Afaq ŞIXLI
Tale - yollar
arası, geri dönməz gedənim.
Unudulmaq sırası ya sənindir, ya mənim.
PİANOM
Pianom susubdur, inciyib məndən...
Bəlkə də qismətə boyun əyibdi.
Məni
qısqanırdı səni
sevəndən,
Daha o da sənsiz qəribsəyibdi.
Pianom üşüyür, donur
dilləri,
Əllərim titrəyir, çala bilmirəm.
Sevgindən aldığım təsəlliləri
İndi nəğmələrdən ala bilmirəm.
Sənintək soyuqdur sənsizliyin
də!
Yoxluğun qəlbimi dərdə salıbdır.
Pianom inləyir səssizliyində...
O da mənim kimi
tənha qalıbdır.
TALEYIN AÇILMAZ OVUCUNDAYIQ
Ömür daş qəlibdə,
günlər qanadlı,
Aşılmaz bir dağın yamacındayıq.
Dərd
var içimizdə - ayrılıq adlı...
Hərəmiz dünyanın bir ucundayıq.
Həyat
var, sevinci sığır bir ana,
Sevinc var, dar gəlir cümlə-cahana.
Yaşayıb dözürük hər
imtahana,
Kim bilir qismətin
nə suçundayıq?!
Bitməyən arzular duranda üzə,
Tükənən imkanlar baxmaz ki, sözə...
"Azad ol" - desə də xəyallar bizə,
Taleyin açılmaz ovucundayıq!
NECƏ DÜŞÜM YADINA
Yadından çıxdıqca mən
yada dönür bədənim.
Fikrimizdən keçməyən
nə sənindi, nə mənim.
...Necə düşüm yadına,
barı bir yolu olsa!
Yada düşmək adına
bir sağı, solu olsa!
Yaddaş
adlı sarayın
pilləsi yox enməyə.
Nə bəhanə arayım
gözünə görünməyə?
Qəlbinə daşınmadım -
köçəndə yada düşəm.
Ya da, söhbətdə adım
keçəndə yada düşəm.
...Qismətdə bu da varmış,
dözə bilirsənsə,
döz!
Belə
yaddan çıxarmış
isti nəfəs, tanış üz...
Tale - yollararası,
geri dönməz gedənim.
Unudulmaq
sırası
ya sənindir, ya mənim.
CANIM VƏTƏN!
Canım
Vətən, qollarımı
açmışam,
Şəfqət eylə qucağına sığınım.
Keçənlərdə əlim səndən üzülüb,
Qismət
ola bu
çağına sığınım.
Qar ələnib gözdən
itən izimə...
Qınaqlıyam, soyuq baxma üzümə.
Səndən ayrı yer tapmıram özümə,
Bir bucaq ver bucağına
sığınım!
Bircə
yol da qəribinə
"canım" de!
Övladınam, "ürəyim" de, "qanım" de!
Odlar yurdu! Atəşində yanım, de,
Külün olum, ocağına
sığınım!
TƏK SƏNİ İSTƏRƏM BU YER
ÜZÜNDƏ
Tək səni istərəm bu yer üzündə,
Min arzu-diləyə dəyişmə
məni!
Gözələm, göyçəyəm - sənin gözündə,
Bu yerə, bu göyə dəyişmə
məni.
Dağ olsan, dolanım dumanın olum,
Xoş günə
ümidin, gümanın
olum.
Tar olsan, yanında kamanın olum,
Hər ötən tütəyə
dəyişmə məni!
Versələr aləmin varını
sənə,
Min bağın-bağçanın barını sənə,
Dünyanın ən gözəl
yarını sənə,
Heç
kimə, heç nəyə dəyişmə
məni!
DODAĞINDA QALMIŞAM
Yuxularda
buraxmazsan əlimi,
Xəyal olub otağında qalmışam.
Oxşayarsan balıncdakı telimi,
Tel-tel olub yatağında qalmışam.
Zindan olar sənə o dörd divarın,
Gəlişini duyammazsan baharın.
Hər yerdəyəm... qarşıdakı
çinarın
Sənə baxan budağında qalmışam.
Eşqim
- mərəz, sən
əlində naçarsan,
Bu dərdini axı
kimə açarsan?!
Afaq deyər: "Unut məni, bacarsan!
Sözə dönüb dodağında
qalmışam".
QÜRBƏT TÜRKÜSÜ...
Məcrası - zindanı, məlul
gölmüşəm...
Kimsələr duymaz ki, inləyəndə mən!
Təklikdən özümü iki
bölmüşəm,
Danışan da mənəm, dinləyən də mən.
Göylərə üz tutur ümid duası,
Sözlərim qayıdıb özümə
dəyir.
Könlümdən keçsə də
vətən havası,
Qürbətin küləyi üzümə
dəyir.
Vətəndən uzaqda - Azərbaycanam:
Onun nəgməsiyəm,
onun diliyəm.
Onun həvəsiylə yaşayan
canam,
Bir qərib ocağı, solmuş külüyəm..
Qəriban ruhumun indi ərki
nə?
Nə sola yolu
var, nə də ki sağa.
Sözlərim yetişmir könül
mülkünə,
Ümidim
dirənib çıxılmazlığa...
Özüm də bilmirəm
- hayana yönüm...
Hardayam, dünyanın
hec harasında?
Bulud da deyiləm yağışa dönüm,
Dolmuşam gecənin bir yarısında…
Ədəbiyyat qəzeti.- 2017.- 8
iyul.- S.25.