Xanım Beket.
Braziliya...
Cinayət
ekzotikası...Və poeziya
2006-cı
ilin yaz ayları idi. Qeyri-hökumət təşkilatları fəallarından
biri mənə dedi ki, Yunanıstandan məşhur bir xanım
Bakıya gəlib,
Azərbaycanda islami araşdırmalarla məşğul alimlərdən
biri ilə söhbətləşmək arzusundadır və
istərdi onu mənimlə
görüşdürsün. Açığı,
o qədər də həvəsli deyildim, ancaq xahiş edən
də xanım, görüş istəyən də.
Sözlərini yerə sala bilməzdim…
Sonradan öyrəndim ki, qaldığı mehmanxanada
söhbət etdiyim şəxs əfsanəvi yunan qızı
Mariya Beket imiş. 1967-ci ildə Yunanıstanda hakimiyyəti ələ
keçirmiş "qara polkovniklər"in qənimi Mariya
Beket. Nüfuzlu tribunalardan
xuntaçıların beynəlxalq təcridinə səsləyən
alovlu nitqləri, əleyhlərinə gizli yollarla partizan hərəkatının
təşkilində göstərdiyi xidmətlər onu öz
ölkəsində xeyli məşhurlaşdırıbmış.
1974-cü ildə xunta hakimiyyəti devriləndə
yeni iqtidar xanım Beketə Birləşmiş Millətlər
Təşkilatında səfir vəzifəsini təklif etsə
də, o bundan imtina etmişdi. Xeyli müddət
ictimai fəaliyyətə baş vurandan sonra həyatının
son dövründəki işləri ekoloji problemlərin
dünya ictimaiyyətinin diqqətinə gətirilməsi və
bu istiqamətdə yunanların beynəlxalq nüfuzunun
qaldırılması yolunda nəhəng tədbirlərin təşkil
edilməsi olmuşdu. Onun təşkilatçılığı
ilə Egey dənizi, Qara dəniz, Dunay çayı, Adriatik dənizi,
Baltik dənizi, Amazon çayı, Qrenlandiya Antarktidası və
Missisipi Deltası sularında möhtəşəm gəmi
flotiliyasında dünyanın görkəmli ictimai-siyasi, din və
elm xadimlərinin iştirak etdiyi "Din, elm və ətraf
mühit" başlıqlı möhtəşəm
simpoziumlar keçirilib. Beş il öncə
dünyasını dəyişib. Allah rəhmət eləsin...
Bakıya gəlişindən məqsəd belə tədbirlərin
birini Xəzərdə keçirmək idi. Danışdıqlarından
anladım ki, yunan pravoslav kilsəsi ilə Rusiya pravoslav kilsəsi
arasındakı ziddiyyətlər həmin simpoziumun Xəzər
sularında keçirilməsinə Moskvanın
qısqanclığı üzündən siyasi müstəvidə
problem yaratmışdı. Məndən islam
dini baxımından hazırkı dünyamızın ekoloji
çağırışlara münasibətimi soruşdu. Bu mövzuda Azərbaycan dilində məqaləm
olduğunu söylədim. Maraqlandı, həmin
yazının tərcüməsini istədi. İngiliscəyə çevirib ona göndərəcəyimi
vəd etdim. Məqaləni
razılaşdığımız tarixdə göndərdim.
Təşəkkür edib yazdı ki, Bakıya
yenidən gəlmək və mənimlə bir daha şəxsən
görüşmək istəyir.
Bir aydan sonra gəldi. Evimizə nahara dəvət
etdim. Dünyanın hər üzündən,
hər şeydən danışdıq, dərdləşdik.
Ailə üzvlərimin iştirakı ilə
nahar arxasında keçən bir neçə saatlıq səmimi
söhbətimiz bizi xeyli doğmalaşdırdı. O qədər
ki, axırda lap açılışıb şikayətlərini
də mənimlə paylaşdı:
görüşdüyü aparıcı din xadimlərimizin
ekoloji problemlərə biganəliyindən danışdı,
Xəzərdə keçirilməyi nəzərdə tutulan tədbirə
dəvət almaqdan ötrü mühüm dövlət
postunu tutan bir vəzifəli məmurumuzun ondan, yəni xarici vətəndaşdan
(?!) cənab Prezindentə şəxsən müraciət etməsi
xahişini əcaib bir jest kimi
qarşıladığını dedi… Və təəssüflə
əlavə etdi ki, görüşdükləri şəxslərin
arasında ingiliscə fərli danışan da olmayıb daha
ciddi və ətraflı müzakirələr apara bilsin.
