Mayak
Romandan parça
Hörmətli Azər Turan!
Azərbaycanın xalq
yazıçısı, akademik Mirzə İbrahimovun şəxsi
arxivini onun tövsiyəsi ilə Azərbaycan Dövlət
Arxivinə şəxsən təqdim etmişəm. Orada qalın qovluqlarda yazıçının
çap olan və olunmayan əsərlərinin əlyazmaları
toplanmışdı. 2006-cı ildə Mirzə
İbrahimovun anadan olmasının 95 illiyi münasibətilə
onun yaxın həmkarı, ədəbiyyatşünas alim, tərcüməçi
Əziz Şəriflə və Cənubi Azərbaycan ədibləri
ilə yazışmalarının - epistolyar irsinin bir hissəsini
həmin qovluqlardan götürüb nəşr etdirdim.
Professor Əziz Şərifə
1974-cü ilin iyul ayının 26-da göndərdiyi məktubunda
Mirzə İbrahimov yaradıcılıqla məşğul
olmaq arzusu ilə Mərkəzi Komitəyə ərizə
verib Azərbaycan Yazıçıları İttifaqı sədrliyindən
uzaqlaşması, "sərbəst yazıçı həyatına
qədəm qoyması" barədə xəbər verirdi. O, məktubunun bir yerində yazırdı: "… Mən bütün uşaqlar və nəvələrimlə
Şüvalan bağında oturmuşam. Ağaclara qulluq
edir, oxuyur, düşünürəm, yaradıcılıq
planlarım çoxdur: "Mayak" romanı,
"Füzuli" povesti, məqalələr, yol xatirələri
və "Pərvanə", … "Gələcək gün" … indi fikrim budur ki,
qüvvəmi, iradəmi, hiss və həyəcanlarımı
toplayım, yaradıcılıq planlarımı yerinə
yetirməyə verim. Beş-altı il belə edə bilsəm,
özümü gündəlik həyatın fırtına və
dalğalarından qoruya bilsəm, sənin kimi sədaqətli
dostlarımın, minlərlə oxucularımın səbirsizliklə
gözlədiyi yaradıcılıq planlarımı - qəlbimin
ən əziz arzularını yerinə yetirərəm"…
Mirzə İbrahimov 25 yanvar 1975-ci il tarixli məktubunda Əziz Şərifə
yazırdı ki, "Azərbaycan" jurnalının mart
nömrəsində "Mayak" romanından bir hissə
çap etdirəcək, payızda isə əsəri tam
başa çatdıracaqdır.
Lakin gözlənilmədən,
1976-cı ildə Azərbaycan Mərkəzi Komitəsinin I
katibi Heydər Əliyevin şəxsi müraciətini qəbul
edib ictimai işə qayıtmalı olan Mirzə İbrahimov
bilavasitə rəhbərin razılığı və
göstərişi ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda öz
arzusuna müvafiq Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsi yaratdı. Sovet hökumətinin
qadağalarına rəğmən mətbuat aləmində
İran Azərbaycanı deyil, Cənubi Azərbaycan işlənməsini
reallaşdırdı, 1813-cü ildən bu günədək
o tayda yaranan zəngin milli ədəbi-mənəvi dəyərlərimizin
elmi araşdırma mərkəzinin təməlini qoydu. Mirzə İbrahimovun misilsiz ictimai xidmətlərindən
biri də müasir Cənubi Azərbaycan ədəbi məktəbini
yaratması oldu.
Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinə rəhbərlik etdiyi dövrdə də
Mirzə İbrahimov ədəbi
yaradıcılığını davam etdirirdi. O, 1977-ci il oktyabrın 14-də
Əziz Şərifə göndərdiyi məktubda bildirirdi:
"Mən yazıram: məqalələr, publisistik lövhələr,
birdə ki, Füzuli haqqında povest - "Əbədi həyat".
İşim belə getsə, bu ilin axırına
qurtararam".
Bütün nikbin məlumatlara
baxmayaraq, nədənsə bu əsərlərin sonrakı vəziyyəti
barədə səs-soraq çıxmadı.
Son illər Mirzə
İbrahimovun şəxsi arxivində saxlanan qovluqların
arasında müəllifin ərəb əlifbası ilə
yazdığı "Mayak" romanının əlyazmasının
tam mətni tapılmışdır.
Bu romandan yazıçı Kənan
Aslanın transliterasiya etdiyi bir hissəni "Ədəbiyyat
qəzeti"nin oxucularına təqdim edirəm.
Teymur Əhmədov
Usta
Züleyxa ilə rəsmən tanış olmasa da, onu
yaxşı tanıyırdı. Son iki ildə mədəniyyət
sarayındakı təntənəli iclaslardan sonra təşkil
olunan bütün müsabiqələrdə Züleyxa mütləq
iştirak edirdi. O. Azərbaycan, rus, Ukrayna, rəqslərini
məharətlə oynar və həmişə gurultulu
alqışlarla qarşılanardı. Neftçilər
öz aralarında ona "bizim balerinamız" deyərdilər.
