Qan Turalı: İstedadın bir ölçüsü
də özünü mətndə gizlətməkdir
"Ədəbiyyat
qəzeti"nin "Açıq
müstəvidə" layihəsinin budəfəki qonağı
Qan Turalıdır.
Mübariz Örən: – Qan Turalı
özünü daha çox harda görür: ədəbiyyatda,
yoxsa kino sənətində?
– Mən hekayələr anlatmağı və yazmağı sevirəm.
Bu prosesin sənətin
hansı növündə baş verməsi mənim
üçün tamamilə formal məsələdir. Kino XX əsrin ən görkəmli sənətidir.
Bu mənada bizim az qala bütün
yazıçılarımızın yolu filmdən keçib.
Mən gələcək haqda xəyallara
dalmıram. Mənim üçün hara
rahatdırsa, hara fərəh verirsə ordayam. Amma özümü bütün hal və
situasiyalarda yazıçı hesab edirəm.
Hədiyyə Şəfaqət: – Qan
Turalı daha çox hansı mətnindədir?
– Bu bir növ
özünüifşa xarakterlidir. Amma hər
halda "Mustafa" romanım daha avtobioqrafikdir. O zaman
daha təcrübəsiz idim. İlk romanım
idi. Məncə, istedadın bir
ölçüsü də özünü mətndə gizlətməkdir.
Aqşin Yenisey: – Nə
üçün şifahi təfəkkürümüzdə
"Söz sözü çəkər" ifadəsi olsa
da, yazılı ədəbiyyatımızda, yəni nəsrimizdə
şüur axını ədəbiyyatı yoxdur?
– Bütün bunlar dialektik inkişafın müəyyən mərhləsində
üzə çıxır. Mən
düşünürəm ki, hər nə qədər
ümumi prinsiplər olsa belə, hər bir milli ədəbiyyatın
öz inkişaf yolu var. "Bizdə şüur axını
var, yoxsa yox?" sualı ətrafında düşünməkdənsə,
məncə, ədəbiyyatın sabahı haqqında
düşünməliyik. Şüur
axını olsun, ya da olmasın, çox fərq etmir, əsas
məsələ budur ki, bizdə ədəbiyyat olsun. O
ki qaldı konkret suala, mənə elə gəlir ki, bizdə
modernist ədəbiyyat kortəbii həyatını
yaşadı. Yəni, bu prosesdə çoxlu
xaotik məqamlar oldu. Cəmiyyətdəki
xaos ədəbiyyata da sirayət etdi. Şüur
axını isə modernist təzahürdür.
Qismət: – Son vaxtlar
daha fərdi yaradıcılıq sahəsindən (yazıdan)
daha kollektiv sənət növünə (kinoya) meyillənmisən.
Artıq kino təsərrüfatının
içində olan biri kimi, üç punktda ifadə etməli
olsan, kinomuzun başlıca problemləri nələrdir?
– Əsas etibarı
ilə oxşar problemlərdir. Misal
üçün, bir filmi iki kinoteatr şəbəkəsində
nümayiş etdirmək mümkünsüzdür.
Kommersiya filmləri çəkilir, yaxşı-pis bu proses
gedir. Lakin ölkə ərazisində
kinoteatrların sayı çox azdır. Məncə,
ən vacib məsələlərdən biri də festivallara
gedəcək filmlərin dəstəklənməsidir. Çünki kommersiya filmləri üçün
büdcə tapılsa da, bu tərəfdə maliyyə
imkanları məhduddur. Mən həm
kinomuzun, həm də ədəbiyyatımızın xoşbəxt
gələcəyinə inanıram.
Günel Şamilqızı: – Bu yaxında "Ədəbiyyatın
kor dalanı" yazınızı oxudum. 2000-lərdən bu yana təsvir etdiyiniz bütün məqamlarda həqiqət
var, şahidi olduğumuz ölgünləşmə ən
böyük problemlərimizdən biridir. Amma
doğrudanmı səbəb təkcə kitab-satış
şəbəkəsinin yaranmaması və kitabın baha
olmasındadır? Ətrafımda onlarla gənc
var ki, ölkə xaricindən (xüsusən Türkiyədən)
kitabları həvəslə sifariş verib oxuyurlar. Kitabın online satış sektorunda ciddi canlanma var.
Hətta tələbələr var, ala bilməyəndə həmin
kitabların "pdf"lərini telefonuna yükləyib
oxuyur. Niyə o müəlliflərin
arasında biz yoxuq?
– Bəli, elə problem də
odur. Çünki kitab satış şəbəkəsi,
eləcə də reklam sektoru bərbad haldadır. Azərbaycanda əsasən xarici
yazıçıların əsərləri satılırsa,
bu artıq faciədir. Halbuki nəşriyyatlar
Kafka kimi hazır məhsulları satmaqdansa, Azərbaycan
yazıçılarını populyar etmək haqqında
düşünməlidir. Biz hamımız bu haqda düşünməliyik.
Hazırladı: Cahan Xanım
Ədəbiyyat qəzeti.- 2017.- 30
dekabr.- S.22.