Söhbətimizi naəlac başqa səmtə yönəltməyə
məcbur oldum… Sonra çay süfrəsi
açıldı. Qızılgül mürəbbəsi
ovqatına bir nostalji gətirdi, dedi özünü lap
uşaqlıq çağında olduğu kimi, sanki
doğmaları arasında hiss edir, anası da eynən bu
mürəbbədən bişirərmiş,
uşaqlığından bəri indi ilk dəfədir ki, eyni ətirdə
və dadda olan qızılgül mürəbbəsini
dadır. Görüşümüz uzun çəkdi.
Sonra onu İçərişəhərdə
Meridian otelinədək ötürdüm.
Məktublaşdıq, məktubda İran tərəfinin
də Xəzər sularında nəzərdə tutulan həmin
tədbirə siyasi qısqanclığından yazırdı. Və az
sonra Braziliyaya rəsmi bir dəvət aldım. Xəzərdə
baş tutmayan simpoziumu Amazon çayına keçirməli
olmuşdular. Açığı, belə
bir dəvəti heç gözləmirdim də,
çünki xanım Beketlə söhbətlərimizdən
gəldiyim nəticə bu idi ki, həmin simpoziumlarda adətən
titullu, vəzifəli şəxslər iştirak edirdilər.
Amazon sularındakı tədbir BMT-nin Baş
Katibi Kofi Annanın himayəsi və yunan pravoslavlarının
lideri 1-ci Bartolomeyin rəhbərliyi altında keçirilirdi.
Həmin tarixi simpoziumun gedişatı,
oradakı görüşlərim, təəssüratlarım
barədə vaxtilə rus və Azərbaycan dillərində ətraflı
yazmışam. O yazılanları xülasələndirib
qeyd edim ki, xanım Beket məni - müsəlman aləminin
yeganə təmsilçisini - Amazon çayında 10
kiçik gəmi flotiliyasının müşayiətində
üzən möhtəşəm İborstar gəmisində
Bartolomeylə qonşu kabinədə yerləşdirdi, Quran ayələrinin
diliylə etdiyim çıxışımı
açılış sessiyasına - Roma Papası 2-ci
İohann Pavelin video-çıxışından sonraya
saldırdı, bir həftə ərzində dünyanın
parlaq ictimai xadimləri və alimlərinin sırasında ən
yüksək protokol qaydasınca mənə xüsusi
qayğı göstərdi…
Bu beynəlxalq
səfərdə texniki səbəblər ucbatından
yaşadığım bir macəra da baş verdi.
Deməli, Bakıdan Lissabona uçmalıyam ki,
orada Avropadan olan iştirakçılara qoşulum və
onlarla birgə çarter reysi ilə Braziliyanın Manaus şəhərinə
yollanım. Təyyarə biletim
Bakı-İstanbul-Milan-Lissabon marşrutuna alınıb.
İstanbul aeroprtunda deyirlər son mənzilin
Braziliya olmasına baxmayaraq bir Avropa şəhərindən o
birinə uçursansa əlavə şengen vizan da
olmalıdır. Bileti də alanda bunu
xatırlatmayıblar. Pərt vəziyyətdə
bilmirəm nə edim, beynəlxalq səviyyəli tədbirin
önəmindən söz salıram, İtaliya aeroportunda
tranzit sərnişin kimi 1 saat qalıb onsuz da Lissabona
uçacağımı söyləyirəm, xeyri olmur. Xahiş-minnət də fayda vermir. Dispetçer deyir cumhür başkanı olsan da, mümkün
deyil ki, səni təyyarəyə buraxaq, qanun hamı
üçün qanundur. Razılaşıram,
əlbəttə. Ancaq pərtlik də məndən
əl çəkmir. Gecənin bir
yarısıdır, şüşə köşkün
qabağında fikirli-fikirli var-gəl edirəm,
çıxış yolu axtarıram, vaxt
darısqallığı da bir yandan məni sıxır.
