Turqut Uyar

 

BİR GÜN SƏHƏR-SƏHƏR

 

Bir gün səhər-səhər

                   qapını döysəm,

Səni yuxudan oyandırsam,

ki, hələ

      sis qalxmamışdır

                          Xaliçdən,

gəmilər fit verməkdədirlər.

Ətraf alacaqaranlıqdır.

Körpü açıqdır hənüz.

Yolçuluğum

    uzun sürdü, olduqca,

gecə

    dəmir körpülərdən

                 keçdi qatarımız.

Dağların başında

          beş-on evli kəndlər,

Teleqraf dirəkləri

                  yollar boyunca

şütümüş,

şütümüş bizimlə bərabər...

Türkülər oxumuşam pəncərədən,

oyanıb,

      oyanıb, yenə yatmışam,

biletim ümumi vaqonadır -

 

üzü qara olsun

                  kasıblığın.

Lülədaşından gərdanlığa

                     pulum çatmadı,

sənə

    Sapancadan

           bir səbət alma aldım...

Ver əlini,

     Heydərpaşa vağzalı,

                                 dedim,

budur, artıq,

         gəmi limandadır,

                           pırıl-pırıl.

Hava yüngülcə soyuqdu.

Dəniz

     qətran balıq

                         ətri verir.

Körpüdən

       qayıqla çıxdım

               qarşıdakı sahilə

heç dayanmadan qalxdım

                       nəfəskəsən yoxuşu...

Bir gün səhər-səhər

                 qapını döysəm,

- Kimdir? - desən

                    yuxulu səsinlə

                                      içəridən...

Saçların dağınıqdır,

                   gözlərin süzgün,

kim bilir,        bir dənəm,

             qədər gözəlsən...  

Bir gün səhər-səhər

                qapını döysəm,

oyandırsam yuxudan səni,

ki, hələ

     sis qalxmamışdır

                         Xaliçdən,

gəmilər fit verməkdədirlər...

 

TÜRKİYƏM

 

Səni

ta Qarsdan Ədirnəyə -

təpədən-dırnağa sevmişəm.

Dağlarını,

         düzlərini,

                 çaylarını,

                      dənizlərini

türkü-türkü,

          dastan-dastan

                      öymüşəm...

Sən -

     Zonquldaqda

                ana nəfəsitək

                           isti bir yuva,

Sən -

      dənizdə

                    nazlı bir sahil,

Sən -

     Qoçhisarda duzum,

Sillədə qızımsan

Belimdə

      gümüş işləməli

                    bir xəncər

                           enmişəm Adanaya,

dilimdə

     Dudaloğlundan

                 bir təkərləmə:

"Şu yalan dünyaya

                    gəldim-gələli..."

Sən -

atam, anam, əmim, dayım,

Sən -

xalam, bibim,

Sən -

qardaşım, bacımsan,

Sən -

nəsl ağacımsan -

kökü ürəyimə,

    budaqları göy üzünə

                           işləyən,

Türkiyəm,

         Türkiyəm,

                 Türkiyəm!..

Qırxbulaqda -

yamyaşıl bir yastanada

gözüm qaralana,

          dizim heydən

                   düşənə qədər

güləşmişəm,

sonra Ərzurumda

bir dişləmə çayla

     çıxarmışam canımın

                           yorğunluğunu...

Dağlar

      yol verməsə ,

bir axşamüstü

            yetişdim Ərdahana,

Amma, sən demə,

ulu Tanrının

dörd yanını

       gül-çiçəklə bəzədiyi

Konyada imiş

     qəlbimi odlara yaxan

                          o alagözlü qız...

Səni, Türkiyəm,

ta Qarsdan Ədirnəyə -

təpədən-dırnağa sevmişəm.

Dağlarını,

          düzlərini,

                  çaylarını,

                          dənizlərini,

yurd sevdalısı igidlərini

türkü-türkü,

        dastan-dastan

                       öymüşəm...

 

SİMFONİYA

 

Tənha qaldıqca

                  səni düşünürəm -

hər şeydən əvvəl

                səsin gəlir ağlıma,

sonra saman sarısı saçların,

sonra cümə ertəsi,

sonra göy üzü -

beləcə, dərddən qurtuluram.

Bir yağış yağsa,

        təkcə ikimizi islatsa,

yan-yana olsaq,

                  əl-ələ tutsaq,

günlərlə

   ac qalsaq, ac -

          eynimə gəlməz,

içim rahat -

bir göyərçini

    tumarlayırmışam kimi...

