İnsan şüuruna daxil olmanın
yolları
Deyl Karnegi
Əgər siz yüksək tonla sərt sözləri qarşınızdakı insana desəniz, az da olsa sakitləşəcəksiniz. Amma onun sizə nisbətən sakit olacağını təyin etmək çətin deyil.
Vudro Vilson deyirdi: “Əgər sən mənim yanıma bərkimiş yumuruqlarınla gəlsən, səni ondan da böyük yumruqlarımla qarşılayacağıma şübhən olmasın. Əgər “gəl oturaq bir az söhbət edək” cümləsi ilə müraciət etsən, səni mülayim sözlərlə salamlayacağıma əmin ola bilərsən. Məhz belə mülayim söhbətlərdən sonra insanların bir-birinə hörmətləri artır və onlar söhbət əsnasında oxşar cəhətlərini tapırlar”.
1915-ci il Amerika istehsalat tarixinin ən mürəkkəb
zamanı idi. Bu tarix Rokfeller üçün həlledici
bir tarixə çevrilmişdi. Uzun illərdi
istehsalatda çalışan fəhlələr ayağa
qalxaraq məvaciblərinin artımını tələb edirdilər.
Havadan belə nifrət qoxusu gəlirdi. Bu cür etirazlar kütləvi münaqişələrə
gətirib çıxardı. Etiraz
dalğasının qarşısını almağa
çalışan güc strukturları təpki ilə
qarşılaşırdılar. O səbəbdən
ölənlər və yaralananlar olurdu.
Rokfeller çox düşündü. Bu, belə
davam edə bilməzdi. Ona görə də
Rokfeller fəhlələr önündə həyatını
180 dərəcə dəyişəcək
çıxışını etdi. Bu,
çox işıqlı, diplomatik çıxış idi.
Bir neçə gün öncə onu
ölüm ilə hədələyən fəhlələr,
onu dar ağacından asmağa belə razı olan insanlar, indi
bu çıxış qarşısında sükuta
dalmışdılar. Hətta vəziyyət
elə gətirir ki, etirazçılar Rokfellerin gətirdiyi
misalları dərk edərək öz məvacib
artımlarının mümkün olmaması səbəblərinə
inanmış və çıxışdan sonra sakitcəsinə
öz yerlərinə qayıtmışdılar.
Çıxış möhtəşəm
çıxış idi. İstifadə olunan kəlmələr
belə xüsusi həssaslıqla seçilmişdi.
“Sizin qarşınızda çıxış etməkdən
qürur duyuram”, “Hörmətli dostlar”, “Biz düşmən
deyil, yoldaşıq”, “Mən sizin ailələrinizlə,
övladlarınızla görüşdüm” və s.
sözlərdən ibarət idi.
O,
çıxışa: “Bu mənim həyatımın ən
yadda qalan günüdür” cümləsi ilə
başlayır. “Mən fəxr edirəm ki, bu
böyük şirkətin əsasını təşkil edən
sütunların – işçilərin, kampaniyanı hərəkətə
gətirən insanların arasındayam. Mən
ömrümün sonuna qədər bu əlamətdar
günü unutmayacağam. Əgər bu
görüş iki həftə öncə olsaydı, mən
qarşınızda yad bir insan kimi dayanacaqdım. Son günlər sizin ailələrinizə baş
çəkərək həyat yoldaşlarınız,
uşaqlarınızla söhbət etdim, sizlərin bir qismi ilə
görüşərək daha yaxından tanımış
oldum. Və hər birinizlə
tanışlığım mənə sizin haqqınızda
böyük informasiya vermış oldu və mən ümid
edirəm ki, indiki yığıncaq da dostluq və əməkdaşlıq
şəraitində keçəcək”.
Məgər
bu, düşməndən dost etmənin gözəl nümunəsi
deyilmi?
Tutaq ki, Rokfeller tamam ayrı üsuldan istifadə edərdi. Məsələn,
şaxtaçıların üzünə faktları
çırpardı, səsinin tonunu bir az
da yüksəyə qaldırardı, onları qorxu altına
salmaq istəyinə düşərdi. O zaman nə əldə
edərdi? Heç nə. Yalnız
nifrət və kinin miqdarını artırmış
olardı.