Nəhayət, düşünürəm vəziyyəti
internetlə xanım Beketə yazıb üzrlərimi ifadə
edim və Bakıya dönüm. Elə bu
vaxt şüşə arxasından halımı
müşahidə edən və şengen vizam
olmadığına görə uçuşuma qadağa qoyan
xanım məni səsləyib "bey efendi, Lisbona direkt bir
uçuş imkanınız var, kullana bilirsiniz" - deyir.
Sevincək təyyarənin oraya
çatış vaxtını, biletin qiymətini
soruşuram. Vaxt uyğun gəlir,
Portuqaliyadan Braziliyaya uçacaq təyyarənin qalxmasına
qırx dəqiqə qalmış Lissabona çatmalıyam.
Səfər xərcləri bütövlükdə təşkilatçıların
üzərində olduğundan özümlə cib xərcliyi
kimi götürdüyüm nəyim vardısa verib və
bileti alıb qeydiyyat növbəmi gözləyirəm...
Təyyarə Lissabona vaxtında enir, tələm-tələsik
gəlib iştirakçılara qoşuluram. Aralarında
Yunanıstanın Brazilyadakı səfiri də var, ona
hansı problemlə üzləşdiyimi bildirirəm,
qayıdanda da çətinliyim ola bilər
deyə onu xəbərdar edirəm. Deyir "narahat olma, problem
yoxdur, bir çətinlik olsa, yoluna qoyarıq..."
Bir həftə keçir. Arxada biri-birindən gözəl təəssüratlarım
qalıb: Amazoniya cəngəlliklərində gəzintilər,
sularda bitən meşəliklər içində qayıq səyahəti,
Amazon sularının din xadimləri tərəfindən
dualandırılma mərasimi, "Quran ayələri və ətraf
mühitlə davranış etikası" mövzusunda
çıxışımın iştirakçılar
arasında rəğbətlə qarşılanması və
tirajlanaraq yayılması, maraqlı müzakirələr,
mükalimələr, mənalı istirahət saatları,
gündəlik ziyafətlər, yeni dostlar və s. və i.a.
Son günümüzdür, vida tədbiri keçirilir. Avropa
istiqamətində, Manausdan Lissabona çarter reysilə
uçuşumuza 2 saatımız var. Xəbər gətirirlər
ki, bəs iştirakçılardan biri şengen problemi
olduğuna görə təyyarəyə minə bilməz, təyyarəçi
etiraz edir, həmin şəxsi təyyarəyə
buraxmayacağını deyir. Söhbət də
təbii ki, məndən gedir. Bir həftə
öncə məni arxayın salan yunan səfirinə
yaxınlaşıram, vədini xatırladıram ki, viza məsələsini
həll edəcəkdi. Yenə də deyir
"narahat olma, bir şey fikirləşərik".
Hamılıqla üz tuturuq Manaus aeroportuna. Təyyarəçi
ilə danışıqlar başlayır, ona haqqımda
yüksək sözlər deyirlər, Bartolomeyin qarantiyası
altında olduğumu və s. xatırladırlar, faydası
olmur. Bir növ "rüşvət"
- yəni bu adda ki, mənə görə təyyarəçini
cərimələyə bilərlər deyə ona müəyyən
məbləğdə nəqd pul da təklif edirlər. Pulu da götürmür. Hamı
mənə görə dilxorçuluq keçirir. Yunan səfiri pərtdir, təyyarəçi onun rəsmi
şəkildə təqdim etdiyi diplomatik qarantiya məktubunu
saya da salmır. Məktubda yazırdı
ki, Lissabonda yunan səfirliyinin əməkdaşları
aeroporta gəlib pasportuma şengen vizasını vuracaqlar və
mən oradan Milana, sonra da İstanbul-Bakı reysimə davam edəcəm.
