Əli Kərim üslubu, yaxud “gözləri yumaq

gərək, başqa cür görmək gərək...” -

 

 Əli Kərim kəskin tənqidlərə tuş gələn “Fraqmentlər” şerində deyirdi:

... Şeirlərimə baxıram,

Demə ölmüş günlərimdir,

Yanıb dəftərə tökülmüş günlərimdir...

Düşən axşam-səhər də hələ ömürdən deyil, onu son zərrəsinə qədər fəth etməsən. Bu şeir ənənəvi poetik düşüncəyə tərs mütənasib olduğuna görə tənqid edilirdi, həm də qulağa yatmayan bəzi ifadələrə görə (“sevgi toranı”, “ölüm sözünün polyar qışı” və sair). Amma gözün əlbəəl tutduğu, tənqidə yarayan göydəndüşmə ifadələr doğrudan da aranı qatır, poetik mətnin içindəki prosesi gizlədirdi. Bəs mətnin içində hansı proses gedirdi? Əli Kərim Azərbaycan yeni şeirində yeni dalğa idi. Yəni, yeni şeir dalğa-dalğa ötürülürdü. Təəssüf ki, bizim o dövrkü ədəbiyyatımız bu baxımdan yetərincə öyrənilməyib. Tənqidçilərin biri belə yazırdı: “Onun fikir və hiss dünyası mənim üçün dünyaların ən maraqlısıdır. O, konkret məkan, zaman və insanlardan danışmır, insandan və həyatdan söz açır. Buna görə də genişdir... Əgər o, bütün gücünü şeirə həsr edərsə, onda görərsiniz haralara gedib çıxacaqdır”. Bu sözləri vaxtilə Foruğ Fərruxzad keçən sərin 60-cı illərinin ən maraqlı modernist İran şairi Söhrab Sipehri haqqında yazmışdı. Sipehri isə bütün yaradıcılıq enerjisi ilə bunu deyirdi: “Gözləri yumaq gərək, başqa cür görmək gərək”.  (Sitatlar M.Məhəmmədinin tərcümə etdiyi “Suyun ayaq səsi” kitabına yazdığı “Vəcd ilə kəşf arasında” məqaləsindən götürülmüşdür). Bizim poeziyada Söhrab Sipehri ilə səsləşən bir şairin adını çəkə bilərik: Əli Kərim (İllər öncə mərhum Adillə söhbətlərimizdə Sipehridən danışardı, ancaq mətnlərini bilmədiyimizdən bu söhbət uzanmazdı; Sipehrinin təkcə şair kimi deyil, rəssam kimi də şöhrəti dünyanın hər yerinə yayılmış, sərgiləri Avrtopanın ən məşhur salonlarında göstərilmişdi). Əli Kərimin adı çəkilən şeirini diqqətlə oxusaq (və “yenilik” sözünü bir kənara qoysaq...) bu mətndə əsas poetik vurğunun sözlər arasında yaşadığının şahidi olarıq, özü də orijinal tərzdə. Bir duyğu, hiss... əvvəldən sona qədər misralar arasında gəzir, bu labirintdə sözün şüurda yaratdığı ənənəvi obrazlar dağılır, mətnə mistik, metafizik aura hakim kəsilir. Ancaq bu aura, bu cazibə qüvvəsi mətnin dibinə çökür, çökür ki, üst qatda poetik infromasiyanın zaman-zaman dəyişməsinə şərait yaratsın.

...Elə saatım var ki, ağac olub

Bir dost bağında,

Hər dəqiqəsi bir meyvəyə dönüb

Göy budağında.

Boynuna qol salıram saatımın

Otururam ömrümün

bir parçasının kölgəsində:

Düzürük qızıl yanaqlı dəqiqələri

On dörd günlük Ay-boşqaba,

yeyirik şirin-şirin.

         “Yeni dalğa” məsələsinə qayıdaq. Ədəbi prosesdə bir zamanlar hakim olan üslublar bitdiyi yerdə başqa bir rejimə keçir, ədəbi keçmiş və gələcəkdən informasiya toplayaraq gələcəyin poetik nəfəslərinə qatılırlar. Fars modernist şairi və rassamı Söhrab Sipehri (ən çox sevdiyi məşhur “hind üslubu” şairlərindən Saib Təbrizi idi) şair kimi “təbiətə dalmağı, təbiətin içində əriməyi” üstün tuturdu (yəni, Əli Kərimin diliylə desək, “mən bir bulaq görmüşəm, əslində görməmişəm...”). Onun fikrincə, bu zaman sən güllərin nəbzinin döyüntüsünü, ağacların yarpaqlarının nəfəsini eşidə bilərsən. Əli Kərimin şeirlərini oxuyanda da insanın (şairin-!) bütün vücudu ilə yerin təkindən, göylərin yeddinci qatından gələn səs və hənirlərə daldığını hiss edirsən (Xüsusən, “Mən azmaq istəyirəm” şeirində-!). Diqqət edin:

Söhrab Sipehridə:

Mən müsəlmanam.