Tənha qaldıqca,

           bilsən, nələr düşünürəm:

bir yanımda dəniz,

          o bir yanımda sən,

bir yanımda çinar,

          o bir yanımda sən,

bir yanımda eşq,

       o bir yanımda da eşq -

səninlə qocalmaq istəyirəm...

 

GÖYƏBAXMA DAYANACAĞI

 

İkimiz

      birdən sevinə bilərik,

                              göyə baxaq

bu tez-tez yanıb sönən,

                 göz qırpan işıqların,

şəkər qamışlarının arasından,

al, qurtar gözlərimi

     günəşdən, yabanı otlardan.

Bu qorxaq əllərimdən tut,

bu evləri adla,

      bu evləri , bunları da,

göyə baxaq...

Göyəbaxma dayanacağında

düşən var, deyərik,

          avtobus dayanar, düşərik,

bu qaranlıq belə,

             çox gözəldi,

                  eşq olsun Yaradana!

Oğrular,

       polislər,

               aclar,

                   toxlar -

hər kəs uyusun!

Bir sən oyaq qal,

bir mən -

öpüşək, öpüşək, öpüşək,

arada

       başımızı qaldırıb,

                        göyə baxaq

tez-tez yanıb sönən,

             göz qırpan işıqların,

şəkər qamışlarının arasından

Sənin bu əllərində

                   var, bilmirəm,

tutunca

güclənirəm, güclənirəm, güclənirəm

Minlərcə,

         milyonlarca pəncərən vardı,

                                   bir-bir örtdüm,

yanıma -

      bu göyəbaxma dayanacağına

gələsən deyə.

Gözlərin

           keçmiş kimi

                      yalnız, tək-tənha

İndi avtobus gələr,

                    minib gedərik

bir ayrılmayacağımız yerə,

bir ayrılmayacağımız yerə,

bir ayrılmayacağımız yerə

 

FEDERİKO QARSİA LORKAYA ÜÇ ŞEİR

 

        1

 

Mən sevərəm çiyinlərimi,

apoletsiz,

         ulduzlarsız olsa da.

Mən sevərəm çiyinlərimi,

uçan bir mədənin

            tavanına dirək olsa.

Mən sevərəm çiyinlərimi,

savaşda bir qaba,

yataqda bir incə

             çiyinin yanında

 

       2

 

Yol uzun, hava isti,

qamçılaram atımı,

           yetişərəm Kurtubaya.

Endiyini görsəm

     bir gün maralların

           sürülər halında ovalara,

insanların

            dünyanı bölüşdüklərini

                               xatırlayaram

Sevişərəm - ölərəm,

savaşaram - ölərəm,

qoyaram çantama

            quru çörək pendir,

yetişərəm Kurtubaya

dediyin kimi:

"Saat beşdə, axşamüstü".

 

          3

 

Ah, qaragözlüm,

göydən daş yağdı, daş,

yerdə qaldı

budağından qopmuş portağallar

Ah, qaragözlüm,

bilirəm,

xalqımın qara günüdü

gözlərimə bağlanan

                        qanlı məndil

Göydən daş yağır, daş,

gilas ağaclarının

            maralların acığına

Artıq

     xalq yolunda

                        tökülən qan

neçə iyen edər, bilirik.

Sapı

     gül budağı gözəlliyində

               bir bıçaqdır azadlıq

İspaniyada

hər yerdə!

 

BÜTÜN QAYĞILARDAN QURTULMAQ

 

Sularla axmaq,

              bir gün, bir gün, bir gün,

dağlara çıxmaq,

        dağlara çıxmaq

               bir gün, bir gün, bir gün.

Çiçək kimi açmaq, çiçək kimi açmaq

                           bir gün, bir gün, bir gün

Ağaclara,

          güllərə, çiçəklərə

su vermək,

            su vermək,

                        su vermək

bir gün, bir gün, bir gün.

Hələ

        saymağı bilməyən

                              körpə uşaqlarla

oynamaq,

            oynamaq,

                        oynamaq

bir gün, bir gün, bir gün.

Sonra

Sonra bir yorğun atla,

                    bir solğun çiçəklə

evə dönmək,

            evə dönmək,

                        evə dönmək.

