Mənim Seyid Əzimim
Esse
Dünyanı idarə edən ictimai fikirdir. Odur ki, həmin
bioloji mühitdə yaranaraq formalaşan insan ümumi ictimai
fikrə zidd gedirsə, cəmiyyətdən
dışlanır. Çünki cəmiyyətin
ümumi, amansız qanunu "bizim kimi olmayan bizdən
deyil" gerçəyini diktə edir. Seyid
Əzim Şirvani doğulub böyüdüyü cəmiyyətin
qanunlarına baş əyməyən və qarşı
çıxan fərqli düşüncəli biri kimi cəmiyyət
tərəfindən anlaşılmırdı. Bütün hörmət və sevgiyə baxmayaraq, həm
də qəbullanmırdı. Bu cür həyat
faktları istər-istəməz sənətkarın
yaradıcılığında əksini tapırdı.
Mütəxəssislər müəllifin şəxsiyyət
konsepsiyasının onun "mən konsepsiyası" ilə
birləşdiyini qeyd edirlər. Həqiqətən, müəllifin
yaratdığı obraz əksərən bir az
da onun özünü ifadə edir. Amma bu,
yazarın şəxsiyyəti ilə
yaradıcılığını birləşdirmək
anlamına gəlmir. Yanlış bir qənaət
var ki, müəllif nə yazsa, mətnin içində onun
özünü axtarmaq lazımdır. Məncə,
bu, daha çox yazıçının, şairin xəyal
gücünə inanmamaqdan irəli gəlir. Belə bir
fikir də var ki, şəxsiyyəti olmayan adam
yaxşı əsər yaza bilməz. Halbuki həyatda
bunun əksini iddia edəcəyimiz yüzlərlə nümunə
var. Yaradıcılığı ilə tanıyıb
sevdiyimiz və özünü tanıyınca "kaş
tanımayaydım" deyə təəssüf edəcəyimiz
böyük sənətkarlar var və olub. Bu baxımdan
demək olar ki, müəllifin şəxsiyyət konsepsiyasının
bütün hallarda onun "mən konsepsiyası"nı əks etdirməsi ilə
razılaşmıram.
Bioloji olaraq dünyaya gələn insan fərdi
xüsusiyyətlər kəsb edərək fərdiyyətə
çevrilirsə, şəxsiyyət olması
üçün ictimai mühitdə yetişməsi vacibdir. Mühitin
şəxsiyyətə, onun inkişafına təsiri
haqqında müxtəlif fikirlər mövcuddur. Məsələn, biheviorizm, praqmatizm cərəyanlarının
nümayəndələri belə hesab edirlər ki, şəxsiyyətin
vəzifəsi mövcud ictimai mühitə
uyğunlaşmaqdan ibarətdir. Fransız
materialistləri də insanı mühitin passiv məhsulu hesab
etmişlər. Marksistlər isə deyirdilər, insanla
mühit daim qarşılıqlı əlaqədədir:
mühit insana təsir etiyi kimi, insan da mühiti dəyişdirir,
yeniləşdirir. Yəni insanlar şəraitin
və tərbiyənin məhsulu olsa da, həmin şəraitin
özünü də insan yaradır. İnsanın
fərqli ictimai mühiti formalaşdırması uzunmüddətli
bir prosesdir.
Əvvəlcə
Dağıstanın Yaqsay kəndində babasının
yanında 11 il yaşayan və yaxşı təhsil alan, sonra
isə Şərqin qabaqcıl elm və mədəniyyət mərkəzlərinə
üz tutaraq savadını, dünyagörüşünü
artıran, möhkəmlədən Seyid Əzim geriyə
dönərkən qoyub getdiyi cəmiyyətin geriliyinə, cəhalətə,
insanların könüllü şəkildə avam yerinə
qoyulmasına göz yuma bilmirdi. Üstəlik,
aldığı ruhani təhsil də öz doğma
diyarında həyat tərzinə çevrilmiş dini dünyagörüşdən
xeyli fərqli idi. Odur ki, ziyalı olaraq, sükutun
kütləvi silah kimi zərərli olduğunu dərk etdiyindən
susa bilmirdi; sözünü, səsini
çatdıra biləcəyi əsasən
yaradıcılığı olduğundan onun vasitəsilə
fikirlərini, etirazını izhar edirdi.
İlk səfərində
Şamda və Bağdadda ruhani təhsil alan
şairin ikinci səyahəti öncə Məkkə və Mədinəyə,
daha sonra isə Misir və Suriyaya olmuşdur. Rübailərindən
onun İrana da səyahət etdiyi aydın olur. Deməli, Seyid Əzim Şirvani XIX əsrdə
sufizmin sürətlə yayıldığı müsəlman
mərkəzlərindən bəzilərində olmuş və
özünün yazdığı kimi, "arifanə kəsbi-ülum"
etmişdir.