Səhnədə müvəffəqiyyəti
artdıqca onunla maraqlananların da sayı artırdı,
haqqında da cürbəcür yaxşı-yaman sözlər
deyilirdi. Usta Səfər eşitmişdi
ki, Züleyxanın heç kəsi yoxdur. Qayınanası
ilə bir yerdə yaşayır.
Züleyxanı
gördükdə usta yəqin etdi ki, Əhmədovun bura gəlməsinin
səbəbi qazma-buruq məsələsi deyil, nə isə
başqa əhvalatdır". - Ada olmaya lotu qızın
saqqızını oğurlayıb?!
Züleyxa həyəcanlandı. İri
açılmış gözləri ilə ustanı süzərək
durmuşdu. Usta onun paltosunu almaq istədi.
Qızın qarabuğdayı üzü
açıldı. Lakin bu xəfif
gülüş belə onun həyəcanını gizlədə
bilmədi. Necə də həyəcanlanmaya
idi? Haqqında bu qədər eşitdiyi, adı gələndə
hamıdan hörmət gördüyü usta Səfər
qabağında durmuşdu. Züleyxa nəinki həyəcanlı
idi, həm də sıxılırdı. Gəncliyin
təravəti ilə yanan üzü gah qızarır, gah
ağarırdı. Paltosunu tutmaq istəyən ustaya titrək
səslə:
- Yox, zəhmət
çəkməyin, özüm asaram, - dedi və qəribə
bir yüngüllüklə paltosunu çıxarıb
asılqana keçirdi, alnına tökülən qara buruq
saçlarını əlilə dala itələdi.
Usta gah Əhmədova, gah da Züleyxanın piyalə
kimi açılmış iri gözlərinə baxaraq
xoş bir duyğu ilə hər ikisini irəli buraxdı. Özü isə geri
dönüb ucadan o biri otağa tərəf səsləndi:
- Nənəcan,
çay hazırla, yanında şəkərburası da olsun.
Özü də badam içindən!
Züleyxa və Əhmədov otağa keçib ayaq
üstə ustanı gözlədilər. Usta balaca dairəvi stolun
arxasında onlara yer göstərdi:
- Hə,
Əhmədov, sən az qala məni
qorxutmuşdun, de görüm nə var?
Əhmədov
təmkinini pozmayaraq danışdı:
- Usta, o qədər
də qorxulu bir şey deyil, hər halda yaxşı xəbər
də gətirməmişəm.
Qazmaçı Əliyev birdən-birə xəstələnmişdir,
xəstəxanaya aparmışlar.
Dərhal
ustanın qaşları çatıldı:
- Nər
kimi oğlandır, nə oldu ona belə?
- Hələ
ki, məlum deyil, axşamdan bərk sancı tutdu, az qala özündən getmişdi.
Usta
fikirli-fikirli:
-
Yatalaxdan-zaddan olmasa yaxşıdır, - dedi və
düşünüb əlavə etdi, - yerini boş qoymaq olmaz, lap elə sabah adam tapmaq lazımdır. Bu saat kontora zəng
edərəm!
Usta danışa-danışa qalxıb divardan
asılmış telefonun dəstəyini götürdükdə
Züleyxa narahat oldu, təlaş içində Əhmədova
baxdı.
Əhmədov özünə yaraşmayan tələsik bir hərəkətlə
əlini telefonun dəstəyinə basdı:
-
Lazım deyil, usta, elə məsələ ondadır ki, mən
adam tapmışam.
Usta əlini
əlinə vurdu, ucadan danışdı:
- A kişi, sən də əntiqə adamsan ha! -
Özün mənə siyasi dərs verirsən, vaxta qənaət
etməkdən danışırsan, özün də
sözü bu qədər uzadırsan. Ürəyində
nə var hamısını birdən de, qurtarsın getsin.
Tapdığın kimdir?
Əhmədov ustanın yerində oturmasını
gözlədi.
Sonra sağ əlini qaldırdı, şəhadət
barmağı ilə Züleyxanı göstərdi:
-
Tapdığım budur!
Usta indicə görürmüş kimi heyrətlə
Züleyxanı süzdü, gözləri güldü,
üzü işıqlandı.
Lakin bu əhval
ki, işığa oxşayırdı, istehza ilə dolu idi:
-
Yaxşı tapmısan, Əhmədov!..
Əhmədov
bu ikibaşlı sözün üstündən keçdi:
- Deməli,
sabah kontora deyim əmrini versinlər.
