Müdrik insanların məsud həyatı
"Xan" nəşriyyatı
akademik Nizami Cəfərovun "Keçən
günlərin dastanı"nı çap edib. Dastan boyu
Abbas Zamanovun, Mir Cəlalın, İsmayıl
Şıxlının, Ağamusa
Axundovun, Əbdüləzəl
Dəmirçizadənin, Muxtar
Hüseynzadənin, Yusif
Seyidovun, Məmmədağa
Şirəliyevin, İsa
Hüseynovun, Hüseyn
Arifin hər bir Azərbaycan ziyalısına, ədəbi-mədəni
həyatımıza çox
əziz, doğma olan surətləri xüsusi bir qədirbilənliklə canlandırılıb.
Eyni zamanda, adı çəkilən bu bənzərsiz şəxsiyyətlər
haqqında yazılanların
alt qatında Nizami Cəfərovun həm də (və daha çox) öz dolğun obrazı, xarakter özəllikləri, olduğu
kimi görünən
varlığı bütün
yönləri ilə sərgilənib. Bu təqdimatda
o, yenə də ağayana və müdrikdi, insanda insan oyadan məzyiyətlərilə
zəngin və doğmadı…
Peyğəmbər əfəndimizin buyurduğudu
kimi, şəraitdən
və imkandan asılı olmayaraq, həmişə doğmalarınızı
yada salın, onlara baş çəkin, istək və arzuları ilə maraqlanın, onlara yaxın olun… "Keçən günlərin dastanı"
bu duyğusal, müdrik deyimin (daha çox da ismarıcın) iç dünyasından gəlir. Və doğrudan-doğruya "Keçən günlərin
dastanı" boyunca hər kəs (və hər bir yaşda olan oxucu) "öz nəslinin keçdiyi yola nəzər salır"
(Nəriman Həsənzadə),
müəllifin yanında,
ruhunda (həm də yaşamında) özünü görə
bilir. Nizami müəllimin yazdıqları
ilə tanış olduqca əlbəəl anlayırsan ki, qəlb nə ilə doludursa, qələmin ucuna da o gəlib, kağıza yazılan da o olub; dönə-dönə isbatlayırsan
ki, insan bir varlığı sevmədən onu anlaya və anlada bilməz. Nizami müəllimin yazdıqları
öz doğmalarını,
həyat boyunca minnətdar olduqları insanları sevməkdə,
dəyərləndirməkdə oxucuya kömək edir. Necə ki, təcrübə
insana həyat nemətlərini qiymətləndirməyi
öyrədir, yaşanan,
ötüb-keçən günlər
də fərdə şəxsiyyəti dərk
etmək, onu tarixi miras kimi
dəyərləndirə bilmək
imkanı verir. Dastanı oxuyub Nizami müəllimi
(və onun haqqında bəhs etdiyi şəxsiyyətləri)
dərk etdikcə bir daha andayırsan
ki, elm, xüsusi istedad ancaq xoşniyyətli
insanların əlində
olanda fayda verir və alimin
biliyi yalnız, o, təvazökar olanda üzə çıxır.
Bu yöndə "Keçən günlərin
dastanı" tam bir təvazökarlıq, səmimiyyət
dastanıdır. Və deyilənlərin
başlıca qaynağı
ilk növbədə məhz
N.Cəfərov qələminə
məxsus olan dil incəliyi, üslub gözəlliyidi.
O dil, üslub gözəlliyi ki, xalq şairi Nəriman Həsənzadə
bunu "Ön söz və ya dastan müəllifinə
açıq məktub"unda
lap ilkdən, əvvəldən
yazır: "Oğuzlardan
çox yazmışdınız,
mən də oxumuşdum. Burada onların saz
havasını da eşitdim. Çox şad oldum… Birinci dəfəydi ki, bədii əsəri gülə-gülə,
arada bir də tutula-tutula oxuyurdum… Bu bədiilik,
bu yumor, bu müdriklik, bu pak ürəkaçıqlıq
hardaydı?!" Və
Nəriman müəllim
yazmağında tamamilə
haqlıdı ki,
"Nizami, sən bütün müəllimlərindən
bircə dərs almısan: Yaxşılıq!"
Bu yaxşılıq işığında "Keçən
günlərin dastanı"
insana öz boyundan ucada dayana bilmək səlahiyyəti verir.
İnanırsan ki, bu dastanın araya-ərsəyə
gəlməsi mənəvi
(özü də çox vacib) bir zərurətdi; məhz belə xatırlamalar, anmalar sözügedən şəxsiyyətləri
olduğu kimi (və bütün yönləri ilə) yenidən bir araya gətirir, o dəyərli ömürlər
yenidən yaşanır,
yenidən müdriklik
(eyni zamanda insanlıq) dərsi verir.
Dastanın başlıca məziyyəti
təkcə ondan ibarət deyil ki, diqqətə çatdırılan olay və mətləblər yaşanmış ömrün
təəssüratlarını iti (özü də çox etibarlı) yaddaş işığında yenidən
göz önünə
gətirir. Əsas olanı budur ki, bu anmalarda
Mövlanənin həzrəti
Şəmsə, Sultan Vələdin
Mövlanəyə, Şah
İsmayılın Şeyxinə
olan aşiqliyi dastandan adı keçən şəxsiyyətlərə
Nizami Cəfərov münasibəti, ehtiramı
fonunda dönə-dönə
özünü büruzə
verir, təkrarlanır.
Nizami müəllim, bir növ, bu
böyük insanların
xatirəsini yad edə-edə özü-özünü
dərk (başlıca
olaraq ifadə) etmək imkanı tapır, insanlıq, yaxşılıq anlayışlarını
aşkara çıxarmağın,
induksiya yolu ilə ümumiləşdirməyin,
nəticə olaraq cəmiyyətə transfer etməyin
vacibliyini anladır; böyük təfəkkürlərin,
müdriklik səlahiyyətinin
öz başlanğıcını
haradan götürdüyünü
cavablandırır. Yaxşılıq önündəki qəlb
sevincinin, şükranlığın,
mənəvi həzzin
ifadəsidi bu dastan. Oxuduqca Sokrat-Platon mübahisələrinə
ali hakim kimi qarışmağı
sevən Karneadın bir kəlamı yada düşür: "Mənim üçün müdrik insanların məsud həyatı haqqında bütün filosofların bir səslə nə dedikləri daha çox vacibdir".
Həmin o vacib olanlardandı "Keçən günlərin
dastanı"nda yazılanlar. Dərin minnətdarlıq
və heyranlıq hissilə oxunur.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.22.