Təpələrin arxasında
2015-ci ildə Nobel mükafatına layiq görülmüş Belarus yazıçısı Svetlana Aleksiyeviçin "Müharibə qadın simalı deyil" kitabı bütünlüklə İkinci Dünya müharibəsində iştirak edən qadınlar haqqndadır. Daha doğrusu həmin müharibədən sağ qalıb evlərinə qayıdan qadınlar haqqında...
Aleksiyeviç onları bir-bir danışdırır, xatirələrini dindirir, bəzən onlarla birgə ağlayıb kədərlənir və susur. Arada müəllif öz əlavələrini edir. O, bildirir ki, həmin kitaba başlayandan sonra araşdırmalar zamanı öz xatirələrini nəql etmək istəyən yüzlərlə, minlərə keçmiş döyüşçü qadınlar ona müraciət etməyə başladılar. Həmin qadınlar uzun illər idi ki, susmuşdular. Onları dindirib, danışdıran, ağrılarına toxunan olmamışdı, sanki, yazıçının bu kitabı onlara bir təsəlli, sitəm yeri olmuşdu. Bu qədər qadının xatirələrini isə əlbəttə bir kitaba sığışdırmaq mümkün olmadığından yazıçı qərara gəlir ki, müharibədə iştirak edən qadınların adlarını peşələrinə görə kitaba daxil etsin. Tankçı, təyyarəçi, cərrah, sursat daşıyan, partizan, aşpaz, camaşırcı və.s.
Müəllif həm də qadının hansı peşə və situasiyalarda nələrlə rastlaşdığını, nələr edə biləcəyini, hansı hislər yaşadığını müəyyənləşdirmək istəyirdi. Misal üçün aşpaz qadın qeyd edir ki, "döyüşdən əvvəl böyük qazanda düyü sıyığı bişirmişdim. Amma döyüşdən heç kim salamat qayıtmadığından sıyıq eləcə ocaq başında qaldı. Bir qazan düyü sıyığı..."
Aleksiyeviçin haqqında bəhs etdiyim kitabından yola çıxaraq qeyd edim ki, istər ədəbiyyatda, istərsə də kinoda qadın həmişə maraq dairəsində olur. Amma hansı və necə qadınlar?
Dünya kinosunu bir kənara qoysaq, bizim filmlərimizdən ən çox yadımda qalan qadınlar həkim, kolxozçu, qəhrəman, müğənni, vəkil, aktrisa və s. peşə sahibləri olan qadınlar olub. Sanki rejissorlar məişət qadınını elə məişətin hansısa bir küncündə unudublar. İndi bu məişət sözünün üzərinə bir də əyalət sözünü gəlsəm, bütün bunların ardınca da qısa metrajlı sənədli film adı çəksəm, yəqin ki, vəziyyət bir az da tündləşəcək.
Vəziyyətin tündləşməsinə isə hacət yoxdur. Bu yaxınlarda desəm yalan olar, ötən qış gənc rejissor Elvin Adıgözəlin cüzi büdcə hesabına lentə alınmış "Təpələrin arxasında" qısametrajlı sənədli filminə baxmışdım. Film cəmi on doqquz dəqiqədən ibarət idi. Lakin, bu qısa vaxt ərzində o qədər sakit, rahat bir atmosferə düşmüşdüm ki, belə situasiyaları çox az film seyrində yaşayıram. Bu yaxınlarda yenidən həmin filmə baxmağı arzuladım. Çünki daima meqapolis şəhərin, küləkli paytaxtın qulaq didən uğultusundan yorulan adi şəhər sakinin filmdəki kənd havasına, təbiətindəki sükutun səsinə həqiqətən də ehtiyacı var.
Film ucqar dağ kəndindəki komacıqda yaşayan üç qadının həyatına rejissor kamerasından sadə, gündəlik bir baxışdır. Film, qadınlardan birinin xəstəxanaya aparılması və ona həkim müdaxiləsi ilə başlayır. Çarpayıda uzanmış, qoluna sistem vurulan qadının ən çox qabarlanıb, gündən qaralmış zəhmətkeş əlləri kameranın diqqət mərkəzindədir.
Daha sonra toranlaşan havanın fonunda xəstəxana həyəti və onun pəncərələrində yanan işıqlar nəzərə çarpır. Qadını evinə aparan avtomobilin pəncərəsindən kənd evlərində də yanan işıqlar gözə dəyir. Rejissor qısa mesajı elə başlanğıcda tamaşaçıya ötürür: Şər qarışanda evlərin pəncərələrindəki işıqlar yanmağa başlayır, həm də xəstəxananın işıqları. Yaşam hər yerdə davam edir...
Xəstəxanadan sonra qadın gündəlik həyatına geri qayıdır. Heyvanları digər qadınlardan biri ilə örüşə aparır, daha sonra evə gəlirlər yaşlı qadın ocaq qalayır, cavan qadınlardan biri vanada paltar yuyur, digəri də hansısa işlə məşğuldur. Bütün bunların fonunda rejissor təbiət, dağ mənzərələrini heyrətamiz şəkildə kameraya ötürür. Dağları, dərələri aşıb keçən duman ortama xüsusi bir soyuqluq verir.