Əhmədovun
belə ciddi və işgüzar sözlərini eşitdi də
yenə ustanın üz-gözünü bir
çaşqınlıq bürüdü, sonra ciddiləşib
qaraldı, daha sonra ağardı və nəhayət,
güldü:
- Ay
Əhmədov, zarafatı bir kənara at! Düzünü
de görüm təklifin nədir?
Əhmədov pərt oldu, o zarafat etməz və
zarafatı sevməzdi, həmişə ciddi
danışmağa adət etmişdi. Bunu usta da yaxşı bilirdi.
- Mən
sizi anlamıram!
- Hər
şeyi belə gec anlasan, vay bizim halımıza...
Bütün
bu danışıq zamanında usta Səfər gözlərini
Züleyxadan qaçırır, daima Əhmədova
baxırdı. Züleyxa isə onun hər bir hərəkətini
izləyir, üzünün ən xırda ifadələrinə
fikir verirdi: Bu diqqəti müşahidə ona deyirdi ki, ürəyi
üzündə oxunan adamlardandır. Əhmədovun tərsinə
olaraq onun üzü tez-tez dəyişirdi: qızışanda
sərt və gərgin olur, şadlananda işıqlanaraq
açılır, əsəbiləşəndə
qaralır, fikrə gedəndə mülayimləşirdi. Əhmədovun üzündə isə eyni
mülayim ifadələr vardı. Züleyxa
"görünür usta qızğın təbiətlidir"
- deyə düşündü və nədənsə ona
qarşı ürəyində etimadsızlıq duydu: "Belələri
ilə ehtiyatlı olmaq gərək!" Züleyxa
belə düşünə-düşünə diqqətlə
onlara baxır və mübahisənin nə ilə
qurtaracağını gözləyirdi. Əhmədov
Züleyxanın ürəyini oxşayan sakitliklə və səbirlə
fikrini ustaya izah edirdi:
-
Qazmaçı köməkçisini
qazmaçılığa irəli çəkmək
vaxtıdır. Verxovoyu onun yerinə, fəhləni
də verxovoyluğa keçirərik. Onda
yoldaş Züleyxaya da yer açılar.
Usta Səfər
yenə də:
- Mən
ölüm, zarafatı burax, - deyib güldü. Ustanın bu məsələyə
zarafat kimi baxmağı Züleyxaya çox pis təsir etdi,
qız bərk pörtmüşdü, az qala,
ağlayacaqdı, Əhmədov Züleyxanı bir baş bura
gətirdiyinə peşiman oldu, onun yanında özünü
günahkar hiss etdi, lakin geri çəkilmək istəmədi:
-
Xoşunuza gəlməyən nədir, usta?
Züleyxanın
nazik belinə, incə əllərinə baxdıqda sahillərdən
çox uzaqda, Açıq dənizin ortasında
dalğaların döyəclədiyi tənha buruq gəlib
usta Səfərin gözləri qabağında durdu. "Bu zərif
qız hara, o ağır iş hara?"
- Həyat
çox qəribə şeydir, mən bu vaxta qədər elə
bilirdim ki, daha dünyada heç şeyə təəccüb
etmiyəcəyəm. Çünki nə
cür qəribə şeylər desən görmüşəm.
Gözümün qabağında möcüzədən
böyük işlər olub. Amma yenə
görürsən ki, əntiqə işlərə rast gəlirəm.
Əhmədov
gərginliyi dağıtmaq üçün söhbət bu
mücərrəd fəlsəfi davam etdirməyi daha
elverişli bildi:
- Nə
etməli, usta, elə dünyanın ləzzəti də
ondadır ki, insan gözləmədiyi yeniliklərə rast gəlsin,
gərək ki, belə bir məsəl var, deyərlər ki,
qulaq gündə təzə bir söz eşitməsə kar
olar, göz təzə bir şey görməsə kor olar.
-
Orası elədir, amma...
Usta "amma" sözünün axırıncı
hecasını xeyli uzadıb durdu. Əhmədovun və
Züleyxanın gözündəki sual ifadəsinə
baxmayaraq, dalını gətirmədi. Əhmədov
davam edə bilmədi:
- Nə
amma?
- Amma təzə
var, təzə var. O təzə ki, adamın ağlına
batmır, nə eşitməyə, nə də görməyə
deyər.
Araya ağır bir sükut çökdü. Bu sükut içində
usta Səfər qıyıq gözlərilə
Züleyxanı bir də süzdü, parıldayan nazik
sarı corabların altındakı düz ayaqlarına, tez-tez
balaca ipək yaylığı büküb-açan nazik
barmaqlarına, yumşaq əllərinə baxdı. Əhmədov onun bu baxışlarını, hətta
üzündə parlayıb sönən xəfıf
istehzanı da gördü. Usta aydın
deyirdi ki, "bu ayaqlar, bu əllər qazmaya yaramaz, bala".