Təyyarəçinin tərsliyinə hamı mat qalıb. Yunan səfiri Portuqaliyanın Braziliyadakı konsuluna
telefon açır. Konsul da aeroporta, həmin təyyarəçiyə
faksla ismarış göndərir ki, N.Qasımoğlunu
Portuqaliya hökuməti öz himayəsinə
götürür: təyyarə Lissabona enən kimi
Portuqaliyanın Xarici İşlər Nazirliyinin əməkdaşları
gəlib onu qarşılayacaq, viza məsələsini yerindəcə
həll edəcəkər. Təyyarəçi bu dəfə də rəsmi
dövlət sənədinə etinasızlığı
nümayiş etdirib inadından əl çəkmir ki,
çəkmir. Şengen tələb olunmayan
istiqamətlər üzrə bilet axtarışlarına
baş vururlar. Bu da alnmır. Nəhayət, hamı əlacsız qalır, bir-bir
yaxınlaşıb mənimlə vidalaşırlar, təyyarəyə
minib yola düşürlər. Geriyə
dönüş biletim batır.
Qalanlardan bir mənəm, bir yunan səfiri, bir də tədbir
təşkilatçılarından ibarət bir neçə
gənc. Qərara gəlirlər ki, məni bir-iki
günlüyə Manausda saxlayıb Sao-Pauloya yollasınlar.
Orada Yunanıstanın konsulluğu var, bir
neçə gün qalaram, sonra da məni Avropa istiqamətinə
bir yol tapıb Azərbaycana göndərərlər. Təhkim olunduğum yunan gənci də əhli-kefin
biri. Deyir "fikir eləmə, bizimlə qal bir az,
istirahət elə, hara tələsirsən?!".
Deyirəm "məmnuniyyətlə
qalardım, ancaq necə qalım, pulum da qurtarıb".
Cibindən 800 dollar çıxarıb verir ki,
Sao-Pauloda mehmanxana və qidalanma xərclərimi ödəyə
bilim.
Manausda bahalı kurort otelində qaldığım iki
gün ərzində də qulluğumda durur, fürsət
düşdükcə yemək-içməyə dəvət
edir. Arabir də məsləhər görür
özümü boş buraxım, sıxılmayım, hər
şey düzələr. "Düzələr"
sözü heç məni açmır. Orta məktəb
illərində tez-tez zarafatla işlətdiyimiz şıltaq
bir ifadəni xatırladır: "Fikir eləmə, düzələr".
Uşaqlardan kiminsə problemi olardısa və nədənsə
şikayətçi idisə, bir-birimizə göz vurub
yerli-yersiz bu ifadəni işlədərdik. Təbəssümlə düşünürəm
ki, indi bu vecsiz yunan gəncinin məni arxayın salmaq istəyi
də deyəsən həmin o "düzələr"dəndir.
Xülasə, məni Manausdan yola salırlar Sao-Pauloya. Braziliyanın
şimalından cənubuna. 4-5 saatlıq
uçuşdur. Təyyarədə səfər
duyğularımı ifadə edən aşağıdakı
misraları xanım Mariya Beketə ithafən düzürəm
qeyd dəftərçəmə:
Canım
bədən, gözüm bədən,
daşıyıb gətirmişəm Amazoniyaya
sürüyə-sürüyə,
sallada-sallada
səni,
zavallı bədəni.
Bu,
Tanrı həftəsidi,
Tanrı göndərmiş məni.
İndi sən
dəmi
nə əcəb,
nə gözəl,
altından çaylar axan bu yerlərdə
ağaclarla danışırsan,
dindirirsən otları, çiçəkləri.
Vəhymi
daşıyır sənə
lal gecənin
səssizliyi,
çəkirsən yorğan-yorğan yarpaqları
üstünə,
anırsan mələkləri.
Könlün
nəğmə oxuyur
ruhların lisanında,
yuyunursan
qəfil yay leysanında,
yüngülləşir, yüngülləşirsən,
uçur,
uçursan,
ruhlaşır, ruhlaşırsan.
İndi sən
Həvvadan öncəki hal,
mən
Adəmdən.
Baxırıq
yer üzünə
Amazoniya göylərindən.
Nə
möhtəşəm bir əhval!
Fəqət
yenə o ağac,
yenə
nəfsimiz,
yenə
müqəddəs günah,
yenə
ali tənə,
yenə
mübarək izdivac,
yenə
yola düşürük
cənnətlərdən vətənə.
Bitmiş Tanrı həftəsi.
Sərgilənir
göylərdə
bir
qoşa ruhun əksi,
düşür, düşür, qarışırcənnətlərdə
suların
qarışdığı bir çaya.
Əlvida,
Amazoniya!
Əlvida,
Amazoniya!
