Xəyanət və cəza, yaxud
lənətlənmiş "Samiri"
"83. "Ey Musa, səni nə məcbur elədi qövmündən ayrılaraq tez buraya gələsən?" dedik... 85. "Qövmün səndən ayrılalı Biz sınadıq onları. Sapdırmış onları Samiri doğru yoldan" - dedi Allah. 86. Musa əsəbi-əsəbi, qəmgin-qəmgin döndü qövmünün yanına. Dedi: "Ey qövmüm, gözəl bir vəd vermədimi sizə Rəbbiniz? Vaxtmı sizə uzun gəldi? Rəbbinizin qəzəbinə düşməyimi dilədiniz? Sözünüzdən niyə döndünüz...?" 87. "Sözümüzdən özbaşına dönmədik. O qövmün (misirlilərin) zər-ziynət şeylərindən bizə yükləmişdilər. Onları oda atdıq. Samiri də belə elədi" - dedilər. 88. Böyürən bir buzov heykəli düzəltdi onlara Samiri. O və onun dostları dedilər: "Bu, sizin də, Musanın da Tanrısıdır. Amma bunu unutmuş Musa.".... 95. "Ey Samiri, nədir bu elədiyin" - dedi Musa. 96. "Onların görmədiyini mən gördüm. O elçinin ayaq basdığı yerdən bir ovuc torpaq götürdüm. Bunu ziynət şeylərini əridən oda atdım. Nəfsim belə buyurdu mənə" - dedi Samiri. 97. "Get! Bütün həyatın boyu "Mənə dəyməyin" deyəcəksən. Qaçılmaz bir cəza da gözləyir səni, alacaqsan bu cəzanı vaxtı gələndə..." - dedi Musa. (Qurani-Kərim. "Ta-ha" surəsi, 83-98-ci ayələr (Nəriman Qasımoğlunun tərcüməsində).
Mənəvi deqradasiyanın təzahürü kimi ortaya çıxan xəyanətin və bunun müqabilində cəzalanmağın əsas xətt kimi alındığı "Samir, Samiri..." povestini oxuduqca lənətlənmiş Samiri ilə bağlı müqəddəs kitabımızda bəhs edilən bu hadisə-əhvalat əsər boyu düşüncələrimizə, hisslərimizə hakim kəsilir. Bu, sözügedən hadisə-əhvalatın dekonstruktiv şəkildə mətnə gətirilməsi, adların eyniləşdirilməsilə yanaşı, həm də müəyyən mənada ideya, daxili məzmun və ümumi ovqat bağlılığından qaynaqlanır.
Bu kontekstdə Qan Turalının "Samir, Samiri..." povesti janrın struktural tələblərinə cavab verməsi, mövzunun aktuallığı, intertekstuallıq və dekonstruktiv üsuldan istifadə və başqa bu kimi xüsusiyyətlərilə yanaşı və daha çox "Qurani-Kərim"in "Ta-ha" surəsinin yuxarıda sözügedən ayələrindən mənayaradıcı komponent kimi maneralı şəkildə yararlanılması ilə diqqəti çəkir.
Əsərdə bu günün mənəvi-sosial problemləri, fərdin digərlərinin, hətta sevdiklərinin, cavabdeh olduqlarının və ən əsası, öz vicdanı qarşısında mənəvi-əxlaqi məsuliyyətsizliyi təsvir edilmişdir.
Samir vaxtilə Kamera teatrının istedadlı aktyoru olmuş, sonralar maddi qazanc və populyarlıq naminə teatrı tərk etmiş, həqiqi sənətdən uzaqlaşaraq kommersiya səciyyəli serial aktyoruna və ucuz tok-şou iştirakçılarından birinə çevrilmişdir. O, ulduzsayağı görüntü yaratmaq üçün sonuna "i" hissəciyi artırmaqla adında da müəyyən dəyişiklik etmişdır. Nəticədə Samir - Samiriyə çevrilmiş, lənətlənmiş birinin adı ilə eyniləşmişdir. Bu kontekstdə süjetin uyğun məqamlarında yuxarıda sözügedən Quran motivlərindən - lənətlənmiş Samiri ilə bağlı hadisə-əhvalatdan dekonstruktiv üsulla istifadə olunması təsadüfi deyil. O Samiri kimi bu Samiri də lənətlənmişdir. Məzmun başqa olsa da, nəticə eynidir - günah və bu günahın müqabilində lənətlənmək. Samiri də Aynaya etdiyi xəyanətlərdən, Aynanın ölümündən və işlətdiyi digər günahlardan dolayı lənətlənmişdir.
Samirin məhz mənəvi-əxlaqi məsuliyyətsizliyi Aynanı dözülməz həddə çatdıraraq intihara məcbur etmişdir.