Qibləm bir qızılgül.

Canamazım – bulaq, möhürüm – nur.

Səccadəm – çöl.

Mən dəstəmazı pəncərələrin titrəyişilə alıram.

Namazımda Ay axır, bütün rənglər axır.

Namazımın sonunda daş görünür:

Namazımın bütün zərrələri büllurlaşır.

Mən namazımı o zaman qılıram ki,

külək bir sərv ağacının başında azan vermiş olsun.

Mən namazımı otların təkbiri,

dalğaların iqaməsi ardınca qılıram.

Əli Kərimdə:

Gecə yağış yağdı...

səhərə qədər...

Başını salmışdı zanbaqlar gölə.

Onları qoruyur bu vaxt su sudan,

Amma güllər, otlar, başqa çiçəklər

Yağışın altında mərd durmuşdular.

Gün doğdu... hər yerdə parladı bahar.

Zanbaqlar başını suyun altında

Şirin bir yuxudan çəkdiyi zaman,

Amma güllər, otlar, başqa çiçəklər

Qaldırdı başını zərbə altından.

Hər şey, bütövlükdə hərəkət aşağıya yönəlir, yağış, leysan altında hər şey başını aşağı salır. Bədii mətn deyimi (yəni, özünü) içinə alır və çıxarıb təqdim edir. Yəni, pardaqlayır. Şeirdən qabaq ideya şəklində mövcud olan deyim mətn daxilində ilkin konstruksiyasını itirir, yeni düzümdə özündən qaçmağa, özgələşməyə meyl edir, ancaq bunu bacarmayacağı bəri başdan məlumdur. Bu “səmərəsiz” cəhd sonradan, yəni bir an içində ideyada mövcud olmayan, yaxud sadəcə eyham biçimində var olan işarələri özünə qatıb mükəmməlləşir. Bu səbəbdən Əli Kərimin şeirində bütün artıq və lazımsız təfərrüatlar kəsilir, “içiboş” epitetlər yerini dolğun detallara verir. Onun “Oğluma” adlı şeirindəki obrazlar – uşağın iki şəxsin söhbətlərini havada dənləməsi, karandaşın ucuna alıb rəsm etməsi elə onun poetik sistemini bəlirləyən xüsusiyyətlərdəndir. Əli Kərim də qulağını zaman adlı nəhrə dayayaıb gələn uğultudan çıxan bəlkə də mikroskopik ştrixləri “dənləyir”, bədii mətnə çevirirdi. “Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada” tipli şeirlərində artıq bir yox, bir neçə detal arasındakı hərəkəti nişan alır, onların ümumi mətləbdən uzaqlaşma və yaxınlaşma hərəkətini bütün görüntü gücü ilə təqdim edirdi. Bunlar konseptual şeirlər idi. Daha doğrusu, konseptual şeirə doğru gedən yol idi. 

Bu iki fərqli şeiri bir-birinin davamı kimi oxumaq olarmı? Düşünürdüm ki, olmaz, çünki onlar fərqli dünyaduyum və “assosiativ seyrdən” qaynaqlanır. Adi bir hadisə - namaz palitarnın bütün rənglərində görünür, bundan vaz keçilir, mətn boyu işlədilən bütün obrazlar bir nöqtəyə yığılaraq dünyanın poetik dərkinin fərqli mərhələsinə adlayır. Ancaq birdən Sipehrinin rəsm əsərlərinə baxdım, o əsərlərdə başını suya salıb gecələr mürgüləyən zanbaqları, suyun dibində pıçıldaşan daşları, mavi suların içiylə üzən sevgini – qırmızı balıqları, ağacların kürək-kürəyə söykənib üfüqə səyahət etməsini, üfüqlərin qaşında kükrəyən atları, Kürə yağan yağış damcılarının parçalanıb rəngdən-rəngə düşdüyünü gördüm.

Hər iki şairin yaradıcılığında “su”, “alma”, “gecə”, “daş” simvolikasını izləmək maraqlı olardı. Söhrab Sipehridən bəhs edən mənbədə qeyd edildiyi kimi, “...məsələ bundadır ki, Söhrab yeni fars poeziyasında görünməmiş, qeyri-adi bir sintez həyata keçirmişdir və onun dünyaya baxışı universal səciyyəlidir. Buradan onun “hind üslubu” şairlərinə xüsusi marağının kökü aydınlaşır”. Bizim poeziyada da yeni poeziyanın “yeni dalğası”ndan məqsəd məhz müasir dünya ədəbiyyatına inteqrasiyanı həyata keçirmək idi, yəni, universal xarakterli idi.  