Bu işə, bu işə, bu işə

keşiş, keşiş, keşiş

deyəcək, deyəcək,

                            deyəcək

qoy desin, qoy desin,

                           qoy desin

 

BEZGİNLİK

 

Bir ümid tapdım -

                  geyindim əynimə,

Bir sərin, mavi

       göy üzü tapdım -

                  geyindim əynimə,

Küçələr gördüm,

       dənizə enirdilər -

                    geyindim əynimə,

üstlərindən

       səni geyindim, gülüm, səni

Ümidmi çox yaraşdı mənə,

göy üzümü,

       küçələrmi,

              sənmi - bilmirəm

Üç dilim yemiş kəsdim,

birini mən yedim,

       birini sənə verdim,

              biri sərçələrə

Gözünü zillədiyin

                        hər yerdə dayanmışam,

əlimdə bir yemiş

Üç dilim kəsdim,

biri mənim,

biri sənin

biri sərçələrin

Hanı sərçələr?

Yoxsa, uçurtdun onları?..

Yaxşı ver,

     o bir dilimi

              Xurşid bəyə - ver,

ürəyin sakitləşsin

 

İSTANBUL DEDİLƏRMİ

 

İstanbul dedilərmi, mənim ağlıma

Vaiz küçəsi gəlir,

Ədirnə qapısı gəlir,

evimiz gəlir,

küçənin başında dayanan

                        bir gözəl qız gəlir

Biletçi zəngi çalar,

                   tramvay dayanar,

bir akasiya ağacı,

            bir meyvə dükanı,

                        bir qəlyanaltı

Qumrular uçuşur

      kilisənin şüşəli qülləsində,

göy üzündən

       bəmbəyaz buludlar keçir

Bu Həsən əfəndinin qəlyanaltısıdı,

Ədirnə qapısında,

bu, daşyonan Kamaldı,

                             uşaqlıq yoldaşım,

Buludu - Xalicdən,

                    rüzgarı - Boğaziçindən,

bir xoş gün keçiririk bu yay:

"Dörd çahar, , pəncü ,

Axşam olur, günəş batır, hardasa…"

Pırıl-pırıl

            eşq içindədi

                Mihrimah Sultan məscidi,

Əyyubda - gəmi fiti,

Yeniqapıda - qatar səsi

Qalxırıq ağır-ağır,

                        qəlyanaltıdan,

Mən, Kamal, Kamalın qaynı

Vaiz küçəsinə gəlirəm,

                                 evə çatıram,

üç dəfə çalıram zəngi

Arvadım qapını açır,

            uşaqlar üstümə yüyürür,

şükür, çörəyimiz var,

şükür, iştahımız var,

əyləşib, yemək yeyirik, bərabər,

alnımızın tərindən,

əlimizin əməyindən

Otağa yayılır mərcinin ətri,

Bizə , el-aləmin on cür yeməyindən?

Gəzməyə çıxararam

                        arvadımı, uşaqlarımı,

bir avtobusa minirik

                            Ədirnə qapısından,

Sultan Əhməddədi

                    şabalıdların ən dadlısı,

əlli quruş verib,

                       kəndirbazlara baxırıq,

yaşımız - iyirmi beş

                              İstanbul - bizim!

Dənizdə - balıqlar,

                        havada - quşlar gözəl!

Arvadımın bir gülüşü

                        sevdamı təzələr!

Dənizlərin qumuyam,

                              balıqların puluyam,

Adım Turqut,

                    sevda quluyam,

İstanbulluyam, istanbulluyam

 

TANRI

 

Əlbəttə,

           yaratdıqlarından

                                  gözəlsən,

hər yerdə

           hər şeydəsən,

yəni,

     Kırşəhərdə

                       bir məscidsən,

Kapadokiyada bir kilsəsən,

dənizdə

           bəmbəyaz yelkənli

                                  bir qayıq

bilim,

      bəlkə bazar ertəsisən,

                          bəlkə cüməsən,

bəlkə

    bir ormanda

             bir ağacsan,

                       bu boydacıq

Bəlkə

Amma

       bilirəm ki, ustasan

                       səhərləri yaratmaqda,

                       axşamları yaratmaqda

Səhərlər xeyir,

                    axşamlar şər üçündümü?

Hər gün

     beş rükət namazda

                  Ay bənizli qızlarla

                               üz-üzə dayanırsan,

amma

      mən illərdi

                   sevdiyimə həsrətəm

Deyəsən,

           artıq-əskik danışdım,

bağışla

Axı sən həm əfv edənsən

 

Hazırladı:

      

DİLSUZ

 

Ədəbiyyat qəzeti.- 2017.- 8 iyul.- S.16-17.