Burada xəyanət və intihar mövzusu səbəb və nəticə olaraq vəhdətdə alınmış, əsas diqqət isə nəticəyə deyil, səbəbə - xəyanət faktoruna yönəldilmişdir. "- ...Onu sənin laqeydliyin öldürdü... Min dəfə xəyanət edirdin. Ən pisi bilirsənmi nə idi?.. Sənin o əclaf yalanların. Sən Ayna kimi mələyi məhv elədin... Sənin üzərində Aynanın lənəti var, ay axmaq. Sən heç vaxt xoşbəxt ola bilməyəcəksən..."
"Samir, Samiri..." povestində xəyanət amili geniş müstəvidə götürülmüşdür.
Özünü şöhrətli aktyor, ulduz hesab edən Samir, əslində, sənət baxımından da tükənməyə doğru gedir. O, bunu italyan rejissoru Paolo Kroçenin çəkəcəyi film üçün təşkil olunmuş kastinqdən keçə bilmədiyi və rejissor dostu Həbibin dəvətilə teatr səhnəsinə qayıdıb illər öncə məharətlə canlandırdığı Biləgənli Elxan obrazını daha əvvəlki kimi oynaya bilmədiyi zaman anlayır, məğlubiyyətini qəbul etmək istəməsə də onun acısını yaşayır, hətta intihara cəhd etmək həddinə qədər çatır. İndi onun oynadığı rollar da bir-birinə əks qütbdədir. Vaxtilə teatrda Biləgənli Elxan, indi isə serialda ona əks cəbhədə dayanan Aqşin adlı sıradan bir obraz! Bu baxımdan Samirin xəyanəti təkcə qadın-kişi münasibətlərilə məhdudlaşmır. Ayna ilə birlikdə sənətin, daşıdığı adın da lənəti onun üzərindədir:
" - Sən yalan deyirsən. Mən böyük aktyoram. Mən çox zirvələr fəth edəcəm. Görəcəksən. Sən isə bu çürümüş teatrın küncündə öləcəksən. Tənha, yazıq bir adam kimi...
...Yadına
gəlir, televiziyada nə demişdin? Demişdin
ki, sənətin lənəti üzərində olan
iki-üç istedadlı aktyor tanıyıram. Guya bilmədim
ki, məni deyirsən?... Nə axmaq
şeylər fikirləşirsən sən... Yalan
danışırsan... Bu, sənin
qarğışındır, sənin lənətindir..."
Burada obrazın daxili dramatizmi təsvir olunur, bədii
sözün vasitəsilə məğlub olmuş insanın
psixoloji portreti cızılır.
"Həbib
aramla danışsa da, ağzından od
tökülürdü:
- ...Sən Samir deyilsən, Samirisən. Bəli, lənətlisən
sən. O ad lənətli addı. Samiri
bilirsən kimdir? Əqidəsinə xəyanət edən
adam. Elə bilirsən, o sarsaq
serialından sonra gəlib burda Elxan ola biləcəksən?
Ay bədbəxt, sən çoxdan Aqşin olmusan. Sən çoxdan satılmısan. Oynadığın o Biləgənli Elxanı, o Babəki
bilirsən harda asıblar? Samirə şəhərində
asıblar, ay bədbəxt. Sən Babəkin
qatili olan şəhərin adını daşıyırsan.
Samiri... Samiri... Ay yazıq, indi Babək çıxar səndən?"
Povestdə müəyyən mənada dram elementlərindən,
xüsusilə də, Cəfər Cabbarlının "Od gəlini"
pyesindən bəhrələnmələr aydın şəkildə
müşahidə olunur.
Peşəkarlığın arxa, məşhurluq
iddiasının ön plana keçdiyi dövrdə maddiyyət
məsələləri bir çox hallarda mənəvi dəyərləri
üstələmişdir. Kimlərinsə nələrsə
etmək istəyi isə hələ ki, arzu olaraq
qalmaqdadır. "Yüz il sonra da baxılacaq" filmlər,
ölməz sənət əsərləri yaratmaq əvəzinə
teleməkanı zəbt edən seriallarla kifayətlənilir,
Rafiq 10 ildir ki, gecələr yuxusunda film çəkir,
reallıqda isə yalnız serial rejissoru olmağa məcburdur,
qeyri-peşəkarlar gündəmi zəbt edib, istedadlı gənc
aktyor isə Şaxta baba kimi fəaliyyət göstərməyə,
ofisiant işləməyə məcburdur... Həqiqi
sənətlə məşğul olmaq sənətkara
çox vaxt məhrumiyyətlər və fədakarlıqlar
bahasına başa gəlir. Povestdə bu məqam Rafiqin
dilindən ifadə olunmuşdur: "Soruşursan ki, biz bu
axmaq serialı niyə çəkirik... Ona görə çəkirik
ki, yaxşı evdə yaşayaq, yaxşı maşın
sürək, uşaqlarımız yaxşı yerlərdə
oxusunlar... Biz bunu düşünürük.