Baxmayaraq
ki, sovet tədqiqatçıları Seyid Əzim Şirvaninin ərəb
ölkələrində məhz dini təhsil
aldığına peşman olduğunu və əməyinin buna görə zay
olduğundan şikayətləndiyini qeyd edirdilər, əslində,
şair əldə etdiyi elminin dərk olunmadığına
görə zay olduğunu yazır, qeyd edirdi ki, camaat onun fəlsəfi
biliklərinin heç bir xeyri olmadığını,
hamının başa düşə biləcəyi sadə
hekayətlər yazmasını tələb edir.
Nə gərəkdir
hekayəti-xilqət,
Nə gərəkdir bizə o keyfiyyət?!
Bu nə
sözdür ki, xəlqi-kövnü fəsad
Nə qərar ilə oldular iycad?!
Nə gərəkdir
fəzilət izharı,
Haq-təala bilir bu əsrarı.
Dövrünün onu anlamayan adamlarının dilindən
verilən bu sözlərdə onun dini bilgilərinin səmərəsizliyindən
bəhs olunmur, fəlsəfi biliklərin
lazımsızlığından danışılır. Odur ki, bu vəziyyətdən
yorulub-usanan şair belə bir nəticəyə gəlir ki, əgər
zəmanə sənə uyğunlaşa bilmirsə, gərək
sən özün zəmanə ilə ayaqlaşasan.
"Mərifət şərhin etmə nadanə, Səni eylər
hesab divanə", - deyə oğluna müraciətlə
hamının anlaya biləcəyi bir dildə
danışmağı məsləhət görür. Deməli, bu şeirdə Seyid Əzimin məqsədi
Şərq ölkələrində əldə etdiyi biliklərin
səmərəsizliyindən söz açmaq deyil, əksəriyyət
tərəfindən anlaşılmadığını bəyan
etmək olmuşdur.
Çünki
bilikli və cahil, arif və nadan arasındakı fərqli,
zidd dünyagörüş arada uçurum yaradırdı. Fərqli fikir, söz, əməl,
bütövlükdə fərqli dünyagörüşü
cəmiyyətlə fərd arasında keçilməz sədd
yaradır. Cəmiyyət heç vaxt fərdlərə
fərqlilikləri bağışlamır; gec, ya tez fərqliləri
özlərindən biri etməyə nail olur. Nadirən başa gələn mənəvi qələbələr
isə böyük qurbanlar tələb edir.
Sosial məzmunlu satira o zaman meydana çıxır ki, cəmiyyət
özünə güləcək qədər inkişaf
etmiş olur.
Seyid Əzimi satirik kimi yetişdirən
mühitdə tənqid hədəfinə tuş gələcək
o qədər nöqsanlar vardı ki, onun bir ziyalı kimi bu
nöqsanlara göz yumması mümkün deyildi. Lakin fikir versək, görərik ki, Seyid Əzimin
davası yalnız riyakar ruhanilər və kiçikçinli
məmurlarla idi. İctimai məzmunlu lirikasında əsas
tənqid hədəfləri daha çox zahid, vaiz, abid kimi
yalançı ruhanilər; satiralarında xalqdan istifadə edən,
dərisini soyan "sahibi-ixtiyarlar": xanlar, bəylər,
qazilər, məhkəmə üzvləri, pristavlar, kvartallar
və s. idi. Maraqlıdır, Seyid Əzim
bütün bu haqsızlıqların arxasında çar
hakimiyyətinin durduğunu bilmirdimi?
Dövrünün bir çox sənətkarları kimi,
Seyid Əzimin də dünyagörüşündəki məhdud
və ziddiyyətli cəhət ondan ibarət idi ki, o,
bütövlükdə sinifli cəmiyyətin
mövcudluğunu inkar etmirdi. O, problemin kökünü dərində
axtarmır, yalnız üzdə olanı görə bilirdi. Şairin fikrincə, bəylərin, xanların
yaxşı insan olması, kəndlilərlə insaflı
davranması problemdən çıxış yolu olardı.
Seyid Əzim nə çar imperiyasının
hakimiyyətini, nə də xan, bəy siniflərinin
mövcudiyyətini cəmiyyətin ən böyük bəlası
hesab etmir və bütövlükdə quruluşu inkar edəcək,
ona güləcək qədər kəskin yazmırdı.
