BİR SALAM DEYİN
Gül iyini aldı, bir salam
deyin,
İy nədi, bu baldı,
bir salam
deyin.
Mənim
dilim laldı, bir salam
deyin
Çiçəklərə məndən, güllərə
məndən.
Düşdüm bu nə haldı, bir salam deyin,
Yaman dərdə saldı, bir salam
deyin.
Mənim
dilim laldı, bir salam
deyin
Hələ lal olmamış dillərə məndən.
Nə günlərə qaldım,
bir salam
deyin,
Şəvə saçlar çaldı,
bir salam
deyin.
Mənim
dilim laldı, bir salam
deyin
Hörüklərə məndən, tellərə
məndən.
Bu nə dik, nə
yaldı, bir salam deyin,
Yurdum yada qaldı, bir salam
deyin.
Mənim
dilim laldı, bir salam
deyin
Başımı axtaran küllərə məndən.
Harda qaldı Göyçə,
bir salam
deyin,
Eşqim
yercə, göycə,
bir salam
deyin.
Dərdim
düyçə-düyçə, bir salam
deyin
Yolumu gözləyən
çöllərə məndən.
İrəvan gözəldi, bir
salam deyin,
Hər əlim yüz əldi, bir salam deyin.
Sıraya
düzəldi, bir salam deyin
O qollara məndən, əllərə məndən.
O dağa-daşa da bir salam
deyin,
Gədiyə, qaşa da bir salam
deyin.
Dinəcəm Şuşada, bir
salam deyin
Obalara məndən,
ellərə məndən.
GÖZÜM YOL ÇƏKİR
Sözdü burda arxam, hayanım, varsa,
Adımı ellərə yayanım, varsa.
Əgər bir sözümü
duyanım varsa,
Dodaqdan-dodağa sözüm yol çəkir.
Gözlə, canım-gözüm, gözlə,
qayıdır,
Ürəyin istəyən sözlə
qayıdır.
Bir çınqıya gələn
közlə qayıdır,
Ocaqdan-ocağa közüm yol çəkir.
O çağdan bu çağa yol gələ-gələ,
Ocaqdan-ocağa yol gələ-gələ.
Qucaqdan-qucağa yol gələ-gələ,
Uzaqdan-uzağa gözüm yol çəkir.
MƏN MƏNİ
MƏNDƏ GÖRDÜM
Məni
məndə görməyən,
Mən məni
məndə gördüm.
Səni
səndə görməyən,
Mən səni
səndə gördüm.
Nə yalanı düz yazaq,
Nə düzü
əyri yozaq.
Dindarı dindən uzaq,
Dinsizi dində
gördüm.
Mat qalmışam hələ
də,
İşmi olar belə də.
Yollarımda tələ də,
Tələdə dən də gördüm.
Ötmədi dildə bir yol,
Bitmədi əldə bir yol.
Sevinci ildə bir yol,
Kədəri gündə gördüm.
Bir zaman ki, Aydan
da
Arıydın bu meydanda.
Səni
cində, şeytanda,
Şeytanı səndə gördüm.
SƏN DEMƏ
İlanı göstərrəm ilandı
deyə,
Çığırram boynuma dolandı deyə.
Ağzımnan vururlar yalandı
deyə,
Yalan üyüdürmüş
dilim sən demə.
Susmağım yalandı, dinməyim
yalan,
Yanmağım yalandı, sönməyim yalan.
Hərdən cin atına minməyim yalan,
Yalandı nəfəsim, yelim sən demə.
Yalandı deyirlər sözümə,
yalan,
Yalandı deyirlər izimə, yalan.
Yalandı deyirlər özümə,
yalan,
Yalanıymış içim, çölüm
sən demə.
Qızım:-bəlkə yatır
yumub gözünü,
Oğlum:-yatmışlığa vurub
özünü.
Yalandan divara tutub üzünü...
Hələ qabaqdaymış zülüm
sən demə.
Yalan danışdığım yadıma
gəlmir,
Düzümü bilən də dadıma gəlmir.
Üşüyən istimə, oduma gəlmir,
Yalanmış ocağım, külüm
sən demə.
Başıma daş düşür,
daş yalan ola,
Mənimdi bu qanlı baş, yalan ola.