Üzdə
isə usta belə demədi, mətləbi yenə uzaqdan gətirdi:
tərəfdarıyam, yox! Ancaq mən deyirəm
ki, o tazaya "hə" de ki, onun işə xeyri var. Yoxsa hər
tazanın tazalığına allansaq pis olar. Deyir ki, hər bala deyəndən dədə
çıxsaydı, Şakquludan böyük dədə
olmazdı.
Qapı
açıldı və ustanın gah "nənə
can", gah Balış xala cağırdığı
saçları dümağ qadın içində
üç stəkan çay olan balaca padnosla içəri
girdi. Səliqə ilə çayın birini
Züleyxanın, o birini Əhmədovun,
üçüncüsünü də ustanın
qabağına qoydu, sonra da böyük bir boşqabda şəkərbura
gətirdi. Usta şəkərburanı Züleyxaya tərəf
itələdi:
-
Götürün, Züleyxa xanım, yaxşı şəkərburadır.
Özüm bişirmişəm. Görün yaxşıdırmı? Əhmədov, sən də götür, bax bunu, bu
yaxşı qızaranını götür.
Züleyxa şəkərburanı götürdü,
lakin nəlbəkinin qırağına qoyub fikrə getdi. Aydın idi
ki, bu saat nə çay, nə də şəkərbura onun
gözündə deyildi.
Züleyxa qazmada faydalı olacağına ustanın inanmadığını
çoxdan anlamışdı. Daxilində onun bu
etiqadını sarsıtmaq və fikrinin
yanlışlığını sübut etmək həvəsi
oyandı. Bu yenilməz bir həvəs idi.
Züleyxa həyəcanlı olduğuna
baxmayaraq, ahəngdar, bir səslə danışdı. Hətta
səsindəki məlahət usta Səfərin qulağını
oxşayırdı:
- Uzaqlara
getmək nəyə gərək, usta. Mən
işləmək istəyirəm.
Züleyxanın
söhbətə qarışması sanki usta Səfərin vəziyyətini
yüngülləşdirdi, sözünü açıq deməsinə
kömək etdi:
- Mən
də deyirəm ki, işləmək istəyirsən, işlə,
ancaq özünə layiq iş tap, arvad nədir, qız nədir,
qazma nədir? Ümumən mənim əqidəm
belədir ki, bir çox sahələrə arvadı yaxın
qoymaq lazım deyil. Yaradan arvadı
başqa cür yaradıb, həyat da arvadın
qarşısına başqa tələblər qoyur.
- Sizdə
qadına hörmət yoxdur! - deyə
Züleyxa ağarmış halda ustanın sözünü kəsdi:
Bu söz
usta Səfərə bərk təsir etdi, yenə haldan-hala
düşdüyü üzündən bilinirdi.
Ancaq
ağır cavab vermədi:
-
Özümü doğrultmaq fikrim yoxdur. Ancaq onu
deyə bilərəm ki, mən qadını pristanda yük
daşıyan görəndə ürəyim ağrıyır,
qazma da elə o cür işdir. On dörd
yaşından mən buruqdayam. Bilirəm
ki, arvad sənəti deyil. Get özünə layiq
peşə tap.
Usta Səfərin sözləri Züleyxanın
qulağını deşirdi, beynində at nalı kimi
tappıldayırdı. İndi bu cavan qızın nəzərində usta
çox geridə qalmış, təsəvvürləri və
fikri qoca bir adama oxşayırdı. Hətta iki arvadın onu
nə üçün qoyub qaçdığını da
anlamağa başlayırdı: "Belə adamla bir saat da
yaşamaq olmaz" - deyib düşünürdü:
- Neylək,
usta, sənin briqadan olmaz, olmasın. Nə çox Bakıda
qazma briqadaları, birində bizə iş tapılar.
- Əlbəttə, - deyə Əhmədov təsdiq
etdi, mən istəyirdim ki, bizimlə işləsin.
Səhərdən bəri Züleyxaya baxarkən
ustanın üzündə ona yazığı gəldiyini, həm
də bir uşağa hörmət edər kimi hörmət
etdiyini bildirən yumşaq ifadə vardı. Züleyxanın sözlərinə
qulaq asdıqca bu ifadə üzündən çəkilirdi,
usta əsəbiləşər kimi olurdu. Lakin buna baxmayaraq,
özünü saxlayıb zahiri təmkinini pozmadı:
- Əlbəttə, tapılacaq. Hətta Əhmədov
kimilər şəklinizi qəzetlərə də vurduracaq.
Ancaq yenə də mən deyirəm, ürəyində
doğrudan da qadına hörmət bəsləyənlər,
sizi qazmaçılığa qoymazlar.