S.Ə.Şirvaninin yaradıcılığında
bilavasitə hakimiyyət başçılarından şikayət
yox dərəcəsindədir, biz onun şeirlərində,
xüsusilə də, mənzum məktublarında daha çox
çarı mədh etməsinin, onun ünvanına dua və
sənalar yağdırdığının şahidi oluruq. Şairin Hacı Səid
Ünsizadəyə yazdığı mənzum məktubunda
oxuyuruq:
İradə
eyləsə bir qövmə xeyrin feyzi-rəbbani,
Olur bir padşahi-adil ol qövmün nigəhbani.
Bihəmdüllah
kim, sultan bizə bir zati-alidir -
Ki, ədlindən olubdur gürg çöldə bərrə
çubani.
...Aleksandr Aleksandrnəsəb kim, ədlü rəfətdə
Bu iki zatə yoxdur aləm içrə salisü sani.
Yaxud "Şamaxının vəziyyətinin təsviri"
şeirində camaat hələ köhnə borclarını
qaytarmamış yeni fərmanın çıxmasından - bəyin
töycü pulu yığmasından şikayətlənən
Seyid Əzim deyir ki, nə qədər yalvarsaq da, bizə
möhlət vermirlər. Amma şair əmindir
ki, imperatorun bu vəziyyətdən xəbəri yoxdur, əks
təqdirdə onları çətinlikdə qoymazdı.
İmperatur
bu əhvaldan olsa hali,
Razı
olmaz ki pərişan ola xəlqin hali.
Ey
"Ziya", yaz qəzetə, şərh elə bu əhvali,
Sənə, ey kani-ədəb, xəlqdə minnət
görünür.
Daim xalqının dərdləri ilə yaşayan
şairimiz ölkədəki hərc-mərclik,
özbaşınalıq və dərəbəyliyi məhz
Rus imperiyasının işğalçı siyasəti nəticəsində
meydana gələn bir vəziyyət kimi dəyərləndirmirdi. Odur ki,
1883-cü ilin mayında çar III Aleksandrın tacqoyma mərasimi
münasibətilə Şamaxıda keçirilmiş təntənəli
yığıncaqda fəal iştirak etmiş və elə həmin
vaxt tamamladığı dərsliyi bu münasibətlə
"Tacül-kütub" adlandırmışdır. Bunları, eyni zamanda, "siyasi cəhətdən
şübhəli" sayılan şairin özünü
hücumlardan qoruma üsulu kimi də dəyərləndirmək
olar. Çünki məqsədim nə
Seyid Əzim Şirvanini "inqilabçı" olmamaqda
qınamaq, nə də gərəksiz müdafiəsinə
qalxmaq, bütləşdirməyə çalışmaqdır.
Nə onların bizim müdafiəmizə ehtiyacları var, nə
də bizim məqsədimiz kimlərisə tənqid etməklə
cürətli görünməkdir...
Seyidin
poeziyasındakı insan və sevgi münasibətlərini
"aşiq və məşuqə", "bəndə və
Yaradan" deyə 2 cür təsnif etmək olar. Aşiqin sevdiyi qadına da, fövqəlqüvvəyə
də olan sevgisi intəhasızlığına görə
seçilir. Seyid Əzimin həyat tərzi etibarilə sufi olduğunu sübut edən heç bir dəlilimiz
olmasa da, lirikasının əsasını təsəvvüf
poeziyası tutur - müstəqim mənalı şeirlərinin
də çoxluğuna baxmayaraq, daha çox təsəvvüf
şairidir. Onun poeziyasında yar heç də
həmişə Allahı, mey isə eşq şərabını
ifadə etmir. Bununla belə, müqayisə
etdikdə təsəvvüf yüklü şeirləri xeyli
üstünlük təşkil edir. Fikrimcə, şair
üçün sufi - realiyaların
fövqünə qalxan, ucalan, bir mənada ilahiləşən
bəndə; aşiq onun idealı, arzusunda olduğu obraz idi -
Seyid Əzim təsəvvüf həyatını
yaratdığı şeirlərdə yaşayırdı.
Olan vaqif
özündən, eşqdə biganədir bizdən,
Özündən
kimsə kim, biganədir, ol
aşinamızdır.