Funksiya və missiyanın oxşarlığı bu iki modernist şairin fərqli üslublarını istisna etmir. Söhrab Sipehrinin mətnlərində keçmiş əyyamların haçansa qırılmış, yaddaşdan düşmüş fraqmentlərini uc-uca calayıb qəribə və sehrli assosiasiya zənciri yaratmaq cəhdləri var. Sehrli nağıl effekti. Onun “Ünvan” şeiri bu mənada xarakterikdir. Bunu anlamaq üçün şeiri bütünlüklə vermək lazımdır.

 “Dostun evi hardadır?”deyə,

dan yeri ağaranda, süvari soruşdu.

Asiman duruxdu.

Yolçu dodağındakı nur budağını qumların qaranlığına bağışladı

barmağı ilə qovağı göstərib dedi:

“Ağaca çatmamış, Tanrının yuxusundan da yaşıl bir bağ yolu var

orada sevgi sədaqətin qanadları qədər mavidir.

O küçənin yetkinlik boylanan sonunadək gedərsən,

sonra tənhalıq gülünə doğru dönərsən,

gülə iki addım qalmış,

yerin əbədi əsatir fəvvarəsinin yanında dayanarsan

səni şəffaf bir qorxu bürüyər.

Səmimiyyət süzülən o fəzada bir xışıltı eşidərsən:

Bir uşaq görərsən,

nur yuvasından bala götürmək üçün hündür şam ağacına dırmaşıb.

Ondan soruşarsan dostun evi hardadır”.

Digər obraz və detallarla bərabər “əsatir fəvvarəsi” simvolikası da bədii mətndə şair və şeir obrazının açılıb-pardaqlanmasına yardımçı olur. Şeirin başlanğıcındakı “dan yeri ağaranda” deyimi sərgüzəştin bütün daxili sirlərini ortaya qoyur. Əli Kərimin “Göydəmir at” şeirində başqa mənzərənin şahidi oluruq. Bu mətndə real və irreal anlamların bir nöqtədə görüşməsi, daşıdıqları funksiyaların iç-içə keçməsi müşahidə olunur. Fərqli şeylər bir nöqtədə görüşüb bir anlığa hər şeyi, hamını çətiri altına yığır. Prosesin dinamikası elə verilir ki, qəfildən “üzəngidə yüksələn çapar” (bütün yarış iştirakçılarının göylərdə çapan atın üzəngisində olması-!) obrazı yaranıb-formalaşır (Əli Kərimdə bu kimi ani keçidlər hər şeirində baş verir). Söhrab Sipehrinin şeirindəsə ümumi olan şey mətn boyu parçalanır, xassəsini ayrı-ayrılqıda, az qala nöqtəbənöqtə faş edir, buna görə onda “əsatir fəvvarəsi”, “şəffaf qorxu”, “Tanrının yuxusundan da yaşıl bir bağ” obrazları daha işlək və funksionaldır. Şeirdəki obraz-deyimlər (“süvari”, “asiman”, “dan yeri”, ”“yolçu”, “tənhalıq gülü”, “şəffaf qorxu”...) sadəcə belə deyək, rəssam fırçasından süzülən ifadələr deyildir, nələrisə müqayisə eləmək, obrazı rəng qatışığında nümayiş etdirmək məqsədi daşımır, mətnin daxili sərgüzəşti mümkün olanla mümkünsüzlüyün anidən rastlaşıb ayrıldıqları məqamda açılır, yaxud şərh edilir.

Əli Kərimin şeirinin intonasiyasında “fəvvarə effekti” var (suyu kəsilib-verilən fəvvarə...), obraz, detal nəsr dəqiqliyi ilə verilir, obrazın yaranma dinamikası hərəkəti elə libasda təqdim edir ki, bunun son məqam olduğunu, yaxud yeni başlanğıca yol açdığını duyursan.  Göydəmir at yarışda yolu dişiylə, dırnağıyla döşünə çəkir, hamı vahimələnib susduqda, bütün məsafələrin, içə çəkilən nəfəsin və sükutun üstündən atlanır. Göydəmir at yerdə, şumlanmış torpaqda çapmaqdan vaz keçir, göylərə çəkilir...

Dünyanın müxtəlif yerlərində olur ki, tanrı bir-birinə bənzəyən iki şair yaradır. Onlar necə deyim, dayaz suların içində okean kəşf edirlər. Bir damcı suda yaddaşın ayaq səslərini, dünyanın “ilk simfoniyasını” eşidir, şeirə, peoziyaya yeni notlar qatırlar. Onların intonasiyası bir-birindən olsun ki, kəskin fərqlənir, ancaq bütün məsələ bu fərqi poeziya dilində fəhm etməklə bağlıdır....

 

Cavanşir Yusifli

 

Ədəbiyyat qəzeti.- 2017.- 8 iyul.- S.4-5.