Sənəti yox... Pulun arxasınca gedib böyük sənəti
düşünmək olmaz... Sən pulu
seçmisən. Sənətin lənəti
üstündədir. Məndə də
eyni şeydi. Ona görə də rahat ol.
Gəl, sənə bir əhvalat danışım... Musa peyğəmbər gedir Tur dağına - Allahla
danışmağa. Qayıdanda görür ki, bir adam büt düzəldib, sarı buzov şəklində
bir büt. Özü də qızıldan
düzəldib. Onu lənətləyib qəbilədən
qovur. Deyir ki, heç kim ona
toxunmasın, heç kim onunla ünsiyyətə girməsin. Buna müxtəlif cür yozum verirlər. Amma mənim fikrim budur ki, Musa peyğəmbərin həmin
o adamı qovmağının bircə səbəbi var. O da
budur ki, həm Allaha, həm də bütə ibadət etmək
olmaz. Ya odu, ya da budu... O adam da elə-belə
adam olmur a. Rahib olur. Yəhudi rahibi. Amma büt düzəldibmiş. Belə...
- Bilirəm,
müəllim. Samiri olub adı.
Rejissor
ayağa dura-dura dedi:
-
Adını mən də bilirdim. Xətrinə
dəyməməkçün demədim."
Burada yuxarıda "Qurani-Kərim"in "Ta-ha"
surəsindən təqdim etdiyimiz ayələr süjetin
sözügedən məqamına uyğun şəkildə
yozumlanaraq nəql edilmişdir. Ümumiyyətlə,
yazıçının bu hadisə-əhvalata mövzuya
uyarlı olaraq və sözügedən mətnin öz daxili
məzmununa müvafiq şəkildə fərqli rakurslardan
yanaşması və bir neçə kontekstdə mənalandırma,
yozum verməsi maraqlı məqam kimi diqqəti çəkir.
Mətnin dekonstruktiv istifadəsində də bu
amillər əsas götürülmüşdür.
Maraqlı bədii maneralarla mətn strukturunda müəyyən
funksionallığa hesablanmış şəkildə istifadə
olunan lənətlənmiş rahib Samiri ilə bağlı
hadisə-əhvalat əsərdə daha çox mənayaradıcı
komponent kimi çıxış etmişdir. Əsərin
başlıca ideyasının və yazıçı fikrinin
catdırılmasında da əsas ağırlıq məhz bu
mətnin üzərində cəmlənmişdir.
"Samir,
Samiri..." Qan Turalının incəsənətin
konkret sahəsində mövcud olan mənəvi-sosial problemləri
əks etdirən ilk əsəri deyil. Onun "Şaxta
babanın qətli" hekayəsində də sözügedən
məsələyə diqqət çəkilmişdir:
"İncəsənət Universitetində oxuyanda ən
böyük arzum Aydını oynamaq idi. Təyinatımı
M. şəhərindəki teatra verəndə belə kefim
pozulmadı. O qədər böyük aktyor sənətə
əyalətdə başlayıb sonra parlayıb ki...
...Cəmi
150 manat maaş alır, yarıac
dolanırdım. Toya tamada getməyə ürəyim
gəlmirdi. Bütün boş vaxtımda kitab oxuyurdum...
Baş rejissor hamımıza Şaxta baba paltarı
aldı.
Bundan sonra evlərə gedib Şaxta babalıq etməyə
başladıq... Pulun da yarısı teatrın
idi. Yarım saata 10 manat qazanırdım.
Sonra məni göndərdilər parkdakı yolkanın
yanına.
Günə 30-40 manat pul qazanırdım...
Bir
gün iki qızla anası gəldi: qızın biri balaca idi,
o birisi ondan bir az böyük. Şeir dedilər, onlara konfet verdim. Anaları mənə
gizlincə iki bağlama verdi. Onları da uşaqlara verdim. Sonra
şəkil çəkdirdik. Sağollaşıb
getdilər. Balacanın üzü elə
gülürdü ki, səhərki dilxorçuluğum da
keçdi.
Dörd-beş gündən sonra bir cavan oğlan gəldi. Əlində
də bir şəkil. Soruşdu ki, bu sənsən?
Qızların anaları ilə çəkdirdiyim
şəkil idi. Dedim ki, hə, mənəm. Cibindən çıxartdığı
bıçağı ürəyimə soxdu. "Sən
kimsən ki, əlini mənim arvadımın çiyninə
qoyursan?", - bu, eşitdiyim son söz oldu. Yerə
yıxıldım, ayılanda isə artıq xəstəxanada
idim. Bir ay xəstəxanada qaldım."