Ustanın
inadı Züleyxanın azca əvvəlki
sıxıntısını tamamilə məhv etdi, mübarizə
aparmaq, istəyinə çatmaq həvəsini gücləndirdi:
- Mən
sizi başqa cür
düşünürdüm, - dedi və davamlı,
nazlı baxışlarla onu süzüb əlavə etdi. -
Yaxşı deyiblər ki, igidin adını eşit,
üzünü görmə.
Züleyxa danışdıqca səsində,
üzünün ifadəsi də sərtləşirdi. Daxili həyəcan
və sıxıntının üzündə
doğurduğu yumşaq ifadə və cizgilər tamamilə
çəkilib gedirdi.
Fikrindən dönənə oxşamırdı. Usta əqidəsində
möhkəm idi. Danışığı kəsmək
istədiyini bildirən bir ifadə ilə dedi:
- Atalar məsəlidir,
cücəni payızda sanarlar, işlərsən baxarıq.
Züleyxa ayağa durdu. Usta Səfər
gözucu onun əl vurduğu soyumuş çaya və şəkərburaya
baxdı, bir söz deməyib yerindən qalxdı.
Züleyxa paltosunu geyinib qapıdan çıxarkən usta son
dəfə gülümsəməyə
çalışdı:
- Belə
səy ilə başqa hansı işdən
yapışsanız qızıl çıxararsınız! -
dedi. Züleyxa yavaş, lakin qəti səslə cavab verdi.
- Elə bu
sahədə də çıxaracağam, əmin ola bilərsiniz.
***
Züleyxa və Əhmədov çölə
çıxdıqda hava artıq qaranlıq idi. Usta Səfərgilin
asfaltlanmış böyük həyətindəki
çılpaq ağaclar öz şəklini itirmişdi...
...Mədənlərdən
xeyli aralı böyük fəhlə qəsəbəsinə
daxil olana kimi heç biri danışmadı.
-
Yaxşı, salamat qalın, - deyə Əhmədov əlini
Züleyxaya uzatdı. Züleyxa sarı yun əlcəyi
çıxarıb əl verdi,
ağzını büzüb:
- Bəlkə
bizə gedək, - dedi, - bir stəkan çay içərsiniz...
Züleyxanın balaca isti və yumşaq əlinin hərarəti
Əhmədovun bütün vücuduna yayıldı, sanki
ilıq bir şey axaraq qanına doldu. Əlbəttə,
bütün ürəyilə onlara getmək, Züleyxanı
evdə, paltosuz, şlyapasız görmək, onun əlindən
çay alıb içmək onun üçün şirin
bir xəyal idi. Axı o, hələ bir dəfə
də qadın nəvazişi görməmişdi. Lakin belə bir cəsarət özünə də
qəribə gəldi.
- Sağ
olun, başqa bir zamana qalsın.
Züleyxa təkid etməyib əlini çəkdi və
geri baxmadan balaca asfalt səki ilə evə getdi.
Zəngi
basmağa fürsət tapmamış qapı
açıldı:
- Ana, sən
yenə qapıda gözləyirdin? - deyə
Züleyxa yarı töhmət, yarı naz dolu bir səslə
yun şala bürünmüş Səkinə xalaya müraciət
etdi:
Hər
iki əlini göbəyinin üstündə
çarpazlamış, diqqətli qıyıq gözlərini
Züleyxadan çəkmədən Səkinə ana dedi:
- Neyləyim,
bala? Yolunu gözləyirdim. Gecikdin.
Bu yandan da bərk xəzri başladı.
Dedim üşüyərsən, çay süzümmü,
qızım?
Züleyxa
birdən bərk çaysızladığını hiss etdi.
- Süz,
anacan, ürəyim yaman yanır.
Soyunaraq əl-üzünü
yuyub, stol başında oturduqda Səkinə
qarı göy fincanda ona zoğal mürəbbəsi ilə
çay gətirdi. Züleyxa iştaha ilə bir qab mürəbbəni
yedi və fincanı qabağa itələdi:
- Ana, bir
fincan da süz...
Səkinə qarı bilirdi ki, çay Züleyxaya
çox sevdiyi zoğal mürəbbəsini yemək
üçün bir bəhanədir. Ona görə də hər il çoxlu zoğal mürəbbəsi
bişirər, payızın axırından yazda təzə
meyvə çıxana qədər Züleyxanın mürəbbəsini
kəsməzdi. Səkinə qarı
üçüncü dəfə fincana çay süzdü,
mürəbbə qabını götürüb doldurmaq istədi.
-
Lazım deyil, ana, elə doğrudan da ürəyim yanır. Çaysızam.
Səkinə
qarı qıyıq gözlərini Züleyxanın
üzündəki, gözlərindəki gizlədə bilmədiyi
tutqunluğu süzdü:
- Niyə,
bir stəkan çayları da yox idi?
- Var idi. Şəkərbura da qoymuşdular. İçmədim.
