nə vaxt dönürsən?
-Hələ
burdayam bir həftə. Alanyaya , bir də Ankaraya gedəcəm. Geri biletim var.
-Biz sabah
axşam qayıdırıq. Dur gedək, bir az gəzək.
Yaxşı yerlərə aparacam səni. Burda görməli
yerlər çoxdur.
Bütün
günü gəzdilər,
danışdılar, zarafatlaşdılar, ciddiləşdilər.
Gecə restoranda yemək yedilər. Ən çox Fidan
danışırdı. Duyğularını açıb
buraxmışdı. Onunla hər şey elə xoş, elə
rahat, elə gözəl idi ki! Kaş ki, bu gün, bu gecə
bitməyəydi, bir ömür boyu davam edəydi. Fikirləşdi
ki, bəlkə, elə onun ömrü bir gündən ibarətdir.
Kəpənək kimi. Hətta Nadirin sinəsinə
sığınıb ağladı da. Onun çətinlikdən,
ümidsizlikdən, qeyri - müəyyənlikdən
üzülmüş qəlbinə
arxa, dayaq duracaq güclü bir adama ehtiyacı var idi. Bir
neçə saatın içində dirilib yüngülləşmişdi.
İçi də, çölü də xoş duyğularla
işıqlanmışdı.
-Nadir...
-Hə...
-Səncə,
bizim burada rastlaşmağımız təsadüfmü?
-Bilmirəm.
Bir az fikrə
gedib:
-Amma bir
şey var. Daima bir-birini düşünən adamlar bir -birilərinə
doğru gedirlər. Çünki düşüncələr
də canlıdır, fikirlərində energiya var, onlar da
bir-birini çəkir. İnsanın özündən asılı
olmayaraq, fikri onu harasa çəkir, harasa aparır. Belə
götürəndə, təsadüf deyil, zəruri
ehtiyacdır. Görüşdüksə, deməli, belə
olmalıymış.
Fidan onun
gözlərinə baxa-baxa:
-Səni
dinləmək o qədər xoşdur ki, adam istər-istəməz
dincəlir, rahatlanır.
-Mən
dayanmadan, bir ömür boyu danışa bilərəm.
Gülüşdülər.
Fidan:
-Mənsə
bir ömür boyu susa bilərəm.
Nadir onun əlindən
tutdu, dodaqlarına yaxınlaşdırıb öpdü.
-Səninlə
hər şey gözəldir. Danışmaq da, susmaq da,
qüssələnmək də, darıxmaq da - hər
şey... unutma, sən mənə çox lazımsan.
Düşündyündən daha
çox...
Gecə
yarısı Nadir onu otelə gətirdi.
Saçını
sığallayaraq:
-Çox
yordum səni. Get, yaxşı-yaxşı yat. Xəstəliyi
-filanı da unut getsin.
Yaxşımı?
-Yaxşı.
-Bakıda
səni gözləyirəm. Gələn kimi zəng elə.
-Yaxşı.
Onu özünə
sarı çəkib qucaqladı.
-Səni
heç yerə buraxmaram... bildinmi? Anladınmı?
Fidan
otelin qapısına çatanda dönüb ona baxdı.
Əllərini cibinə qoyub dayanmışdı. Fidan əlini
qaldırdı. O da cavabında əl yellədi.
***
Alanyada
üç gün qaldı. Bakıya gələndə həmişə
onun evinə düşən rəfiqəsinin- Sürəyyanın
yanında dincəldi. Lap uşaqlığında olduğu
kimi, qayğısız-qayğısız, iki gün dənizə
baxdı, sahildə avaralandı. Sonra avtobusla Ankaraya gəldi.
Ankarada, Hactepe Universitetində çalışan bir azərbaycanlı
alimlə görüşəcəkdi. Çoxdan onun
haqqında yazmaq istəyirdi. Ana tərəfdən eyni kökdən
idilər. Bakıdakı qohumlar vasitəsilə onu
tapmış, görüşmək
üçün vədələşmişdi. Otelə yerləşib, ona zəng
edərək, gəldiyini bildirdi. Doktor ona sabah
görüşmək üçün vaxt təyin etdi.