Bir gün öləcəyim kaş yalan ola,
Heç vaxt yalan olmur
ölüm sən demə.
İslam
tay olmadı
əyilənlərə,
Əyilə-əyilə böyüyənlərə.
İnanma
adıma deyilənlərə,
Hamı deyən sözü, gülüm, sən demə.
QORUYA BİLMİR
Kimiydi axtarıb-aradığım bəs,
De, hanı arxamda
qara dağım bəs?
Dünən min işinə yaradığım
kəs
Bu gün bir işimə yaraya bilmir.
Elə düyünlənir, qəhər
açılmır,
Atlı atdan düşür, yəhər açılmır.
Axşam
yumulan göz səhər açılmır,
Çoxları qocalıb, qarıya bilmir.
Qələmi tuturam, əlimdən
düşür,
Söz kal meyvə kimi dilimdən düşür.
Qılıncı taxıram, belimdən
düşür,
Darağım saçımı daraya bilmir.
Bir əsim yel əsir,
yanımdan keçir,
Soyuğu o saat canımdan keçir.
Sümüyümdən keçir, qanımdan keçir,
Dərim sümüyümü qoruya
bilmir.
GÜL DƏNİZİ
"Bağ duyğuları" silsiləsindən
Əzgillərin başındakı ağ papaq...
Sarı sellər aşıb gedir hasarı.
Şehtökənlər gülüşürlər
ağappaq,
Yoncaların baxışları sapsarı.
Nə yumursan, aç gözünü, aç görüm,
Löyün-löyün çiçəyə bax,
gülə bax.
Ləpələrin qabağından qaç
görüm,
Bu saat gül dənizidir bağça-bağ.
Qaş oynadır, göz süzdürür göyçəklər,
Kim düzəltsin arılarnan
aranı?
Yel vurduqca yelpiklənən çiçəklər
Bir-birinə güzgü tutub daranır.
Burda küsülülər çoxdan
barışıb,
Qulağında sırğalayıb öyüdü.
Min cür ətir bir-birinə qarışıb,
Bilmək olmur hansı gülün iyidi.
Onu birdi, ancaq biri
yalqızdı,
Çoxuna bax, azına bax güllərin.
Bəlkə hər gül gülə dönmüş
bir qızdı,
Özünə bax, nazına bax güllərin.
Adam özü itib-batır içində,
Əlim gəlmir birciyini üzməyə.
Belə
sərxoş ola bilməz içən də,
Daha mənim
tabım yoxdu dözməyə.
VARMI GÖRƏSƏN
Dayazlar üstündə dərin
gələnin,
Alovlar üstündə sərin
gələnin,
Sözü qulağına şirin
gələnin
Sözündən xəbəri varmı görəsən?!
Qamışdan, çətəndən qala quranın,
Qaraltı görməmiş dala duranın.
Mıxı burda qoyub, nala vuranın
Özündən xəbəri varmı görəsən?!
Bir arxa bağlayıb yeddi dərəni,
Ağzından min avaz gəlir hərənin.
Güzgüdə özünü böyük
görənin
Gözündən xəbəri varmı görəsən?!
XAN DEYƏR
Bu bağda bülbül ötər,
Dili bircə can deyər.
Köksünü günə tutar,
Alış deyər, yan deyər.
Durmaz bu qolun üstdə,
Durmaz bu yolun üstdə.
Qonar bir kolun üstdə,
Mənəm burda xan deyər.
Əli əlinə çatar,
Qəmi soyunub atar.
Gülünü qucub yatar,
Açılmasın dan deyər.
TƏBRİZDƏN
GƏLƏN OĞLAN
Bir ölməzlik gücü
var
İnsanın inadında.
Uça-uça gəlirdin
Sevincin qanadında.
Yolunu gözləyənlər
Yollarına çıxdımı?!
Yoxsa yer ayağından,
Göy başından
sıxdımı?!
Duyanları duydunmu,
Qucdumu qollar səni?!
Havasından doydunmu,
Yordumu yollar səni?!
Hamıya
bacım demə,
Hamı qardaşın deyil.
Sirrini bilənlərin
Çoxu sirdaşın deyil.
Burda hər şey bilinməz,
Hər şeyi
bilən oğlan.
Təbrizdə nə var, nə yox,
Təbrizdən gələn oğlan?
İslam SADIQ
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.23.