Ətrafımızda
yüzlərlə insanlar var. Yoldaşlarımız,
dostlarımız, ərlərimiz, düşmənlərimiz və
s. Yadda saxlamaq lazımdır ki, insanların nəzərlərini
dəyişmək mümkün deyil. Siz istəsəniz
belə onları sizin kimi düşünməyə məcbur
edə bilməyəcəksiniz. Amma
onları inandıra bilərsiniz. Yalnız inandırma
yolu ilə siz istədiyinizə nail olub onları sizin kimi
düşünməyə, sizinlə razılaşmağa cəlb
edə bilərsiniz.
Linkolnun çox gözəl ifadəsi var idi. Məncə,
hər birimiz bu ifadəni yadımızda saxlamalıyıq.
“Balla daha çox həşərat tutmaq olar, nəinki
zəhərlə”.
Kurslarıma
baş çəkən O.L.Ştaub adlı bir nəfər,
başına gələn hadisəni belə nəql
etmişdi: “Mən bir neçə ildir ki, evlərin birində
kirayənişin idim. Bu evə o qədər
öyrənmişdim ki, oradan getməyi ağlıma belə gətirmək
istəmirdim. Amma evi kirayə verən
şəxsin xasiyyətinə bələd olaraq bilirdim ki, mənzilin
haqqını aşağı salmağı xahiş etmək əbəs
yerə yorulmaqdan başqa bir şey deyil. Ona
görə də, kursların mənə verdiyi məsləhətlərdən
yararlanmağa çalışdım. Mən
evin sahibinə çox mehribancasına bir məktub
yazıdım. Məktubda evi tərk etmə
müddətimin çatdığını bildirərək,
onu evimə dəvət etdim. Az
keçmədi ki, evin sahibi öz mühasibi ilə evimə təşrif
buyurdu. Mən onu qapının
qarşısında salamladım. Bütün
xeyirxahlığımı, xoşüzlüyümü ortaya
qoydum. Gülər üzümü,
salamlamalarımı ondan əskik etmədim. Sonra evini tərif etməyə başladım. Belə bir evə görə ona təşəkkürümü
bildirdim. O, bu münasibətdən çox fərəhlənmişdi.
Hətta digər kirayənişinlərdən təhqir
dolu məktublar aldığından da mənə söz
açmışdı. Mən evi bəyənsəm də,
amma qarşıdakı bir ili burada
yaşamaq üçün özümə belə zəngin
şəraiti rəva bilmədiyimi bildirdim və getmək
çətin olsa da, buradan getməyimi nəzərə
çatdırdım. Mən kirayə
haqqının aşağı salınması haqqında ona
bir kəlmə də olsun demədim. Əksinə,
təklif onun tərəfindən gəldi və mən
mehribançılıq yolu ilə istəyimə nail oldum”.
Dey
adlı bir xanım başına gələn əhvalatı
bizə nəql etdi: “Keçən bazar günü mən
öz dostlarımı evə dəvət etmişdim. Belə məclislərdə mənim ən yaxın
köməkçim kulinar Emil idi. Onun mətbəxi
məxsusi belə işlərlə məşğul olurdu və
evlərdə keçirilən məclislərdə xanımlara
yaxından kömək edirdi. Budəfəki
yığıncaq üçün bişirilən yemək isə
yaxşı hazırlanmamışdı. Emil
bunu bilərək bir başqa ofisiantı da mənə
yardım üçün evə göndərdi. Həddindən artıq böyük bir boşqaba bir
tikə balığın qoyulması məni özümdən
çıxardı. Kartof çox möhkəm
bişmişdi, balığın isə ümumiyyətlə
dadı yox idi, ofisiantın qulluğu isə sıfır dərəcədə
idi. Mən o vaxt öz əsəbimi
boğaraq daxilimdə olanları büruzə vermədim.
Amma, səhəri gün bütün
düşündüklərimi Emilin üzünə deməyi
özümə borc bildim. Burada iştirakçısı
olduğum mühazirənin adı “insan münasibətləri”
idi. Mən anladım ki, əgər nifrətimi
və əsəbimi Emilin üzərinə töksəm, nəticə
daha da pis olacaq. Mənim verdiyim reaksiyaya o
da fikir bildirəcək və bizim münasibətlərimiz
daha da kəskinləşəcək. Və
gələcəkdə belə tədbirlər keçirdikdə
kimə müraciət edəcəyimi bilməyəcəyəm.