Şam zamanı süfrədə iki qadın, bir kişi əyləşir. Kamera onu yandan göstərir. Kişi süfrədəki xörəyə toxunmur, qanıqara və xeyli əsəbidir. Yeri gəlmişkən ailədə bircə kişi var. Amma onun kim olduğu ümumiyyətlə bilinmir. Ata, ardaş, ər, və.s. Həmin kişi həm də əyalətdə yaşayan işsiz, gücsüz, gərgin və yeksənək həyat yaşamağa məhkum olmuş kişilərin ümumiləşdirilmiş obrazıdır.
Şam yeməyindən
sonra qadınlar televizora baxırlar. Tez-tez kanalları
dəyişirlər. Televizor onların
bu ucqar kəndlərindəki komalarından
dünyaya açılan
bir pəncərəyə
bənzəyir. Kanalları dəyişən
zaman onlar müxtəlif dünyalara
düşürlər və
tezliklə də həmin dünyalardan çıxıb öz komalarına qayıdırlar.
Türkiyə kanallarının birində yayımlanan məşhur evlilik proqramı belə onlara o qədər maraqlı gəlmir. Çünki bu qadınların
artıq ömürlərin
sonlarına qədər
bağlı olduqları
bir həyat tərzi var. Bu kənardan baxan insan üçün
nə qədər maraqsız, monoton görsənsə də, qadınların özləri
üçün doğmadır.
İstəsələr də,
istəməsələr də...
Onlar həmin həyatda yaşayırlar, dincəlirlər,
görəcəkləri işləri
əvvəlcədən planlaşdırırlar.
Və görünüşə baxılırsa,
həmin həyat onlar üçün məqbuldur. Çünki, mənsub olduqları mühitdədirlər.
Obrazlar çox az
halda dialoq qururlar. Filmdə heç bir musiqidən istifadə olunmasa da boşluq
hiss olunmur. Rejissor təbiət səslərini
fona verməklə filmin gedişatına qəribə bir harmoniya qatıb. Dağların arasında əks-səda
verən hava kütlələrinin, küləyin,
heyvanların səsi,
qurumuş kolların cıtırtısı insana
kainatın, təbiətin
bir parçası olması hissini xatırladır.
Filmdəki rənglər də xüsusi ardıcıllıqla
seçilib. Heyvanların otlamasına göz
qoyan qadınlardan birinin mavi idman
geyimi sanki tez-tez kameraya görünən səma ilə eyni ahəngi
daşıyır. Və yaxud
da televizoru izləyən zaman otaqdakı əşyaların
və obrazların geyimlərindəki qarışıq
və tünd rənglər dağ kəndində olan komanın istiliyinə, doğmalığına bir
işarədir.
Ümumilikdə Elvin Adıgözəlin bu qısa sənədli filmini həm təbiət, həm də qadın filmi adlandırmaq olar. Film boyu hərəkət edən qadınlardı, yenə xatırladıram ki, məişət qadınları,
amma onlar dağ başından, sivilizasiyadan nisbətən
uzaq bir ortamdadırlar. Onlar üçün
internet, teatr, restoranlar
maraqlı deyil.
Ölkədə bu cür qadınların sayı, minlərcə bəlkə də yüz minlərlədir. Məkan və şərait baxımından bu qadınlar qaçqın şəhərciyində, qırx, əlli dərəcə istinin altında dəmir vaqonlarda yaşayan qadınlardan daha xöşbəxtdirlər. Amma ortaq nöqtə yenə də eynidir. Qadın məişətə məhkumdur. Rejissor sanki bu filmlə demək istəyir ki, bizim qadınlar təkcə Nazpəri Dostəliyevadan, Aygün Kazımovadan, Məleykə Əsədovadan ibarət deyil. Bizdə həm də ömrünün sonuna qədər heç kimin xəbəri olmadan ucqar dağ kəndində yaşayıb həyatını başa vuran əyalət, kənd qadınları var ki, sivilizasiya və müasirlik onların yanından ötüb keçir. Toxunmadan... Onlar heyvan otarırlar, təndirə çorək yapırlar, tövlə təmizləyirlər.
Həyat gerçəkliklərini
təbii formada tamşaçıya təqdim
edən gənc rejissorun digər filmləri
və quruluş verdiyi
teatr tamaşaları ilə də
tanış olduğumdan son
olaraq onu deyə bilərəm
ki, "Təpələrin
arxasında" qısa metrajlı sənədli filmi Elvini uğurlu
kinoya aparan yolun başlanğıcıdır. Ümid edirəm ki, Təpələrin
arxasından boylanan günəş hər
zaman parlaq olacaq.
Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2017.- 8
iyul.- S.7.