Saçlarını
qurudub çarpayıda oturdu. Telefonu götürüb
yığdı. Şövkət xanıma söz vermişdi
ki, epiqrizi alan kimi, zəng edib danışacaq. Zəng etmədiyi üçün
danlanacağını gözə alaraq:
-Alo,
Şövkət xanım, axşamınız xeyir.
-Ah,
gözəlim, hardasan? Bizi nigaran qoydun. Elə bu gün
danışırdıq işdə, bu qızdan niyə bir xəbər
çıxmadı?
-Şövkət
xanım, nə olub, səsiniz niyə belə gəlir? Xəstəsizmi?
-Yox... xəstə
deyiləm. Yasda çox ağladım, çox... başım
çatlayır lap.
-Nə
yas? Kim rəhmətə gedib ki?
-Ayyy...
soruşma... heç deməli dərd deyil.
-Yoo...
deyin, narahat oldum, kim
ölüb?
- Bizim
Nadir yadına gəlirmi? Necə gözəl insan idi, necə
gözəl yazıçı idi... mən çox sevirdim
onu. Heç özümə gələ bilmirəm.
-Nə?
Necə yəni?
Telefon
sürüşüb əlindən düşdü.
Nadir!..
Nə
deyir bu? Necə yəni?
Telefondan
Şövkət xanımın kallaşmış səsi gəlirdi.
-Bədbəxti
təzəliklə televiziyada yaxşı işə
keçirtmişdilər. Heç iki gün deyilmiş. Hərbi heliokopterdə kimisə
müşayiət edirmiş. Heç düz-əməlli bilən
də yoxdu. Qəza olub, partlayıb deyirlər. Nə bilim, bəlkə
də, vurublar. Danışırlar ki, Suriya ərazisində
olub. Onun orda nə işi varmış? Alo, alo, Fidan,
eşidirsənmi məni? Alo...
Necə yəni?
Bəs... bəs...
Elə
bil beyni birdən -birə durdu. Eşitdiklərini dərk eləyə
bilmirdi. Səslər, sözlər, işıqlar - hər
şey havada uçuşurdu. Sürətlə çarpan
ürəyinin döyüntüsü qulaqlarında
uğuldayırdı. Nəfəs ala bilmirdi. Əvvəlcə,
onu öskürək, sonra da öyümə tutdu.
Olacaq
şey deyidi. İndiyə qədər ağlından çox
şeylər gəlib keçmişdi. Ayrılıqlar, həsrətlər,
işgəncələr, əzablar... xəstəliyi üzə
çıxandan sonra yalnız öz ölümünü
düşünmüşdü.
Son vaxtlar gecələr yata bilməyəndə, fikirləşirdi
ki, ölsə, Nadir çox ağrıyacaq, təəssüflənəcək,
özünə yer tapa bilməyəcək, məzarına
çiçək dəstələri gətirəcək, bəlkə,
bir yazı da yazdı, demədiklərini dedi. Amma Nadirə
ölüm qondurmaq xəyalına belə gəlməmişdi.
İndi, birdən-birə, uzaq yerdə, tək otaqda belə
bir məşum hadisənin ağırlığını təsəvvürünə
yerləşdirə bilmirdi.
İndi nə
olacaq? Neyləyim? Məni
Bakıda gözləyəcəkdin, axı! Getməliyəm.
Gedib onu görməliyəm! İndi, bu dəqiqə getməliyəm!
Hövlnak
durub paltarını geyindi. Çantasını
götürüb hava limanınına getmək
üçün otaqdan çıxdı. Liftdən
çıxıb bir neçə addım atmışdı ki,
huşunu itirib
yıxıldı. Otelin işçiləri
yüyürüb yaxınlaşdılar:
-Hanım
efendi, hanım efendi, iyimisiniz? Hanım efendi...
İnzibatçı
təcili yardıma zəng elədi:
-Acil
ambulans lazım. Bir hanım bayılmış, burnundan kan
geliyor. Lütfen, ecele edin!
Fidanı
ehtiyatla xərəyə qoyub, təcili yardım
maşınına yerləşdirdilər.
Yağış
yağırdı. O, yağışı sevmirdi. Heç
sevmirdi.
17 avqust 2017
Nisə Bəyim
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.26-27.