Həm də bəlkə bu işdə Emilin
heç günahı da yox idi. Çünki
tərəvəzlər onun tərəfindən
alınmamışdı, yeməyi də o bişirməmişdi,
qulluğu da o etmirdi. Mən səhəri
gün Emilin başçılıq etdiyi mətbəxə gəldim.
O məni qaşqabaq ilə qarşıladı. Sanki
indi onun üstünə qışqıracağımı
güman etdi. Mən isə əksinə,
onu gülərüzlüklə salamladım. Və keçən gün baş verən hadisədə
onun günahının olmadığını bildirdim.
O isə əlbəttə, xanım, tərəvəzləri
mən almamışdım, yeməyi də mən bişirməmişdim,
– dedi. Emil, nə düşünürsən, bəlkə
etdiyimiz səhvi düzəldək, – söylədim. Mən bu bazar günü də evimdə
yığıncaq etmək fikrindəyəm. Bəli, madam mən sizə bu işdə yaxından
kömək edəcəyəm. Yığıncaq
günü gəldi, mən evə daxil olanda masa
qızılgüllərlə artıq bəzədilmişdi.
Yemək də həddindən artıq dadlı
idi. Emil isə ara-sıra mətbəxdən
boylanaraq hər şeyə nəzarət edirdi. Demək nifrətlə hər şeyi həll etmək
mümkün deyil”.
Ezop Krezin sarayında yaşayan qul idi. Amma o,
xristianlığın gəlişindən çox-çox əvvəl
insan ürəyini riqqətə gətirən şeirlər
yazırdı. Dostluq, insanlıq yayan bu
şeir nümunələri o zaman Afinada keçərli olan
kimi, indiki dünyamızda da keçərlidir. Günəş öz mülayimliyi ilə
insanların paltarlarını daha tez soyunmağa məcbur edə
bilər, nəinki külək və şaxta. İnsan o zaman geyiminə daha çox sarılar və
onu əynindən getməyinə imkan verməz. Həyat da belədir.
Əgər
insanları sizinlə razılaşmağa cəlb etmək istəyirsinizsə,
öncə onlarla dost olun. Və
Linkolnun dediyini unutmayın: “Balla daha çox həşərat
tutmaq olar, nəinki zəhərlə”.
Hər kəsin
arzuladığı
İnsanların
sizinlə mehriban davranmasını, baş verən
münaqişələrin sülhlə bitməsinin səbəbkarı
olan sehrli sözlə tanış olmaq istəyirsinizmi?
O zaman
dinləyin:
Yadda saxlamaq lazımdır ki, sizin zəhərli ilan
olmamağınıza səbəb valideynlərinizin ilan
olmaması deyil. İnəklərə sitayiş obyekti
kimi baxmamağınıza səbəb, sizin hind ailəsində
doğulmağınız deyil.
Sizin nədən ibarət olmağınız, sizin xidmətinizdir,
demək azdır. Əsəbi, kobud insan gördüyünüzdə,
onu olduğu kimi qəbul edin. Ona
yazığınız gəlsin. Necə ki, Con Qof
günlərin birində yolla gedən sərxoşu görərkən
belə demişdi, “Əgər Yaradanın mənə
qarşı lütfü olmasaydı, indi o sərxoşun
yerində mən ola bilərdim”.
Hər gün qarşılaşdığınız
bütün insanlar şəfqətə möhtacdır. Onlara rəhminiz
gəlsin.
Mən tez-tez radioda veriliş aparırdım. Budəfəki
veriliş, “Balaca qadınlar” kitabının müəllifi
olan Luiza Mey Olkotta həsr olunmuşdu.
Veriliş zamanı bir çox mətləblərə
toxundum. Çox hadisələri nəql etdim. Bu qədər
söhbətin içində, yazıçı Luizanın doğulduğu
bölgənin adını səhv salmaq mənə baha
başa gəldi. Mən onun Konkordda,
Nyu-Qempşir ştatında dünyaya gəldiyini söylədim.
Əgər bir dəfə söyləmiş
olsaydım, problem olmazdı. Dərd
ondadır ki, mən bu səhvi iki dəfə təkrarladım.