Səkinə Züleyxanın qayınanası idi. Müharibənin ikici ili Kamalın atası öləndən
yarım il sonra, qarı oğlunun deyiklisi olan on səkkiz
yaşlı qızı götürüb evinə gətirmişdi.
Mədəndə işləyən oğlu Kərim
Züleyxanı çox sevirdi. Lakin onların xoşbəxt
sevgisi bircə il davam etdi. Kərimi
müharibəyə apardılar və cəbhələrdə
həlak oldu.
Dünyada kimsəsi olmayan gənc qızla qoca arvad
doğma ana-bala kimi bir yerdə yaşıyırdılar. Səkinə
Züleyxanın fikirli olmağından bildi ki istədiyinə
nail olmayıb.
-Razı
olmadı, hə? Onun üzünü mürdəşir
yusun. Dünya dağılsa, öz dediyindən
dönən deyil. Nə dedi?
Züleyxa
Səkinə qarı ilə söz seçməyə
çalışmadan, hissiyyatını boğmadan
danışmağa adət etmişdi və hər belə
danışıqdan sonra yüngülləşərdi:
- Deyir,
arvad nədir, qazma nədir? Get özünə iş tap. Tikiş-tik, bozbaş bişir, soğan soy.
- Vayy,
başıma xeyir, - deyə Səkinə qarı əlini əlinin
üstünə vurdu, - gədə xəfifləyib. Bəs bu hökumətin zakonlarından xəbəri
yoxdur?
- Var, niyə
yoxdur. Amma zakon dillərində ilişib
qalıb hələ başlarına, ürəklərinə
gedib çatmayıb.
- Onun
başı batmasın, bəs nə vaxt çatacaq. İndi də
çatmayanda qiyamətdə çatmayacaq ki!
Müvəffəqiyyətsizliyi
ilə qarının kədərini artırmaq istəməyən
Züleyxa ruhdan düşmədiyini bildirmək istədi:
- Neylək,
o usta Səfər olsun, mən də Züleyxa, görək
kimin sözü keçəcək.
- Bax belə,
qızım. Dünyada acizlik göstərmə.
Acizlərin arzusu mənim kimi ürəyində
qalar.
Züleyxa
maraqla soruşdu:
-
Hansı arzu, anacan?
Arvad
köksünü ötürüb həsrətlə
danışdı:
-
Hansını deyim, ay bala. Cavanlıqda ürəyimin
heç bir arzusuna çatmadım. Ata, ana
qohum, qardaş, zəncir kimi qolumu bağladı. Tərpənməyə qoymadı. Bir cəsarətim də olmadı ki,
hamısını qırıb, istədiyimə çatam.
Züleyxa, yeni bir maraqla qayınanasına baxdı. Bu vaxta qədər
Züleyxaya elə gəlirdi ki, Səkinə ana taleyin qisməti
ilə razılaşmış, hər şeyə
şükür edən və artıq ürəyində
heç bir ehtiras olmayan xeyirxah, dözümlü bir anadır
və beləcə də dünyadan gedəcəkdir. Onun ürəyində qızğın və nakam
duyğular yatdığını, həsrətlər gizləndiyini
Züleyxa ağlına da gətirmirdi.
- Bəs
istədiyin nə idi, ana?!
-
Çox şey idi, qızım. Cavanlıqda mənim
bir səsim var idi ki, dörd divarın arasında oxuyanda yeddi
məhəllə o yanda ayaq saxlayıb qulaq asardılar. Onda qonşuluğumuzda bir artist olurdu. Bir dəfə bizə gəldi. Atamdan
gizlin mənimlə danışdı. Məni
teatra apardı. Tamaşaya baxdım.
Dedi, "Gəl, Səkinə, bu yol
böyük yoldur. Sən ulduz kimi işıq
verərsən". O çox yaxşı sözlər
bilirdi. Məni də yaman həvəsə gətirmişdi.
Ürəyim əsirdi ki, mən də bir
yüz adamın qabağında oxuyum, mənə də əl
çalsınlar. Mənə də qulaq
asanda ürəklər döyünsün, necə səhnədəkilərə
baxanda mənimki döyünürdü. Amma
arzum gözümdə qaldı. Atam biləndə
ki, mən teatra getmişəm, saçımdan tutub həyətə
sürüdü, anam hayıma gəldi, o yazığı da
ayağı altına salıb əzdi. Artistə xəbər
göndərdi ki, bizlərə tərəf dolansa,
özünü ölmüş bilsin... Bu gözəl zəmanədən
ki, sizə veriblər, istifadə edin qızım, - dedi.
Ürəyinin nə arzusu var, ona çat. Özünü
böyük yola sal... İstəyirsən qazmaçı
olasan, get ol, heç şeydən qorxma, ürəyin səni
hara çəkir, ora da get.