Sao-Paulo aeroportunda məni yunan konsulu
qarşılayır. Pulum azdır deyə qərarlaşırıq
ki, bahalı olmayan bir otelə yerləşim. Yol boyu söhbətləşirik, bu nəhəng
metropoliyadan danışır, deyir əhalisi rəsmən
10-12 milyon olsa da, qeyri-rəsmi 20 milyona yaxındır. Xəbərdarlıq edir ehtiyatlı olum, şəhərdə
cinayət baş alıb gedir, nə badə axşam
saatlarında küçəyə çıxım. Ölkədə cinayətkarlığın yüksək
həddə olduğundan Braziliyaya gəlməmişdən də
məlumatlı idim. Hətta bunu da eşitmişdim ki,
varlı iş adamları gəlirlərinin altmış faizə
qədərini özlərinin və əmlaklarının təhlükəsizliyinin
qorunmasına xərcləməli olurlar. Qardaşım Xansuvar
da demişdi oralarda şəhərə təklikdə
çıxanda köynəyinin ön cibinə 10-15 dollar həcmində
xırda əskinazlar qoy, qarşını kəsən olsa,
heç nə demədən ver getsin, yoxsa üstündə
qiymətli bir şey tapmasalar, əsəbləşib xətər
yetirərlər. Bunu da ağlabatan məsləhət
kimi qəbul etmişdim.
Oteldə yerləşib konsulluqdan ismarış gözləməkdəyəm
ki, ardımca gəlib məni vətənimə yola
salsınlar. İki gün keçir, bu müddətdə
yalnız günortalar oteldən azacıq aralanıb şəhərin
küçələrində sərgərdanlıqla vaxt
keçirirəm. Konsulluğun bir əməkdaşı
xəbər göndərir ki, hazırlaşım, elektron
biletin sifariş verilib, filan saatda səni Sao
Paulo-Paris-İstanbul-Bakı reysi ilə uçan təyyarəyə
mindirəcəklər.
Konsulluğun sürücüsü ilə aeroporta gəlirəm. Ona da
tapşırıblar məni yola salmadan qayıtmasın.
Sənədlərimi təqdim edib yoxlamadan
keçmək istəyirəm ki, deyirlər "uça bilməyəcəksən,
uçuşuna qadağa qoyulub". Səbəbini
soruşuram, demirlər. Qayıdıram
otelə. Səhəri gün yenə də
konsulluqdan əlaqə saxlayırlar ki, "hazırlaş, Sao
Paulo-Madrid-İstanbul-Bakı reysi ilə uçacaqsan".
Gedirik aeroporta, yenə də həmin əhvalat,
uçuş qadağası ilə üz-üzəyəm. Yenə də
nə izahat verirlər, nə mən bir şey kəsdirə
bilirəm. Ürəyimə minbir
şübhə dolur. Gah düşünürəm, bəlkə
hansısa beynəlxalq terror şəbəkəsinin hədəfindəyəm,
yaxud hansısa xarici xüsusi xidmət orqanlarının mənimlə
bağlı planları var və s. və i.a. Bu qəbildən
beynimi gəmirən digər şübhələr də məni
rahat buraxmır, Manausda məni təyyarəyə buraxmayan
pilotun tərsliyi ilə bu uçuş qadağaları
arasında beynimdə məntiqi əlaqə qurmağa
çalışıram. Nə isə, içimi didən
şübhələrdən xilas ola bilmirəm
ki, bilmirəm...
Aeroport macəram isə bitmir, ertəsi gün Frankfurt
üzərindən nəzərdə tutulan reyslə də
bağlı həmin əhvalat baş verir. Gülməli
vəziyyət yaranıb. Çalışıram
yumor hissimə meydan verməklə azacıq toxdayım. "İtalyanların Rusiyada ağlasıgmaz macəraları"
komediyasının bir qəhrəmanını
xatırlayıram. Filmin əvvəlindən
axırına kimi həmin qəhrəmanı pasportsuz
qaldığına görə Roma ilə Moskva arasında
uçuşlarda nə Moskvaya, nə də Romaya buraxırlar,
o da eləcə qalmalı olur təyyarənin içində,
bir müddət həyatı burada keçir. Yaşadığım otel də məndən
ötrü artıq həmin təyyarə bənzəri bir
şeyə çevrilib. İçində
qalıb ümidlə taleyin hökmünü gözləməliyəm.