(Qan Turalının "Şaxta babanın qətli"
hekayəsindən).
"Samir,
Samiri..."də Qan Turalı maraqlı struktura malik
"Şaxta babanın qətli" hekayəsinə, daha dəqiq
desək, hekayədə yer alan Şaxta
babanın əhvalatına yenidən qayıtmağı
lazım bilmiş və bunu intertekstual üsulla gerçəkləşdirmişdir.
Lakin hekayədən fərqli olaraq, intertekstual
variantda ölümdən qurtulmuş "Şaxta
babanın" - bu hadisədən sonra Bakıya qayıdıb
restoranda ofisiant işləyən gənc aktyorun bəxti gətirir.
O, Kroçenin kastinqindən keçib filmdə çəkiləcək
baş rol ifaçısı kimi təsdiq olunur.
Əsəri oxuduqca bir daha əmin oluruq ki, əsl səhnə,
tamaşa elə həyatın, gerçəkliyin
özüdür. Bütün struktur mərhələləri
və detalları, faciəsi və dramatizmi ilə birlikdə.
Həyat adlanan bu böyük və mücərrəd
səhnədə hər bir insan öz rolunu oynayır. Bu zaman o, qeyri-iradi olaraq ən təbii, bənzərsiz
və təkrarsız aktyordur. Bu kontekstdə
Samirin də oynadığı ən yaxşı rol əsərin
sonunda qəfildən pərdələri çəkib
zalın işıqlarını yandıraraq Həbibin əlindən
tutub dəlisov bir qışqırıqla "Qalx ayağa,
öz rolumuzu oynayaq, bircə dəfə də
özümüz olaq. Qorxma, boş salona
oynayacağıq. Bizi heç kim
eşitməyəcək. Gəl...", -
deyib elə məhz özünü oynadığı rol olur.
"Samirin nə səsi, nə də
mimikası özünə oxşamırdı, gözlərində
qorxunc bir ifadə vardı. Sanki o yox, onun bədəninə
girmiş bir cin danışırdı. Səhnədə
var-gəl edirdi, sanki bir azdan monoloq deyəcəkdi.
.." Burada obrazın psixoloji dramatizmi daha
qabarıq şəkildə müşahidə olunur.
"Samir,
Samiri..." povestini mənəvi-əxlaqi məsuliyyətsizliyi
ilə sevdiyi qızın intiharına səbəb olan, peşəkar
aktyorluqdan ucuz şoumen səviyyəsinə enən Samir -
Samirinin faciəsi də adlandırmaq olar.
Əsərdə bir sıra məqamlarda obrazın mənəvi
özünütərbiyəsinə müəyyən qədər
cəhd göstərilsə də, bu xətt axıra qədər
davam etdirilmir, xəyanət-günah və cəza kontekstinin
davamı kimi mənəvi-əxlaqi tənəzzülü əsas
götürülür.
Əsərin sonunda Samiri yüngül əyləncə
şousunun - "Samiri şou"nun eyni səviyyəli və
tamada təsiri yaradan aparıcısı kimi təqdim olunur. Bu isə oxucuya televiziya
ekranlarından yaxşı tanış
olan bəzi şou verilişlərini və onların
aparıcılarını xatırladır.
"Samir,
Samiri..."nin müəllifi, ümumilikdə,
oxucunu düşündürə bilmişdir.
Yazıçı cəmiyyətdə mövcud olan bir
sıra problemləri təkrarçılığa yol vermədən
bədii təsvir predmetinə çevirməyə nail
olmuş, demək istədiklərini, fikir və
düşüncələrini bədii sözün vasitəsilə
oxucuya çatdıra bilmişdir. Ədəbiyyatşünas-alim
Tehran Əlişanoğlu povest haqqında fikrini qısaca
olaraq belə ifadə etmişdir: "Samir, Samiri..." Qan Turalı yenə təəccübləndirir.
Prokuror kimi prokuror ola bilir, aktyor kimi aktyor. Realist kimi realistdir, postmodernist soyuqluqla postmodernist.
Həm belletristdir, həm ciddi. Seçim
etmək qalır bir... Samir, ya Samiri?" Yazıçının seçimi Samirdir, lakin o,
Samirilərin və Samirləri Samiriyə çevirən amillərin
mövcudluğunu da inkar etmir. Və bu
kontekstdə yazıçı ilə oxucu qənaəti
üst-üstə düşür.
Aynur Xəlilova
Ədəbiyyat qazeti.-
2017.- 29 iyul.- S.26.