Züleyxa
- gedəcəyəm, anacan, gedəcəyəm! - deyib Səkinə ananı öpdü...
...Əynində adi boz brezent plaş və şalvar,
ayağında uzunboğaz çəkmə, başında
qulaqlı papaq və şapka olan fəhlələr
körpüdəki dolu küçələri, qulplu qara
qutuları, uzun boruları, dəmir parçalarını və
başqa şeyləri katerə doldurub qurtarırdı. Fəhlələrin
əksəriyyəti cavanlar idi. Onların
arasında xüsusi bir canlılıq və sevinc duyulurdu.
Deyib-gülür, biri-birilə zarafat edir, ucadan
danışırdılar. Bütün bunlar istər
körpünün üstündəkilərə, istər
katerdəkilərə göstəriş verən, hər
şeyin öz yerinə və səliqə ilə
yığılmasına nəzər yetirən usta Səfəri
qətiyyən əsəbiləşdirmirdi. O təmkinlə və
eyni zamanda iti nəzərlərlə gənclərin canlı
hərəkətinə, qızğın işinə
baxır, xoş və şad danışıqlarına maraqla
qulaq asırdı. Bununla belə kənardan ona nəzər
salan olsaydı, ümumən işdən razı
qaldığına baxmayaraq, qarabuğdayı üzündə
bir tutqunluq görərdi. Əhmədov
onun üzünə baxmadan da bu tutqunluğu sezir və səbəbini
də bilirdi. Lakin nə Əhmədov, nə də usta
bu barədə bir söz danışmırdı. Əhmədov
bütün iş zamanı hey intizar dolu gözlərlə
sahilə tərəf baxırdı. Usta da
Əhmədovun nigarançılığının, hətta
daxilən çox narahat olduğunun səbəbini bilir və
dinmirdi. Dünən, qazma kontoru müdiri
ustaya zəng eleyib. Züleyxanı briqadaya
qəbul etməyi tapşırmışdı. Ustanın bütün etirazlarını gah ciddi gah
da zarafatyana sözlərlə heçə
çıxarmışdır. Ustanın
dişi bağırsağını kəssə də, tabe
olmuşdu. İndi Züleyxanın gəlib
çıxmadığını gördükdə
qeyri-ixtiyari olaraq içərisində bir sevinc baş
qaldırırdı. Əvvəlcə bunu üzə
vurmadı, lakin yola düşmək saatı
yaxınlaşdıqda özünü saxlaya bilmədi,
yuxarıdan aşağı Əhmədovu süzərək
soruşdu:
- Hə,
nə oldu, bizim balerina, deyəsən gəlib
çıxmadı?
Usta
özü də istəmədən "balerina"
sözünü xüsusi bir ahənglə dedi. Briqadalarına bir qız gələcəyini
eşitmiş cavan fəhlələr gözlərində incə
bir gülüş oynadığı halda bir-birinə
baxdılar. Əhmədov isə üz-gözünün
adi ifadəsini pozmadan ciddiyyətlə cavab verdi:
- Bəli,
yoldaş Kərimova gecikdi.
Əhmədov
qəsdən, "yoldaş Kərimova" sözünü bərkdən
və xüsusi bir sərtliklə dedi. Axı kəskin və
qəti hərəkətlərdən qaçan Əhmədovda
qəribə ziddiyyətlərə rast gəlmək
mümkün idi: bəzən heç özü də istəmədən
ağzından elə qəti və ağır sözlər
çıxarırdı ki, bütün onu tanıyanlar heyran
qalırdılar. Həyatın hansı
hallarında, hansı ruhi vəziyyətdə belə hərəkət
etdiyini nəinki özgələri, heç özü də
deyə bilməzdi. Artıq körpünün
üstü tamamilə boşalaraq fəhlələr
hansı katerə dolduğu
zaman usta Səfər bir şey yaddan çıxıb
qalmasın deyə, bir də diqqətlə ətrafı
süzdü. Bütün avadanlığın körpüdən
daşındığına əmin olaraq katera keçmək
istədikdə gənc fəhlələrin xor kimi səslənən
çığırtısını eşitdi: - Gəlir, gəlir!
Yoldaş Züleyxa gəlir!
Gənclər sevinc dolu gözlərini sahilə
dikmişdilər. Usta Səfər də o tərəfə
baxdı və töyşüyə-töyşüyə
katerə tərəf qaçan Züleyxanı gördükdə
qaş-qabağını salladı. Üz-gözündən
tutqunluq aşdı.
...Çaydan
sonra adəti xilafına Züleyxa taxta uzanaraq dincəlmək əvəzinə elektrik ütünü
qızdırdı. Şifonerdən şal
paltarını çıxardı və ətəklərini,
yaxalığını ütüləməyə
başladı. Səkinə ana stolun üstünü
yığışdıra-yığışdıra
soruşdu.