Hiss edirəm daha vəziyyətim yumorluq deyil. Oteldən
aralansam, cinayətkarlara tuş gələ bilərəm xəbərdarlığına
da əməl etməkdəyəm.
Yaxınlıqda
bir internet-kafe tapıb qızım Humaya e-mail yazıram məndən ötrü dua
etsin... İnternet poçtumda iki nəfərdən məktub
da var. Biri portuqaliyalı alimdir, vəziyyətimi soraqlayır, məni Manausda
təyyarəyə buraxmayan pilotun hərəkətinə
görə centlmencəsinə üzrxahlığını
ifadə edir. Demə, həmin o təyyarəçi
portuqaliyalı imiş. Digər məktub münasibətlərimizin
sonradan böyük dostluğa çevrildiyi Liverpulun yepiskopu
Ceyms Consdandır, mənə görə Tanrıya dua etdiyini
yazır...
Ertəsi gün konsulluqdan xəbər gözləyirəm,
ancaq deyəsən unudulmuşam, heç axtarıb-eləyən
də yox. Yunan gəncin Manausda verdiyi pulları hər ehtimala
qarşı qənaətlə xərcləyirəm. Və qəfildən özümə təskinlik
verirəm bu narahatlığımı boş buraxım getsin,
hər şey yaxşı olacaq, Sao Paulonu ziyarət ələ
düşəsi fürsət deyil, işimdə olum, necə
deyərlər. Oteldə xanım Beketə
ithafən yazdığım şeirin redaktəsi ilə məşğul
oluram. Günortadan sonra qara eynəkdə, ağ
cins şalvarda, başım dibindən qırxılı,
cibimdə xırda əskinaslardan ibarət 40-50 dollarlıq məbləğlə
çıxıram bayıra, düşürəm şəhərin
canına. Öz-özümə zarafatla deyirəm "Amazon
hövzəsinin ekzotikasını görmüsən, indi də
yeri var, zəhmət çək, di buralara gəlmişkən,
cinayət ekzotikası ilə də tanış ol..."
Şəhərin dar küçələri ilə gəzə-gəzə
bir barın yanında ayaq saxlayıram, qapı üzərində
reklam yazısına göz atıb keçirəm içəri. Bar da zirzəmidə, pillələrlə
enirəm aşağı. Aralarında 3-4
qız olan oğlanların səsi aləmi götürüb.
Mən içəri
girincə hamı susur. İçəridəkilərin
şübhəli baxışlarına tuş gəlirəm,
bir-birinə göz vururlar, yəni, nə əcəb bu
adamdan, deyəsən xamdı, beləsini bayırda
axtarırdıq, öz ayağı ilə gəlib qənşərimizdədir.
Yeni bir macəra yaşamalı olacam fikri ilə
məsələnin nə yerdə olduğunun fərqindəyəm.
Ancaq içimdə nədənsə həyəcan-filan
da yox. Özümü artistliyə vururam, kovboycasına
və yapma amerikan ləhcəsi ilə barmeni salamlayıb bir
fincan məşhur Braziliya qəhvəsi sifarişini verirəm,
4 dollar əvəzinə 5 dollarlığı da laqeyd-laqeyd
uzadıram ona. Hamının gözü məndə.
Yanımda sifətindən özündənrazılıq
yağan birisi əyləşib. Qarşısındakı
boş pivə şüşəsini görüb barmenə
deyirəm ona da bir şüşə pivə versin. Gülümsəyir, görürəm bu jestim
xoşuna gəlib. Stəkanını qəhvə
fincanımla cingildədib içir. Söhbətə
başlayır. İngiliscəsi bərbaddır,
nə demək istədiyini anlaya bilmirəm. Özü də
bunu hiss edir. Sonra da qırıq-qırıq ifadələrlə
və əl jestləri ilə birtəhər başa salır
ki, bəs məktəbdə ingilis dilindən kəsilirmiş…
Söhbət qızışdıqca mövzular dəyişir,
hiss edirəm danışmağa xeyli həvəslidir. Danışan
da əsasən özüdür. Ona, necə
deyərlər, züy tutub yola verməkdən başqa
çarəm yox zatən. Bir qədər sonra təşəbbüsü
ələ alırcasına deyirəm "Edson Arantes do
Nasimento Pele yekdir, ondan dünyada yoxdur". Güman
edirəm, bu braziliyalı "həmdəmim" futbol
kralı Pelenin adından yəqin xoşlanar. Əksinə, peşman oluram adını çəkdiyimə.