Bir neçə gündən sonra studiyaya təhqirlərlə
əhatələnmiş məktub gəldi. Bu məktubu
yazan xanım sözlüyündə olan bütün təhqiramiz
ifadələrdən istifadə etmişdi. Yazılanlar mənə o qədər pis təsir
etmişdi ki, kağız götürüb onun haqqında nə
düşündüyümü böyük hərflərlə
yazacaqdım. Bir anda əlimi saxladım.
Nə qədər ağrılı olsa da,
özümü onun yerinə qoymağa
çalışdım. Bir neçə gün sakitləşdikdən
sonra məktubu yazan şəxsin əlaqə nömrəsini əldə
edərək zəng etdim:
– Salam
xanım. Mən bir neçə gün bundan öncə
sizdən məktub almışam. Sizə təşəkkür
etmək üçün zəng etdim.
– Kimlə
danışmaq şərəfinə nail olmuşam?
– Adım
Deyl Karnegidir. Yadınızdadırsa, mən
radioda Luiza Mey Olkotta həsr olunmuş verilişi
aparırdım. O zaman böyük səhvə yol verdim.
Onun doğulduğu şəhəri səhv
saldım. Buna görə sizdən üzr
istəyirəm.
– Yox, yox.
Mən sizdən üzr istəməliyəm.
Bağışlayın, mən çox sərt
sözlər yazmışdım. Bu
sözləri hiddətləndiyimdən yazdım. Lütfən, məni bağışlayın.
– Əsla. Mən üzr istəyirəm. Belə kobud səhvi heç orta məktəb
şagirdi də etməzdi. Neçə
illik təcrübəm olduğu halda, bu səhvi buraxmaq mənə
yaraşmazdı.
–
Bilirsiniz, mən Konkordda Messaçusets ştatında
doğulmuşam. Mənim valideynlərim bu
ştatda tanınmış insanlardan olub. Bizim
bu ştatla bağlı keçmişimiz var və mən
doğulduğum yerlə fəxr edirəm. Siz həmin gün bölgənin adını səhv
saldıqda mən çox hiddətləndim. O qədər
hiddətləndim ki, düşünmədən, özümə
sual vermədən məktubu yazdım və səhvimi boynuma
alaraq sizdən dönə-dönə üzr istəyirəm. Nə qədər əsəbi osam da, bu kəlmələri
yazmamalıydım. Günahkaram.
– Xanım, mən keçən verilişdə də tamaşaçılar qarşısında üzr istədim. İndi isə mənim üzrümü qəbul edin.
– Çox güman siz çox yaxşı və xeyirxah insansınız. Mən sizin bu xasiyyətinizi sevməyə başladım. Qismət olarsa, daha yaxından tanış olarıq. Sağ olun.
Bizim telefon danışığımız beləcə mehriban əhvalla bitdi. Əgər mən məktuba onun yazılma tərzində cavab versəydim, vəziyyət daha da ağırlaşardı. Əksinə, mən ona mehribançılıq göstərməklə ona öz səhvini anlamasına şərait yaratdım.
“Psixoloji tərbiyə” kitabının müəllifi Artur İ. Qeyte deyir: “İnsan məxluqunun şəfqətə daha çox ehtiyacı var”.
Fikir versəniz görərsiniz ki, uşaqlar belə, özlərinə xəsarət yetirərək və ya xəsarət aldığı zaman ağlayaraq sizdə rəhm hissini yaratmağa çalışır. Onlara qarşı şəfqətli olmağınızı istəyir. Eləcə də bütün böyüklər söhbət zamanı öz yaraları, cərrahiyyə olduqları haqqında uzun-uzadı danışarlar. Xəstə olduqlarını söyləməklə mərhəmət hissinizi oyatmaq istəyirlər.
İndi siz hamı tərəfindən sevilməni istəyirsinizsə, münaqişələrin sülhlə tamamlanmasını istəyirsinizsə, özünüzü başqasının yerinə qoyun və qarşınızdakı insana rəhmdillik nümayiş etdirin. Şəfqət və qayğınızı ondan əskik etməyin.
Rus dilindən tərcümə etdi:
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2017.- 8
iyul.- S.10.