- Gedən
yerin var, qızım?
- Bəli,
gedəcəyəm.
Səkinə sual dolu gözlərilə Züleyxaya
baxdı. Lakin bir söz demədi. Züleyxa
cavabının kifayətləndirici olmadığını
özündə başa düşürdü. Səkinə ana həmişə onun hara getdiyi haqqında
sorğu-suala ətraflı məlumat verməsinə öyrənmişdi.
Züleyxa indi də ondan bir şey gizlətmək istəmirdi:
- Kinoya
gedəcəm, ana.
- Nadya ilə
gedirsən?
- Yox.
Ani fasilədən
sonra Züleyxa qızardığını bildirməmək
üçün ütü çəkmək bəhanəsilə
üzünü yana tutub dedi.
- Bizim
qazma kontorunda Rəhman adlı bir texnik var. Xahiş etdi ki, bir
yerdə gedək.
Züleyxanın
nə isə tələsik danışdığını,
zor çəkdiyini görən Səkinə ana ona kömək
etmək istədi, öz daxilində baş qaldıran heyrət
duyğusunu boğmağa çalışıb:
- Nə
olar ki, get, çoxdandır evdən çıxmırsan, -
dedi və tez mətbəxə çəkildi. Züleyxaya
elə gəldi ki, bir şey ananın boğazında qaldı
və onu boğdu. Ütünü
saxlayıb fikrə getdi.
Züleyxa "Mən nə pis adamam. Ancaq
özümü düşünürəm. Heç bu yazığın halına qalmıram.
Necə olsa, köhnə arvaddır, belə şeylər ona dərd
olar...
Bəzənib-düzənməyim
heç lazım deyil" - deyə düşünüb
şal paltarı təzədən asılqana keçirərək
şifonerdən asdı, həmişəki kimi
yubkasını və sarı koftasını geydi,
şlyapasını başına qoydu, paltosunu
götürüb əyninə keçirdi və
üzünü mətbəxə tutub:
- Ana, hələlik
sağ ol, - deyərək qapıdan çıxmaq istədi.
Səkinə
tez mətbəxdən koridora gəlib onu yola saldı:
- Salamat
get, bala, - dedi və gülümsəməyə
çalışdı. Züleyxa onun qurumuş gözlərinin
sulandığını gördü və birdən-birə
ürəyində baş qaldıran duyğuların təsirilə
dönüb boynunu qucaqladı, üzünü üzünə
sürtərək gözlərini dumanlandıran yaşı
saxlaya bilmədiyi halda nə isə dedi və özünü
çölə atdı. Geriyə baxmadan
sürətlə balaca səkidən böyük asfalt yola
çıxdı.
O tələsirdi.
Bir yandan şirin bir həvəs onu Rəhmanla
görüşməyə, birlikdə kinoya və teatrlara getməyə,
parka çıxmağa çəkirdi. O biri tərəfdən
sanki yeriməyə ayağı gəlmirdi, ağır fikirlər
zəncir kimi ayağına ilişirdi, içərisindəki
həyat eşqi və həvəsini soyudurdu, əzib
boğurdu. Ürəyini yeyən, həvəsini
ehtirasını gəmirən bu dumanlı duyğuların
dalınca birdən-birə daxilində qəribə bir
fırtına qopdu: Əl-ayağını bağlayan, həyat
və səadətinə kölgə salan bu duyğuları,
mövhumatı andıran əsassız təsəvvür və
fikirləri boğmaq, bu çürük vəziyyəti məhv
etmək, əzib parçalamaq! Qoy Səkinə
qocalığına və xəstəliyinə baxmayaraq madam
ki yaşayır, həyatı doğru anlasın, zəmanə
adamı olsun!
İndi Züleyxanın nəzərində həyati
hadisələr, ömrünün bütün əzablı məsələləri
açıq və aydın şəkil almışdı. Ürəyi və
fikri şirin xəyallarla çırpmırdı. Həqiqəti səadət duyğusu
varlığına hakim olmuşdu. Ah, belə dəqiqələr
nə qədər gözəl və xoşdur. Lakin
Züleyxanın qəlbinin şirin döyüntüsündə
üzücü bir iztirab vardı. Bu
iztirab haradasa ürəyinin dərinliyində yatmış
gizli şübhələrdən, anlaşılmaz tərəddüdən
doğurdu. Züleyxa özü bu iztirabı duymaq və
anlamaq istəmirdi, ondan qaçmağa
çalışırdı: gənc qadın ürəyi
köhnə fikir və təsəvvürlər buxovundan
qurtarmaq üçün çırpınırdı,
ehtirasla dolu bir həyat istəyirdi… Bu istək
isə onu Rəhmanla görüşə çəkirdi.
Mirzə İBRAHİMOV
Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.18-19.