Bağıra-bağıra deyir "no, Pele, no Pele… Zidan,
Zidan!" Mübahisə etmirəm də ki,
"insafın olsun, Pele hara, Zidan hara". Susuram. Barmenə təkrar
sifarişimi edib deyirəm "dostumun" stəkanını
doldursun. Nə isə, söhbətimiz
davam edir. Kefi yuxarıdır. Artıq Azərbaycandan olduğumu, ölkəmizin
harada yerləşdiyini-filan demişəm və onu da demişəm
ki, dilimiz ingilis dili deyil, öz dilimiz var. Azərbaycan dilində
nə isə deməyimi istəyir ki, eşitsin
danışığımız necə səslənir. Deyirəm "imkan ver fikirləşim". Heç bir gərginliyim-filan yox, yanımdakı ilə
artıq "dostlaşmışam". Onu da əyləndirdiyim
yetər, bir az da öz kefim açılsın deyə şeir havasına köklənib
gülə-gülə düşünürəm bir də nə
vaxtsa bəxtimə Braziliya auditoriyası düşə, ya
düşməyə. Arada baxıram digərlərinin
gözləri bizdədir, biri isə məni lap müştəri
gözü ilə süzür. Cibimdən kağız-qələm
çıxarıb tələsik aşağıdakı sətirləri
yazıram və təzə "dostuma" bunları Sao
Paolaya həsr etdiyimi deyib şair ədası və intonasiyası
ilə oxuyuram:
Tənhalıq
çulğayıb Qasımoğlunu,
kofeli
bir adadır Qasımoğlu.
Vurduqca
köpüklü dalğalar onu
pivə
okeanında şeir doğulur.
Əlində
bir fincan, dilində şeir,
oxuyur,
oxuyur öz lisanında.
Klaralar da
pivələnib irişir
mat-mat
baxan pedroların yanında.
Bakal tutan
əllər qalxmış yuxarı -
bu,
Qasımoğluna təslim pozası.
Təslim
olmuş ona burda axırı
Latın
Amerikasının prozası...
Oxuduğuma
başqalarının da qulaq kəsildiyini hiss edirəm. Sözümü bitirib soruşuram "necədir,
xoşuna gəldi, ya yox". Elə bunu demişdim,
bağırır "viva Azerbaycan, viva Azerbaycan!". Mən də ona qoşulub
"viva Braziliya, viva Braziliya!"
çığırıram. Məni qucaqlayıb
başa salır
buraların ağası odur, heç kim mənə
toxuna bilməz, yəni onun şəxsi himayəsindəyəm.
Bu zaman bayaqdan gözünü məndən
ayırmayan həmin o bir nəfər ona nə isə deyir, bu
da onun üstünə səsini qaldırıb arabir mənə
baxır, onun səmtinə da sözlərini acıqlı-acıqlı
tolazlayır. Sonra qayıdıb anladır
"qolundakı saata həmin o tipajın gözü
düşüb. İstəyir səndən alsın,
amma narahat olma, heç kim sənə bir
şey edə bilməz". Yox, deyəsən məsələ
qəlizləşir. Nə əcəb
saatımı oteldə qoyub gəlməmişəm deyə
düşünürəm. Köhnəlmiş saatım qiymətdən
düşsə də, mənim üçün çox əzizdir,
otuz illik yol yoldaşlığı etdiyim bu əşya bir
növ talismanıma çevrilib, heç cür və
heç kimə onu güzəşt edən deyiləm. Bunu "dostuma" da deyirəm. O da bildirir
narahat olmayım. Ünvanlarımızı
bölüşürük və belə
danışırıq ki, sabah bu barda yenə
görüşərik. Bardan çıxıb
otelə qayıdıram və yolda öz-özümə
gülə-gülə deyirəm "bu da sənə cinayət
ekzotikası ilə tanışlıq, yaxşı
qurtarmısan".