"Sufi kimdir?" sualına veriləcək ən
yaxşı cavablardan biri hesab oluna bilən bu şeirin hər
beytində müəllif "biz" deyə
tanıtdığı insanların hansı
dünyagörüşə, düşüncəyə malik
olduğunu açıqlayır. Tədqiqatçı K.Ernst sufizm
haqqında geniş, əhatəli tədqiqatlarının
sonunda belə bir lakonik nəticəyə gəlir: "Sufi -
o insandır ki, o, yoxdur." Həqiqətən də,
özünü onu yaradana təslim edən aşiq bəndə,
başqa sözlə, sufi özünün
varlığını unudaraq, yoxluq aləminə qərq
olur, fiziki və cismani istək və arzuları onun
üçün ikinci dərəcəli zövqə çevrilir,
birinci yerdə Tanrıya qovuşmaq, onun sevgisinə,
vüsalına nail olmaq durur.
Fikrimcə, insan sevgisinin intəhasızlığı
özünün uydurduğu illyuziyadır və insan ona
inanmaq istədiyi üçün inanır. Bu inama
tutunmadan yaşamaq faciəni dərk etmək və əzab
çəkmək deməkdir.
Nə Məcnunam
ki, vəhşət eyləyim
Leyla cəfasından,
Düşəm
səhrayə sərgərdan
qəmi-eşqin
bəlasından.
Nə Fərhadəm
ki, dağlarda vuram öz başıma tişə,
Qurtarmaqçın bu şirin canımı hicran xətasından.
Vətəndə
cövri-canan xoşdu
qürbət
içrə rahətdən,
Xudavəndə,
qurtarma sən məni
canan cəfasından.
Sevmək zövqünü dadan, duyan, içdən-içə
yaşayan aşiq bu zövqü rahatlığa, asan ömrə,
cəfadan qurtulmağa qurban vermir, verə bilmir. Çünki
bu sevgi onun tapınağıdır, üz tutduğu qibləsidir,
onu tapmışkən nəyəsə xatir itirmək, qurban
vermək istəmir. Bu sonsuzluq və
özünü aşmaqla, fövqəlinsani hisslər
yaşamaqla insan özünün əsl mahiyyətindən
qismən uzaqlaşaraq fövqəlmahiyyət kəsb edir,
ilahiləşir.
Seyid
Əzimin lirikasında insanın iç dünyasına
baxmağa sövq edən daha bir məqam tövbə motividir.
Klassik Şərq ədəbiyyatında
çox geniş yayılmasa da, tövbənamələrin
maraqlı nümunələri var. Amma Seyiddə bu, bir qədər
fərqli, orijinal şəkildə meydana çıxır.
Belə ki, tövbəsi ilə qarşımıza
çıxan (əslində isə Yaradanın
qarşısında duran) günahkar bəndə hələ
özü üçün nə istədiyini tam olaraq müəyyənləşdirə
bilməyib.
İçib
hər şam mey yar ilə, etdim hər səhər tövbə,
Sınar
saətbəsaət, şişeyi-meydir məgər tövbə?..
...Əgər
əhli-hünərsən, tövbədən qıl tövbə,
ey
Seyyid,
Və gər nə, eyləməzlər badədən əhli-hünər
tövbə.
Tövbə mütləq bir günahdan və
günahın dərkindən, onu qəbullanmaqdan sonra gəlir. Günah hissi
yoxdursa, tövbə də içdən, səmimi deyil. Seyid Əzimin bu misralarında məhz şəriətin
hökmü ilə günah olanı dini görüşləri
ilə qəbul edən lirik qəhrəman bu günahı qəbullanmaqda
səmimi olmadığını dilə gətirərək
tövbədən də tövbə edir.
S.Ə.Şirvaninin yaratdığı obraz bütün
bu mürəkkəb, ziddiyyətli cəhətləri ilə
heç bir şəkildə şişirdilmiş obraz deyil -
sətirlər arasında hətta ilk baxışda sezilmədikdə
belə, suallar verən, suallar qarşısında aciz qalan, bəzən
psixoloji tarazlığını qoruya bilən, bəzən
bunu bacarmayan hərtərəfli insan obrazıdır.
Deyə bilərik ki, insan özünü Yaradanda
tapıbsa, suala gərək qalmaz. Lakin məsələ də məhz
bundadır ki, inancının ən yüksək zirvəsinə,
az qala kamillik səviyyəsinə
çatan insanın içində baş qaldırır bu
suallar. Təkcə ədəbiyyatın deyil,
bütövlükdə sənətin mahiyyəti ortaya
çıxara bildiyi suallarda gizlidir. Sual
qoyulmazsa, cavab aranmaz. Arandıqca daha
çox öyrənməyə meyl edirik. Seyid
Əzim poeziyası da insanın daim suallar qarşısında
qalması ilə düşündürəndir.
Mətanət Vahid
Ədəbiyyat qəzeti.- 2017.- 8 iyul.- S.9.