Ertəsi gün səhər yunan konsulluğunun bir əməkdaşı
otelə gəlib axşam tərəfi Sao-Paulo-London-Bakı
reysi ilə uçacağımı deyir. "Arxayınsanmı
uça biləcəm?" deyə ciddi-ciddi onu sorğuya
tuturam. Arxayın salmağa
çalışır. Yenə də
inanmağım gəlmir. Nahar edib Sao
Pauloda Britaniya Hava xətləri şirkətinə baş
vururam, uçuşuma problem olub-olmayacağını
soruşuram. Sualım onlara qəribə gəlir.
Başıma gələnləri
danışıram. Deyirlər
"arxayın ol, heç bir problemin yoxdur". Onda şirkətin məsul əməkdaşlarının
birindən xahiş edirəm bir kağız parçasına
öz əli ilə yazsın ki, uçuşuma heç bir
maneə yoxdur və Londona səfər təminatımı
imzalasın. O isə mənə elektron biletdən əlavə
rəsmi möhürlə bilet də təqdim edib soruşur
"bəlkə elə bu sənəd səndən
ötrü yetərli ola?" Təkid edirəm öz xətti və imzası ilə
səfərimə təminat verildiyini təsdiqləsin. Gülə-gülə xahişimi yerinə yetirir.
…Yola
hazırlaşıram. Bir azdan konsulluğun əməkdaşı
sürücüsü ilə gəlib məni hava limanına
aparmalıdır. Qənaət etdiyim 300
dollar pulumu da hər ehtimala qarşı otağımda
saxlamayıb vermişəm adminstratora. Bunu
da onların əvvəlcədən xəbərdarlığına
görə etmişəm. Deyiblər
otaqdakı pulların itməyinə cavabdeh deyillər, nəyiniz
varsa, adminstratora etibar edin, oteldən gedəndə
götürərsiniz. Pulumu geri istəyirəm,
adminstratoru əvəz edən gənc deyir adminstrator yerində
yoxdur, hara isə gedib, nə vaxt gələcəyi məlum
deyil. Bunun da fırıldaq olduğunun fərqindəyəm,
səsimi qaldırıb hədə gəlirəm ki, pulu
qaytarmasalar, burada beynəlxalq skandal olacaq, özləri bilsinlər.
Heç ikicə dəqiqə çəkmir
pullarımı mənə uzadır. Bu
"ekzotikanı" da belə sovuşdururam…
Konsulluğun əməkdaşı aeroport yolunda əvvəlki
reyslərlə nəyə görə uça bilmədiyimin
səbəbini mənə açıqlayır. Məsələ, demə,
sadə imiş: mən Azərbaycan vətəndaşı,
Manausdan çıxışım baş tutmayıb, gəlmişəm
Sao Pauloya, buradan da bileti özüm almıram, mənə
Yunanıstan vətəndaşı bilet alır və ödəniş
də tamamilə ayrı bir ölkədə yerləşən
bank vasitəsilə həyata keçirilir. Və bütün
bunlar kompyuterləşdirilən sistemdə o nəticəni
verir ki, beynəlxalq terrorizmlə mübarizəni hədəfləyən
proqram belə sərnişini
problemli hesab edir. İndi isə yeni biletin
alınmasında bu uyğunsuzluqların bir qismi aradan
qaldırılıb. Yəni rahat uça
bilərəm.
Yolda avtomobilimiz bir işıqforun qırmızı işığında dayanmalı olur. Gözlərim böyrümüzdəki avtomobil sürücüsünün yarıçılpaq bədəninə sataşır. Başdan-başa çalpaşıq tatuirovkaların mini-sərgisidir ki var... Yaşıl işıq yanır, tərpənirik, bu "ekzotikaya" da əlvida deyirəm…
Ancaq Sao Paulodan Londona 13 saatlıq uçuşda fərqindəyəm ki, ən təsirli və mənalı vidalaşma anları yuxarıda qeyd etdiyim bu misraların içindədir:
Bitmiş Tanrı həftəsi.
Sərgilənir göylərdə
bir qoşa ruhun əksi,
düşür, düşür, qarışır
cənnətlərdə suların
qarışdığı bir çaya.
Əlvida, Amazoniya!
Əlvida, Amazoniya!
Nəriman Qasımzadə
Ədəbiyyat qəzeti.- 2017.- 8
iyul.- S.22-23.